Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Culfa və Kəngərli rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 (beş) milyon manat, o cümlədən Culfa rayonunda uzunluğu 57,6 km olan, 25 min nəfər əhalinin yaşadığı 20 kəndi əhatə edən Çeşməbasar - Boyəhməd avtomobil yolunun yenidən qurulması üçün 3 (üç) milyon, Kəngərli rayonunda uzunluğu 39,2 km olan, 12 min nəfər əhalinin yaşadığı 5 kəndi əhatə edən Naxçıvan - Sədərək magistralı - Təzəkənd - Çalxanqala - Qıvraq dairəvi avtomobil yolunun yenidən qurulması üçün 2 (iki) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  2 sentyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 1.