Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının yubiley iclası

 

 Sentyabrın 2-də Düşənbədə Müstəqil Dövlətlər Birliyinin yaranmasının 20 illiyi ilə əlaqədar MDB Xarici İşlər Nazirləri Şurasının yubiley iclası keçirilmişdir. Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil etmişdir.

İclası Tacikistanın xarici işlər naziri Xamraxon Zərifi açaraq bildirmişdir ki, təmsil etdiyi ölkənin Müstəqil Dövlətlər Birliyinə sədrliyi dövründə Birliyin 20 illiyinə həsr olunmuş Tədbirlər Planının həyata keçirilməsinə, MDB-nin gələcək inkişaf Konsepsiyasına və 2020-ci ilə qədərki dövrdə qurumun iqtisadi inkişaf Strategiyasına diqqət yetirilmişdir. Bu müddətdə mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi, iqtisadi əməkdaşlığın genişlənməsi, MDB-nin regional təşkilat kimi əhəmiyyətinin yüksəldilməsi, humanitar sahədə münasibətlərin inkişafı və digər mühüm məsələlər diqqət mərkəzində olmuşdur.

Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin sədri Sergey Lebedev MDB-nin bir təşkilat kimi nüfuzunun artırılması məsələlərinə toxunmuş, görülən işlər haqqında məlumat vermişdir.

İclasda təşkilatın fəaliyyətinin gücləndirilməsi, iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi və bir sıra digər məsələlərlə əlaqədar sənədlər imzalanmış, xarici işlər nazirlərinin bəyanatı qəbul olunmuşdur.

İclas başa çatdıqdan sonra Xələf Xələfov AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində demişdir: "Şuranın iclasında iqtisadiyyat, cinayətkarlıqla mübarizə sahəsində hüquq-mühafizə orqanlarının əməkdaşlığı, müdafiə, bərə xidməti, humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi və digər məsələlər müzakirə olunmuş və Azərbaycanın maraqlarına uyğun olan bir sıra sənədlər imzalanmışdır".

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 2.