Sənətdə
çiçək açan arzular
Yaşar Nuri - 60
Səhnəyə gəldiyi gündən
tamaşaçı diqqəti və sevgisi qazanan xalq artisti
Yaşar Nuri ömrünün 60-cı pilləsini
qalxmaqdadır. İstər komik, istərsə də ciddi
rolların mahir ifaçısı olan sevimli aktyorumuz həmişə
özünəməxsus yaradıcılıq
ampluasındadır. Bu çox az sənətkara qismət olur
ki, tamaşaçı həmişə sənin
üçün darıxsın, rejissorlar səninlə
işləməyə daha çox üstünlük versin,
müəlliflər öz əsərlərində mütləq
səni görmək istəsinlər.
İstər səhnədə, istər kino sənətində, istərsə də televiziya filmlərində saysız-hesabsız rollar yaradan Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda anadan olub. Atası Məmmədsadıq Nuriyev dövrünün məşhur aktyorlarından biri idi. Kino və teatr sənətində elə obrazlara həyat verib ki, indi də yaddaşlardan silinməyib. Təkcə elə "Qayınana" tamaşasında, "Uşaqlığın son gecəsi" filmində böyük həvəslə, ustalıqla yaratdığı obrazlar bəs edər ki, Məmmədsadıq Nuriyev sənət dünyasında adını əbədi həkk etdirən şəxsiyyətlərlə bir sırada dayanmaq haqqını qazanmış olsun. Ən kiçik obrazı da elə ürəklə, maraqlı, baxımlı, təbii, ən başlıcası, özünəməxsus yaradırdı ki, sənətşünaslar tərəfindən baş rol səviyyəsində dəyərləndirilərdi. Belə bir istedadlı aktyorun oğlu olmaq Yaşar üçün qürur doğuran xoşbəxtlik idi. O, atasının öyüd və məsləhətlərindən, ən başlıcası, səhnədəki fəaliyyətindən dərs alırdı. Bax, elə əsl məktəbin evdə - ailədə olması Yaşar Nurinin böyük sənətə qanadlanan arzularının istiqamətini düzgün müəyyənləşdirdi. Atası onu çalışdığı Musiqili Komediya Teatrına tez-tez aparardı. Dramaturq Məhərrəm Əlizadənin "Toy kimindir?" musiqili komediya tamaşasında məktəbli ikən Qoşunun oğlu Tapdıq rolunda səhnəyə çıxıb. Debütü uğurlu alınıb. Balaca oğlanın simasında gələcək aktyorun cizgilərini aşkarlayan rejissorlar onu tez-tez televerilişlərə dəvət edirdilər. Yaşar Nuri dövlət televiziyasının məktəblilərlə bağlı verilişlərinin əksəriyyətində iştirak edərdi. Onun gələcəyinə inamla baxan, başını tez-tez sığallayan müqtədir aktyorların isti münasibətini ömrü boyu unutmayan Yaşar Nuri Bəşir Səfəroğlunu, Lütfəli Abdullayevi, Əliağa Ağayevi, Nəsibə Zeynalovanı və digərlərini indi də ehtiram və xiffətlə xatırlayır.
Yaşar 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. Tələbə ikən "Günahsız müqəssirlər" tamaşasında Neznamov rolunu yaradıb. Bu onun diplom işi olub. Ali təhsilini əla qiymətlərlə bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Ordudan qayıdan kimi təhsil aldığı ali məktəbin Tədris Teatrında aktyorluğa başlayıb. Cəfər Cabbarlının, İlyas Əfəndiyevin və xarici dramaturqların tamaşaya qoyulmuş əsərlərində müxtəlif rollarda çıxış edib. O dövrdə Akademik Milli Dram Teatrında baş rejissor olan Tofiq Kazımov istedadlı gəncləri ətrafına yığaraq səhnəyə yeni nəfəs gətirirdi. Növbəti dəfə onun gözü Yaşarı tutdu. 1974-cü ilin dekabrında məhz Tofiq Kazımovun dəvəti ilə Yaşar Nuri bu kollektivin aktyor truppasına qəbul edildi. Beləliklə, 40 ilə yaxınlaşır ki, Yaşar Nuri həmin teatrın aparıcı aktyorlarından biridir. Onun səhnədə yaratdığı obrazların siyahısını tutmaq istədikdə bu o qədər böyük alındı ki, yalnız, sadəcə, yaddaqalan bəzi obrazlarının adını çəkmək istərdik: Kürd Musa ("Vaqif"), Sərsəm Salman ("Dəli yığıncağı"), Məşədi Oruc ("Ölülər"), Əbdüləli bəy ("Sevil"), Altunbay ("Od gəlini"), Bayandur ("Büllur sarayda"), Rəhman ("Fəryad"), Səlim ("Yollara iz düşür"), İsgəndərzadə ("Ah Paris... Ah Paris!"), Şöbə müdiri ("Mənim sevimli dəlim"), Sərsəri ("Kəllə"), Xandəmir ("Afət"), Ağamusa Nağıyev ("Mesenat") və onlarla başqaları.
