Azərbaycan Prezidenti İlham Əliyev
Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı
təmir və yenidənqurma işlərinin gedişi
ilə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də
Bakının Binəqədi qəsəbəsində daxili
yollarda aparılan əsaslı təmir və yenidənqurma
işlərinin gedişi ilə tanış olmuşdur.
Bakı
və Bakıətrafı kənd və qəsəbələrin
sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən
müşavirədə qarşıya qoyulan vəzifələrə
uyğun olaraq paytaxtın bütün qəsəbələrində
ardıcıl tədbirlər həyata keçirilir. Binəqədi
qəsəbəsində də bu işlər sürətlə
gedir.
Qəsəbədə
əsaslı təmir olunmuş daxili yolların sxemi əsasında
Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, bu
qəsəbədə 16 kilometr, ümumilikdə 80 min
kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü
döşənib. Qəsəbədaxili yolların
abadlaşdırılması istiqamətində tədbirlər
davam etdirilir.
Binəqədi
qəsəbəsində küçələrin
işıqlandırma sistemi də tamamilə yenidən qurulub,
xaricdən gətirilmiş 100-dən çox yeni işıq
dirəyi quraşdırılıb.
Görülən
işlərlə tanış olan Prezident İlham Əliyev qəsəbə
sakinləri ilə görüşüb söhbət etdi.
Qəsəbə
ictimaiyyətinin nümayəndələri dövlətimizin
başçısını hərarətlə
qarşıladılar.
Azərbaycan
Prezidenti İlham ƏLİYEV
qəsəbə sakinlərini salamlayaraq dedi:
-
Sizi ürəkdən salamlayıram. Yenidən
görüşürük. Bir neçə il bundan əvvəl
Binəqədi qəsəbəsində olmuşam və o vaxt
biz yeni yolun açılışında bərabər
iştirak etmişdik. İndi isə vaxt gəlib
çatıbdır ki, biz qəsəbədaxili yolları da
sahmana salaq.
Mənə
verilən məlumata görə, iki ay ərzində 16 kilometr
qəsəbədaxili yeni yollar çəkilibdir. Bu, şəkillərdə
də göstərilib. Əlbəttə, siz qəsəbə
sakinləri yaxşı bilirsiniz ki, bunlar torpaq yol idi. İndi
isə asfalt yoldur. Başqa qəsəbələrdə
olduğu kimi, Binəqədi qəsəbəsində də
çox sürətli inkişaf gedir. Bakıətrafı qəsəbələrin
inkişafı proqramı icra edilir. Proqram çox dəqiqdir
və konkret xarakter daşıyır. Nəinki yollar,
bütün infrastruktur yeniləşməlidir. Elektrik xətləri,
qaz təchizatı məsələləri tədricən həll
olunur. Mənə deyilənə görə, bu məsələlərlə
bağlı ciddi problem yoxdur. Əminəm ki, bütün bu məsələlər
müəyyən edilmiş vaxtda həll olunacaqdır.
Bakı
qəsəbələrinin inkişafı Proqramı iki il
yarımı əhatə edir. Yəni biz qarşımıza
çox böyük və məsuliyyətli vəzifə qoymuşuq
ki, iki il yarım ərzində Bakının bütün qəsəbələrində
sosial və infrastruktur məsələləri öz həllini
tapsın. Artıq proqramın icrası, ilkin addımlar onu
göstərir ki, biz işimizi yüksək templərlə
aparırıq. Buraya gəlməzdən əvvəl
böyük bir məktəbin təmiri ilə maraqlandım. Mən
indi göstəriş vermişəm ki, yeni məktəbin
tikintisi üçün yer müəyyən edilsin. Bakıda
və ətraf qəsəbələrdə indi məktəblərin
təmiri də sürətlə gedir. İlin sonuna qədər
50-dən çox məktəb əsaslı təmir olunub
istifadəyə veriləcəkdir.
Bütün
bu hadisələr onu göstərir ki, nəzərdə
tutduğumuz bütün məsələlər, bütün
proqramlar həyatda öz həllini tapır. Bu proqramların
başlıca məqsədi odur ki, Azərbaycan əhalisi daha
da yaxşı yaşasın, bütün sosial məsələlər,
infrastruktur, insanları narahat edən problemlər öz həllini
tapsın. Nəinki şəhərimizin mərkəzində,
kənarında da, ətraf qəsəbələrdə də
şəhər mərkəzindəki kimi şərait
olmalıdır. Su, kanalizasiya, yol məsələlərinin,
bütün infrastruktur layihələrinin həll olunması
bizim vəzifəmizdir. Həm bölgələrdə, həm
Bakıda və həm də Bakı qəsəbələrində.
