Batumidə
Gürcüstan azərbaycanlılarının cəmiyyətə
inteqrasiyası məsələlərinə həsr olunmuş
"dəyirmi masa" keçirilmişdir
Avqustun 29-da Gürcüstanın Batumi şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
"Dəyirmi masa"nı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açaraq demişdir ki, bu tədbiri keçirməkdən məqsəd Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı roluna dair müzakirələr aparmaq, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası məsələsinin həm Azərbaycan, həm də Gürcüstan dövlətinin daim diqqət mərkəzində olduğunu qeyd edən komitə sədri bu istiqamətdə ötən müddət ərzində bir sıra tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "dəyirmi masa"da çıxış edərək demişdir ki, xeyirxah niyyətlərlə keçirilən bu cür tədbirlər mövcud problemlərin aradan qaldırılması işində Azərbaycan və Gürcüstan hökumətlərinə kömək etmək məqsədi daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan dövlətinin başçısı Mixeil Saakaşvilinin yürütdüyü siyasət dünya standartlarına müvafiq şəkildə reallaşdırılmaqla yanaşı, yerli şərtləri, xalqların, milli və dini azlıqların maraqlarının təmin olunmasını da nəzərdə tutur.
Professor Əli Həsənov demişdir ki, Cənubi Qafqazın gələcəyini və dünyadakı yerini bu coğrafiyada yaşayan bütün əhalinin maraqlarının nəzərə alınması yolu ilə təmin etmək mümkündür. Üç Cənubi Qafqaz ölkəsi indiyə qədər kənar qüvvələrin də təsiri, dəstəyi ilə yaranmış münaqişələrdən çıxmalıdır. Münaqişələrin həlli beynəlxalq hüquq normalarına uyğun şəkildə, ölkələrin ərazi bütövlüyü çərçivəsində, milli azlıqların vətəndaş hüquqlarının təmin olunması yolu ilə həyata keçirilməlidir. Biz bu yolla çox önəmli coğrafiyada yerləşən üç Cənubi Qafqaz dövlətinin birliyinə nail ola bilərik. Biz bu yolla regionda davamlı sülhə nail ola və qlobal dünyaya inteqrasiyamızı davam etdirə bilərik.
Son zamanlar Gürcüstanda yaşayan azərbaycanlılardan Gürcüstan-Azərbaycan münasibətlərinin pisləşməsi, pozulması istiqamətində istifadə etməyə çalışan xarici qüvvələrin mövcud olduğunu qeyd edən Ə.Həsənov demişdir: "Həm Azərbaycandakı, həm də Gürcüstandakı QHT-lərdən də istifadə olunmaqla mövcud problemlərdən möhtəkircəsinə şəkildə istifadə edərək ölkələrimizin ikitərəfli münasibətlərini pozmağa çalışan xarici qüvvələr vardır. Çox ehtiyatlı olmalıyıq, aramıza üçüncü qüvvələrin girməsinə imkan verməməliyik.
Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyasının vacibliyini qeyd edən Əli Həsənov demişdir ki, bunun yollarından biri də gürcü dilini bilməkdir. Hər hansı bir ölkənin dövlət dilini bilmədən rəsmi qurumlarda, işgüzar dairələrdə çalışmaq, uğur qazanmaq mümkün deyildir. Azərbaycan hökuməti Gürcüstan hökumətinə əlindən gələn dəstəyi göstərir ki, azərbaycanlılara gürcü dilini öyrənmək üçün şərait yaratsın. Azərbaycanlılar, əlbəttə ki, öz dillərini öyrənmək və yaşatmaq hüququna malikdirlər. Bu hüququ heç kim onların əlindən ala bilməz, lakin Gürcüstan cəmiyyətinə inteqrasiya üçün gürcü dilini bilmək vacibdir.
Daha sonra Əli Həsənov vətəndaşların dini hüquqları məsələsinə toxunaraq demişdir ki, hər hansı bir dövlətin vətəndaşların dini hüquqlarını məhdudlaşdırması yolverilməzdir. Əgər dövlət ölkə daxilində ictimai-siyasi sabitliyə, davamlı inkişafa nail olmaq istəyirsə, insanların inancına hörmətlə yanaşmalıdır. Gürcüstanın da, Azərbaycanın da dövlət olaraq vəzifəsi ondan ibarətdir ki, insanların dini etiqad azadlığını təmin etsin. İnsanlar istədikləri dinə etiqad etmək hüququna malikdirlər. Bu hüququ tanımaq və onu qanun çərçivəsinə salmaq lazımdır. Dini hüquq varsa, onu reallaşdırmağın qanuni çərçivəsi də olmalıdır. Azərbaycanda dini azadlıq haqqında qanun var və mən əminəm ki, Gürcüstan dövləti də belə bir qanun qəbul edəcək və ayrı-ayrı dini inanclara mənsub insanlar dini hüquqlarını bu qanun çərçivəsində həyata keçirəcəklər.
