Sürətli inkişaf, zövqlü quruculuq

 

Bu gün Azərbaycan öz inkişafının taleyüklü bir dövrünü yaşayır. Hər ötən gün, irəliləyən saat ölkənin inkişaf salnaməsinə yeni-yeni səhifələr yazır. Artıq güzgü qarşısındaymışıq kimi bizi izləyirlər, baxırlar, qiymət verirlər ... və mütləq öyrənirlər. Bəli, ölkə Prezidenti İlham Əliyevin son səkkiz ildə Azərbaycanı ucaltdığı zirvə öyrənilməyə, ibrət götürməyə, hələ desən, lap qibtə etməyə layiqdir. Ancaq heç şübhəsiz, bu uğurların önündə bir məktəb, örnək, müsbət nümunə vardır - qabaqcıl dünya təcrübəsi!

Ölkə Prezidenti yerlərdəki nümayəndələrini - rayon icra hakimiyyəti başçılarını AvropaUzaq Şərqin inkişaf etmiş ölkələrinə ezamiyyətə göndərir. Göndərir ki, gedib baxsınlar, görsünlər, yaxşı, müsbət adına nə varsa, gətirib burada tətbiq etsinlər. Bir dövlət başçısı öz məmuru üçün bundan artıq daha nə etməlidir ki?! Çıxışlarından birində cənab Prezident bu məsələyə toxunaraq demişdir: "Şəhərimizin xarici görünüşü də dəyişir. Şəhərlər gözəlləşir, abadlaşır. Mən artıq iki ildir ki, rayonların icra hakimiyyətinin başçılarını ayrı-ayrı qruplarla Avropanın ən inkişaf etmiş ölkələrinin şəhərlərinə göndərirəm ki, orada onlar şəhər təsərrüfatı ilə tanış olsunlar, yaşadıqları bölgələrdə abadlıq işlərinə daha da yüksək zövqlə yanaşsınlar. Bu praktika çox müsbətdir".

İcra başçılarının il boyu qrup halında ən müxtəlif ölkələrə ezam edilməsi işi ilə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsi məşğul olur. Şöbədən aldığımız məlumata görə, indiyədək Böyük Britaniya, Avstriya, İrlandiya, İsveçrə, İsveç, Almaniya, Rusiya, Finlandiya, Fransa, Koreya, Belçika, Yunanıstan, Sinqapur, İspaniyabaşqa ölkələrə səfərlər təşkil olunmuşdur.  Təxminən bir həftə çəkən həmin səfərlərdə bəzi icra başçıları artıq bir neçə dəfə iştirak ediblər. Özündə həm işgüzar görüşləri, həm də mədəni tədbirləri ehtiva edən proqramlar Administrasiyanın tövsiyələri əsasında səfirliklərimiz vasitəsilə səfərlərə "ev sahibliyi" edən dövlətlərin müvafiq qurumları ilə birgə hazırlanıb razılaşdırıldığına görə maraqlı və faydalı keçir. Şöbədə hər belə səfərin yekunları müzakirə edilir, təhlillər aparılır, səmərəli və faydalı məqamlar ümumiləşdirilərək müvafiq arayış hazırlanır.

İlk müsahibimiz Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovdur. Çalışdıq ki, söhbətimizi fərqli, bir qədər qeyri-standart müstəvidə quraq. Söhbət nədən gedir? Bəli, bu gün dünyada yaxşı nə varsa, Azərbaycana gətirmək mümkündür. Bircə insanlardan, onların psixologiyasından, mentalitetindən, dünyagörüşündən savayı. Bütün sadalananlar isə, öz növbəsində, işə münasibət davranışını formalaşdırır:

- ...Və etiraf edək ki, məhz bu məqam bir çox məsələlərin həllində açar rolunu oynayır. Onlarda da, bizdə də, - deyə müsahibim söhbətə körpü salır. - Qismət elə gətirib ki, dünyanın bir çox ölkəsində ezamiyyətlərdə olmuşam. Hələ sovet dönəmində komsomol katibi işləyərkən "Sputnik" xətti ilə bir çox səfərlərim olub. Bu bizim üçün eşidib görmədiyimiz ölkələrin inkişaf səviyyəsi, tam fərqli mentalitetdünyagörüşlü insanların mədəni səviyyəsi, adət və ənənələri ilə yaxından tanış olmaq imkanı idi. Ancaq əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində işləyərkən bu səfərlərin məzmunu kimi, belə deyək, marşrutları da dəyişdi. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Qərb dəyərlərinə, beynəlxalq institutlara fəal inteqrasiya yolunu tutmuşdu və mən də müxtəlif nümayəndə heyətlərinin tərkibində sosial bloku təmsil edən nazir müavini kimi sıx-sıx xarici səfərlərdə olurdum.