Proqramı
biz qəbul etmişik, təsdiq etmişik. Orada hər şey
göstərilir, mətbuatda da dərc edilmişdir. Hər bir
vətəndaş görə bilər ki, onun qəsəbəsində,
kəndində nələr baş verəcəkdir. Ancaq bu
proqramı biz qəbul edərkən, əlbəttə,
çalışırdıq ki, yerlərdən bütün təklifləri
alaq və aldıq da. Amma həyat yerində durmur. Misal
üçün, Binəqədi qəsəbəsində yeni
məktəbin tikintisi nəzərdə tutulmurdu. İndi mənə
verilən məlumatdan sonra demişəm ki, məsələ
araşdırılsın. Yeni məktəb tikilməlidir. Yəni
biz məsələyə realist nöqteyi-nəzərdən
yanaşmalıyıq. Proqrama əlavələr də edilə
bilər, edilməlidir də.
SAKİN:
Möhtərəm cənab Prezident, gəlişinizdən
çox məmnunluq duyuruq. Xoş gəlmisiniz! Bilirik ki, Sizin
hər gəlişiniz mütləq mütərəqqi bir irəliləyişə
səbəb olur.
Xatırlayıram
ki, 2006-cı ildə bizim iqtisadi artımımız 34,5 faiz
olandan sonra Siz Kürdəmir şəhərində
çıxış edərək dediniz ki, əgər hər
hansı iqtisadi artımın nəticəsindən əhali nəsə
əldə etməyəcəksə, belə iqtisadi artım heç
kimə lazım deyildir. O nöqteyi-nəzərdən də
hesab edirik ki, qəsəbəmizin də bir neçə
problemi vardır və doğrudan da Sizin gəlişinizlə
biz bundan bəhrələnə bilərik. Birincisi odur ki, bizim
205 nömrəli məktəbin yerləşdiyi ərazidə
mazut gölü vardır. Sahəsi 3-4 hektar olar. Yaxşı
olardı ki, orada park yaradılsın. Bizim belə bir
xahişimiz vardır. Daha sonra bilirik ki, Oğuz-Qəbələdən
su çəkdirdiniz. Həmin o sudan biz də bəhrələnmək
istərdik. Üç məktəbin yanında, sağlıq
olsun, dördüncü məktəb tikiləcəkdir. Bu əraziyə
Oğuz-Qəbələ suyu çəkilsin və o, Sizdən
yadigar qalsın. Uşaqlar hər dəfə o sərin, soyuq
sudan istifadə etsinlər. Bu, çox yaxşı olardı.
Bundan başqa, bizim qəsəbədə "Qır
gölü" deyilən sahə vardır. "Qır gölü" sahəsində
ötən əsrin 30-40-cı illərində flora-fauna,
numizmatika xarakterli arxeoloji qazıntılar
aparılmışdır. Orada bir açıq muzey
yaradılması barədə göstərişiniz
olsaydı, bu da bizim qəsəbəmiz üçün
çox əhəmiyyətli iş olardı.
Prezident
İlham ƏLİYEV: Yaxşı, bu məsələləri
biz nəzərə alacağıq. Parkların
salınmasına mən həmişə böyük həvəslə
yanaşıram. Bakının mərkəzindəki
bütün parklar, demək olar ki, yenidən qurulub. Yeni parklar
da salınır. Çalışırıq ki, şəhərimizi
maksimum dərəcədə yaşıllaşdıraq.
Çünki bu yaşıllıq ekologiya, sağlam həyat
deməkdir. Əgər belə təklif varsa, əlbəttə
ki, məmnuniyyətlə buna baxacağıq.
Keçən
dəfə mən Binəqədi rayonunda olarkən Biləcəri
parkı ilə tanış
oldum. Biz bu parkın yenidən qurulmasını da indi icra edəcəyik.
O da 50-60 il əvvəl salınmışdır.
Bakı
Şəhər İcra Hakimiyyətinin
başçısı Hacıbala ABUTALIBOV:
1954-cü
ildə.
