Düşünülmüş,
sürətli və davamlı inkişaf
"Neft
sektorundan sonra nəqliyyat ölkə üçün ən
mühüm sahədir və burada inkişaf perspektivləri
çox gözəldir. Biz bütün imkanlarımızdan
istifadə edərək nəqliyyat sektorunu daha sürətlə
inkişaf etdirəcəyik"
İlham ƏLİYEV
Sosial-iqtisadi
inkişafın etibarlı təhlükəsizliyinə xidmət
edən siyasət
Müasir dövrdə istənilən ölkənin ümumi inkişafını şərtləndirən əsas amillərdən biri təhlükəsizlik sferası ilə birbaşa əlaqədardır. Təhlükəsizlik dedikdə burada təkcə milli yox, nəqliyyat, ərzaq, ekoloji və digər bu qəbildən olan mühüm sferalar nəzərdə tutulur. Belə təhlükəsizlik təmin edilmədiyi halda inkişaf göstəriciləri üzərində həmişə böyük təhlükə olur və dünyanın mövcud siyasi xəritəsinə nəzər yetirməklə bu xüsusda xeyli sayda nümunələr görmək mümkündür. Bu mənada təsadüfi deyil ki, davamlı və sürətli inkişafa can atan ölkələr təhlükəsizlik məsələsinə hər zaman böyük önəm verərək onun təmini istiqamətində məqsədyönlü siyasət həyata keçirirlər.
Ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycan qarşısında da duran ən önəmli məsələlərdən biri sosial-iqtisadi inkişaf prosesində təhlükəsizliyin təmini ilə bağlı oldu. Müstəqilliyin ilk illərində bu sahədə ciddi problemlər yaşansa da, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra hadisələrin inkişafı istiqamətində tamamilə yeni bir mərhələ başlandı. Bütün əsas sahələr üzrə təhlükəsizliyin həyata keçirilməsinə yönəlmiş konkret hədəfləri nəzərdə tutan məqsədyönlü siyasət Azərbaycanın dinamik inkişaf yoluna çıxmasına əvəzsiz töhfələr verdi.
Qeyd olunan kontekstdə diqqət yetirilən mühüm sahələrdən biri də nəqliyyat sektoru oldu. Çünki cəmiyyətin həyat fəaliyyətinin ilkin tələbatını təmin etməklə sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetlərinə nail olunmasında nəqliyyat sektorunun mühüm rol oynadığı aydın görünürdü. Digər tərəfdən, Azərbaycanın tranzit baxımından mühüm əhəmiyyətli regionda yerləşməsi bu sahənin müvafiq tələblərə uyğun inkişaf etdiriləcəyi təqdirdə ölkənin əldə edəcəyi gəlirlərin əhəmiyyətli dərəcədə artması ilə nəticələnəcəkdi. Bütün bunları kifayət qədər dəqiqlik və böyük uzaqgörənliklə dəyərləndirən Heydər Əliyev həm yerli, həm də beynəlxalq nəqliyyat yollarının inkişafına, bu sahədə müvafiq infrastrukturun yaradılmasına hesablanmış bir siyasət həyata keçirməyə başladı.
Beynəlxalq əhəmiyyətə malik nəqliyyat yolu istiqamətində ilk olaraq daha çox diqqət cəlb edən tarixi İpək yolu idi. Bu yol indi Şərq-Qərb və ya Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizi kimi də təqdim olunur və onun formalaşdığı vaxtdan etibarən keçdiyi əsas coğrafi məkanlardan biri məhz Azərbaycandır. Tarixi İpək yolunun bərpasına Azərbaycanla yanaşı, Avropa və Orta Asiya, eləcə də Şərq ölkələri də böyük maraq göstərirlər. Sözügedən nəqliyyat dəhlizinin bərpa edilməsinin əsas məqsədləri aşağıdakılardan ibarətdir: bölgədə yerləşən ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişaf etməsi; nəqliyyat əlaqələrinin inkişaf etməsi - yük və sərnişinlərin beynəlxalq daşınması; tranzit daşınmalar üçün əlverişli şəraitin yaradılması; yük daşınmalarının müddətinin qısaldılması; nəqliyyat siyasətinin uyğun olaraq aparılması;· daşınma tarifləri və vergilərə xüsusi güzəştlər; müxtəlif nəqliyyat sahələri arasındakı əlaqələrin koordinasiya edilməsi; yük və sərnişin daşımaları üzrə beynəlxalq və daxili tariflər sahəsində uyğunlaşdırılmış siyasət; çoxmodallı (birləşmiş) daşımaların təşkil olunması üzrə uyğunlaşdırılmış fəaliyyət proqramının işlənib hazırlanması.
