Tarixi
gedişatın dönüş məqamı və müasir
dövr
İyirmi il əvvəl
- 3 sentyabr 1991-ci ildə xalqımızın ümummilli lideri
Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri
seçilmişdir
Görkəmli dövlət xadimi Heydər Əliyevin
3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri seçilməsi Azərbaycan
xalqının taleyində böyük siyasi əhəmiyyətə
malik tarixi hadisədir. Dünyanın iki nəhəng
superdövlətindən biri kimi tanınan Sovetlər
İttifaqının əsas başçılarından biri
olmuş, uzun illər Azərbaycan Respublikasına bacarıqla
rəhbərlik etmiş Heydər Əliyev üçün
ilk baxışda muxtar respublika səviyyəsində dövlət
qurumunun Sədri seçilmək çox da mühüm
bir vəzifə olaraq nəzərə çarpmır.
Zahirən
Sovet Sosialist Respublikaları İttifaqının rəhbərliyindən,
Kremlin zirvəsini fəth etdikdən sonra muxtar respublikanın
başçısı vəzifəsinə gəlmək geriyə
dönüş kimi də dəyərləndirilə
bilərdi. Zamanında yanlış olaraq bəzən belə
düşünənlər də olmuşdu. Əslində isə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə
seçilmək Vətənə və xalqa xidmət etmək
baxımından mənalı olduğu qədər də kəşməkəşli
ömür yaşamış Heydər Əliyevin zəngin tərcümeyi-halının
ən əhəmiyyətli hadisələrindən biri
sayılmağa layiqdir.
XX əsrin doxsanıncı illərinin
başlanğıcında Heydər Əliyev kimi zəngin təcrübə
və səriştə sahibi olan görkəmli bir dövlət
xadiminin yenidən hakimiyyətə, böyük siyasətə
qayıdışı Azərbaycan xalqının taleyi ilə
bağlı olan tarixi hadisə kimi mühüm əhəmiyyət
kəsb edir. Hadisəyə keçən əsrin səksəninci
illərinin sonu və doxsanıncı illərin
başlanğıcı dövrünün ictimai-siyasi proseslərinin müstəvisindən
baxsaq, xalqımızın və ölkəmizin taleyi
üçün təcrübəli və səriştəli
Siyasi Liderin nə dərəcədə əhəmiyyətli
olduğu qabarıq nəzərə çarpar. Keçən
əsrin səksəninci illərinin ortalarından sonuna qədərki
dövrün bir-birini tez-tez əvəz edən kommunist rəhbərləri
Heydər Əliyevin siyasi hakimiyyətindən sonrakı
dövrün boşluğunu doldurmaq gücündə ola bilmədilər.
Onlar nə iş yerini dəyişən siyasi liderin səviyyəsinə
yaxınlaşa biləcək, nə də mövcud mürəkkəb
zamanın gedişatına təsir göstərəcək
qüvvələr deyildilər. Doxsanıncı illərin əvvəllərində
zamanın dalğasında yeni simalar kimi görünən
AXCP-Müsavat hakimiyyətinin nümayəndələrinin isə
nə siyasi təcrübəsi və səriştəsi, nə
də normal idarəçilik qabiliyyətləri var idi.
Sözün böyük mənasında Azərbaycan ölkəsinin
geniş dünyagörüşlü, möhkəm əqidəli,
həyatın çətin sınaqlarından
çıxmış, ölkəsinə və xalqına
bağlı olan güclü dövlət xadiminə ciddi
ehtiyacı var idi. Nə kommunist rəhbərlərin
arasında, nə də cəbhəçi bəylərin
sıralarında yeni tarixi şəraitdə ölkəyə
rəhbərlik edə biləcək, Sovetlər
İttifaqının dağılması ilə əlaqədar
xalqı düşdüyü ağır vəziyyətdən
çıxaracaq, ölkəni irəli apara biləcək əhəmiyyətli
siyasi fiqur görünmürdü. Vəziyyət isə
çox mürəkkəb idi. XX əsrin səksəninci illərinin
ikinci yarısından sonra başlanan hakimiyyət
böhranı zaman-zaman ölkəni zəiflətmişdi.
Sovet dövlətinin dağılması nəticəsində
isə digər keçmiş müttəfiq respublikalar kimi, bəzilərindən
isə daha çox, Azərbaycan Respublikası çoxcəhətli
böhranın dərinləşməsi dövrünü
yaşamaqda davam edirdi. Xalqda ölkənin gələcəyinə
böyük ümidsizlik yaranmışdı. Ara-sıra Azərbaycanın
parçalanacağı, regionların müxtəlif ölkələr
arasında bölüşdürüləcəyi barədə
mülahizələr səslənməkdə idi. Belə
fikirlər Naxçıvan Muxtar Respublikası ətrafında
da mövcud idi. Üstəlik də blokada şəraiti
ölkənin bu regionunda vəziyyəti daha da çətinləşdirmişdi.
Bütün bunlar az imiş ki, keçən əsrin səksəninci
illərinin axırlarından etibarən Azərbaycan
iqtidarındakı sol və sağ təmayüllü rəhbərlərin,
demək olar ki, hamısı Naxçıvan Muxtar
Respublikasına ögey münasibət bəsləmişdilər.