- Həmin səfərlər vaxtı adi bir seyrçi kimi bu ölkələrin həyatı, ritmi, insanları, davranışı, münasibəti, şəhərsalma mədəniyyəti və s. barədə müşahidələriniz, qənaətləriniz olurdumu?

- Təbii ki, başçı kimi getdiyim səfərlər əvvəlkilərdən xeyli fərqlənir; ən azı formatına, təmsilçiliyinə, toxunduğu məsələlərə görə. Əvvəllər məni olduğum ölkənin sosial inkişaf proqramları, bu sahədə yönəltdikləri siyasət, insanların sosial müdafiəsinin təşkili ilə məşğul olan institutların işi daha çox maraqlandırırdı. İclas zalları, sənədlərin öyrənilməsi və müzakirəsi daha çox zaman alırdı. Az-çox qalan vaxtımızı isə, belə demək mümkünsə, istehlakçı qismində "xərcləyirdim", yəni hər hansı bir gözəllikdən zövq almaqla kifayətlənirdim. Başçı kimi isə yanaşma tərzi bambaşqadır. Artıq burada, bir növ, istehsalçı, idarəçi psixologiyası önə çıxır. Adam hər şeyə, bir növ, təftişçi kimi yanaşmağa başlayır, artıq hansısa gözəllik onu sırf estetik hadisə, səbəb kimi deyil, proses qismində, konkret məkanın, şəhər təsərrüfatının ən fərqli qollarının fəaliyyətinin nəticəsi kimi cəlb edirdüşündürür.

Başçı kimi ötən il İsveçdə, bu ilsə Sinqapurda olmuşam.

İsveçdə ilin çox hissəsi qarlı olur. Yaz fəsli, qarın əriyən vaxtı idi. Dünyanın ən inkişaf etmiş ölkələri sırasında olan bu ölkədə gördüklərim məni bir qədər təəccübləndirdi. Zibil çox idi. Sən demə, qarın altında qaldığından onları təmizləmək mümkün olmamışdı. Amma məişət zibili də deyildi; yarpaq, qarlı yollar üçün nəzərdə tutulmuş qum və yonqar topaları idi.

Sinqapursa tam fərqli ölkədir. Məni ilk növbədə heyrətləndirən şəhərin ideal təmizliyi oldu. Etiraf edək ki, məhz bu məqam hər kəsin ziyarət etdiyi ölkə haqqında təəssüratına kifayət qədər təsir edən bir məsələdir. Hətta yoldaşlarla şərtləşdik ki, kim yerdə bir zibil tapsa, xəbər eləsin. Maraqlısı o idi ki, zibillərin toplanıb daşınması prosesini də izləyə bilmədik. Ancaq insanlarla söhbətlərimiz, sinqapurluların küçədə, ictimai yerdə davranışının müşahidələri belə bir qənaətimizi möhkəmləndirdi ki, məsələ insanların mədəniyyətində, öz şəhərinə münasibətindədir. Əvvəla, ölkədə çox böyük cərimələr mövcuddur. Yəni iqtisadi rıçaqlarla maarifləndirmə metodu işləkdir. Lakin belə bir iqtisadi cəbr forması (ruslar buna manatla cəzalandırma deyirlər), görünür, ilk vaxtlarda aktual olub. İndi isə bu, kiçikdən-böyüyə hər bir sakinin adi həyat tərzinə çevrilib. Zibil konteynerləri də görmədik. Hər bir sakin zibili evdə xüsusi torbalara toplayır və zibil maşınının qrafik üzrə hansı vaxtda gələcəyini bildiyindən düşüb atır. Hər addımbaşı zibil qutuları var.