Tarixi İpək yolunun bərpa olunması məqsədilə ötən əsrin sonlarında tarixə TRASEKA Proqramı adı ilə düşmüş mühüm bir sənəd hazırlandı. Azərbaycan da bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla müştərək işlər görərək, tarixi İpək yolunun bərpa olunması sahəsində - TRASEKA Proqramının hazırlanması və yaradılmasında yaxından iştirak edib. 1993-cü ildə Brüsseldə bununla bağlı keçirilən konfransda Avropa Komissiyasının TRASEKA Proqramının yaradılmasının təşəbbüskarı olan keçmiş SSRİ-nin 8 ölkəsindən biri məhz Azərbaycan olub. Ölkəmizin TRASEKA Proqramında iştirakı strateji əhəmiyyət kəsb edir və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır.
TRASEKA layihəsinin həyata keçirilməsində ən mühüm mərhələ isə 1998-ci il sentyabrın 8-də Bakıda "Böyük İpək yolunun bərpası" mövzusunda keçirilən beynəlxalq konfrans hesab edilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirak etdiyi tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransda Avropa İttifaqının TRASEKA Proqramı əsasında "Avropa - Qafqaz - Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. Konfrans nəticəsində, həmçinin TRASEKA layihəsinin daimi katibliyinin Bakıda yerləşməsi haqqında qərar da qəbul olunduqdan sonra 2001-ci ilin fevral ayının 1-də Heydər Əliyev və Aİ-yə sədrlik edən İsveçin xarici işlər naziri Anna Lindin iştirakı ilə daimi katibliyin ofisinin açılışı olub.
XXI əsr üçün ən böyük proqramlardan biri sayılan TRASEKA-nın hərtərəfli inkişafının təmin edilməsi Cənubi Qafqaz və Orta Asiya ölkələrinin Avropa ilə inteqrasiyası üçün də mühüm əhəmiyyət kəsb edir. O da xüsusi olaraq qeyd olunmalıdır ki, Avropa Komissiyasının Nəqliyyat Üzrə Yüksək Səviyyəli İşçi Qrupu öz fəaliyyəti nəticəsində Avropanın prioritet nəqliyyat dəhlizlərini və nəqliyyat layihələrini müəyyən edib və bunlar sırasında TRASEKA da yer alır.
Ötən dövr ərzində isə TRASEKA Proqramı çərçivəsində Əsas Çoxtərəfli Sazişin şərtlərinin həyata keçirilməsi məqsədilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb. Belə ki, TRASEKA nəqliyyat dəhlizi üzrə yük axınının artırılması üçün son illər ərzində nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması sahəsində vacib addımlar atılıb, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və körpülərin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin, gəmilərin, bərələrin, liman qurğularının təmiri üzrə xeyli işlər görülüb. Bundan başqa, Bakıda ildə 10 milyon ton neft məhsullarının boşaldılıb yüklənməsinə imkan verən neftboşaltma limanı istifadəyə verilib, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalında yenidənqurma işləri yekunlaşdırılıb.
Bununla yanaşı, ölkənin qeyri-neft sektorunda mühüm rolu olan tranzit potensialı gücləndirilib, avtomobil magistrallarının yenidən qurulması davam etdirilib, dəmir yolu nəqliyyat sisteminin inkişafına dair dövlət proqramı qəbul olunub. Transmilli nəqliyyat layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidən qurulması, regionlarda yol şəbəkələrinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilib. Artan iqtisadi imkanlar fonunda 2010-cu ildə nəqliyyat sektorunda icrasına başlanan nəhəng infrastruktur layihələri sırasında Beynəlxalq Dəniz Ticarət Limanının adı da xüsusi qeyd olunmalıdır. Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində inşasına start verilən yeni liman kompleksinin ərazisi 400 hektar nəzərdə tutulur. Tikinti işləri üç mərhələdə aparılacaq. Birinci mərhələ 3 il 6 ay ərzində reallaşdırılacaq və ilkin mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner işləniləcək. İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə çatdırılacaq. Üçüncü mərhələdə isə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaq. Layihə çərçivəsində avtomobil və dəmir yolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və sair inşa olunacaq. Bütün bunlar yeni limanın Azərbaycanın tranzit potensialının artırılmasına böyük töhfələr verəcəyini və ölkəmizin Xəzərdə iqtisadi güc mərkəzi olaraq mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxaracağını aydın şəkildə nümayiş etdirir.
