Qobustanın
inkişafı ürəkaçandır
Bakı-Şamaxı-Gürcüstan avtomobil magistralı ilə yola
çıxanları Abşeron ərazisi
qurtardıqdan sonra Qobustanın Cəngi kəndində
yol qırağı tikinti-quruculuq
işləri qarşılayır. Halbuki bir vaxtlar yoxuşu
enən kimi ilk gözə
dəyən Cənginin əyri-üyrü, müasirlikdən çox uzaq avtomobil təmiri emalatxanaları və kiçik ticarət obyektləri idi.
İndi
bu yerlər tanınmaz dərəcədə dəyişib.
Milli memarlıq ornamentləri ilə bəzədilmiş
daş hasar, ətrafdakı səliqə-sahman, yeni və
müasir market, yanacaqdoldurma məntəqəsi Cənginin
abadlığından xəbər verir. 180 şagirdlik yeni məktəb
binasının tikintisini də görülən işlərə
əlavə etsək, Cənginin tezliklə müasir bir qəsəbəyə
çevriləcəyinə şübhə yeri qalmır. Cəngi
həm də Bakı-Şamaxı-Gürcüstan magistral avtomobil
yolu boyunca qonaqları qarşılayan bir rayon kəndi kimi
regionların sosial-iqtisadi inkişafının bariz nümunəsinə
çevrilməkdədir. Cəngidə yenidənqurma işləri
Qobustanın inkişafı ilə bağlı ilk təəssüratı
da formalaşdırır.
Qobustanın rayon mərkəzində də
abadlıq, tikinti-quruculuq işləri geniş vüsət
alıb. Qarşımıza çıxan rayon ağsaqqalı
Şıxbala Bayramovla söhbət edirik. Görülən
işləri rayon əhalisinin böyük razılıqla
qarşıladığını bildirən Ş.Bayramov
yolların, səkilərin düzəlib abadlaşmasından,
içməli su çəkilişindən, tikinti işlərindən,
fermerlər üçün yaradılan şəraitdən həvəslə
danışır. Rayon mərkəzindəki dövlət idarələrinin
yeni inzibati binalarını göstərərək qeyd edir ki,
bu yaraşıqlı binalar, eyni zamanda abadlıq, davam etməkdə
olan yenidənqurma işləri ölkə Prezidenti İlham Əliyevin
regionlara, o cümlədən Qobustana göstərdiyi
qayğının, diqqətin nəticəsidir. Biz insanlar da gərək
yaradılanın, tikilənin qədrini bilək, boş
durmayaq, gücümüz çatan işin qulpundan
yapışaq.
Bəli,
ağsaqqal Ş.Bayramovun xoş sözləri rayondakı
yüksək ovqatın və işgüzarlığın
göstəricisidir. Qobustan əhalisini çoxdan narahat edən
içməli su məsələsi də həll olunmaq
üzrədir. Qobustan RİH başçısı Adil Məmmədovun
verdiyi məlumata görə, rayon mərkəzini və 7 kəndi
içməli su ilə təmin edəcək Təsi su xəttinin
çəkilişi davam edir və ilin sonunadək rayon mərkəzinə
içməli suyun veriləcəyi gözlənilir. Xilmilli kəndində
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən
6 kilometrə yaxın məsafədən su xətti çəkilib
və müvafiq qurğular quraşdırılıb. Nabur kəndində
su xəttində sayğaclaşma işləri
görülüb, yaxın zamanlarda Ərəbşalbaş kəndinin
əhalisi də içməli su ilə təmin olunacaq.
RİH
başçısı onu da bildirdi ki, rayonun 17
yaşayış məntəqəsi təbii qazla təmin
edilib, Xilmilli kəndi də bu siyahıya əlavə olunmaq
üzrədir. Daha 9 kəndin təbii qazla təmin edilməsi
ilə əlaqədar müvafiq orqanlar qarşısında məsələ
qaldırılıb.
Regionların
sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramında
Qobustan rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər
sırasında rayon mərkəzinin kanalizasiya şəbəkəsinin
qurulması da var. Artıq layihələndirmə işlərinə
başlanılıb.
Qobustanda
tikinti işləri də diqqətdə saxlanılır.
Qobustan şəhərində şəhid və əlil ailələri
üçün 16 mənzilli yaşayış binası,
Nabur kəndində 2, Çuxanlı kəndində isə 1
Qarabağ müharibəsi əlili üçün
ikiotaqlı fərdi yaşayış evləri tikilib.
Qaçqın və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin xətti
ilə məcburi köçkün və şəhid ailələri
üçün fərdi yaşayış evinin tikintisi də
başa çatıb. Ümumilikdə 28 şəhid və əlil
ailəsi mənzillə təmin olunub. Cəngi kəndindən əlavə, Təklə
kəndində də 220 şagird yerlik yeni məktəb
binasının tikintisinə başlanıb. Yaxın vaxtlarda
Göydərə kəndinin sakinləri də belə bir xəbərlə
sevinəcəklər.
Sentyabr
ayının sonunadək Alternativ və Bərpa Olunan Enerji
üzrə Dövlət Agentliyi tərəfindən Qobustan
rayonunda alternativ və bərpa olunan enerji istehsalı üzrə
Qobustan Eksperimental Poliqonu və tədris mərkəzinin
yaradılması başa çatdırılmalıdır. Bu
mərkəzin yaradılması Qobustan rayonunun sosial-iqtisadi
inkişafına, sənaye potensialının yüksəlməsinə,
ekoloji cəhətdən təmiz və dayanıqlı enerji
ilə təchiz edilməsinə səbəb olacaq.
Qobustan
kənd təsərrüfatı rayonudur. Burada
maldarlığın və taxılçılığın
inkişafına ciddi fikir verilir. Vaxtilə rayonda
üzümçülük də
aparıcı sahələrdən biri olub. Hazırda bu
sahəyə də diqqət artırılır. 600 hektara
yaxın yeni üzüm bağları salınıb. Təbiidir
ki, üzümçülükdə böyük təcrübəsi
olan qobustanlılar gələcəkdə plantasiyaları
genişləndirmək arzusundadırlar. Qobustanlıların
bir arzusu da Prezident İlham Əliyevin təməlini
qoyduğu idman kompleksində hovuz, həmçinin mehmanxana
tikintisinin bərpa olunmasıdır.
Qobustan
kiçik rayonlardan sayılsa da, böyük arzu və
amallarla yaşayır. Bu arzuların gerçəyə
çevrilməsi üçün istək də var,
işgüzarlıq da. Dövlət qayğısı da
öz yerində!
Telman NƏZƏRLİ
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 7.