Onlardan bəziləri Naxçıvanı "acı
bağırsaq kimi kəsib atmaq",
bəziləri isə muxtariyyət statusunu ləğv
etmək barədə bəyanatlarla çıxış
edirdilər. Yaranmış boşluqdan istifadə edən Ermənistan
tərəfdən də siyasi-hərbi təzyiqlər qüvvətlənməkdə
davam edirdi. Ölkədə hakimiyyət böhranı,
ictimai-siyasi mühitdə dərin bir boşluq var idi. Vəziyyətin
bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda
əhali bütün sahələrdə çətinliklərə
müqavimət göstərir, ərazi
bütövlüyünü qorumaq üçün əsl mərdliklə
lazımi fədakarlıqları, dirənişi nümayiş
etdirirdi. Hətta xalq kütlələrinin tələbi ilə
Naxçıvan Muxtar Respublikasının Ali Soveti 19 yanvar
1990-cı il tarixdə "Naxçıvan MSSR-də yaranmış
ictimai-siyasi vəziyyət haqqında" məsələ
müzakirə edərək muxtar respublikanın ərazi
bütövlüyü və vətəndaşların həyatı
təhlükə qarşısında qaldığından,
Qars müqaviləsinin şərtləri kobud şəkildə
pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının
SSRİ-nin tərkibindən çıxaraq özünü
müstəqil respublika elan etməsinə dair radikal addım
atmalı olmuşdu. Bu, Sovetlər İttifaqının
monolitliyi, dağılmazlığı haqqında mifi
sındıran ilk böyük hadisə kimi beynəlxalq aləmdə
geniş əks-səda doğurmuşdu. Bundan əvvəl isə
30-31 dekabr 1989-cu il tarixlərində muxtar respublikanın əhalisi
Ordubaddan Sədərək kəndinədək olan 150 kilometrdən
çox ərazidə Sovet-İran sərhəddindəki dirəkləri
sökmək və tikanlı məftilləri dağıtmaqla
Sovetlər İttifaqı adlanan dövlətə gözlənilməz
ağır zərbə vurmuşdu.
Bunların
əvəzində həm mərkəzi hökumət, həm
də mərkəzin diktəsi ilə Azərbaycanın yerli
hakimiyyət orqanları Naxçıvan camaatına və
muxtar respublikanın hakimiyyət orqanlarına təzyiq
göstərirdi. Kreml rəhbərliyi Ermənistan ordusuna dəstək
verməklə Naxçıvana qarşı həmlələri
genişləndirirdi. Bu cür çətin, mürəkkəb
və məsuliyyətli məqamda Heydər Əliyev kimi
böyük və zəngin həyat məktəbi
keçmiş, təcrübəli dövlət xadiminin Azərbaycana
qayıdışı, 22 iyul 1990-cı ildə
Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında
Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali
Sovetinə və M.F.Axundov adına Naxçıvan seçki
dairəsindən muxtar respublikanın Ali Məclisinə deputat
seçilməsi geniş mənada xalq arasında ölkənin
gələcəyinə ümid qığılcımları
yaratmışdı. Doğrudur, Heydər Əliyev Bakıda rəsmi
dairələr tərəfindən arzuolunmaz şəxs kimi qəbul
edilmiş və o, dar məqamda Naxçıvandakı ata-baba
ocağına üz tutmağa məcbur olmuşdu. Azərbaycanın hər
tərəfindən Heydər Əliyevin Naxçıvan şəhərindəki
ortabab səviyyəyə malik, təmirsiz ata ocağına
ölkə vətəndaşlarının axını, bu
böyük tarixi şəxsiyyətlə olan qeyri-adi isti,
doğma münasibəti ifadə edən görüşlər,
ünvanına ölkənin müxtəlif regionlarından
göndərilən ümid dolu məktublar və teleqramlar ulu
öndərə bəslənilən ümumxalq sevgisini və
inamını qabarıq şəkildə ifadə edirdi. Heydər
Əliyevlə Naxçıvan şəhərində
keçirilən izdihamlı görüşlərdə və
mitinqlərdə ölkəmizin dörd bir yanından gəlmiş
sadə, zəhmətkeş, sədaqətli insanların
iştirakı bütövlüyün, milli-mənəvi
birliyin, sarsılmaz inamın əyani göstəricisi idi.
Bu mənada
Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə xalqın tələbi
ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
seçilməsi, ümumiyyətlə, Azərbaycan
miqyasında böyük rəğbətlə
qarşılanan əhəmiyyətli siyasi hadisə idi. Bu, Azərbaycan
xalqının itməkdə olan ümidlərinin dirçəldilməsi,
gələcəyə inamının artması
baxımından da böyük dönüş idi.
Xalqımız əmin idi ki, Azərbaycanın ayrılmaz tərkib
hissəsi olan Naxçıvan Muxtar Respublikası bundan sonra
daha heç vaxt düşmən caynağına keçə
bilməz. Bu hadisə Dağlıq Qarabağ ətrafında
torpaqların itirilməsi prosesinin tez-tez müşahidə
olunduğu ağır bir vaxtda xalqda bütövlükdə
ölkənin ərazi bütövlüyünün bərpa
olunacağına da ümid işartıları
yaratmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Heydər Əliyevin sədrliyi ilə keçən
iclaslarında ölkənin müxtəlif bölgələrindən
gəlmiş rəsmi qurumların nümayəndələrinin,
haqları tapdanmış sadə, zəhmətkeş
insanların iştirak edib, özlərinin mövcud vəziyyətləri
barəsində dəqiq məlumatlar verərək
çıxış yolları barədə məsləhətlər
almaları, dəstək görmələri Ali Məclisi Azərbaycan
xalqının ümid qapısına çevirmişdi.
