«Azəri«nin nefti
Dünyanın
ən neftli regionlarında belə bu cür yataqlara tək-tək
təsadüf edilir. Şöhbət o böyük yataqlardan
gedir ki, onların özləri də bir neçə hissədən
ibarət olur.
Bizə
təbiət onları səxavət əli ilə bəxş
edib. Məsələn, Xəzərin Azərbaycan bölməsindəki
"Günəşli", "Azəri"
yataqlarını. "Günəşli"nin dayaz hissəsi
artıq bir neçə onillikdir ARDNŞ tərəfindən
istismar olunur. "Dərinsulu Günəşli" isə
"Əsrin müqaviləsi"nin tərkib hissəsidir,
2008-ci ilin yazından neft verməyə başlayıb.
"Azəri"
nəinki Xəzər regionunda, hətta dünyada ən iri
yataqlardan biri sayılır. Məlum olduğu kimi, "Azəri-Çıraq-Günəşli"
(AÇG) layihəsi çərçivəsində 5 milyard
bareldən çox neft çıxarılacaq. Bunun təxminən
3 milyard bareli "Azəri"nin payına düşür.
Odur ki, "Azəri"nin özü istər sərmayə
qoyuluşuna, istər yatağın istismara verilməsi ərəfəsində
dənizdə və quruda aparılmış tikinti işlərinin
həcminə, istərsə də bu işlərə cəlb
olunmuş insanların sayına görə nəhəng bir
layihədir. Bu gün "Azəri" həm də zəngin
infrastruktura malik bir yataqdır. Yataqda 4 platforma istismar olunur.
Onların 3-ü hasilat platformasıdır.
"Azəri"
üç hissədən, əslində, üç
ayrı-ayrı yataqdan ibarətdir. "Mərkəzi Azəri"də
quraşdırılmış platformadan 2005-ci ilin fevral
ayından neft alınır. Burada həmçinin kompressor və
suvurma platforması yerləşir. Hasilat, qazma və
yaşayış platformasına körpü vasitəsilə
birləşdirilən bu qurğu özünə məxsus
olan funksiyalarla, demək olar ki, bütün AÇG-yə xidmət
edir. "Qərbi Azəri" yatağı isə 2006-cı
ilin yanvar ayından tam işə salınıb. Həmin ilin
noyabr ayından "Şərqi Azəri" də neft verir.
Bu
gün "Azəri" yatağındakı bütün
qurğular ahəngdar işləyir. Buradakı platformalardan fasiləsiz olaraq neft alınır. AÇG layihəsinin
əməliyyatçısı olan bp şirkətinin
məlumatında bildirilir
ki, bu ilin
birinci yarısında
"Mərkəzi Azəri"dən
gündə orta hesabla 216,1 min barel neft hasil
edilib.
"Qərbi Azəri"də
hasilat quyularının
sayı "Mərkəzi
Azəri"də olduğundan
2 ədəd artıqdır.
Yəqin buna görə onun hasilatı da çoxdur - gündə orta hesabla 218,6 min barel. "Şərqi Azəri"dən isə
hər gün orta hesabla 131,9 min barel hasilat əldə
edilir.
"Azəri"nin ayrı-ayrı hissələrindən
çıxarılan neft
birləşərək AÇG-nin ümumi neftinə qovuşur və ixrac marşrutları
ilə dünya bazarlarına nəql olunur. Ən başlıcası isə,
elə 2005-ci ilin mayında Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan kəmərinin ilk dəfə
dünya bazarlarına
apardığı da
"Azəri"nin "nübar"
nefti idi.
F.SADIQLI
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 7.