Orxan Süleymanov dünya kubokunun sahibi oldu

 

Komandamız dünya kuboku uğrunda yarışlarda 16 qızıl medal qazandı

 

İdman sahəsində qazanılan nailiyyətlər dövlətin ümumi inkişaf səviyyəsini nümayiş etdirməklə bərabər həm də təbliğati-siyasi əhəmiyyətə malikdir. Bu baxımdan inkişaf edən Azərbaycanın dünyada tanınması idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın göstəricisidir.

Hal-hazırda ölkəmizdə idmana və idmançılara dövlət tərəfindən qayğı və diqqət dünyanın bəzi aparıcı ölkələrindən çox yüksəkdir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da irəliləməsinə böyük töhfələr verir.                                                                            

Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının da diqqətindən yayınmamışdır. Məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. İdmançılarımız müxtəlif səviyyəli beynəlxalq turnirlərdə ildən-ilə daha yaxşı nəticələr göstərirlər. Hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında idmançılarımız uğurlu nəticələr əldə edirlər.

Belə xoş xəbərlərdən biri də Ukraynanın Odessa şəhərindən gəldi. Həmin ölkədə  karatenin WKC növləri üzrə dünya kuboku uğrunda yarışlar keçirilmişdir. Komandamız mötəbər yarışa WKC Federasiyasının prezidenti Nurəddin Quliyevin rəhbərliyi altında yollanmışdır.

Yarışlarda üç versiyada - irikumi-ju, şotokan, irikumi-qoda uğurla çıxış edən millimiz 16 qızıl medal qazanmaqla 22 ölkə arasında 3-cü yeri tutmuşdur. Komandamızın heyətində Orxan Süleymanov (-84 kq) nümayiş etdirdiyi döyüşlərlə bütün diqqəti öz üzərinə çəkmişdir. O, 1/4 finalda Moldova, yarımfinalda gürcü idmançısını məğlub edərək finala yüksəlmişdir. Orxanın həlledici mərhələdəki rəqibi rusiyalı idmançı olmuşdur. Finalda rəqibindən üstün olan təmsilçimiz inamlı qələbə sayəsində dünya kubokuna sahib çıxmışdır. Xatırladaq ki, Orxan Süleymanov buna kimi dəfələrlə MDB ölkələri arasında keçirilmiş beynəlxalq turnirlərin, Avrasiya, Avropa, dünya çempionatlarının qalibi olmuşdur.

Orxan bizimlə söhbəti zamanı bildirdi ki, çempion olmaq duyğusu hər bir idmançı üçün çox vacib hallardan biridir. Bayrağımız hamıdan yüksəkdə dalğalanır, dövlət himnimiz səslənir. Zalda Azərbaycan sədaları eşidilir. Bundan gözəl nə ola bilər axı?                                                                                       

Orxan Süleymanovun qazandığı uğurlarda ona dəstək olan insanlar da var. Onlardan biri də Nəqliyyat Nazirliyi Bakı Sərnişin Nəqliyyat MMC-nin TDTŞ-nin müdiri İlqar Məmmədovdur. İ.Məmmədovla söhbət zamanı o, qeyd etdi ki, "bizim nazirlikdə hər zaman idmançılara həm maddi, həm də mənəvi baxımdan kömək olunur. O idmançılardan biri də Orxan Süleymanovdur. Onun beynəlxalq yarışlarda qazandığı uğurlar bizim uğurumuzdur. Çox şükür, hazırda ölkəmizdə idmançılara dövlət tərəfindən qayğı günü-gündən artmaqdadır. Dövlət başçısı İlham Əliyevin ölkədə və ondan xaricdə  təşkil olunmuş yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması vacib məqam kimi vurğulanmalıdır. Çünki beynəlxalq idman turnirlərində qazanılan uğurlar ölkənin dünyada tanınmasında əvəzsiz rol oynayır. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Azərbaycanda həm ölkə rəhbərliyi, həm də ictimaiyyət tərəfindən idmana və idmançılara  olan böyük hörmət, onlara xüsusi qayğı və dəstək verilməsi ölkəmizdə idmanın kütləvi xarakter almasında həlledici rol oynayır".

Şübhə etməmək olar ki, dünya və Avropa çempionatlarında parlaq qələbələrlə tarix yazmış idmançılarımız növbəti mötəbər turnirlərdən də qələbə ilə qayıdacaqlar.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 8.