Ümumiyyətlə, görkəmli dövlət xadimi Heydər
Əliyev ölkənin və xalqın ümid
çırağı idi. Naxçıvanda
yaşayıb-işlədiyi illərdə Heydər Əliyevin
iş otağında yanan sadə çıraqdan bütün
Azərbaycana işıq düşürdü.
Xalqımızın
ümummilli lideri Heydər Əliyev 3 sentyabr 1991-ci il tarixdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə
sessiyasında bu ali dövlət orqanının Sədri
seçilmişdi. Fövqəladə sessiyanın
çağırılması zərurəti haradan, nədən
doğmuşdu? Əvvəla, 1991-ci ilin avqust ayında SSRİ
hökumətində Mixail Qorbaçov iqtidarına
qarşı dövlət çevrilişi cəhdi baş
vermişdi. Azərbaycan Kommunist Partiyasının rəhbərliyi
Sovetlər İttifaqında özünü müvəqqəti,
yaxud keçid hökuməti kimi elan etmiş qısamüddətli
Fövqəladə Vəziyyət üzrə Dövlət
Komitəsinin fəaliyyətinə müsbət münasibət
ifadə etdikdən az sonra həmin qurumun dağılması
ilə mürəkkəb vəziyyətə
düşmüşdü. Bundan başqa, Sovet İttifaqı
Kommunist Partiyasının dağılmasına baxmayaraq, Azərbaycanda
hələ də bu partiyanı saxlamaq üçün edilən
cəhdlər, atılan addımlar ölkə miqyasında, o
cümlədən Naxçıvan Muxtar Respublikasında birmənalı
qarşılanmırdı. Çünki Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi hələ 1991-ci ilin
14 yanvarında keçirilən sessiyasında Azərbaycan rəhbərliyinin
iradəsindən kənarda və ondan asılı olmayaraq
Mixail Qorbaçov tərəfindən elan olunmuş yeni
İttifaq müqaviləsinin qəbul edilməsinin yolverilməzliyi
haqında qərar qəbul etmişdi. Bundan başqa, xalq
deputatı Heydər Əliyevin böyük uzaqgörənliyi
sayəsində Ali Məclisin 26 avqust 1991-ci il tarixli
sessiyasında Azərbaycan Kommunist Partiyasının
Naxçıvan Vilayət Təşkilatını buraxmaq məsələləri
də müzakirəyə çıxarılaraq müsbət
rəy qazanmışdı.
Faktiki
olaraq Naxçıvan Muxtar Respublikasında sovet hakimiyyəti
yox idi. Bir qədər əvvəl Naxçıvan MR Ali Məclisinin
görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi
ilə keçirilən 17 noyabr 1990-cı il tarixli sessiyası
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını
dəyişərək bundan sonra Naxçıvan Muxtar
Respublikası adlandırılmasını qərarlaşdırmışdı.
SSRİ hökumətinin hələ fəaliyyətdə
olduğu dövrdə Naxçıvan MSSR-in adından
"Sovet Sosialist" sözlərinin
çıxarılması Heydər Əliyevin sarsılmaz
siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində
mümkün olmuşdu. Eyni zamanda, həmin sessiyada Heydər Əliyevin
təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
adlandırılması da, sadəcə, redaktə xarakterli
düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi
tanınan, siyasi sistemini sovetlər üstündə quran
möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik
edilməsi demək idi. Naxçıvan MSSR-in adından
"Sovet Sosialist" sözlərinin
çıxarılması, Naxçıvan MR Ali Soveti
formatında "Soveti" ifadəsinin "Məclisi"
sözü ilə əvəz edilməsi, əslində, tam mənası
və məntiqi ilə de-fakto SSRİ-nin tərkibindən
çıxmaq, ən azı isə bu dövlətin çərçivəsində
müstəqil dövlət qurumu yaratmaq demək idi. Bundan
başqa, Naxçıvan MR Ali Sovetinin 17 noyabr 1990-cı il
sessiyasında Azərbaycanın dövlət rəmzi kimi Xalq
Cümhuriyyəti dövründə qəbul edilmiş
üçrəngli bayrağın Naxçıvan Muxtar
Respublikasının Dövlət bayrağı kimi qəbul
edilməsi barədə yekdilliklə qərar qəbul
edilmiş və sessiyanın iclasına sədrlik edən Heydər
Əliyevin təşəbbüsü ilə həmin milli
mahiyyət daşıyan Dövlət bayrağı Ali Məclisə
gətirilmişdi. Bütün bunlar yalnız və yalnız
Naxçıvan MR Ali Məclisinin sessiyasına sədrlik edən
Heydər Əliyevin həm böyük siyasi iradəsinin,
yüksək azərbaycançılıq idealının, həm
də qeyri-adi cəsarətinin sayəsində həyata
keçirilə bilmişdi. SSRİ adlanan dövlətin
bütün müttəfiq qurumlarında demokratik islahatlar
adı altında dağılma prosesi getsə də, o dövrə
qədər Sovetlər İttifaqının heç bir
respublikasında Naxçıvanda atılan addımlara
yaxın bir hadisə baş verməmişdi. Görkəmli
dövlət xadimi Heydər Əliyevin sədrliyi ilə
keçirilən Naxçıvan MR Ali Məclisinin 17 noyabr
1991-ci il tarixli sessiyası sovet dövlətinin
dağılmasının birinci paroludur. Bu, otuz beş il
dövlət hakimiyyətində olmuş böyük siyasətçi
Heydər Əliyevin Azərbaycan xalqı və dövləti
qarşısındakı böyük tarixi xidmətidir. Heydər
Əliyev Azərbaycan milli dövlətçiliyinin əfsanəsidir.