İnşasına 2010-cu ildə start verilən gəmiçilik zavodu da Azərbaycanın Xəzərdə mövqelərini və yükdaşımalarda əsas söz sahibi kimi çıxış etməsini şərtləndirəcək. Zavod istifadəyə veriləndən sonra Azərbaycan gəmiçilik sahəsində idxaldan olan asılılığını aradan qaldıracaq, Xəzər Donanmasını öz gücü hesabına müasirləşdirmək imkanı qazanacaq. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda kifayət qədər böyük donanma mövcuddur. Dövlət Neft Şirkətinin və Xəzər Dəniz Gəmiçiliyinin tabeliyində olan gəmilərin ümumi sayı 350-ni keçir. Hələlik onlar bir çox hallarda müxtəlif xarici ölkələrdə təmir edilir və buna heç də az vəsait ayrılmır. Digər tərəfdən, müxtəlif illərdə Azərbaycan Xəzər Donanmasının gücləndirilməsi məqsədilə xaricdən, o cümlədən Rusiyadan xeyli sayda tanker, yük gəmisi və bərələr alıb. Lakin sözügedən zavod istifadəyə veriləndən sonra Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaq, onların təmiridə burada həyata keçiriləcək. Sözügedən zavodda inşa olunacaq ilk gəmilərin 2013-cü ildə istifadəyə verilməsi gözlənilir. Hesablamalar isə göstərir ki, yaxın 15 il ərzində təkcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 150-dək yeni gəmiyə ehtiyacı olacaq. Artıq həmin gəmilər xaricdə yox, Azərbaycanın özündə inşa edilərək istifadəyə veriləcək. Xəzər Dəniz Gəmiçiliyinin gəmilərə olan tələbatının da məhz yeni zavod hesabına ödənilməsi bu müəssisənin nə dərəcədə strateji əhəmiyyət daşıdığını qabarıq şəkildə nümayiş etdirir.
2009-cu ilin noyabrında İqtisadi İnkişaf Nazirliyində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti arasında gəmiqayırma zavodunun inşası və istismarı üzrə Anlaşma Memorandumu imzalanıb. Layihədə ARDNŞ 65 faiz, AİŞ 25 faiz, "Keppel Offshore & Marine" şirkəti isə 10 faiz iştirak payına sahibdirlər. 2010-cu ilin martın 19-da isə Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığında inşası nəzərdə tutulan və müasir standartlara cavab verən zavodun təməlqoyma mərasimi keçirilib.
İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edir. Zavod işə düşəndən sonra ilkin mərhələdə burada 1000, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaq. Zavodun ümumi torpaq sahəsi 520 min, dəniz sahəsi 360 min, ümumi qapalı istehsal sahəsi 75 min kvadratmetr, körpülərin ümumi uzunluğu 1630 metr olacaq. Gələcəkdə uzunluğu 300, eni 100 metr olan quru dokun tikintisi də planlaşdırılır. Bu məqsədlə müvafiq sahə də ayrılıb. Zavodda yükgötürmə qabiliyyəti 300 ton olan əsas kran quraşdırılacaq.
Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker (yaxud 60-70 min ton yükgötürmə qabiliyyəti olan 2 "Caspian Max" tipli tanker) və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. Gələcəkdə peşəkar işçi qüvvəsinin sayını çoxaltmaqla zavodun istehsal gücünü artırmaq da mümkündür.