Şəhərin təmizliyindən bəhs edəndə maraqlı bir məqama toxunmaq istərdim. Əvvəla, olduğum ölkələrin heç birində bu gün Azərbaycanda gedən sürətli tikinti-quruculuq işi yoxdur. Bu fəaliyyət, doğrudan da, analoqsuzdur. Nəinki Bakıda, regionlarda da iqtisadisosial infrastrukturun yenidənqurulması, istər şəhərsalma, istərsə də turizmin inkişafı baxımından konkret proqram və layihələrin icrası uğurla həyata keçirilir. Bir məqamı qeyd etməyə bilmərəm ki, məhz həmin amil ümumi inkişaf tendensiyası ilə, belə deyək, bu inkişafın ayağına dolaşan konkret neqativləri şərtləndirir. Bizdə ölkənin ümumi inkişaf sürəti ilə insanlarımızın şüur-düşüncə sürəti mütənasib getmir, sosiomədəni səviyyə bir qədər "yerində sayır". Yəni bir istehlakçı fərd olaraq hər şeyin yaxşısını, keyfiyyətlisini, mütərəqqisini əldə etmək kimi normal və təbii bir istəyimizə rəğmən özümüzün cəmiyyətə, yaşadığımız şəhərə, ölkəyə nə verəcəyimiz, yaxud nələri verməli olduğumuz haqqında çox düşünmürük. Bir qədər pafoslu səslənsə də, bəşəri harmoniya haqqında düşünmürük. Bu gün ölkədə baş verən yeniliklər birmənalı olaraq Şərq mentaliteti, ənənəsi ilə pozitiv Qərb  dəyərlərini çox üzvi şəkildə öz fəaliyyətinin aparıcı xəttinə, leytmotivinə çevirməyi bacarmış Prezident İlham Əliyevin idarəçilik metodunun bəhrəsidir. Yadınızdadırsa, 2003-cü ildəki prezident seçkiləri öncəsi cənab İlham Əliyev öz fəaliyyətinin müntəxəbatını, formulunu bircə cümlə ilə anlatdı: Əsl siyasət - real, konkret görməkdən ibarətdir. Biz səkkiz ildir ki, həmin siyasətin konkret nəticələrini istisnasız olaraq ictimai həyatın bütün sahələrində görməkdəyik. Ancaq bəziləri hələ də bu inkişafın fəlsəfəsini qavramaqda çətinlik çəkir, yeniliklərə uyğunlaşa bilmir. Məsələn, mən sıradan bir vətəndaş, paytaxt sakini kimi təsəvvür etmirəm ki, şəhərimizin hamını heyran qoyan Dənizkənarı bulvarında, Nizamı küçəsində, Fəvvarələr meydanında siqaret çəkib kötüyünü, tum çırtlayıb qabığını, su içib qabını yerə atmaq olar. Özü də ən müxtəlif şəkildə hazırlanmış zibil qutularının bol olduğu bir məkanda. Amma atırıq axı! Özüictimai qınağı, məzəmmət dolu baxışları görməzliyə vura-vura. Sinqapurlu, alman, isveçrəli, bir başqası başa düşür ki, şəhərin, məhəllənin, həyətin təmizliyi sanitar-gigiyenik, şəxsi sağlamlıq məsələsi olmaqla yanaşı, həm də ekoloji mədəniyyətdir, estetik zövq, şəhərsalma mədəniyyətidir.

Bəlkə də söhbətimizin tənqid ovqatı bir qədər tünddür, ancaq biz hər şeyin Prezidentin yaratdığı, qoyduğu meyarlara tən gəlməsi bir yana, heç olmasa, yaxınlaşmasını istəyiriksə, mütləq işimizdə, davranışımızda özünütənqidin "doza"sını  artırmalıyıq. Təəssüflə qeyd edirəm ki, bizdə istehlakçı psixologiyası güclüdür. Olduğum ölkələrdə başqasının əməyinə, zəhmətinə bizdəki qədər laqeyd münasibət görməmişəm. Bəli, bu gün bizdə zibili bu məqsədlə ayrılmış yerə deyil, yanına atırlar. Mətbəxdə görüb əlindəki zibil bağlamasını pəncərədən aşağı tullayanlar da az deyil. Hünərin var, irad tut. Deyəcək ki, süpürgəçinin işinin adı nədir, yığışdırsın da, buna görə məvacib alır. Vəssalam! Bəli bu yerdə ailə tərbiyəsi vacibdir; ictimai qınaq və kütləvi maarif işi acizdir. Ancaq xarici ölkələrdə belə deyil. Zibildaşıyan ömründə konteynerin ətrafında qalaqlanmış (əslində, belə bir şey ümumiyyətlə mümkün deyil - !) zibilə əl vurmayacaq. O sadə səbəbə görə ki, bu onun işi deyil; zibil zibil qabında olmalıdır. Yəni demək istəyirəm ki, söhbət tək təmizlik işindən getmir, əgər hamılıqla ölkədəki quruculuq işlərinə "çiyin versək", vətəndaş və sakin kimi vəzifələrimizə məsuliyyətlə yanaşsaq, onda ortadakı müsbət işlərin üzünü nataraz şapalaq kimi qızardan, bizi şəhərimizin qonaqlarının yanında utandıran töhmətli məsələlərin sayı da azalar. Heç şübhəsiz, insanlar respublikadan kənara çıxanda çox şeyi görürlər, götürürlər, ancaq təəssüf ki, bu, hələ ki, qaneedici səviyyədə deyil. Bu işdə icra hakimiyyəti, bələdiyyə orqanları ilə yanaşı, hesab edirəm ki, mətbuat, televiziya da öz maarifçi imkanlarını işə sala bilər.