Naxçıvan MR Ali Məclisinin 17 noyabr 1991-ci il tarixli
sessiyasına Sədrlik etmək - Azərbaycanda müstəqil
dövlətçilik uğrunda mübarizəyə rəhbərlik
etmək demək idi. Görkəmli dövlət xadimi Heydər
Əliyev Azərbaycanın milli istiqlalının rəhbəri
missiyasını şərəflə həyata
keçirmiş tarixi şəxsiyyətdir.
Məlum
olduğu kimi, bütün bunlara görə 1991-ci ilin ikinci
yarısından etibarən Azərbaycanda hakimiyyət
böhranının dərinləşməsi, demək olar ki,
son həddə çatmışdı. Etibarını
itirmiş Azərbaycan Kommunist Partiyası artıq səlahiyyətlərini
də itirməkdə idi. Belə şəraitdə Kommunist
Partiyasını qoruyub saxlamaq sahəsində ölkə miqyasında
edilən uğursuz cəhdlər Naxçıvanda da
müşahidə olunurdu. Naxçıvan Vilayət Partiya
Komitəsi Muxtar Respublika Ali Məclisinin sessiyalarının
keçirilməsində maraqlı ola bilmirdi. Respublika rəhbərliyinin
göstərişləri ilə Vilayət Partiya Komitəsi
adından verilən qərarları isə əhali qəbul
etmirdi. Buna görə də Azərbaycanın hər yerində
olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da,
sözün əsl mənasında, elan olunmamuş fövqəladə
şərait yaranmışdı. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə
sessiyasının çağırılması ölkədə,
o cümlədən regionda yaranmış çətin və
mürəkkəb fövqəladə vəziyyətin tələblərindən
irəli gəlmişdi.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli
fövqəladə sessiyasının gündəliyinə
geniş mənada həmin tarixi mərhələnin aktual məsələləri,
xüsusən də ölkə miqyaslı, o cümlədən
Naxçıvan Muxtar Respublikası ilə əlaqədar zəruri
məsələlər daxil edilmişdi. Fövqəladə
sessiya ölkədə Azərbaycan Respublikası Prezidenti
seçkilərinin keçirilməsinə münasibət
bildirməli idi. Çünki həmin dövrdəki şəraitdə
antidemokratik şəkildə alternativsiz əsasda Prezident
seçkilərinin keçirilməsi mərkəzin diktəsi
ilə ölkədə gedən demokratik proseslərin ləngidilməsinə,
müstəqillik uğrunda azadlıq mübarizəsinin
boğulmasına hesablanmış tədbir idi. Bu, doğrudan
da münasibət tələb edən məsələ idi.
Eyni zamanda, gündəliyə daxil edilmiş Azərbaycan
Kommunist Təşkilatının fəaliyyətini davam
etdirib-etdirməməsi məsələsi də cəsarətli
münasibət tələb edirdi. Hətta gündəlikdə
öz əksini tapmış vilayət partiya təşkilatının
əmlakının inventarlaşdırılması
üçün komissiyanın yaradılması məsələsinin
həllini arzu etməyən bəzi qüvvələr də
var idi. Gündəlikdə nəzərdə tutulan məsələlərin
hamısı fövqəladə zamanın meydana
çıxardığı aktual problemlər idi, Azərbaycan
üçün taleyüklü məsələləri əhatə
edirdi. Bu problemlərin həllinə təsir göstərmək
Azərbaycanda müstəqil dövlətçilik prosesinin dərinləşdirilməsinə
və sürətləndirilməsinə xidmət edirdi. Ancaq
həmin məsələlərin müsbət həlli
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fövqəladə
sessiyasında bu ali hakimiyyət orqanının Sədri
seçiləcək şəxsin siyasi iradəsindən, cəsarəti
və uzaqgörənliyindən çox asılı idi. Buna
görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi
ən əsas vəzifə təşkilati məsələ
idi.
Naxçıvan Muxtar Respublikasının bütün əhalisi Ali Məclisin Sədri vəzifəsinə görkəmli dövlət xadimi, böyük siyasətçi, xalqının sədaqətli rəhbəri Heydər Əliyevin seçilməsini qətiyyətlə tələb edirdi. Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin seçilməsini tələb edən bəyanatlarla çıxış edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, muxtar respublika Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən regionda gedən ictimai-siyasi proseslərdə öz sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən özünü bütövlükdə dövlət müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş, Naxçıvanın ərazi bütövlüyünün qorunub saxlanılması üçün xalqın birliyinə nail olmuş Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da o dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdir. Heydər Əliyevşünaslıqda bu məsələ barədə dəfələrlə yazılmasına baxmayaraq, görkəmli dövlət xadiminin həmin iclasda namizədliyinin səsə qoyulmaması üçün etdiyi çıxışların mətni mətbuatda öz əksini tapmamışdır. "Şərq qapısı" qəzetinin 4 sentyabr 1991-ci il tarixli sayında getmiş Naxçıvan MR Ali Məclisinin Sessiyası barədəki rəsmi məlumatdakı Heydər Əliyevin dörd dəfə çıxış etməsinə dair iki cümlədən ibarət informasiya sonrakı dövrün elmi-publisist materiallarında olduğu kimi təkrar edilmişdir.
