MDB liderləri Birlik məkanında mövcud münaqişələrin tənzimlənməsini zəruri hesab edirlər

 

MDB iştirakçısı olan ölkələrin dövlət başçıları Birliyin 20 illik fəaliyyətinə yekun vuran Bəyanatda MDB məkanında mövcud münaqişələrin dinc yolla tənzimlənməsinin zəruri olduğunu göstərmişlər.

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 3-də, MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən sammitində qəbul edilmiş Bəyanatda deyilir: "MDB-də mövcud münaqişələrin qarşılıqlı etimad tədbirlərinin möhkəmlənməsi, beynəlxalq hüququn prinsip və normaları əsasında dinc yolla tənzimlənməsi MDB-nin uğurlu inkişafı üçün mühüm şərt olacaqdır".

Sənəddə qeyd edilir ki, tərəflər vətəndaşların təhlükəsizliyinin etibarlı təmin edilməsi üçün bundan sonra da terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə, qanunsuz miqrasiyaya və insan alverinə, habelə narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə əməkdaşlığı möhkəmlətmək niyyətindədirlər.

Tərəflər razılığa gəlmişlər ki, qarşılıqlı maraq doğuran sülh siyasəti və beynəlxalq problemlərə dair siyasi məsləhətləşmələr praktikası MDB çərçivəsində davam etdiriləcəkdir. MDB dövlət başçıları regional və qlobal təhlükəsizliyin qorunub saxlanmasına yönəlmiş təşəbbüsləri, o cümlədən Avropa Təhlükəsizliyi haqqında Müqaviləyə dair Rusiya Federasiyasının təklifini faydalı hesab etmişlər.

 

 

Azərbaycan.- 2011.- 4 sentyabr.- S. 1.