Skandinaviya ölkəsi olan İsveçin əsas təbii ehtiyatlarından biri meşədir. Sinqapurun heç bir təbii resursu yoxdur. Ancaq hər iki ölkənin insanları az qala beşikdə ikən normal hüdudlarda qənaətcilliyə alışırlar, hər şeyin qədir-qiymətini bilirlər. Təəssüf ki, bizdə sərvətlərimizə, rifahımızı yüksəltməyə xidmət edən nemətlərə qənaətcil münasibət zəifdir. Bəlkə də bu, xidmət və ehtiyatlara cüzi qiymət qoymaqla israfçılığa münbit zəmin yaratmış əski sovet psixologiyasının insanların şüurundan tam silinməməsi reallığı ilə bağlıdır. İstər hava olsun, istər yaşıllıq, meşə, istərsə də su, insanlar elə bilirdilər ki, elektrik sayğacına müdaxilə edib "işıq oğurlamaq", suyu lüzumsuz yerə axıtmaq yaxşı güzəranın, təminatlı məişətin göstəricisidir. İndi-indi suya, qaza, enerjiyə ciddi sayğac intizamı tətbiq ediləndən, bütün xidmətlərin dəyəri qat-qat artandan sonra qane olmağı, qənaət etməyi öyrənmişik. Xaricdə insanlar ekologiyaya xüsusi fikir verirlər. Yəni ölkənin, şəhərin, ən kiçik bir yaşayış məntəqəsinin belə ekoloji "səhhətinin" insanların bioloji səhhəti, sağlamlığı ilə birbaşa bağlılığının olduğunu dərk edirlər. Ancaq olduğum bir çox ölkələrə nisbətən Abşeronda bir ağacı cana gətirmək, yaşıllığı qorumaq çox çətindir. Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev 14 il əvvəl indi icra hakimiyyətinin başçısı olduğum Nizami rayonunda yeni parkın açılış mərasimində çıxış edərkən yaşıllıq salmağı və onu qorumağı həyati əhəmiyyətli bir məsələ kimi vurğulamışdır.

Yaşıllaşdırma zəhmət və kifayət qədər maliyyə tələb edən bir məsələdir. Onun su, iqlim problemləri var. Məsələn, Avropada, elə Sinqapurun özündə yaşıllığı saxlamaq bir o qədər çətin deyil. Yağıntı sarıdan boldurlar. Sinqapurda təbii su mənbələri yoxdur. Yağış suları yeraltı kollektor şəbəkəsi vasitəsilə süni gölə axıdılır. Həm gözəllikdir, həm də təmizlənərək istifadə olunur. Tələbatın 10 faizi dəniz suyunun, 20 faizi qonşu Malayziyadan idxal edilməklə, qalan 10 faiz isə, bizim üçün nə qədər təəccüblü olsa da, kanalizasiya sularının təmizlənməsi hesabına təmin olunur. Bütün gördüklərimizdən sonra hesab edirəm ki, dünyanın heç bir yerində suya Azərbaycandakı kimi laqeyd münasibət yoxdur. Rayonumuzda 20-dək artezian mənbəyini təmizləyib bələdiyyənin istifadəsinə verdik ki, texniki məqsədlə istifadə etsinlər. Ancaq yenə kəmfürsətlik edənlər tapılır. Cənab Prezidentin sərəncamı ilə Oğuz-Qəbələ su kəməri çəkildi. Baxmayaraq ki, Azərbaycan o cür iritutumlu layihələrin həyata keçirilməsi üçün bəlkə də tam hazır deyildi, amma cənab İlham Əliyev ortaya iradə qoydu, bir daha dövlət siyasətinin sosialyönümlü olduğunu bəyan etdi və həmin layihə gerçəkləşdirildi. İnsanlar normal standartlara uyğun su ilə təmin olundular. Bu addım Prezidentin xalqın sağlamlığına, millətin genofondunun qorunmasına diqqətinin təzahürüdür. Bunu başa düşmək və qiymətləndirmək vacibdir.

