Almaniya XİN: "Almaniyanın mövqeyində heç bir dəyişiklik yoxdur - bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və istər Dağlıq Qarabağ rejimini, istərsə də onun nümayəndəliklərini tanımır"

 

Almaniyanın Azərbaycandakı səfirliyi bəyanatla çıxış etmişdir. Bəyanatda deyilir: "Almaniya qondarma "Dağlıq Qarabağ Respublikasının" və onun qurumlarının tanınmaması siyasətini davam etdirir".

Səfirliyin bəyanatında deyilir: "Almaniyanın dövlət strukturları "Arsaxın dostları" təşkilatı və ona oxşar qurumlarla heç bir əlaqə saxlamır".

Xatırladaq ki, sentyabrın 19-da "Ermənistan mədəniyyəti günləri. Ştutqart-2011"  tədbirləri çərçivəsində Ştutqartda Dağlıq Qarabağ oyuncaq rejiminin "müstəqilliyinin 20 illiyinə" həsr edilmiş "Arsax - 20 il" adlı konsert təşkil edilməsi nəzərdə tutulur. Bu tədbirin təşkilatçılarından biri "Arsaxın dostları" təşkilatıdır.

Azərbaycanın Almaniyadakı səfirliyi ermənilərin növbəti təhrikçiliyinin qarşısını almaq məqsədilə Almaniya dövlət strukturları ilə bərabər bir sıra tədbirlər keçirir. Məsələn, ölkəmizin diplomatik nümayəndəliyi Almaniyanın xarici siyasət idarəsinə etiraz notası təqdim etmişdir. Notada Azərbaycanın bu məsələyə dair mövqeyi göstərilmiş və belə bir xahiş ifadə edilmişdir ki, Almaniya XİN işğalçı rejimin təbliği ilə bağlı erməni təhrikçiliyinə və Almaniya ictimaiyyətinin çaşdırılmasına imkan verməsin. Almaniya XİN-in cavab məktubunda qeyd edilmişdir ki, "Almaniyanın mövqeyində heç bir dəyişiklik yoxdur - bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və istər Dağlıq Qarabağ rejimini, istərsə də onun nümayəndəliklərini tanımır".

 

 

Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 7.