Ustad rəssam

 

Oqtay Şıxəliyev - 80

 

Azərbaycanın ilk professional monumentalçı rəssamlarından olan Oqtay Şıxəliyev 1931-ci ilin sentyabrında Bakı şəhərində dünyaya göz açıb. Abşeronun yüzilliklər boyu formalaşmış el adətləri, qayım-qədim yaşayış evləri, yarımçılpaq təbiəti, qızılı Günəşi, Xəzər dənizinin  ecazkar mənzərəsi, xəfif və sərt dəniz küləklərinə bələnən Abşeronun panoramı Oqtayın gələcəkdə peşə seçiminə az təsir göstərməyib. Beləliklə, gələcəkdə rəssam olmağı qarşısına məqsəd qoymuş gənc 1947-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət  Rəssamlıq məktəbinə qəbul olunur. Burada Azərbaycanın istedadlı pedaqoq-rəssamları - Lətif Feyzullayev, Qafar Seyfullayev və Bağır Maratlıdan xüsusi həvəslə sənətin özəlliklərini öyrənməyə çalışır.

 1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirən Oqtay  Şıxəliyevin sənətə olan sonsuz məhəbbəti onu Sankt-Peterburqa gətirib. O, 1952-ci ildə V.Muxina adına Ali Bədii Sənaye məktəbinə daxil olub. Burada tanınmış istedadlı rəssamlardan sənətin təcrübi və bədii-texniki incəliklərinə yiyələnib. 1958-ci ildə məktəbi müvəffəqiyyətlə bitirən O.Şıxəliyev doğma Azərbaycana qayıdıb. Burada  istedadlı və enerjili gənc rəssamı doğma diyarımızın müxtəlif guşələrində ictimai binaların bədii tərtibatı  gözləyirdi. O.Şıxəliyev hələ Sankt-Peterburqda təhsil aldığı illərdən müxtəlif sərgilərdə uğurla iştirak edirdi. Rəssamın 1957-ci ildə Gənclərin Ümumittifaq Sərgi Festivalında dekorativ sənət üzrə birinci mükafata layiq görülməsi də deyilənləri təsdiq edir.

O.Şıxəliyev 1960-cı ildə Rəssamlar İttifaqına üzv qəbul olunub. Rəssamın əhatəli  bədii və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş və o,  1982-ci ildə əməkdar rəssam, 2002-ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülmüşdür, Prezident təqaüdçüsüdür.

Rəssam həm monumental rəngkarlıq, həm dekorativ tətbiqi sənət, eləcə də  dəzgah rəngkarlığı sahələrində bir-birindən maraqlı əsərlər qalereyası yaradıb. Rəssam bir çox xarici ölkələrdə - Meksika, Almaniya, Kanada və başqa yerlərdə yaradıcılıq ezamiyyətlərində olub. Onun dünya şöhrətli monumentalçı rəssamlar -  R.Tamayo və D.Sikeyrosla görüşləri rəssamın yaradıcılığının inkişafına müsbət təsir göstərib və onun xatirələrində bu gün də yaşayır. O.Şıxəliyev indiyədək bir çox beynəlxalq və yerli sərgilərdə uğurla iştirak edib. Onun yaratmış olduğu əsərlər dünyanın müxtəlif ölkələrində muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.

O.Şıxəliyev bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. Rəssam Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.  Hazırda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tələbələrə bu sənətin incəliklərini tədris edir və həmin təhsil ocağının professorudur. Onun yetişdirdiyi rəssamlar içərisində yüksək fəxri adlara layiq görülmüş sənətkarlar da az deyil.