Tikintiyə gəldikdə isə, Sinqapurda şəhərsalma təsərrüfatında ciddi qayda-qanun hökm sürür. Şəhər Yenidənqurma departamentində olduq. Qurumun direktoru Ura İnt şəhərin yenidən qurulması praktikası, torpaqayırma və tikinti işləri barədə geniş məlumat verdi. Burada müasir kompyuter texnologiyası vasitəsilə şəhərdəki bütün binaların, bir növ, kartotekası yaradılıb. Ekrana əlini hər toxundurmaqla istənilən bina ilə bağlı ən müfəssəl məlumatlar təqdim olunur. Şəhərsalma konsepsiyası dəqiq icra olunur. Adi vətəndaşın, yaxud hüquqi şəxsin gedib torpaq almaq praktikası mövcud deyil. Sistem elə qurulub ki, bütün bu işlərə həmin departament nəzarət edir. Dövlət özü hansı ərazidə nəyin tikilməli, hansı infrastrukturun qurulmalı olduğunu müəyyən edir. Bundan sonra həmin layihə tenderə çıxarılır.

 

- Gördüklərinizdən Azərbaycana, başçılıq etdiyiniz rayona nələri gətirərdiniz?

- Hər bir sahədə inkişaf etmiş, zəngin tarix mədəniyyətə malik ölkələrdən əliboş qayıtmaq mümkünsüz işdir. Digər tərəfdən isə, bu səfərlərdə adamın özünün dünyagörüşü, təcrübəsi artır. Ortada hələ bir Azərbaycanı layiqincə təmsil etmək məsuliyyəti var.

Xarici ölkələrdə gördüyümüz nəyinsə respublikaya gətirilməsinə gəldikdə, hesab edirəm ki, bu gün orta statistik azərbaycanlını oradakı bağlarla, parklarla, memar təxəyyülü ilə mühəndis təcrübəsinin möcüzəli xəlitəsi kimi ərsəyə gəlmiş  göydələnlərlə, ki nəhəng ticarət mərkəzləri ilə, müasir yollar o yollarda şütüyən avtomobillərlə təəccübləndirmək mümkündür. Onların hamısından Azərbaycanda da var sayı hər gün artmaqdadır. Prezidentimizin səy zəhməti sayəsində ən yaxın illərdə Azərbaycan nəinki regionun, MDB-nin, Avropanın, hesab edirəm ki, dünyanın ən rifahlı, müasir gözəl ölkələri sırasında yer alacaqdır. bu qənaətimdə heç bir mübaliğə-filan da yoxdur. Amma bizləri səfərdə olduğumuz ölkələrdə yaxşı mənada təəccübləndirən, bir balaca həsəd aparmağa məcbur edən məqamlar da yox deyildir ki, onlardan ən mühümü insanların öz işinə, vəzifəsinə, şəhərinə münasibətidir. Burada vicdanlı kəlməsi bəlkə həmin münasibətin məsuliyyətini ifadə etməkdə acizdir. Bir qədər yuxarıda qeyd etdiyim Azərbaycana yetişmək üçün məhz həmin məziyyətləri iliyimizə, qanımıza hopdurmalıyıq.

Bu gün gəlib Azərbaycandan öyrənənlər də az deyil. Ölkəmizin iqtisadi inkişaf modelində, xalqımızın mentalitetində əxz ediləsi şeylər çoxdur. Bu gün Azərbaycan ən müxtəlif tədbirlərə ev sahibliyi edən əməkdaşlıq paytaxtına, mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Hesab edirəm ki, Prezidentin təşəbbüsü ilə Administrasiyanın yüksək peşəkarlıqla gerçəkləşdirdiyi bu cür səfərlər Azərbaycan həqiqətlərinin daha geniş arealda yayılması baxımından da maraqlı təbliğat və təşviqat formasıdır.

 

 

 Xalid NİYAZOV

 

Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 6.