Dövlət qayğısı daha böyük uğurlara səfərbər edir

 

 Son illər Azərbaycanda iki mindən artıq yeni məktəb tikilib və bu təhsil ocaqlarının hər biri müasir avadanlıqlarla təchiz edilib. Ölkə Prezidentinin təhsilin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi proqramlar milli təhsil sistemində mühüm mərhələ sayılır və ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan təhsil islahatlarının uğurlu davamı kimi dəyərləndirilir.

Dövlət başçısı İlham Əliyevin "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında 11 iyul 2011-ci il tarixli sərəncamı respublikada müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün daha geniş perspektivlər açır. Başqa sözlə, ölkəmizdə informasiya cəmiyyətinin qurulmasını və biliklərə əsaslanan iqtisadiyyata keçidin yeni təhsil modelinə tələbatı fundamental vəzifə kimi qarşıya qoyulur. O da fərəhli haldır ki, yeni mərhələyə qədər Azərbaycanda müasir tipli məktəb binalarının tikilməsi və əsaslı bərpası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi və digər məsələlərlə bağlı xeyli iş görülüb. Vacib məqamlardan biri də yaradılan şəraitin müqabilində təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsinə diqqətin artırılmasıdır. Bu məsələdə hər il keçirilən "Ən yaxşı ümumtəhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələri də çox əhəmiyyətlidir. Son illər Ağdaş təhsilinin inkişafındakı göstəriciləri də bu sahəyə dövlətin qayğısı sayəsində yaradılan şəraitlə əlaqələndirmək olar.

Builki müsabiqələrdə Ağdaş Təbiət, Texniki və Humanitar Təmayüllü Gimnaziya və S.Vurğun adına Ağdaş şəhər 1 nömrəli tam orta məktəb ilin "Ən yaxşı təhsil müəssisəsi" adına layiq görüldülər. Müsabiqə başladığı dörd ildən bəri Ağdaşın təhsil işçilərinə ilk dəfədir ki, bu sevinci yaşamaq nəsib olur.

Qeyd etmək lazımdır ki, hazırda rayonda təhsilin inkişafına diqqət daha da artırılıb. Məktəblərin dərsliklə təminatı, tədrisin keyfiyyəti, həmçinin şagirdlərin yaradıcılıq müsabiqə və sərgilərində müntəzəm iştirakı qazanılan uğurları şərtləndirən amillərdir. Şübhəsiz ki, dövlət qayğısı sayəsində təhsilin maddi-texniki bazasının gücləndirilməsi də  böyük əhəmiyyət kəsb edir.

1959-cu ildən internat kimi fəaliyyətə başlayan Ağdaş Texniki, Təbiət və Humanitar Təmayüllü Gimnaziya 2006-cı ildən yeni adla fəaliyyətini davam etdirir. Gimnaziyanın direktoru Şəhla Hacıyeva təhsil uğurlarına görə "Tərəqqi medalı"na layiq görülüb. Şəhla xanım ölkə təhsilinin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirir.

Prezident İlham Əliyev 2006-cı ildə Ağdaş rayonuna səfəri zamanı gimnaziyaya baş çəkmiş, onun mövcud vəziyyəti ilə tanış olduqdan sonra bu təhsil ocağında əsaslı yenidənqurma işləri aparılmış, maddi-texniki baza gücləndirilmişdir. İndi üçmərtəbəli binada yerləşən gimnaziyada hər cür şərait yaradılıb. Müasir tədris otaqları, kompyuter mərkəzi, kitabxana, yeməkxana şagirdlərin ixtiyarındadır. Üçüncü mərtəbədə ətraf rayonlardan gələn şagirdlər üçün yataqxana da fəaliyyət göstərir. Fərəhli haldır ki, 539 şagirddən 282-si əla qiymətlərlə oxuyur. "Ana dilimizi sevək, sevdirək" mövzusunda inşa yazısına görə beynəlxalq olimpiadada gimnaziyanın şagirdi Aysel Hacıyeva birinci yerə layiq görülüb. Gimnaziya kollektivinin ən böyük arzusu elektron məktəb layihəsinə qoşulmaqdır.

S.Vurğun adına Ağdaş şəhər 1 nömrəli tam orta məktəbdə də tədrisin keyfiyyətinin yüksəldilməsinə kompleks yanaşılır. Burada şagirdlərin hərbi-vətənpərvərlik ruhunun artırılması daim diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, "Cəsurlar" və "Şahin" hərbi idman oyunlarında məktəbin təmsilçiləri həmişə yüksək yerlər tuturlar. Onu da qeyd etmək lazımdır ki, şəhər 1 nömrəli məktəb "Səmərəli məktəb" layihəsinə də düşüb. Təhsil ocağının direktoru, respublikanın əməkdar müəllimi Natella Çələbiyeva söhbət zamanı bildirdi ki, dövlətin göstərdiyi qayğının müqabilində daha yüksək göstəricilərə nail olmağa çalışırlar. Məktəbdə 502 şagirdin təlim-tərbiyəsi ilə 77 müəllim məşğul olur. Onlardan iki nəfəri əməkdar müəllimdir. Keçən il 32 məzundan 17-si ali məktəblərə qəbul edilib.

Hazırda S.Vurğun adına Ağdaş şəhər 1 nömrəli tam orta məktəbin binasında Dünya Bankının vəsaiti hesabına əsaslı təmir işləri aparılır. Təmirdən sonra yaradılan şərait, şübhəsiz ki, təhsil göstəricilərini daha da yaxşılaşdırmaq üçün əlavə stimul olacaq.

Hər iki təhsil ocağının kollektivi ilin "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsində qalib gəlmələrini sevinc hissi ilə qarşılayır və xüsusi qeyd edirlər ki, bu nailiyyət onları böyüməkdə olan nəslin təlim-tərbiyəsi sahəsində daha böyük uğurların qazanılmasına səfərbər edir.

 

 

 Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 5.