Böyük
siyasi fəaliyyətin Naxçıvan mərhələsi
Ulu öndər
Heydər Əliyevin xalqımızın milli dirçəlişində
mühüm xidmətləri olmuşdur
Ötən əsrin 80-ci illərinin sonundan etibarən Azərbaycan xalqı üzləşdiyi bütün problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə öz həllini tapa biləcəyinə inanır, təkidlə onun respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. Çünki o illərdə cərəyan edən proseslər, Azərbaycana qarşı Ermənistanın ərazi iddialarının ortaya çıxması, ittifaq rəhbərliyinin isə baş verənlərə münasibətdə aşkar şəkildə Ermənistanın mövqeyini dəstəkləməsi göstərirdi ki, ölkəyə qətiyyətli rəhbər lazımdır. Bu rəhbər isə yalnız Heydər Əliyev ola bilərdi.
Ulu öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan xalqına ilk böyük xidmətini məhz Naxçıvanı qorumaqla göstərdi. 1990-cı ilin iyul ayında - Naxçıvanın çətin günlərində Heydər Əliyevin muxtar respublikaya gəlişi bu qədim torpağı xilas etdi. Əgər o vaxt Naxçıvanın rəhbərliyinə Heydər Əliyev deyil, başqa şəxs gəlsəydi, bunu bacara bilməzdi. Heydər Əliyev gözəl bilirdi ki, ermənilərin göz dikdiyi, blokadada saxladığı Naxçıvanın qorunub saxlanması Azərbaycan dövlətçiliyi, bütövlükdə türk dünyası üçün nə deməkdir. Ulu Tanrı özü Heydər Əliyev kimi dahi bir şəxsiyyəti Naxçıvana gətirdi və o, itirilməkdə olan bu bölgəmizi xilas etdi.
Heydər Əliyevin Naxçıvana qayıdışı Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçki kampaniyası ilə bir vaxta düşdü. Ulu öndərin deputat seçilməsi göstərdi ki, xalq özünün böyük oğlunun qədir-qiymətini çox gözəl bilir.
1990-cı
il noyabrın
17-də muxtar respublika
Ali Məclisinin I sessiyası
keçirildi. Heydər
Əliyevin sədrliyi
ilə keçən həmin sessiyanın tariximizdə mühüm əhəmiyyət kəsb
etməsi Azərbaycan
dövlətçiliyinin dirçəlişi
prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin
müzakirə olunması,
Azərbaycanın müstəqil,
demokratik və dünyəvi dövlət
kimi fəaliyyət göstərməsi üçün
mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarların qəbul edilməsi ilə bağlıdır.
Sessiyada ilk növbədə
Naxçıvan Muxtar
Sovet Sosialist Respublikasının adından
"sovet" və
"sosialist" sözləri
çıxarıldı, onun
Naxçıvan Muxtar
Respublikası adlandırılması
haqqında qərar qəbul edildi. Naxçıvan Ali Sovetinin də
adı dəyişdirildi,
onun Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi adlandırılması
haqqında qərar qəbul edildi. SSRİ-nin hələ
mövcud olduğu bir dövrdə belə qərarların qəbulu həqiqətən
böyük cəsarət
tələb edirdi.
Sessiyada muxtar respublikanın dövlət rəmzləri
haqqında məsələ
də geniş və ciddi müzakirə
olundu. Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli dövlət
bayrağının bərpa
edilməsi, onun Naxçıvan MR-nin dövlət bayrağı
kimi qəbul edilməsi heç də asan və
adi məsələ deyildi. Bu, ilk növbədə müstəqil
dövlətçiliyimizin bərpasına çalışmaq
idi. Heydər Əliyevin təklifləri
əsasında milli bayraq məsələsi ilə əlaqədar iki bəndlik qərar qəbul edildi. Birinci bənddə Azərbaycan
Xalq Cümhuriyyətinin
üçrəngli bayrağının
Naxçıvan MR-nin
dövlət bayrağı
kimi qəbul edilməsi əksini tapmışdı. Digər
bənddə Azərbaycan
Respublikasının ali qanunverici orqanından Azərbaycanın
dövlət rəmzləri
haqqında məsələyə
baxılması və
milli-tarixi ənənələrimizə
uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın,
gerbin və himnin qəbul olunması xahiş edilirdi. Mühüm tarixi-siyasi əhəmiyyət
daşıyan bu qərar ulu öndər Heydər Əliyevin
ölkəmizdə milli dövlətçiliyin dirçəlişi
ideyasının həyata keçirilməsi sahəsində
atılan ilk addımlar idi.
Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan MR-nin Ali Məclisi tərəfindən verildi. Heydər Əliyev tərəfindən hazırlanan və qəbul edilən "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərarda ilk dəfə qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu göstərilmiş və onların adları açıq göstərilərək məsuliyyətə cəlb edilmələri tələb olunmuşdu. Qərarda yanvar hadisələri Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilmiş, dinc əhaliyə - silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocalara, qadınlara, uşaqlara olunmuş təcavüz kimi qiymətləndirilmişdir. Sənəddə ilk dəfə olaraq 20 Yanvar gününün hər il Naxçıvan MR-də milli matəm günü kimi qeyd edilməsi qərara alınmış və bu günün hər il Azərbaycan SSR-də də milli matəm günü kimi qeyd edilməsi respublika Ali Sovetindən xahiş edilmişdi.
Ulu öndərin milli dirçəliş ideyaları və bu istiqamətdə Naxçıvanda qəbul edilən qərarlar Azərbaycan ictimaiyyəti tərəfindən yekdilliklə dəstəklənirdi. Məhz ölkə ictimaiyyətinin təsiri nəticəsində az sonralar Azərbaycan SSR rəhbərliyi bəzi addımlar atdı. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan AXC-nin bayrağı dövlət bayrağı kimi təsdiq edildi.
