Goranboyda
dünyaya "pəncərə" açılıb
Ölkəmizdə ilk dəfə olaraq Goranboy rayonunda Kitabxana İnformasiya Mərkəzi və Uşaq İntellekt Mərkəzi yaradılıb. Beləliklə, müxtəlif ölkələrin aparıcı elm ocaqlarına "pəncərə" açılıb. İndi oxucu burada istədiyi vaxt dünyanın bir sıra guşələrindən məlumat ala bilir. Goranboy kitabxanasının fondu da hər yanda "görünür".
Rayonda mədəniyyət işi "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq yenidən qurulur. Bu da təbiidir. Çünki müstəqillik bərpa ediləndən sonra hər yerdə ictimai-iqtisadi münasibətlər tamamilə yeni forma alıb. Müasir kəndlər hərtərəfli inkişaf edir, yollar çəkilir, küçələr salınır, səkilər düzəldilir, bir-birindən yaraşıqlı fərdi evlər, ictimai binalar, özəl obyektlər tikilir. Təbii qaz, elektrik enerjisi, işıqlandırma sistemi kəndin məişətini tamamilə dəyişib. Yeni infrastrukturların hesabına müasir kənd tanınmaz olub. İnsanların davranış tərzi, səviyyəsi, mədəniyyəti yüksəlib. Bütün bunlara baxmayaraq, həmişə olduğu kimi, yenə də klublar, kitabxanalar, mədəniyyət evləri kənddə mədəniyyətin əsas mərkəzləri sayılır. Ona görə Goranboy rayonunda bu mühüm sahənin - kənd mədəniyyət ocaqlarının inkişafına xüsusən diqqət yetirilir.
Müstəqil dövlətimizin tələbi, məqsədi də məhz elə budur. Kitabxana-informasiya sahəsi üzrə Dövlət Proqramında yeni binaların tikilməsinə, mövcud obyektlərdə maddi-texniki bazasının möhkəmləndirilməsinə, onların kompyuter və informasiya proqramları ilə təminatına, xidmətin forma və məzmununun yeniləşdirilməsinə xüsusi diqqət yetirilməsi mühüm vəzifə kimi irəli sürülüb.
Goranboy rayonunda bu gərəkli vəzifənin icrası üçün xeyli işlər görülür. Bəri başdan deyək ki, bu yerlərdə əsasən abidələrin mühafizəsi, kurqanların tədqiqi, xalqın tarixinin araşdırılması sahəsində sistemli surətdə həyata keçirilən tədbirlər, qazanılan uğurlar diqqəti cəlb edir. Bununla yanaşı, Dövlət Proqramına uyğun olaraq kitabxanalarda, klub və mədəniyyət saraylarında işlərin müasir tələblər səviyyəsində qurulmasına xüsusi diqqət yetirilir.
Bu günlərdə mədəniyyət işçilərinin toplantısında bu barədə geniş söhbət açıldı. Mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Hacıyev Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verdi. Tənqid və özünütənqid şəraitində yerlərdəki vəziyyət geniş təhlil olundu. Uğurlar qeyd edilməklə yanaşı, əsas diqqət mövcud qüsurların aradan qaldırılmasının, hər sahədə xidmətin müasir tələblər səviyyəsində qurulmasının vacibliyinə yönəldildi, konkret tapşırıqlar və tövsiyələr verildi.
Tədbirdən sonra Zeynallı kəndində yeni kitabxana binasının açılışı oldu. Balaca, yöndəmsiz bir butkada yerləşən bu mədəniyyət ocağı indi müasir avadanlıqla təchiz edilmiş işıqlı, yaraşıqlı otaqlara köçüb. Qaramusalı kəndində də daxili imkanlar hesabına kitabxana üçün münasib bina tikilib. İndi isə İrəvanlı və Rəhimli kəndlərində kitabxana binalarının inşasında qızğın iş gedir. Rayonun daha bir sıra yerlərində, mədəniyyət ocaqlarının görkəmi, eləcə də işin təşkili, xidmət mədəniyyəti dəyişilib. Goranboy və Dəliməmmədli şəhər, habelə Sarov kənd mədəniyyət evlərinin binaları təmir olunub. Hazırda Nərimanlı kənd klubunda, Xanqərvənd və Borsunlu kənd musiqi məktəblərində yenidənqurma işləri davam edir.
Son vaxtlarda rayonda
başqa bir dəyərli təməl
qoyulub. İşlərin daha maraqlı,
məzmunlu təşkili
üçün qəsəbə
və kəndlərdə
mədəniyyət ocaqlarının
fəaliyyətini əlaqələndirən
mərkəzlər yaradılır.
