Uzaq Kanadada Azərbaycan haqqında

 

 Avqust ayında Kanadanın Ontario əyalətinin mərkəz şəhəri olan Torontoda bu ölkənin dövlət orqanlarının dəstəyi ilə Amerika Vəkillər Birliyinin İllik Beynəlxalq Hesabat Toplantısı keçirilmişdir.

Beş gün davam edən toplantılarda Kanada  rəsmiləri ilə yanaşı, ABŞ-ın rəsmi nümayəndələri də iştirak edirdilər. Gündəlikdə əsasən vəkillik institutunun inkişafı, hüquq siyasəti, insan hüquqları, hüquq təhsilinin akkreditasiya təmini, ödənişsiz hüquqi xidmət, davamlı hüquq təlimi proqramı və digər hüquqi xidmətlərin göstərilməsi ilə bağlı məsələlərin müzakirəsinə geniş yer ayrılmışdı.

Amerika Vəkillər Assosiasiyası 400 min nəfərdən artıq üzvü olan və könüllülük prinsipi əsasında yaradılmış birlikdir. Buna görə də tədbirə Kanada və Amerika vəkilləri ilə yanaşı, dünyanın bir çox ölkələrindən nümayəndələr dəvət olunmuşdular. Almaniya, Çin, Böyük Britaniya, Fransa, Cənubi Koreya, İtaliya, Argentina, Makedoniya, Braziliya, İspaniya, Çexiya, Xorvatiya, İran və digər ölkələr Vəkillər Birliklərinin prezidentləri ilə təmsil olunmuşdular. Azərbaycan Vəkillər Kollegiyasını tədbirdə  respublikanın tanınmış vəkillərindən biri, Amerika Vəkillər Birliyinin Assosiativ üzvü və 2005-ci ildən Beynəlxalq Vəkillər Birliyinin üzvü Muxtar Mustafayev təmsil edirdi. Toplantıda həmçinin Bakı Dövlət Universitetinin hüquq fakültəsinin üçüncü kurs tələbəsi, Avropa Tələbə Hüquq Birliyinin Azərbaycan üzrə baş katibi Türkan Mustafayeva da iştirak etmişdir. Nümayəndələrimiz Amerika Vəkillər Birliyinin hazırkı  Prezidenti Stefan N.Zak tərəfindən fəxri qonaq kimi qarşılanmışlar.

Müxbirimizlə söhbətində M.Mustafayev bildirmişdir ki, görüşlərdə Azərbaycanda vəkillik institutunun təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, beynəlxalq təcrübədən istifadə, davamlı hüquq təhsilinin effektivliyi barədə söhbətlər getmiş, Dağlıq Qarabağ problemi, işğal olunmuş ərazilərin beynəlxalq hüququn tələblərinə zidd olaraq boşaldılmaması, BMT-nin bu barədə dörd qətnaməsinin hələ də icra edilməməsinə dair prinsipial müzakirələr aparılmışdır.

Azərbaycanlı nümayəndələr Amerika Vəkillər Birliyinin prezidenti Stefan N.Zak,  ABŞ-ın tanınmış hüquqşünasları Con Hardinq və Maykl H.Byovits, Almaniya Vəkillər Birliyinin prezidenti Volfqanq Ever, Çexiya Vəkillər Birliyinin prezidenti Martin Vishopen, Braziliya Vəkillər Kollegiyasının nümayəndəsi Volter Ştuber, Makedoniya Vəkillər Birliyinin prezidenti Nenad Yanikeviç, Bakıda təhsil almış Vyetnam Vəkillər Birliyinin prezidenti Phan Quoç Anh, Argentina Vəkillər Birliyinin sədri Marselo E.Bumbao, John Marşall Hüquq Universitetinin professoru Vilyam B.T.Mok və başqaları ilə faydalı görüşlər keçirmişlər.

 

 

Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 6.