Yalnız aradan on səkkiz il keçəndən sonra, 2009-cu ildə ANS telekanalı "Görünməmiş Əliyev" adlı sənədli filmdə Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrünə aid bir sıra naməlum materialları, o cümlədən ulu öndərin 3 sentyabr 1991-ci il tarixdə Naxçıvan MR Ali Məclisinin sessiyasındakı çıxışlarının videolentini ictimaiyyətə təqdim etmişdir. İlk dəfə səsləndirilən həmin tarixi əhəmiyyətə malik çıxışlar Heydər Əliyev dühasını daha dərindən dərk etmək, bu görkəmli şəxsiyyətin böyüklüyünün miqyasını bütün aydınlığı ilə anlamaq üçün mühüm siyasi əhəmiyyətə malikdir. Vaxtilə Naxçıvanda fotoqraf kimi fəaliyyət göstərmiş və dövrün ictimai-siyasi proseslərində iştirak etmiş Oqtay Daşoğuzun şəxsi videokamerası ilə lentə alınmış həmin məqamlar nadir tarixi materialdır. Bu qiymətli videolent Heydər Əliyevin tərcümeyi-halını və siyasi baxışlarının bir çox məqamlarını yenidən öyrənib dəyərləndirməyə imkan verir. Əvvəla, həmin nadir videolent bir daha təsdiq edir ki, Heydər Əliyev Kremlin təzyiqləri və təqiblərindən qurtararaq Azərbaycana gələrkən həqiqətən də hakimiyyətə qayıtmaq məqsədində olmamışdır. Ümummilli lider Heydər Əliyev çoxsaylı çıxışlarında bu barədə dönə-dönə rəsmi açıqlamalar versə də, mövcud iqtidarlar buna inamsız yanaşma nümayiş etdirmişlər. Buna görə də Heydər Əliyev Moskvada olduğu kimi, bir müddət öz ölkəsində də müəyyən dairələrin təzyiqləri və təqibləri ilə üzləşməli olmuşdu. 3 sentyabr 1991-ci il tarixli çıxışı göstərdi ki, o zaman Heydər Əliyevin hakimiyyətə gəlmək üçün Azərbaycana qayıtdığını düşünən qüvvələr nə qədər böyük səhv edirmişlər. Vaxtilə Heydər Əliyev bu məsələyə aydınlıq gətirmək üçün çıxışlarından birində demişdi: "Mən hələ keçən il (yəni - 1990-cı ildə - İ.H.) Moskvadan Azərbaycana gələrkən jurnalistlərə verdiyim müsahibələrdə və görüşlərdə, bu ilin əvvəlində Azərbaycan Ali Sovetinin Sessiyasında çıxış edərkən və nəhayət, son sessiyada bildirmişdim ki, Azərbaycana hakimiyyətə qayıtmaq üçün gəlməmişəm. Mən ancaq Azərbaycanın bu ağır dövründə, çətin vaxtında xalqıma kömək etmək, xidmət etmək üçün gəlmişəm. Mənə bir neçə dəfə Moskvada, elə burada da sual verilmişdi ki, bəs siz öz köməyinizi nədə görürsünüz? Cavab vermişdim ki, mən xalqımın hər bir tapşırığını yerinə yetirməyə hazıram".
Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 2011-ci il tarixli sessiyasındakı qısa, lakin tarixi çıxışları Heydər Əliyevin həyatının yenidən siyasi hakimiyyətə qayıtmaqla bağlı məqamlarını açıq-aydın şəkildə nəzərə çarpdırır. İndiyədək heç bir mənbədə çap olunmadığını nəzərə alaraq, həm də məsələyə tam aydınlıq gətirmək məqsədilə "ANS" televiziyasının hazırlayıb cəmi bir-iki dəfə nümayiş etdirdiyi "Görünməmiş Əliyev" adlı çox dəyərli filmində istifadə olunmuş videomaterialdan sətirbəsətir köçürdüyüm çıxışların mətnini olduğu kimi oxuculara və geniş elmi ictimaiyyətin diqqətinə təqdim etməyi əhəmiyyətli hesab edirəm.
Görkəmli dövlət xadimi Heydər Əliyevin
Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli
fövqəladə sessiyasında Ali Məclisin Sədri vəzifəsinə
namizədliyi irəli sürüldükdən sonra etdiyi
çıxışlar:
BİRİNCİ
ÇIXIŞ: "Heç bir hakimiyyətə mən gəlmək
istəmirəm. Blok təklif eləyib ki, Qafar Məmmədov
seçilsin. Mən də təklif edirəm ki, o seçilsin".
İKİNCİ
DƏFƏ ÇIXIŞ: "Mən öz prinsiplərimə
sadiq qalıram. Mən heç bir vəzifə daşımaq
istəmirəm. Ona görə xahiş edirəm mənim namizədliyimi
müzakirəyə qoymayasınız. Demokratik blokdan
hazırlanmış namizəd vardır. Qafar müəllim...
Mən o namizədi, Qafar müəllimin namizədliyini
müdafiə edirəm".
ÜÇÜNCÜ
ÇIXIŞ: "Hörmətli millət vəkilləri!
Mən
ikinci dəfə (halbuki bu, üçüncü
çıxışdır - İ.H.) çıxış
edirəm. Xahiş edirəm, məni düzgün başa
düşəsiniz. Və bilin ki, bu mənim tərəfimdən
tamamilə qətiyyətlə deyilən sözdür. Mən
necə bir azərbaycanlı kimi, necə bir Naxçıvan əhli
kimi çiynimə avtomat salıb, bax, bu dağlarda gedib,
Naxçıvan torpağını qorumağa hazıram.
