MDB Dövlət
Başçıları Şurasının Sammitində Ermənistan
növbəti dəfə qeyri konstruktiv mövqe nümayiş
etdirmişdir
Bu gün yubiley iclasında heç kimin kefini pozmaq istəməzdim, amma Ermənistan prezidentinin Dağlıq Qarabağda vəziyyətlə bağlı çıxışı məni buna məcbur etdi.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Artur Rasizadə sentyabrın 3-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının Sammitində demişdir.
Baş nazir A.Rasizadə Sammitdə iki dəfə çıxış etmişdir. Buna səbəb isə onun ilk çıxışından sonra Ermənistan prezidenti Serj Sarkisyanın verdiyi bəyanat olmuşdur. S.Sarkisyan Dağlıq Qarabağın 20 il bundan əvvəl "müstəqilliyini" elan etdiyini bildirmişdir. Ermənistan prezidenti qeyd etmişdir ki, Dağlıq Qarabağ xalqı öz müqəddəratını təyinetmə hüququndan tam əsasla istifadə etmiş və "özünün müstəqil yaşamaq hüququnu qanı bahasına əldə etmişdir".
Buna cavab olaraq söz alan Azərbaycanın Baş naziri Ermənistan prezidentini sərt tənqid etmişdir: "Düşünürəm ki, bu toplantıda iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağ problemi ilə az-çox tanışdırlar və ümidvaram ki, bu çıxış ya bu problemin mahiyyətindən xəbərdar olmayanlara yönəlmişdir, ya da daxili siyasətdə istifadə üçün nəzərdə tutulmuşdur".
"Çıxışa diqqətlə qulaq asanda düşündüm ki, bəlkə elə dövlət başçılarının toplantısında Dağlıq Qarabağın müstəqilliyinə səs verək? Onda ATƏT-in Minsk qrupu, digər təşəbbüslər nəyə lazımdır?!" - deyə A.Rasizadə vurğulamışdır.
Baş nazir demişdir: "Məsələnin mahiyyəti ondan ibarətdir ki, MDB-nin üzvü olan bir dövlət digər dövlətə təcavüz edərək onun ərazilərinin 20 faizini işğal etmişdir. Nəticədə isə 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür".
Faciə barədə çox danışa biləcəyini vurğulayan Azərbaycanın Baş naziri artıq qeyd etdiyi səbəblərdən bunu etməyəcəyini bildirmişdir.
"Hesab edirəm ki, Ermənistan bir daha bu
ağır və həlli uzadılmış münaqişənin
nizamlanması məsələsində qeyri-konstruktiv mövqe
nümayiş etdirmiş oldu" - deyə Baş nazir
vurğulamışdır. A.Rasizadə qeyd etmişdir ki, Azərbaycan münaqişənin
beynəlxalq hüququn normaları çərçivəsində,
sülh yolu ilə və ədalətli şəkildə həllinə
ümid edir, bundan sonra da ATƏT-in Minsk qrupunun
apardığı prosesdə fəal iştirak edəcək və
digər təşəbbüsləri dəstəkləyəcəkdir.
Azərbaycan.- 2011.- 4 sentyabr.- S. 1.