"Dəyirmi masa"da çıxış edən Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Yekaterina Txeşeloşvili demişdir ki, onun təmsil olunduğu hakimiyyət ölkədə etnik azlıqların hüquqlarının fəal şəkildə qorunmasında maraqlıdır. Etnik mənsubiyyətindən asılı olmayaraq bütün Gürcüstan vətəndaşları cəmiyyətə inteqrasiya olunmalıdırlar. 2009-cu ildə "Tolerantlıq və vətəndaşların inteqrasiyası" konsepsiyasının qəbul olunduğunu qeyd edən nazir həmin konsepsiyanın etnik azlıqların da cəmiyyətə inteqrasiyasını özündə ehtiva etdiyini bildirmişdir. O, Gürcüstanda etnik azlıqların özünəməxsusluqlarını qoruyub saxlaya bilmələri üçün də işlərin görüldüyünü qeyd etmişdir.
Gürcüstanda təhsil sahəsi müxtəlifliklərin qorunmasını özündə əks etdirir. Azərbaycanlılara gürcü dilinin öyrədilməsi sahəsində də işlər görülür. Dövlət dilini bilmədiklərinə görə onlar cəmiyyət həyatından təcrid olunmamalıdırlar. Azərbaycanlılar üçün ali məktəblərdə kvotalar vardır. Ali təhsilə qədər azərbaycanlılar gürcü dilindən hazırlıq keçirlər. Həmin hazırlıq dövlət tərəfindən həyata keçirilir. Statistika göstərir ki, bu təşəbbüsümüz uğurlu alınıb və Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlıların sayı artır. Yekaterina Txeşeloşvili Gürcüstan dövlətinin azərbaycanlıların ənənələrinin qorunmasında da maraqlı olduğunu vurğulamışdır.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə ölkələrimizin strateji tərəfdaşlığının regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını qeyd etmiş, bölgədə qlobal layihələrin məhz bu tərəfdaşlığın sayəsində həyata keçirildiyini bildirmişdir.
ARDNŞ-in Gürcüstanda ən iri vergi ödəyicisi olduğunu vurğulayan Ş.Mehdizadə bu ölkədə ümumilikdə 200-dək Azərbaycan şirkətinin qeydiyyatdan keçdiyini, onlardan 50-nin yerli iqtisadiyyatda özünəməxsus rol oynadığını bildirmişdir. O, səfirliyin dəstəyi ilə Gürcüstanda Azərbaycanlı İş Adamlarının Birliyinin yaradıldığını və onun ölkəyə yeni gələn Azərbaycan şirkətlərinə dəstək verdiyini qeyd etmiş, müvafiq qurumun Azərbaycanda fəaliyyət göstərən Gürcüstan şirkətləri tərəfindən təsis edilməsinin də əhəmiyyətli olduğunu bildirmişdir.
Diplomat mədəniyyət sahəsində də əməkdaşlığın nəzərəçarpacaq nəticələri olduğunu qeyd etmişdir. O, Azərbaycanın bir neçə teatrının Gürcüstanda tamaşalar qoyduğunu, Gürcüstan və Azərbaycan yazıçı və şairlərinin əsərlərinin hər iki milli dildə nəşr edilməsi sahəsində iş aparıldığını diqqətə çatdırmışdır.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxış edərək Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasının azərbaycanlıları narahat edən məsələ olduğunu söyləmişdir. O, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin narahatlığının Gürcüstan tərəfinə çatdırıldığını bildirmişdir. G.İsmayılov bu məsələnin yenidən müzakirə olunacağını və qərar qəbul ediləcəyini, bu sahədəki problemlərin aradan qaldırılacağını vurğulamışdır.
Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərdən danışmış, təhsil sahəsindəki islahatların, gürcü dili kurslarının təşkilinin bu məqsədə çatmaq üçün yaxşı zəmin yaratdığını bildirmişdir. Bununla yanaşı, müəyyən problemlərin də olduğunu qeyd edən F.Həsənov onların aradan qaldırılmasının azərbaycanlıların cəmiyyətə inteqrasiyasını sürətləndirəcəyini söyləmişdir.
Tədbirdə çıxış edən "Tolerans" qeyri-hökumət təşkilatının sədri Elbrus Məmmədov Gürcüstanın Marneuli və Bolnisi rayonlarında müvafiq olaraq 18 və 38 yaşayış məntəqəsinin tarixi adlarının bərpa olunmasını xüsusi qeyd etmişdir. O, ümidvar olduğunu bildirmişdir ki, Gürcüstan hökuməti Azərbaycan dini və tarixi abidələrinin mühafizəsini öz üzərinə götürəcək və onları Gürcüstanın mədəni irsi kimi tanıyacaqdır.
Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılmış, "dəyirmi masa" iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə müraciət, həmçinin tədbirin yekunlarına dair bəyanat qəbul edilmişdir.
İslam ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 5.