"Arazbarı"
və ya poeziyanın qəmdən yoğurulmuş hekayəsi
Şairlik yeni nəfəs, yeni ruh kimidir. Sözü heç kimin demədiyi və ya düşünmədiyi forma və məzmunda oxucuya çatdıra bildinsə, deməli, o, yaşayacaq və müəllifinə ehtiram qazandıracaqdır.
Poeziyada köhnə "bayatı"ları yenidən bəzəməklə özünü təsdiqləyə bilməzsən. Bu, elə bir meydandır ki, gərək istedadında Tanrı nuru, qəlbində mərhəmət, varlığında mənsub olduğun millətə, xalqa bağlılıq, doğmalıq kök sala.
Haqqında söhbət açmaq istədiyim bu xanım da min illik poeziyanın yoluna özünəməxsus bir dillə, tam yeni "görkəm" və formada çıxmışdır. O da Azərbaycan poetik fikrinin ən görkəmli simaları kimi eyni qafiyə və üslubda yazsa da, elə ilk misrasından oxucu marağını, diqqətini şeirinə cəmləyə bilir.
Sona Vəliyevanın imzası çoxlarına tanışdır. Ən azı ona görə ki, o, filologiya elmləri namizədi, jurnalist, alim, azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifi kimi çoxdan öz imzasını təsdiqləmişdir.
Bu günlərdə isə S.Vəliyevanın "Arazbarı" şeirlər kitabı "Qanun" nəşriyyatında nəfis tərtibatla çapdan çıxmışdır. Bu, nəcib qələm sahibinin poeziyasevərlərlə sayca ikinci görüşüdür. Kitabda Vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, milli hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatımızda rastlaşdığımız hadisələrin qeyri-adi yozumu, ən başlıcası isə Uca Tanrıya və onun yaratdığı insana, təbiət gözəlliklərinə irfani eşq insanı riqqətə gətirir.
Kitabda "Vətən deyib yola varan", "Ruhum yollar ayrıcında", "Ay qaragilə" və "Mən Tanrının yol adamı" bölmələrində yer alan hər bir şeir, insanı, sözün yaxşı mənasında, düşünməyə vadar edir. Ona görə ki, bu şeirlərin hər biri özlüyündə böyük istedadla yanaşı, həm də düşüncənin məhsuludur.
"Arazbarı"ya xalq şairi Sabir Rüstəmxanlı "Ana ruhunun işığında" başlıqlı "Ön söz" yazmışdır. Böyük səmimiyyətdən yoğurulmuş bu dəyərli "Ön söz"də S.Rüstəmxanlı yazır: "Sona xanımın şeirləri ürəyimizdə vətən havasını, uşaqlıq dünyamızın xiffətini əsdirir, yenidən tərk edilmiş ocaqlara qayıdırıq, payızın sarılığından, narın yağışların kədərindən, ot basmış qəbiristanlıqlarda məzar daşlarına dönmüş atalarımızın, analarımızın şirin xatirələrindən keçirik. Nəfəsimiz genişlənir, ruhumuz təzələnir, bu ocaqlarda aldığımız böyük mənəviyyat, sevgi, halallıq, mərdlik, nəciblik, xeyirxahlıq, təmənnasızlıq, gözütoxluq dərslərimiz yenidən yada düşür. Məncə, şairin ən böyük vəzifəsi də budur".
Sona xanımın şeirlərini oxuyarkən bu qənaətə gəlmək olur ki, o, poeziyamızda dönə-dönə müraciət edilmiş mövzulara yeni məzmun verir, həyatı özünəməxsus poetik bir dillə oxucuya təqdim edə bilir. Sadə bir misal çəkək. Payızın bir fəsil olaraq şeirimizdə işlənmə məqamı saysız-hesabsız bənzətmələrdə boy verir. Elə bir adam yoxdur ki, "qızılı payız"ı nəzmə çəkməsin. Sona xanım da uzaq Berlində yazdığı "Qərib payız" şeiri ilə bu mövzunu bir qədər də özününküləşdirir.
Bu necə payızdı, bu necə, Allah.
Budaqda saralan
min ümid ölür.
Yarpaq qırğınına azğın
küləklər
Bilmirsən ağlayır, bilmirsən
gülür!
Onun
"Gəl gedək bu şəhərdən"
şeiri də deyim
tərzi ilə bu mövzuda özündən əvvəl
yazılmış poeziya
nümunələrindən seçilir və fikrin obrazlı sözə çevrilməsi
baxımından diqqəti
cəlb edir:
Yarpaqlar da saralıb,
Töküləcək qəhərdən
Yığıb xatirələri
Gəl gedək bu şəhərdən...
Belə poetik fikir və duyğu dolu misraların sayını yetərincə
artırmaq olar. Ən əsası odur ki, hər
səhifəsində, hər
misrasında Araz
nisgilini, Qarabağ harayını, yurd-yuva sevgisini gəzdirən
"Arazbarı" bütün
poeziyasevərlərin ürəyincə
olacaqdır. Ən azı ona görə
ki, bu kitabda
Füzulinin dərdinə
ortaq olan, o ağrıya, o nisgilə söykənib, millətinin
faciələrini, dərdlərini
qələmə alan varlığı
humanizmlə, insanpərvərliklə
yoğurulmuş genişqəlbli
Azərbaycan qadınının
düşüncəsindən, ürəyindən qopan şeirləri oxuyacaqsınız.
AzərTAc
Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 7.