O.Şıxəliyev 60-cı illərdən başlayaraq bu günədək bir çox ictimai binaların - idman saraylarının, məktəblərin, zavodların, metrostansiyaların, parkların və s. bədii tərtibatını hazırlayıb və  onların  insanlarda bədii estetik zövq aşılaması və ətraf mühitlə daha üzvü surətdə səslənməsi üçün bədii  kompozisiyalar yaradıb. Monumental rəssamlıq sintetik sənətdir. Rəssam yaradacağı kompozisiyanı memarın yaradıcılıq imkanlarını və məkanın özəlliklərini nəzərə almaqla sonda tikilini tamamlayacaq ahəngdar əsərin yaradılmasına nail olmalıdır. Nəzərə almaq lazımdır ki, monumental rəssamlıq əsəri müəyyən qədər uzaqdan baxılır, onda rəssam mövzunun bədii həllinin ümumiliyinə və monumentallığına çalışmalı, bədii şərh prinsiplərində isə "xırdaçılıqdan" qaçmaqla rəng həllində dekorativ rənglərdən, yəni, lokal rəng keçidlərindən ustalıqla istifadə etməklə uğurlu əsərlər yaratmalıdır. Sadalanan xüsusiyyətlərdən Oqtay Şıxəliyev  öz yaradıcılığında yaradıcı ustalıqla istifadə etmişdir, desək, yanılmarıq. Eyni zamanda, rəssam yaradıcılığında milli və müasir monumental rəssamlıq ənənələrinin sintezini peşəkarlıqla əlaqələndirmişdir. Rəssamın yaradıcılığının uzun dövrünün sovetlər dönəminə təsadüf etməsi və həmin dövrün  bədii-estetik prinsiplərini özündə əks etdirməsi reallıqdır. Lakin buna baxmayaraq, rəssam həmişə yaradıcılığında milli ənənələrdən yüksək ustalıqla istifadə etmişdir.  Bu cəhətləri istər mövzu, istərsə də bədii işlənilmə xüsusiyyətlərində, əsərlərin süjet, kolorit və bədii şərhində müşahidə etmək olar. Buna nümunə kimi O.Şıxəliyevin "Qarabağ" mehmanxanasının bədii tərtibatında xalqımızın etnoqrafik elementlərindən qaynaqlanaraq tamaşaçıda xüsusi bədii zövq  yaradan formalardan istifadə etməsini, onun rəng həllində isə daha çox isti rənglərə üstünlük verməsini göstərə bilərik. Bu tendensiyanın təsdiqini sənətşünas  Məmmədağa Tərlanov  bu cür xarakterizə etmişdir: "Ənənəvi xalq ornamentinin mozaik elementləri ilə örtülmüş çoxrəngli tutumlar təndir formasını təkrarlayır..." Qeyd edək ki, rəssamın yaradıcılığında əksini tapmış milli ənənələr əcnəbi sənətşünas tədqiqatçıların da diqqətindən yayınmayıb.

Rəssamın monumental yaradıcılıq nümunələrinə misal olaraq Bakıda yerləşən 18 saylı məktəbi, Bakı Dövlət Sirki,  rəssamın Hacıbala Rəcəbovla birgə fəaliyyətləri nəticəsində Bakı Məişət Kondisionerləri Zavodu, "Azərbaycan" nəşriyyatının binası, Bakıda "Uşaq dünyası" universal mağazası, "Novbahar" restoranı və digərlərini göstərmək olar.

 18 saylı məktəbin fasadında yerləşən qalaktikadan bəhs edən "Ulduzlara doğru" mozaik pannosu olduqca diqqətçəkicidir. Rəssam kompozisiya quruluşunda, rəng həllində, mövzu seçimində, eləcə də pannonun ətraf mühitlə əlaqəli şəkildə səsləşməsində bədii yaradıcılıq imkanlarından və rəssam təxəyyülündən son dərəcə məharətlə bəhrələnə bilmişdir. İrəliyə doğru uzanmış qoşa əllərin içərisində fəzanın ənginliklərini fəth etmək istəyən gənc oğlan və qız əllərində kosmik cihaz tutmuş vəziyyətdə təsvir edilib. Burada rəssam dünyanın sirlərindən agah olmağın yeganə doğru yolunun elmdən, bilikdən, təhsildən başladığını bədii biçimdə tamaşaçısına çatdıra bilib. Bu yerdə bir məqamı vurğulamaq yerinə düşərdi. Naşılıqdanmı, yaxud digər hansısa səbəbdənsə, rəssamlarımızın ağır zəhmət hesabına ərsəyə gətirdikləri və şəhərimizə xüsusi bədii estetik gözəllik verən, tamaşaçıların mənəvi estetik zövqlərini oxşayan bədii əsərlər götürülür və ya məhv edilir.

"Azərbaycan" nəşriyyatının binasının bədii tərtibatının həllində müəlliflər maraqlı priyomdan istifadə ediblər. Belə ki, burada binanın girişinin hər iki tərəfindən yarımdairəvi səthin üzərində mətbuat tarixi və çap sənəti ilə bağlı müxtəlif mövzulu bədii mozaika kompozisiyaları yaradılmışdır.

