Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada iftar süfrəsi təşkil etmişdir

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada iftar təşkil etmişdir. Tədbir müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə Rusiya Müftiləri Şurası tərəfindən qurulmuş Poklonnaya dağındakı Ramazan bayramı çadırında ("Şater Ramadana") keçirilmişdir.

Azərbaycan diasporunun nümayəndələrinin, oruc tutan azərbaycanlı gənclərin, müxtəlif millətlərdən olan qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə müqəddəs Qurani-Kərimdən surə oxunmuş, dua verilmişdir. Sonra həmvətənlərimiz, Moskvada yaşayan müsəlmanlar və qonaqlar Azərbaycanın milli yeməklərindən və şirniyyatından dadmışlar.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev çıxış edərək diplomatik nümayəndəlik adından müsəlmanları bayram münasibətilə təbrik etmiş və müqəddəs Ramazanın Azərbaycanda geniş qeyd olunduğunu bildirmişdir. İftarda Azərbaycan haqqında film nümayiş etdirilmiş, bütün gecə boyu milli musiqi səsləndirilmişdir. Çadırın önündə Azərbaycan rəssamlarının yaratdıqları əsərlərdən - Bakının görüntüləri və Azərbaycanın füsunkar təbiəti və tarixi abidələri təsvir edilmiş rəsmlərdən ibarət sərgi təşkil olunmuşdur. "Baku", "AMOR", "İrs" jurnallarının nüsxələri, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan haqqında nəşr olunmuş yeni çap məhsulu, ölkəmizdən bəhs edən multimedia diskləri və Azərbaycanın gözəl görüntülərini əks etdirən açıqcalar paylanmışdır.

İftarı təşkil etmiş Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya xüsusi minnətdarlıq ifadə edilmişdir.

Qeyd etmək lazımdır ki, "Şater Ramadana" Rusiya Müftilər Şurasının mühüm layihəsidir. Bu layihə paytaxtın və Rusiyanın digər regionlarının sakinləri arasında dostluğu möhkəmləndirmək, islam dininə etiqad edən çoxsaylı xalqların Moskvada yaşayan nümayəndələrini birləşdirmək məqsədi ilə həyata keçirilir. Bu layihədə Qazaxıstan, Türkiyə, Türkmənistan, Tacikistan, Dağıstan, Tatarıstan, İnquşetiya və başqa ölkələr də iştirak etmişlər.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi artıq üçüncü ildir ki, bu layihədə fəal iştirak edir, möminlər üçün iftar təşkil edir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 6.