Artıq inşası uğurla həyata keçirilən zavod bir çox vacib parametrlər baxımından olduqca böyük əhəmiyyətə malikdir. Əvvəla bu, Azərbaycanın Xəzərdəki donanmasının müasir standartlara cavab verən yük gəmiləri, tankerlərlə təminatına yol açacaq. Digər tərəfdən, inşasına xeyli işçi qüvvəsi cəlb edilmiş zavod işə düşdükdən sonra da yeni iş yerlərinin açılması ilə əlamətdar olacaq. Qeyd olunduğu kimi, ikinci bir tərəfdən zavod işə düşəndən sonra xaricdən yük gəmiləri, tankerlər almağa ehtiyac duyulmayacaq və onlara olan tələbat yerli istehsal hesabına ödəniləcək. Bu isə milyonlarla dollar vəsaitin ölkədə qalması deməkdir. Digər tərəfdən, Xəzərdə yükdaşımaların artan xətt üzrə inkişaf etməsi gəmiqayırma zavoduna olan tələbatı daha da artırır. Azərbaycan həmin tələbatı ödəmək üçün indidən qabaqlayıcı addımlar atır. Zavodun rentabelliyini təmin edəcək digər bir amil burada xarici sifarişlərin də qəbul olunacağıdır. Zavodda xarici sifariş əsasında hansı gəmilərin tikilməsi isə müştərilərin istəyindən asılı olacaq.
Daha bir önəmli məqam ondan ibarətdir
ki, Azərbaycan bu zavod hesabına Xəzərdə olan hərbi
donanmasını da gəmilərlə təchiz etmək
imkanı qazanacaq. Artıq məlumdur ki, gəmiqayırma
zavodunda mülki təyinatlı gəmilərin istehsalı ilə
yanaşı, Müdafiə Nazirliyi və Dövlət Sərhəd
Xidmətinin sifarişləri əsasında müxtəlif
tonnajlı hərbi gəmilərin təmiri həyata
keçiriləcək. Bu məqsədlə gəmi
tikintisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin
müəssisələrində istehsal edilən
avadanlıqlardan istifadə də planlaşdırılır.
Beləliklə, sözügedən zavodda hərbi təyinatlı
gəmilərin inşa edilməsi faktiki olaraq Azərbaycanın
müdafiə sənayesinin daha da güclənməsi deməkdir.
Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində ən mühüm infrastrukturlardan biri kimi Bakı-Tbilisi-Qars dəmir yolu xətti çıxış edir. Bu dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, sözügedən üç ölkənin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. Ölkəmizin inşası 2012-ci ildə başa çatacağı gözlənən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə qoşulması isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Belə ki, 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfəri zamanı həmkarı Mixeil Saakaşvili ilə birgə keçirdiyi mətbuat konfransı zamanı Prezident İlham Əliyev Gürcüstandan Türkiyəyə uzanan dəmir yolu layihəsinin həyata keçirilməsinin vacibliyini və bunu ölkəmizin dəstəklədiyini qeyd edərək Azərbaycanın bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi haqqında birgə Bəyanatı imzalanıb. Bəyanatda aşağıdakılar öz əksini tapıb: yeni dəmir yolu bağlantısı layihəsinin tikintisi və istismarı üzrə hökumətlərarası Sazişin imzalanmasının təmin edilməsi; layihənin həyata keçirilməsi üçün regional və beynəlxalq institut və qurumları, həmçinin layihənin maliyyələşdirilməsinə investorların cəlb edilməsi; - layihənin həyata keçirilməsi üzrə beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi ilə sıx əməkdaşlığın təmin edilməsi məqsədilə Əlaqələndirmə Şurasının yaradılması.
Daha sonra "Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı haqqında" və "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında" Hökumətlərarası Saziş Azərbaycan, Gürcüstan və Türkiyə rəhbərləri tərəfindən imzalanıb.