Çoxcəhətli yaradıcılığı ilə seçilən Yaşar Nurinin bir aktyor kimi əsas məziyyəti səhnədə estetik prinsiplərə məharətlə əməl etməsidir. Onun oynadığı hər hansı bir rol məhz özünəməxsusdur. Obrazlarını bir-birindən fərqli surətdə təqdim etmək aktyordan böyük istedad tələb edir. Yaşar Nuri peşəkarlıqla başqalaşmağı bacaran, tamaşaçının diqqətini özünə çəkən, yaratdığı hər bir obrazın iç dünyasını bəyan edən səhnə ustasıdır. Yaratdığı obrazın paltarını məharətlə geyə bilir. Bu, zahiri görüntüdə də uğurlu alınır, daxili aləmin açılmasında da. Aktyor kimi bir müsbət cəhəti də odur ki, Yaşar tamaşaçını bezdirmir. Onun yaratdığı gülüşdəki təbiilik seyrçiyə ləzzət verir.
Bu aktyorun populyarlıq qazanmağında ekran obrazlarının da böyük rolu var. "Bizi dağlarda axtarın", "Qəm pəncərəsi", "Bəyin oğurlanması", "Ad günü", "Şir evdən getdi", "Tənha narın nağılı", "Yol əhvalatı", "Qətl günü", "Gecə qatarında qətl", "Hər şey yaxşılığa doğru", "Milli bomba" və onlarca digər filmlərdə yaratdığı rollar rəğbətlə qarşılanıb. Rejissor Vaqif Mustafayevin çəkdiyi "Yaramaz" bədii filmindəki Maşallah roluna görə Respublika Dövlət Mükafatı laureatı adını alıb. Hələ sovet dövründə tamaşaçılar tərəfindən maraqla qarşılanan "Mozalan" satirik kinojurnalında onlarca bədii süjetə çəkilib. Yaşar Nurinin Azərbaycan Dövlət Televiziyasında hazırlanmış müxtəlif tamaşalarda, bədii kompozisiyalarda, satirik səhnəciklərdə yüzdən çox rolu var. "Bir aktyorun teatrı" janrında Yaşar Nuri tərəfindən hazırlanan kompozisiyalar rəğbətlə qarşılanırdı. O, əsasən telefilmlərdə baş rolların yaradıcısı kimi diqqət çəkib. Məsələn, İsi Məlikzadənin "Qatarda" yaratdığı Dadaşov, Anarın "Evləri köndələn yar"dakı Surxayzadə, Hüseyn Cavidin "Topal Teymur"unda Cücə, Mövlud Süleymanlının "Kökdən düşmüş piano"sunda Nəriman, Üzeyir Hacıbəylinin telenovellaları əsasında çəkilmiş "Ordan-burdan"da fotoqraf Əli bəy, Mehdi Hüseynin "Alov"unda Bədəl, Ənvər Məmmədxanlının "Şərqin səhəri"ndə Nəcəf dayı, Anarın "Nigarançılıq"ında Qurbanəli bəy, Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam"ında Kazım və s. əsərlərində yaratdığı obrazlara Yaşar Nuri məhz öz möhürünü vurub. İndi bu teletamaşalar televiziyanın Qızıl fondunda sənət nümunəsi kimi saxlanılır.
