Ramazan bayramı münasibətilə Şeyxülislamın təbriki

 

 Bismillahir-rəhmanir-rəhim!

 

Möhtərəm həmvətənlərimiz, əziz müsəlman qardaş və bacılarımız!

 

İslam aləminin əziz günü - mübarək Ramazan bayramı səadətinə yetişən bütün Azərbaycan müsəlmanlarını təbrik edir, Allah-Təaladan oruclarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı sayılan Ramazan, həqiqətən, nemət və səadət ayıdır. Bu ayda müsəlmanlara oruc tutmaq vacib buyurulmuş, ümmətin rifahı üçün sülh və əmniyyətdə olmaq əmr edilmişdir. Müsəlman dünyasında Eydül-Fitr - Ramazan bayramı mərhəmətin, qardaşlığın, həmrəyliyin və xeyir-bərəkətin qovuşduğu mübarək günlərdən biridir. Bu mənada biz Azərbaycan müsəlmanları da Ramazanın ruzi və nemətinə yetişdiyimizə görə Allah-Təalanın mərhəmətinə şükür edir və bu mübarək günün ümumxalq bayramı səviyyəsinə qaldırılmasına görə dövlətimizin başçısı, zati-aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Dövlətimizin dini sahəyə verdiyi önəmi xalqımızla həmrəyliyin, milli-mənəvi dəyərlərə xüsusi qayğının və Azərbaycan müsəlmanlarına böyük hörmətin göstəricisi kimi qiymətləndiririk.

Bu şərafəti bizə nəsib edən Allah-Təalaya duamız budur ki, öz böyüklüyü və mərhəməti naminə Azərbaycan xalqını əmin-amanlığa, xeyir-bərəkətə yetirsin, bizi ağır sınaqlardan hifz etsin, torpaqlarımızın işğalçılardan təmizlənməsində, vətənimizin müstəqilliyini və dövlətçiliyimizi qorumaqda bizə daim yardımçı olsun.

Bu əziz gündə ulu Yaradanımızın qibləsinə üz tutub, dövlətimiz və millətimiz üçün xoşbəxtlik diləyir və bütün Azərbaycan xalqına xeyir-dualarımı yetirirəm. Allah orucunuzu qəbul eləsin! Bayramınız mübarək olsun!    

 

 

 Şeyxülislam Allahşükür PAŞAZADƏ,

Qafqaz Müsəlmanları İdarəsinin sədri

 

Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 6.