O.Şəxəliyevin yaradıcılığının digər bir nümunəsi ulu öndər Heydər Əliyevin adını daşıyan İdman və Konsert Kompleksindədir. Rəssam bu kompleksdə işlərin tərtibatında daha çox milli adət-ənənələrimizə, folklor nümunələrinə istinad edərək sonda tamaşaçının zövqünü oxşayan sənət inciləri yaratmışdır.

O.Şıxəliyev dəzgah rəngkarlığının müxtəlif janrlarında bir-birindən maraqlı əsərlər yaratmışdır. O, monumentalçı rəssam olduğundan rəssamın rəngkarlıq əsərlərinin əsas səciyyəvi xüsusiyyətləri kimi obrazların monumentallığını, lokal rəng həllini və kompozisiya quruluşunun aydınlığını və s. göstərmək olar.

O.Şıxəliyevin tematik tablolarına misal olaraq "Çənlər" (1969), "Kürün ram edilməsi" (1970), "Ancaq sülh" (1970), "Sallaqxana" (1970), "Mənim buketim" (1971), "Kapella" (1980), "Muğam" (1982) və s.  əsərlərini göstərmək olar.

Rəssam "Kürün ram edilməsi" əsərində Kür çayı üzərində inşa edilən Su Elektrik Stansiyasının tikintisini fırçasının qüdrəti ilə bədiiləşdirib. Avtomaşınların sular üzərində hərəkət etdiyi məqamı rəssam ustalıqla təsvir edə bilib. Əsər üçün  baxış nöqtəsinin seçilməsi və kolorit həlli tamaşaçının marağına səbəb ola biləcək bədii cəhətlərdəndir.

"Sallaqxana" əsərində rəssam çox maraqlı mövzu seçib. Öküzlərin balaca gölə salındığı  mənzərəni görüntüyə gətirən rəssam sonda bədii vasitələrlə uğurlu əsərin yaradılmasına nail olub. Mövzunun etnoqrafik çalarlarını da nəzərdən qaçırmaq olmaz. Tablonun ekspressivliyi və kolorit həllində qırmızı və qara rənglərin əlaqələndirilməsi seyrçini həyəcanlandırır. Rəssam "Mənim buketim" və "Muğam" əsərlərində də milli ənənələrə tapınaraq cəlbedici əsərlər yaratmışdır.

O.Şixəliyevin maraqlı portretləri sırasında "Mənim qaracam" (1970), "Tarzən Bəhram Mansurov" (1972), "Rəssam Rasim Babayev" (1975), "SSRİ Xalq Artisti Mirzəağa Əliyev" (1974), "Nigar" (1975), "Rəssamın ailəsi" (1976) və s. əsərləri qeyd etmək olar. "Qobustan daşları" (1966), "Sumqayıt boruları" (1970), "Meksika həyəti" (1982), "Aydın səma" (1974) və s. əsərləri rəssamın mənzərə janrında yaratdığı əsərləridir. O.Şıxəliyev mənzərə əsərlərində də təbiət görüntülərinə yaradıcı nöqteyi-nəzərdən yanaşmaqla tamaşaçıya bədii zövq aşılayır.

Rəssamın yaradıcılıq aləminə etdiyimiz qısa səyahətdən sonra deyə bilərik ki, onun Azərbaycan təsviri sənət aləminə bəxş etdiyi özünəməxsus yaradıcılıq nümunələrinin neçə-neçə gənc istedadlı rəssamın yetişməsinə təkan verəcəyi və hər zaman yaratdıqlarının tamaşaçı auditoriyasının marağına səbəb olacağı şübhəsizdir...

Oqtay Şıxəliyev bu gün də yüksək yaradıcılıq eşqi və coşqusu ilə yeni-yeni yaradıcılıq nümunələri ərsəyə gətirməkdən və tələbələrə sənətin incəliklərini tədris etməkdən yorulmur və yubiley sərgisinə hazırlaşır. Biz də sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edir və ona uca  Tanrıdan xoşbəxtlik arzulayırıq.

 

 

Əsəd QULİYEV,

sənətşünas,

Rəssamlar İttifaqının üzvü

 

Azərbaycan.- 2011.- 4 sentyabr.- S. 5.