1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-nin ictimai-siyasi həyatında mühüm hadisələr baş verdi. Sentyabrın ilk günündə muxtar respublikanın bütün sakinləri ayağa qalxıb qüdrətli siyasətçi Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsini öz üzərinə götürməsini təkidlə tələb etdilər. Şəhərdə bir neçə gün ara vermədən davam edən və 60-70 min nəfərin iştirak etdiyi mitinqlərdə xalq öz qəti tələbindən dönmürdü. Nəhayət, onların bu təkidli tələbi Naxçıvan MR Ali Məclisinin sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan fövqəladə sessiyasında yerinə yetirildi.
Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük hadisə oldu. Məsələ heç də keçmiş Sovetlər İttifaqının Siyasi Bürosunda təmsil olunmuş nüfuzlu siyasi simanın - SSRİ Nazirlər Soveti Sədrinin keçmiş birinci müavininin Azərbaycanın ərazisinin bir hissəsində - muxtar respublikada Ali Məclisə Sədr vəzifəsinə seçilməsində deyildi. Heydər Əliyev ilk növbədə Naxçıvanda fəal və peşəkar fəaliyyəti ilə milli dövlətçiliyə inam hissini formalaşdırmağa başladı və buna nail oldu.
Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Dağlıq Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan həqiqətən də taleyin ümidinə buraxılmışdı. Ulu öndərin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi Naxçıvanı və bütün Azərbaycanı gözlənilən fəlakətlərdən xilas olmaq üçün real imkan yaratdı. Ümummilli liderin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Muxtar respublikanın erməni təcavüzündən müdafiəsi ulu öndərin əsas fəaliyyət istiqamətinə çevrildi. Ümummilli liderin atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi.
İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib, yeni həyat quruculuğuna başlamasında Heydər Əliyev şəxsiyyətinin önəmli rolu oldu. Elə bu səbəbdən də Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, azad bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Ali Məclisə Sədr seçildiyi gündən başlayaraq Heydər Əliyev muxtar respublikanı ağır iqtisadi böhrandan çıxartmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra mütərəqqi tədbirlər həyata keçirməyə başladı.
Lakin həmin dövrdə A.Mütəllibov və sonra onu əvəzləyən AXC-Müsavat qaragüruhu blokada vəziyyətində olan Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində və iqtisadi-sosial problemlərinin həllində maraqlı deyildilər. Ən təəssüf doğuranı odur ki, Heydər Əliyevin Naxçıvanda Azərbaycan xalqının və dövlətçiliyinin mənafeyi naminə əzmkar fəaliyyəti bu siyasi qruplaşmaları daim narahat edirdi. Çünki həmin siyasi qaragüruhçular yaxşı bilirdilər ki, Azərbaycanın müstəqilliyinin əbədiliyinin təmin edilməsi Heydər Əliyevsiz qeyri-mümkündür və gec-tez bu dahi şəxsiyyət ölkənin siyasi rəhbərliyinə qayıdacaq. Ona görə də o vaxtkı bacarıqsız iqtidar mənsubları Heydər Əliyevə qarşı mübarizəyə başlamışdılar. Hətta ulu öndərə qarşı qəsd həyata keçirməyə, onu Naxçıvan rəhbərliyindən devirməyə cəhd də etdilər. Lakin bu cəhdlər uğursuzluğa məhkum idi.
Həmin ağır şəraitdə isə Heydər Əliyev böyük dövlət xadimi, qətiyyətli və iradəli siyasətçi olduğunu növbəti siyasi gedişi ilə sübut etdi. Azərbaycanın digər bölgələrində sovet ordusundan qalan silah-sursat dağıdıldığı, talan edildiyi bir vaxtda Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etdi. Beləliklə, Naxçıvanda Azərbaycan ordusunun birləşmələri formalaşdı və bunun sayəsində ermənilərin hücumlarına qətiyyətlə cavab verildi.
Azərbaycanın siyasi hakimiyyət nümayəndələrinin Naxçıvanın taleyi ilə hesablaşmadığı bir şəraitdə MR Ali Məclisinin Sədri Heydər Əliyev bölgənin məhdud daxili imkanlarından maksimum səmərəli istifadə etməyə çalışır, qonşu dövlətlərlə - Türkiyə və İranla iqtisadi əlaqələrin inkişafı üçün zəruri tədbirlər həyata keçirirdi. 1992-ci il martın 24-də Ankarada Türkiyə Respublikası hökuməti ilə Azərbaycanın Naxçıvan MR-i arasında bağlanmış iş birliyi protokolu bölgənin ağır böhrandan çıxmasında mühüm rol oynadı. Qonşu dövlətlərlə əlaqələrin yaradılması, eləcə də daxili imkanlardan istifadə edilməklə müvafiq təşkilati-iqtisadi tədbirlərin həyata keçirilməsi muxtar respublikada iqtisadi problemlərin aradan qaldırılmasına stimul yaratdı.
Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə ölkəmizdə başlanan milli dirçəliş prosesi dövlətçiliyimizin bərpasında, müstəqilliyin bərqərar edilməsi və möhkəmlənməsində böyük rol oynadı. Bu mənada Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik tariximizdə mühüm yer tutur. Qarşıda isə ulu öndəri Azərbaycan dövlətçiliyi uğrunda daha böyük sınaqlar və siyasi uğurlar gözləyirdi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2011.- 4 sentyabr.- S. 3.