Naxçıvan Ali Məclisinin hər bir
tapşırığını yerinə yetirməyə
hazıram. Azərbaycan xalqının yolunda, onun
azadlığı yolunda, Naxçıvanın gələcək
inkişafı yolunda canımı qurban verməyə
hazıram. Ancaq mən vəzifə tutmaq istəmirəm.
Xahiş edirəm, bunu düzgün başa düşəsiniz.
Mənim üzərimə başqa nə vəzifə,
tapşırıq verəcəksinizsə, mən
hamısına hazıram. Yenə də deyirəm, mən
buradan çıxıb, avtomatı çiynimə salıb,
gedib dağlarda Naxçıvanı qorumağa hazıram. Buna
təcrübəm də var, hələ ki, gücüm də
var. Ancaq xahiş edirəm ki, bu sözlərimi səmimi
söz kimi qəbul edəsiniz, məni başa düşəsiniz
və xahiş edirəm ki, bu məsələni müzakirə
etməyəsiniz".
Nəhayət,
Heydər Əliyev dördüncü dəfə rəsmi
olaraq kürsüdən bəyan edir:
"Mən
Sizin hamınıza minnətdaram. Və bir daha xahiş edirəm,
fikirləşin, tarixi məsələdir, fikirləşin,
fikirləşin, bir də tənəffüs edin, fikirləşin,
bir də götür-qoy eləyin. Mən xahiş edirəm, mənim
xahişimi siz ödəyəsiniz. Mən xahiş edirəm, mən
xahiş edirəm, məni düzgün başa
düşün. Mən sizin hamınıza minnətdaram,
çox böyük ehtiram göstərirəm. Məni
bağışlayın. Ancaq bir də xahiş edirəm..."
İCLAS
ZALINDAN SƏS: "Yetmiş nəfər deputata qarşı
çıxış edirsiniz".
Rəsmi
mənbələrdə Naxçıvan MR Ali Məclisinin 3
sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasında 77 nəfər
deputatın iştirak etdiyi qeyd olunmuşdur. Hazırda
böyük əksəriyyətinin həyatda, hətta bəzilərinin
vəzifədə olduğu həmin deputatların
iştirakı ilə baş vermiş bu hadisə görkəmli
dövlət xadiminin rəsmi dövlət vəzifələrindən
çox-çox üstün olan şəxsiyyətinin
ucalığını bir daha təsdiq edir. Qeyd olunan
çıxışlar Heydər Əliyevin Azərbaycan idealını,
vətənpərvərliyini, xalqa və torpağa sədaqətini
bütün aydınlığı ilə nümayiş
etdirir. Bu tarixi çıxış bir daha göstərir ki,
Heydər Əliyevin milli dövlətçilik idealları
onun üçün hər hansı rəsmi dövlət vəzifəsi
tutmaqdan qat-qat üstündür.
Beləliklə,
xalqın və Naxçıvan Muxtar Respublikası Ali Məclisi
deputatlarının təkidi ilə Heydər Əliyev ölkə
və region üçün fövqəladə şəraitdə
və fövqəladə olaraq çağırılması
zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun
rəhbəri seçilməsinə razılıq verməli
olmuşdu. Bu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
bütün tarixi ərzində keçirilmiş ən
uzunmüddətli sessiya idi. Belə ki, Naxçıvan şəhərində
3 sentyabr 1991-ci il tarixdə öz işinə başlayan
sessiyanın iclasları 4, 5, 6 və 7 sentyabrda - 5 gün ərzində
davam etdirilmiş, ölkə səviyyəsində və
region üçün əhəmiyyətli olan məsələlər
geniş müzakirə edilərək müvafiq qərarlar qəbul
olunmuşdur. Gündəlikdə duran məsələlərə
uyğun olaraq Naxçıvan Ali Məclisinin sessiyası
yaranmış tarixi şəraitdə alternativsiz namizəd irəli
sürüldüyünü, hələlik ölkədə
çoxpartiyalı sistemin formalaşmadığını,
Kommunist Partiyasının süquta
uğradığını, seçki komissiyası və məntəqələri
üzvlərinin partokratiya nümayəndələrinin
sifarişi ilə təyin olunduğunu nəzərə almaqla
Azərbaycan Respublikasının Prezidentinin seçilməsi
üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş
seçkilərin Naxçıvan MR ərazisində
keçirilməsinin dayandırılmasına dair qərar qəbul
etmişdir. Eyni zamanda, 3 sentyabr 1991-ci il sessiyası "Azərbaycan
Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə
münasibət haqqında" məsələ müzakirə
edərək Azərbaycan Respublikasının Ali Sovetindən
xahiş etmişdir ki, Sovet İttifaqı Kommunist Partiyası,
Siyasi Büro, Mərkəzi Komitə
dağıdıldığı üçün respublikada da
bu siyasi-təşkilati qurumların fəaliyyəti
dayandırılsın. Bundan başqa, sessiyada Naxçıvan
MR-də partiya təşkilatlarının əmlakının
milliləşdirilməsini təmin etmək üçün
deputat komissiyasının yaradılmasına da qərar verilmişdir. Bunlar Azərbaycanda
tarixi gedişatın axarının, istiqamətinin dəyişdirilməsinə,
müstəqil dövlətçiliyin bərqərar
olmasına xidmət edən tarixi qərarlardır. Həmin qərarların