Ötən əsrin 80-ci illərində Aslan Qəhrəmanovun "Bağışla", "Səni axtarıram", "Səndən xəbərsiz" trilogiyasında yaratdığı Elçin, eləcə də xalq artisti Firəngiz Mütəllibovanın təqdim etdiyi Gülnar rolu hər iki sənətkara böyük şöhrət gətirdi. Bu gün də həmin telefilmlərə maraqla baxılır. Sənətşünas İlham Rəhimli bu aktyor barəsində söyləyir: "Yaşar Nuri canlı, təravətli, dinamik, dadlı-tamlı, nikbin, həyatsevər, zəhmətkeş, ən əsası isə tamaşaçıların böyük rəğbətini qazanmış, intizarında olduqları sənətçidir".
Hər bir rolunu sirayətedici tərzdə yaratmağı bacaran Yaşar Nuri səhnədə son dərəcə sərbəstdir. O, səhnə və ekranı təkbaşına idarə etməyi, hər hansı boşluğu məharətlə doldurmağı bacaran aktyordur. Bu səbəbdən də rejissorlar onunla çox rahat və ürəklə işləyirlər. Çox hallarda Yaşar özü rejissora kömək edir. Bu da istedadın bir təcəssümüdür. Bəzən onu ancaq komik aktyor kimi təqdim edənlər müəyyən səhvlərə, yanlışlıqlara yol verirlər. Güldürməyi bacaran Yaşar Nuri son dərəcə həssas, kövrək bir təbiətə malikdir. Bu səbəbdən də onun can verdiyi ciddi rollar da tamaşaçını düşündürür, təsirləndirir. Yaşar Nuri bəlkə də yeganə aktyordur ki, onun səhnəyə ilk gəlişi dərhal gülüş doğurmur. Çünki o, çoxcəhətli aktyordur. O, obrazın təbiətini yaradır, öz təbiətini yox. Təqdim etdiyi obrazın ovqatından, düşdüyü vəziyyətdən asılı olaraq Yaşar Nuri tamaşaçını ya güldürür, ya da ciddi, sakit şəkildə ona baxmağa, qulaq asmağa sövq edir. Bu mənada, Yaşar Nuri əzazil surət də yarada bilir, üzgün, qəmli bir insanın libasını da geyir, bütün fəaliyyəti, danışığı, ətrafa münasibəti ilə gülüş doğuran komik obrazın rolunu da məharətlə təqdim edir. Yeri gələndə saz da çalır, qarmon da... Muğam və aşıq mahnıları da ifa edir. Bədii qiraət ustası kimi də Yaşarın özünəməxsus yaradıcılıq qabiliyyəti var. Onun ifasında eşidilən lirik şeirlərin təsiri unudulmazdır.
Teatr və kino sənətində göstərdiyi fəaliyyətə, çəkdiyi zəhmətə görə Yaşar Nuri müxtəlif mükafatlara layiq görülüb. Səhnədə, ekranda yaratdığı parlaq obrazları onun ünvanına hələ 30 yaşında ikən əməkdar artist, 1989-cu ildə xalq artisti fəxri adlarını gətirib. Prezident təqaüdçüsüdür.
Sənətə gəldiyi gündən həm teatrın, həm də kinonun inkişafında səmərəli xidmət göstərən Yaşar Nuri həmişə yaradıcı axtarışda olan bir aktyordur. Onun tamaşaçı ürəyində yaratdığı hörmətin, məhəbbətin sərhədi yoxdur. Can verdiyi obrazlar istər mənfi, istərsə də müsbət olsun, fərq etməz, maraqla qarşılanır və yadda qalır. Güldürməyi və düşündürməyi bacaran xalq artistinə cansağlığı və yeni uğurlar arzulayırıq! Ömrünün 60-cı pilləsinə saysız-hesabsız obrazları ilə qalxdı. Bir anlıq nəfəs dərib ötənlərə boylananda xalqın, dövlətin ona bəslənən məhəbbətini gördü. Yaratdığı surətlərin sırasında 60 illik həyatın dəyərli mənası təsdiqləndi. Qoy 60-dan başlanan növbəti yolun xalq artistimizə gətirəcəyi sevinclərin, təbriklərin, təltiflərin, xoş günlərin sırası həmişə belə uğurlu və mənalı olsun! Bir vaxt arzuları səhnəyə qanadlandı, istəkləri sənətdə çiçək açdı. Yüz min özgə paltarı geysə də, Azərbaycan mədəniyyətində müqtədir aktyor kimi məhz özünü - Yaşar Nurini təsdiqlədi!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 5.