Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm verilir

 

 Sentyabrın 2-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides ilə görüşmüşdür.

Milli Məclisin Sədri Oqtay Əsədov demişdir ki, ölkəmizlə Avropa Şurası arasında münasibətlər uğurla inkişaf edir. Artıq 10 ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Bu müddət ərzində ölkə qanunlarının Avropa qanunlarına uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Eləcə də ölkəmiz AŞ PA-nın 50-dən çox sənədinə qoşulmuşdur.

Ölkəmizdə demokratiyanın uğurlu inkişafından söz açan Oqtay Əsədov bildirdi ki, Azərbaycanda demokratik təsisatlar, beynəlxalq institutlar sürətlə inkişaf edir, insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi diqqət yetirilir. Bütün bu proseslərdə Avropa Şurasının müstəsna rolu danılmazdır.

Görüşdə Avropa Şurası Parlament Assambleyasının Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides demişdir ki, bugünün reallığında Azərbaycanın sürətlə inkişaf etdiyi görünür. Xüsusən, ölkədə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülmüş bütün işlər təqdirəlayiqdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Kristos Pirqurides demişdir: "Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını pisləyirəm. İşğal Avropa dəyərlərinə və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Hesab edirəm ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün işğala son qoyulmalıdır".

Daha sonra Milli Məclisin Sədri AŞ PA-da mövcud olan ikili standartlardan danışmış, ölkəmizə qarşı belə münasibətlərə son qoyulacağına ümidvar olduğunu bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-  3 sentyabr.- S. 2.