mətninin sonunda görkəmli dövlət xadimi Heydər Əliyevin imzasının
olması, sadəcə, həmin tarixi günün faktı
olaraq qalmır. Heç şübhəsiz, əgər Heydər
Əliyev xalqın təkidi və tələbi ilə 3
sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri
vəzifəsinə seçilməsəydi, Azərbaycanda
dövlət müstəqilliyi uğrunda gedən proseslərin
məcrası, kim bilir, hansı səmtə yönəldiləcək,
neçə böyük və qanlı labirintlərdən
keçməli olacaqdı. Bu - xalqın böyük arzusu və
tələbi ilə dünya miqyaslı siyasətçi Heydər
Əliyevin böyük siyasətə yenidən
qayıdışının həlledici mərhələsi
idi. Bu - Azərbaycanda tarixi gedişatın əsaslı
dönüş məqamı idi. Naxçıvan MR Ali Məclisinin
Sədri vəzifəsinə seçilməmişdən 46
gün əvvəl, yəni 19 iyul 1991-ci ildə rəsmi
müraciəti əsasında Sovet İttifaqı Kommunist
Partiyasının sıralarından çıxmış Heydər
Əliyev ölkə tarixində ilk dəfə olaraq bitərəf,
partiyasız, müstəqil deputat kimi ali hakimiyyət
orqanının rəhbəri vəzifəsinə
seçilmişdi. Və yenə də görkəmli dövlət
xadimi Heydər Əliyevin Sədri olduğu Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin timsalında Azərbaycanın
o vaxta qədərki tarixində birinci dəfə idi ki, üzərində
Kommunist Partiyasının nəzarəti olmayan ali dövlət
qurumu fəaliyyətə başlamışdı. Siyasi
gedişatın dönüşünü şərtləndirən
bu tarixi məqamlar ölkəmizi müstəqil dövlətçiliyə
aparan çətin və kəşməkəşli yollara
işıq salan, ümummilli prosesin hərəkətverici
qüvvəsinə çevrilən hadisələrdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin
həyata keçirdiyi məqsədyönlü hərbi-siyasi
tədbirlər sayəsində sovet ordusu hissələri dinc
yolla muxtar respublikanın ərazisindən
çıxarıldı. Ölkənin bu regionunun xarici
ölkələrlə olan sərhədlərini
Naxçıvanda yaradılmış milli ordunun əsgərləri
qorumaq şərəfi qazandılar. Həmin dövrdə
düşünülmüş genişmiqyaslı müdafiə
tədbirləri nəticəsində Naxçıvan Muxtar
Respublikası kənardan böyük dəstək alan Ermənistanın
işğalından xilas olmuşdur. Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün dövlət səviyyəsində
qeyd edilməsi haqqındakı 16 dekabr 1991-ci il tarixli dərinməzmunlu
qərara da Heydər Əliyev imza atmışdır. Ali Məclisin
Sədri Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə
və İran İslam Respublikasına tarixi səfərləri,
apardığı danışıqlar regionda blokada şəraitinin
yaratdığı böhranın aradan qaldırılması,
iqtisadi problemlərin və enerji məsələlərinin həllində
əhəmiyyətli rol oynamışdır. Azərbaycanda ilk
dəfə olaraq sosialist təsərrüfat sistemi ləğv
edilmiş, torpaq islahatları və özəlləşdirmə
tədbirləri həyata keçirilmişdir. Azərbaycanla
Türkiyə Cümhuriyyətini əlaqələndirən
Naxçıvan Muxtar Respublikası ərazisindəki Sədərək-Dilucu
- "Ümid körpüsü"nün 28 may 1992-ci ildə
istifadəyə verilməsi ilə ölkələr
arasında çoxcəhətli əlaqələrin yeni mərhələsi
başlanmışdır. Ulu öndər Heydər Əliyev
Naxçıvanda ikən, 21 noyabr 1992-ci ildə
yaradılmış Yeni Azərbaycan Partiyası ölkənin
sonrakı inkişafında mühüm rol
oynamışdır. Bir sözlə, görkəmli dövlət
xadimi Heydər Əliyevin rəhbərliyi ilə
1991-1993-cü illərdə Naxçıvan Muxtar
Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin
böyük məktəbinə çevrilmişdir.
Heydər
Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində
fəaliyyət göstərdiyi tarixi mahiyyət daşıyan
mərhələ (1993-2003) ölkəmizdə müstəqil
dövlətçiliyin yaradılması, möhkəmləndirilməsi
və inkişaf etdirilməsi dövrüdür. Bu, çətin,
mürəkkəb, məsuliyyətli və tarixi dövrdə
müstəqil Azərbaycan dövlətinin böyük
qurucusu olmuş Heydər Əliyev özünün adı və yorulmaz mübarizəsi ilə
bağlı olan yeni bir epoxa yaratmışdır. Heydər Əliyev
epoxası - Azərbaycanın xilası və inkişafı
dövrünün epoxasıdır. Heydər Əliyev
epoxası - Azərbaycanda müstəqil dövlətçiliyin
böyük təməllərinin, möhkəm əsaslarının
yaradıldığı epoxadır. Dünya birliyində Azərbaycan
ölkəsinin layiq olduğu şərəfli yerin
qazanılması da Heydər Əliyev təliminin bəhrəsidir.