Avropa İqtisadi Komissiyasının Daxili Nəqliyyat üzrə Komitəsinin 2005-ci il 15-17 fevral tarixli 67-ci iclasının Məruzə Layihəsinin 71-ci bəndində də Transavropa və Transasiya dəmir yolu magistrallarının birləşdirilməsi məsələsinin aktuallığı vurğulanaraq Qafqaz və Mərkəzi Asiya regionları üzrə Transavropa dəmir yolu (TER) layihəsinə uyğun yeni bir Əsas Planın hazırlanmasına dair qərar qəbul olundu. Bu fonda Bakı - Tbilisi - Qars yeni dəmir yolu bağlantısı layihəsinin Əsas Plana daxil edilməsi tədbirin iştirakçısı olmuş Azərbaycan nümayəndə heyəti tərəfindən təklif olundu və iclasın nəticəsi olaraq, bu layihə BMT-nin Avropa üzrə İqtisadi Komissiyası tərəfindən hazırlanan Transavropa avtomobil yolları və Transavropa dəmir yolları layihələrinə dair Baş Planın Yekun Hesabatına (2005-ci ilin mart buraxılışı) 1-ci dərəcəli prioritet layihə kimi 4 balla qiymətləndirilərək daxil edildi. Bakı - Tbilisi - Qars yeni dəmir yolu bağlantısı layihəsinin Türkiyə ərazisindən keçən hissəsinə TU-R-4, Gürcüstan ərazisindən keçən hissəsinə isə GE-R-2 kodları verildi.
Azərbaycan Dəmir Yolunun bu marşrut üzərində
yerləşən infrastrukturunun yeniləşdirilməsi və
dəmir yollarının inkişafı ilə bağlı
olaraq 2010 - 2014-cü illəri əhatə
edən Dövlət Proqramının layihəsi
hazırlanıb. Dəmir yolu istifadəyə verildikdən
sonra isə bu, Azərbaycanın dünya bazarlarına daha
çox məhsul çıxarmasına imkan verəcək. Həmçinin
dəmir yolu ilə daşınma xərcləri nisbətən
az olduğundan Bakı-Tbilisi-Qarsla Azərbaycana idxal olunan məhsulların
qiyməti də ucuz olacaq. Bakı-Tbilisi-Qars marşrutuna Çin, Qazaxıstan
və bir sıra başqa xarici dövlətlər də
xüsusi maraq göstərdiyindən onun tranzit əhəmiyyəti
daha da artır və perspektivdə bu, Azərbaycanın təkcə
tranzit haqlarından milyonlarla dollar vəsait qazanması deməkdir.
Beynəlxalq iqtisadi və siyasi sferada əlaqələrini daim genişləndirən, dünya dövlətləri və təşkilatları ilə mövcud əməkdaşlığı dərinləşdirən Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri müxtəlif istiqamətlər üzrə nəqliyyat, idxal və ixrac marşrutlarının mövcudluğunu təmin etmək, yaxud belə marşrutlarda yaxından iştirak etməkdir. Qeyd olunan kontekstdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də ayrıca göstərilməlidir. Sözügedən nəqliyyat dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb.
2001-ci il 21 dekabr tarixində Azərbaycan həmin Razılaşmaya qoşulması üçün vermiş olduğu rəsmi notaya 2005-ci ildə müsbət cavab alıb həmin il sentyabrın 20-də Prezident tərəfindən imzalanmış qanunla respublikamız "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında" Sazişə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin beynəlxalq bazara girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir. Razılaşma bütün nəqliyyat növlərinə: dəmir yolu, dəniz, avtomobil yolları, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən nəqliyyat infrastrukturuna və nəqliyyat vasitələrinə aiddir.
Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkəmiz üçün əhəmiyyətli olduğundan, respublikamızın coğrafi və potensial tranzit ölkə kimi imkanları nəzərə alınaraq, mövcud nəqliyyat infrastrukturunun bərpası və inkişaf etdirilməsi işlərinə başlanılmışdır. Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolunun iştirakı nəzərdə tutulur ki, burada əsas amil kimi yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda, daha uzaq məsafəyə daşınması götürülür. Dəhliz vasitəsilə yük daşımalarına Azərbaycan Respublikasının yol-nəqliyyat kompleksinin daha geniş cəlb edilməsi, xüsusən avtomobil nəqliyyatının və Xəzər Dəniz Gəmiçiliyinin imkanlarından tam istifadə olunması üçün şərait yaradılması istiqamətində mühüm addımlar atılıb.
Dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsinin uzunluğu 511 km-dir. Bakı-Yalama sahəsində dəmir yolu ikixətlidir, elektrikləşdirilmiş və avtomatik rabitə və işarəvermə sistemi ilə tam təchiz olunub. Sahənin buraxılış qabiliyyəti sutkada 60 cüt qatardır. Bakı-Astara dəmir yolu sahəsinin Osmanlı stansiyasına qədər olan 140 km-lik hissəsi ikixətlidir, elektrikləşdirilmiş, avtomatik işarəvermə sistemi ilə təchiz olunub. Aparılmış təhlillərə əsasən, dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yükdaşıma həcmi birinci üç il ərzində 2 milyon tona qədər, ikinci mərhələdə 5-6 milyon ton, üçüncü mərhələdə isə, yəni birbaşa dəmir yolu əlaqəsi yaradıldıqdan sonra 15 milyon tona qədər artacaq. Bunun da tam həcmdə təmin olunması və təhlükəsizlik normalarının qorunması üçün bir sıra texniki tədbirlərin görülməsi zəruri şərt olduğundan 2001-ci ildən başlayaraq xeyli işlər görülüb və hazırda da davam etdirilir. Azərbaycan dəmir yolunun İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün də müəyyən addımlar atılıb.
Bununla yanaşı, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən avtomobil yollarının reabilitasiyası üzrə xeyli sayda tədbirlər həyata keçirilib. Məsələn, Bakı-Quba-Rusiya sərhədinə kimi yolun müasir standartlara cavab verməsi üçün başlanan işlər nəticəsində həmin yol artıq tələb olunan normalara uyğundur. Bakı dairəvi avtomobil yolu, Bakı-Ələt yolunun Ələt-Astara - İran sərhədi yolunun da yüksək tələblərə cavab verməsi üçün müvafiq işlər görülüb. Azərbaycanla İranı birləşdirən avtomobil yollarının bir istiqaməti olan Biləsuvar - İran sərhədi avtomobil yolu da istifadəyə tam yararlı vəziyyətə gətirilib. Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulması və dəhlizlə yük və sərnişin daşımalarında fəal iştirakı respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Ümumiyyətlə, 2006-2015-ci illər ərzində 3578 kilometr respublika əhəmiyyətli, 5928 kilometr yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulub və artıq bu istiqamətdə xeyli miqdarda iş görülüb.
2011-ci il martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədən sonra Prezident İlham Əliyevin müvafiq göstərişi əsasında magistrallarla yanaşı, qəsəbədaxili yolların da 3 il ərzində müasir standartlara uyğunlaşdırılması nəzərdə tutulur. "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə Tədbirlər Planı"na əsasən, artıq paytaxtda sərnişin daşımalarının təşkili, idarə olunması və tənzimlənməsi istiqamətində mühüm tədbir görülüb. 2009-cu ilin əvvəlindən etibarən istifadəyə verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi hazırda tam istismar gücü ilə fəaliyyət göstərir və buradan respublikanın bütün regionlarına və bir sıra xarici ölkələrə sərnişin daşımaları həyata keçirilir. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"nda avtomobil yollarına dair nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi və respublikanın ümumi istifadədə olan avtomobil yollarının, körpülərin saxlanması, təmiri, bərpası və yenidən qurulması sahəsində müvafiq işlər görülüb və davam etdirilməkdədir. Bundan başqa, inşa olunmuş və olunacaq körpülər, eləcə də avtomobil yollarında aparılan tikinti və yenidənqurma işləri yolların müasir səviyyədə qurulması ilə yanaşı, eyni zamanda yollarda hərəkəti asanlaşdırır, ilk növbədə təhlükəsizliyin qorunmasına xidmət edir.