Belə mərkəzlərdən biri
Qızılhacılı qəsəbəsində
fəaliyyət göstərir.
Adı belədir:
"Modern kitabxana və
mədəniyyət mərkəzi".
Əvvəllər qəsəbəyə pərakəndə və yöndəmsiz səpələnən
obyektlər indi burada cəmlənib.
Yeni mərkəz ikimərtəbəli,
hər şəraiti olan böyük bir binada yerləşir.
Həmin
bina ulu öndər Heydər Əliyevin yadigarıdır.
1982-ci ildə ulu öndərin xeyir-duası ilə ucaldılıb. İndi burada
kütləvi kitabxana,
abonent şöbəsi,
uşaq kitabxanası,
kompyuter-internet mərkəzi
hər cür şəraiti olan mədəniyyət evi fəaliyyət göstərir.
Geniş
foyenin bir hissəsində etnoqrafiya muzeyi yaradılıb.
Mədəniyyət mərkəzi Milli Qəhrəman Kazımağa
Kərimovun adını
daşıyır. Yaraşıqlı otaqlardan birində elin döyüş şücaətini əks
etdirən xatirə-muzeyi
düzəldilib. Milli Qəhrəmanın
həyat yoldaşı
Alidə Dosiyeva bədii rəhbər işləyir. Deyir ki,
burada müntəzəm
surətdə qəsəbədəki
məktəblərin şagirdləri
üçün görüşlər,
ədəbi-bədii gecələr
təşkil edir, intellektual yarışlar keçiririk. Gənc oğlan
və qızların istedadlarının üzə
çıxarılması və
onların püxtələşməsi
üçün maraqlı,
məzmunlu tədbirlər
görülür.
Maraqlı cəhətlərdən biri
də budur ki, gənclərin arzusu nəzərə alınaraq atüstü milli oyunlar komandası
yaradılıb. Qızılhacılının çaparları Şəkidə keçirilən
milli atüstü oyunlar festivalında "Papaq" oyunu üzrə birinci yeri tutublar.
Rayonun digər
mədəniyyət ocaqlarında
da rəngarəng tədbirlər keçirilir. Gürzallar kənd
mədəniyyət evində
yaradılmış xalçaçı
qızlar dərnəyinin
fəaliyyəti xüsusi
qeyd olunmalıdır.
Cinli-Boluslu kənd mədəniyyət
evi isə musiqi təbliğatı sahəsində fərqlənir.
Burada müntəzəm olaraq açıq havada konsertlər verilir. İndi bu nəcib işə
Safıkürdün, Xanqərvəndin
və Dəliməmmədlinin
mədəniyyət ocaqları
da qoşulub.
Həmsöhbətim Gündüz Hacıyev bildirdi ki, "Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə
Dövlət Proqramı"nın icrası ilə əlaqədar olaraq hələ çox işlər görməliyik. Mədəniyyət işi insanların
həyat tərzi, psixologiyası, zövqləri
ilə bağlı məsələdir. Ona görə
də biz həmişə
əhalinin arzu və istəklərini öyrənməyə çalışırıq.
Oxucular arasında aparılmış
sorğulardan məlum
olur ki, onlar daha çox
tarixi, siyasi, bədii və didektiv mövzularda yazılmış ədəbiyyata
üstünlük verirlər.
Gənc oğlan və qızların bir hissəsi isə səhnə sənəti ilə maraqlanır, ifaçılığa meyil
göstərirlər. Biz
gündəlik fəaliyyətimizdə
bu cəhətləri
nəzərə almağa
çalışırıq.
Əhalinin arzu və istəyinə
uyğun daha səmərəli, daha dəyərli üsulların
işlənib hazırlanması
üçün təcrübəli
mütəxəssislərdən, ağsaqqallardan ibarət məsləhət qrupu yaratmışıq. Onlar kitabxana-informasiya sisteminin daha da genişlənməsi, əhalidə mütaliəyə
marağın yüksəldilməsi
və hər yerdə xidmətin günün tələbləri
səviyyəsinə qaldırılması
üçün yeni-yeni
üsullar tətbiq etməyə çalışırlar.
Bir sözlə, mədəniyyət
müasir kəndin sürətlə inkişaf
edən səviyyəsi
ilə ayaqlaşmalı,
daha doğrusu, öndə getməlidir.
Bizim əsas məqsədimiz bax, budur.
Əhməd
İSAYEV
Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 4.