Heydər Əliyev yolu - Azərbaycanı böyük gələcəyə
aparan möhtəşəm magistraldır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə
Heydər Əliyev milli dövlətçilik təliminin
dönməzliyini, davamlılığını,
yaradıcı şəkildə inkişaf etdirilməsini təmin
etməklə xalqımızın və dövlətimizin
tarixində yeni bir epoxa yaratmağa nail olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkƏmizin
yeni tarixi epoxasının HeydƏr Əliyevidir. Möhkəm
dövlətçilik, üstəgəl genişmiqyaslı
quruculuq, müasirləşdirmə və modernləşdirmə,
üstəgəl tarazlaşdırılmış siyasət və
analitik təhlil, bərabərdir İlham Əliyevə demək
mümkündür. Yenidən qurulmuş və modern
inkişaf səviyyəsinə çatdırılmış
müasir Azərbaycan tam mənası ilə Prezident İlham Əliyevin
möhtəşəm əsəridir. Aparılan böyük
siyasətin sayəsində regionların inkişafı
proqramının düşünülmüş və məqsədyönlü
həlli ilə Azərbaycanda bütün bölgələrin
bərabər və yüksək inkişafına nail olunmuşdur.
Nəticədə qısa müddətdə dünyanı
heyran qoyan yeni, modern və möhtəşəm Azərbaycan
yaradılmışdır. İlham Əliyev siyasəti tarixi
neft ölkəsi olan Azərbaycanın bütün bölgələrini
"nöyütün padşahı" olan paytaxtımız
Bakı ilə yanaşı, böyük sürətlə
inkişaf etdirməyə xidmət edir. O cümlədən
yeni tarixi epoxada Naxçıvan Muxtar Respublikasında da
böyük inkişafa nail olunmuşdur.
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin ölkənin digər
regionları kimi, Naxçıvan Muxtar Respublikasına olan səfərləri
hər dəfə qədim diyarın müstəqil dövlətimiz
qarşısında böyük hesabatına çevrilir.
Ümummilli liderimiz Heydər Əliyevin tarixin çətin
sınaq məqamlarında böyük xilaskarlıq
missiyasını həyata keçirərək qoruyub
saxladığı və gələcək
inkişafının proqramını müəyyən etdiyi
Naxçıvan Muxtar Respublikası hazırda ulu öndərin
adına və arzularına layiq şəkildə,
böyük sürətlə və məqsədyönlü
şəkildə inkişaf edir. Naxçıvan - Şərqin
qapısından Qərbin modern inkişafının yüksək
səviyyəsinə doğru inamla addımlayır.
Naxçıvan - milli tarixi ənənələri
yaradıcılıqla inkişaf etdirib saxlayan və qərbyönlü
inkişafın əsas meyillərini özündə cəmləşdirən
günəşli diyardır. Bu gün Naxçıvan
inkişaf etmiş şərqyönlü qərb şəhəri
kimi dünyaya açılır. Naxçıvan ölkəmizin
qərb sərhədlərində ucalan Şərq tipli Azərbaycan
qalasıdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin
Ali Məclisə rəhbərlik etdiyi dövrdən sonrakı
iyirmi illik müddət ərzində Naxçıvan Muxtar
Respublikasının keçdiyi çətin və şərəfli
mübarizə yolu, əldə edilmiş böyük nailiyyətlər
müstəqil ölkəmizdə ulu öndərin adı ilə
bağlı olan siyasətin real təntənəsini əks
etdirən böyük bir hesabatdır.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
ulu öndər, ustad rəhbər qarşısında
Böyük Anddan yoğrulmuş dövlətçiliyə sədaqətlə
xidməti və yorulmaz, çoxcəhətli fəaliyyəti
Azərbaycanda müstəqillik dövrü milli dövlətçilik
məktəbinin əsas göstəricilərindən,
mühüm nəticələrindən biridir. Ötən hər
il Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi olan
Naxçıvan Muxtar Respublikası ölkəmizin ərazi
bütövlüyünün qorunub daha da möhkəmləndirilməsinə,
milli dövlətçiliyin inkişaf etdirilməsinə,
quruculuq proseslərinin genişləndirilməsinə
özünün sanballı töhfələrini bəxş
etməklə müstəqil dövlətimizin müasir mərhələdəki
sürətli yüksəlişinə bir daha qüvvət və
təkan verir.
Göründüyü
kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin
iyirmi il bundan qabaq,
3
sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri vəzifəsinə seçilməsi Azərbaycan
tarixinin mühüm və əlamətdar hadisəsidir. Məhz
bu böyük siyasi hadisə ilə ölkəmizdə tarixi
gedişatın istiqaməti qəti şəkildə müəyyən
olunmuş, müstəqil dövlətçilik uğrunda
mübarizənin möhkəm və əsaslı təməlləri
atılmışdır. Möhtərəm Prezidentimiz
İlham Əliyevin böyük siyasətdə və möhtəşəm
quruculuq proseslərində atdığı ciddi və əhəmiyyətli
addımlar vaxtilə etibarlı bünövrəsi qoyulmuş
müdrik siyasətin yeni tarixi şəraitdə
yaradıcılıqla və sürətlə inkişaf
etdirilən uğurlu davamının parlaq və əyani
göstəricisidir.
İSA HƏBİBBƏYLİ,
Milli Məclisin deputatı, akademik,
Naxçıvan Dövlət
Universitetinin rektoru
Azərbaycan.-
2011.- 3 sentyabr.- S. 3.