Avropa
Şurası Azərbaycanın nailiyyətlərini
alqışlayır
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov sentyabrın 1-də ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Purqurides və komitənin üzvü Elza Papadimitriu ilə görüşmüşdür.
Azərbaycanın Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini bildirən nazir Prezident İlham Əliyevin güclü siyasi iradəsi ilə insan hüquqlarının etibarlı qorunmasına xidmət edən genişmiqyaslı islahatlardan danışmış, məhkəmə sisteminin müasirləşdirilməsi, vətəndaş-dövlət münasibətlərində mühüm rolu olan inzibati məhkəmələrin yaradılması, habelə ədliyyə, o cümlədən penitensiar sistemin təkmilləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermişdir.
Bakıda ikinci dəfə olan qonaq bu səfərindən də məmnunluğunu ifadə etmiş, son 5-6 ildə ölkəmizdə müxtəlif sahələrdə qazanılmış böyük nailiyyətləri təqdir etmiş, Azərbaycanın müsbət demokratik dəyişikliklərə görə qonşu dövlətlərdən xeyli irəlidə olduğunu vurğulamışdır.
Ədliyyə Nazirliyi mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə, həmçinin penitensiar infrastrukturun müasirləşdirilməsi, insan hüquqlarının etibarlı təminatı, ədliyyə işçilərinin treninqi və digər maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılmışdır.
Səfər çərçivəsində AŞ PA nümayəndələri beynəlxalq tələblər səviyyəsində inşa olunmuş, müasir tipli Bakı istintaq təcridxanasına baş çəkmiş, burada məhkumların saxlanma şəraitini, onlara göstərilən səhiyyə xidmətlərini və ərzaq təminatını yüksək qiymətləndirmişlər.
Elə həmin gün K.Purqurides və E.Papadimitriu penitensiar sistemin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvləri ilə görüşmüşlər.
Görüşdə qonaqlara İctimai Komitənin
fəaliyyəti barədə məlumat verilmiş, komitənin
vətəndaş cəmiyyəti və hüquq-mühafizə
orqanları arasında səmərəli əməkdaşlığın
nümunəsi olduğu qeyd edilmiş, geniş müzakirələr
aparılmışdır.
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 7.