Bununla yanaşı, su, hava yolu, dəmir yolu nəqliyyatının inkişafı sahəsində də Azərbaycan böyük nailiyyətlərə imza atıb, qeyd edilən sahələr üzrə sürətli tərəqqisini yeni müvəffəqiyyətlərlə davam etdirir. Ümumiyyətlə, ölkəmizdə nəqliyyat sisteminin inkişafının əsas məqsədi nəqliyyat vasitələri ilə respublika əhalisinin həyat tərzinin və iqtisadiyyatın yüksəlişini dəstəkləməkdən ibarətdir. Bu kontekstdə nəqliyyat sisteminin inkişafı məsələləri iqtisadiyyatın artım fazasına keçməsinə uyğun olaraq, dövlətin sosial-iqtisadi prioritetlərinin həyata keçirilməsi ilə bilavasitə bağlıdır. Nəqliyyat diskriminasiyasının ləğv edilməsi məqsədilə vətəndaşların bütün təbəqələrinin, o cümlədən ucqar ərazilərdə yaşayan vətəndaşların nəqliyyatla təmin olunması, nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması, nəqliyyatın əhaliyə və ətraf mühitə neqativ təsirinin azaldılması, nəqliyyat kompleksi üçün ixtisaslı kadrların hazırlanması da nəqliyyat sisteminin inkişafının əsas məqsədləri sırasında yer alır.
Ölkənin artan avtomobilləşməsinin fayda və üstünlüklərindən maksimum istifadə etməklə yanaşı, onun cəmiyyət üçün mənfi nəticələrini məhdudlaşdırmağa yönəldilmiş sistemli tədbirlər də görülür. Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası və xarici ticarətin genişləndirilməsi nəqliyyat infrastrukturunun ona uyğun yenidən qurulmasını, Azərbaycanın tranzit ölkəsi kimi mövcud imkanlarından tam istifadə edilməsini, ölkə yükdaşıyıcılarının rəqabətqabiliyyətliliyinin artırılmasını və nəqliyyat xidmətləri ixracının inkişafını tələb edir ki, son illərdə görülən işlər bu tələblərin ödənilməsi istiqamətində ölkəmizin böyük nailiyyətlərə imza atdığını təsdiq edir.
Ekoloji və ərzaq
təhlükəsizliyi uğurla təmin olunur
Sürətli inkişaf yolunda möhtəşəm nailiyyətlərə imza atmaqla irəliləyən Azərbaycan ekoloji təhlükəsizlik məsələsinə də xüsusi önəm verir. Digər tərəfdən, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində ölkədə məqsədyönlü siyasət həyata keçirilir. 2010-cu ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda "Ekologiya ili" elan edilməsindən sonra bu sahədə tamamilə yeni bir mərhələ başlanıb. "Ekologiya ili"ni yüksək səviyyədə keçirmək üçün müvafiq tədbirlər planı hazırlanması, dövlət büdcəsində bunun öz əksini tapması, eləcə də beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıqda bu amilin nəzərə alınması öz bəhrəsini verib.
Təkcə 2010-cu il ərzində ölkədə Prezident İlham Əliyevin göstərişinə əsasən, 3 milyondan çox ağac əkilib. Bu siyasət indi də davm etdirilməkdədir. Azərbaycanda son illər ərzində ekoloji məsələlərin həllinə xüsusi diqqət yetirilməsi beynəlxalq dairələr tərəfindən etiraf və təqdir olunur. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev ölkədə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi uğurlu siyasətə görə Almaniyanın Mixael Zukkov Fondunun ali mükafatına layiq görülüb. Həmin vaxt Fond Prezident İlham Əliyevin ali mükafata layiq görülməsinin səbəbini dövlət başçısına ünvanladığı məktubda belə açıqlayırdı: "Mixael Zukkov Fondu, Sizin, cənab Prezident, dayanıqlı inkişaf, Qafqaz və Xəzər regionunda biomüxtəlifliyin mühafizəsi istiqamətində əldə etdiyiniz nailiyyətləri və müsbət nəticələri təqdir edir. Siz təbiət gözəlliyinin və zənginliyinin vurğunu olmuş müdrük atanız, Prezident Heydər Əliyevin yolunu davam etdiririsiniz. Sizin ekoloji siyasətiniz isə möhkəm özülə malik olmaqla ciddi əsaslara söykənir. Sizin qəti qərarlarınız bu sahədə əzmkar fəaliyyətinizi nümayiş etdirir".
Mövcud vəziyyətin təhlili göstərir ki, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət alıb. Bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə izah olunur. Ölkədə yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur ki, bu istiqamətdə də müvafiq addımlar atılır. Ümumiyyətlə, müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq, respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini müəyyənləşdirmək olar: ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi; indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması; qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.
(ardı
var)
Azərbaycan.- 2011.- 4 sentyabr.- S. 2.