Asudə vaxt
Abşeronda onun səmərəli
təşkili üçün yüksək
şərait yaradılır
Mavi
Xəzərin sahilində bir cənnət məkanı olan bu
yerlər öz gözəllikləri ilə insanları valeh
edir. Sözügedən məkan son illər iqtisadi yüksəlişini
yaşayan Abşerondur.
Abşeron
rayonu eyniadlı yarımadanın ən böyük ərazi
vahididir. Respublikamızın paytaxtı Bakının bir
addımlığında yerləşən Abşeron ölkəmizə
gələn və gedən turistlərin vizit kartıdır
desək, səhv etmərik.
Yay gələndə
Abşerona, dəniz sahillərində yerləşən
bağlara gələnlərin sayı artır. Gündüzlər
işdə olanlar axşam vaxtı bağ və parklarda gəzintiyə
çıxmağa üstünlük verirlər. Asudə
vaxtlarını səmərəli keçirmək istəyən
vətəndaşlar istirahət yerlərinə üz tuturlar.
Burada təmizliklə qarşılaşanda, zövq oxşayan
mənzərələrlə üzləşəndə isə
rahatlıq tapırlar.
Bu
gün abşeronlulara asudə vaxtlarını səmərəli
keçirmək üçün hər cür şərait
yaradılıb. Xırdalan şəhərinin mərkəzində
yerləşən Heydər Əliyev adına mədəniyyət
və istirahət parkı rayon sakinlərinin ən çox gəldikləri,
istirahət etdikləri məkandır.
Heydər
Əliyev adına mədəniyyət və istirahət
parkı bir neçə ildir fəaliyyət göstərir.
11 hektar ərazisi var. Parkın direktoru Fərhad Qiyasov bildirdi
ki, bu məkanda müxtəlif yaşda olan insanların istirahəti
ayrı-ayrılıqda nəzərə alınıb.
Böyüklərlə yanaşı, balacalar
üçün də ayrıca əyləncə mərkəzləri
yaradılıb. Bu da onların sərbəst istirahət etmələrinə
şərait yaradır. Burada istirahət günlərində
(yayda hər gün) yaradıcılıq sərgiləri, kitab
günləri, şeir müsabiqələri, viktorinalar
keçirilir. Uşaqlar da belə tədbirlərin
iştirakçısına çevrilirlər. Bir neçə
yerdə stolüstü oyunlar üçün texniki
avadanlıqlar quraşdırılıb. Yeni ailə quranlar
yollarını buradan salaraq ulu öndərin abidəsini ziyarət
edirlər.
- Yay
gələndən tədbirlərimiz də çoxalıb, -
deyə F.Qiyasov sözünə davam edir. - Bura çoxu, demək
olar, ailəliklə gəlir. Gənclərin
vətənpərvərlik tərbiyəsinə, dövlətçilik
ənənələrinə həsr olunmuş
kütləvi tədbirlər keçiririk.
İştirakçılar əsasən gənclər olur. Şəhər hüquq-mühafizə
orqanları ilə birlikdə yayda hər
həftə təşkil olunan müxtəlif devizli tədbirlərdə
abşeronlular fəal iştirak
edirlər.
Parkda yerləşən Heydər Əliyev muzeyi günün hər vaxtı insanlarla dolu olur. Ulu öndərin keçdiyi ömür yolu, respublikamızın müstəqilliyinin qorunub saxlanmasında və inkişafında müstəsna xidmətləri haqqında bura gələnlərə məlumat verilir. Parkın ərazisində yerləşən abidə kompleksinin qarşısına düzülən gül dəstələri abşeronluların ümummilli liderə olan sonsuz məhəbbətinin nişanəsi kimi qiymətləndirilir.
-
Xarici ölkələrdən olan turistlər istirahət
parkına həvəslə gəlirlər, - F.Qiyasov
vurğulayır. - Parkda xidmət yüksək standartlara
uyğundur. İnanın, bəzən insanlar
gecə keçənə qədər burada
əylənir, uca şam
ağaclarının altında gəzişirlər. Yayda nə qələr isti
olur-olsun, buralar sərinliyi
ilə seçilir.
Parkda
açıq səma altında musiqiçilər, müğənnilər,
aktyorlar xüsusi konsert proqramları ilə
çıxış edirlər. Tamaşa
etməyə gələnlər arasında istedadı olanlar da səhnəyə
çıxır.
-
Parkda bir-birindən gözəl fəvvarələr quraşdırılıb.
Onu da nəzərə çatdıraq ki, Abşeron şəhərində
fəvvarələr xüsusi zövqlə
quraşdırılır.
Öyrənirik ki, RİH rəhbərliyi vaxtaşırı parkda olur, əhali ilə birbaşa görüşlər keçirir. Burada sənətindən, peşəsindən asılı olmayaraq gələn insanlarla rastlaşmaq mümkündür. Parkın rəhbərliyi bildirdi ki, mövsümün sonunadək daha bir neçə tədbirin keçirilməsi nəzərdə tutulub. Uşaqları, böyükləri, gənc ailələri əhatə edəcək bu tədbirlər maraqlı və rəngarəng olacaq.
Ümumiyyətlə, təkcə yay aylarında deyil, ilin bütün fəsillərində Abşeronun istirahət parklarında, xiyabanlarında axşamlar qələbəlik olur. Əhali istirahət və mədəniyyət parkında yaradılan şəraitə görə əlaqədar təşkilatlardan razılıq edir.
Akif ƏLİYEV
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 7.