Prezident
İlham ƏLİYEV: Dəmiryolçular parkını yenidən
quracağıq. Burada da park salınmasına mən müsbət
baxıram. O ki qaldı su xətlərinə, 2013-cü ilin
sonuna qədər şəhərimizin su problemi birdəfəlik
öz həllini tapmalıdır. Bu, bizim üçün ən böyük problemdir. Əfsuslar
olsun ki, bu problem bizi həmişə incidib. Bu da təbiidir,
çünki Abşeron yarımadasında su ehtiyatları
azdır, demək olar ki, yoxdur. Bura gələn xətlər,
vaxtilə çəkilmiş xətlərin bir hissəsi köhnəlib,
bir hissəsində təmizləyici qurğular sıradan
çıxıb. Ona görə bu, böyük vəsait və
zaman tələb edən məsələdir. Ancaq məsələ
elə qoyulub ki, nəinki Bakı və ətraf qəsəbələrin,
bütün rayonlarımızın içməli su ilə təminatı
və kanalizasiya problemi 100 faiz həll edilməlidir. Ona görə
bu məsələlər proqramda da vardır, əlavə vəsait
də ayrılıbdır. Bu ilin dövlət büdcəsinə
də düzəlişlər edilmişdir və ilk növbədə,
su layihələrinin həll olunmasına vəsait
ayrılmışdır. Oğuz-Qəbələ su xətti
də yeni mənbənin, necə deyərlər,
aşkarlanması nəticəsində reallaşıb. Layihənin
üstünlüyü ondadır ki, bu mənbə Azərbaycanın
daxilində mövcuddur. Oğuz-Qəbələ xəttinin
üstünlüyü ondadır ki, bu, artıq Azərbaycan ərazisində
formalaşır və orada çox böyük mənbə
vardır, ehtiyat böyükdür. Əminəm ki, biz bu məsələni
həll edəcəyik. Qarşıya vəzifə qoyulub. Bir
halda ki, qarşıya vəzifə qoyulub, o icra edilməlidir.
Mən bir daha demək istəyirəm ki,
proqramlarımızın hamısı konkret məna
daşıyır.
SAKİN:
Biz Binəqədi rayonuna gəlişinizdən çox
şadıq. Bu gün Azərbaycan vətəndaşlarının
hər birinin ürəyində Sizə qarşı məhəbbət,
alqış, dua vardır. Bu gəlişigözəl sözlər
deyildir, möhtərəm Prezident! Çünki görülən
işlər gözümüzün qabağındadır.
Bütün vətəndaşlar Bakının gündən-günə
gözəlləşən şəhər olduğunu və
hətta dünyanın ən möhtəşəm ölkələrinin
paytaxtları ilə ayaqlaşdığını
görür, hiss edir və bundan qürur duyur. Bu qürur
hissini bizə yaşadan Sizsiniz, əziz Prezidentimiz!
Mən
təhsil işçisiyəm. Bizim Binəqədi qəsəbəsində
üç orta ümumtəhsil məktəbi vardır və
burada altı mindən çox şagird təhsil alır.
Hazırda bu məktəblərin hər biri Sizin göstərişinizlə
yenidən təmir olunub, şagirdlərin istifadəsinə
verilib. Təkcə 182 nömrəli məktəbdə,
möhtərəm Prezident, beş ildir hovuz fəaliyyət
göstərir. Uşaqlarımız asudə vaxtlarında
ondan istifadə edirlər. Gözəl idman zallarımız
vardır. İnformasiya-kommunikasiya texnologiyaları üzrə
yaxşı təhsil almaq üçün informatika
otaqları, müasir tələbata cavab verən çoxlu fənn
kabinetlərimiz vardır. Bütün bunlar üçün,
möhtərəm Prezident, biz Sizə, Mehriban xanıma ürəkdən
təşəkkürümüzü bildiririk. Bir
xahişimizi də diqqətinizə çatdırmaq istəyirəm.
Bu qəsəbənin 40 mindən çox əhalisi vardır,
burada uşaq bağçasına ehtiyac çoxdur. Yalnız
75 nəfərlik bir bağça vardır, o da təmirə
dayandırılıb, əsaslı təmir olunur. Amma
bağça üçün yer vardır.
Prezident
İlham ƏLİYEV: Vardır?
SAKİN:
İkinci bir bağçanın fəaliyyəti 2006-cı ildən
dayandırılıb. Əgər göstəriş versəydiniz,
orada 75 nəfərlik gözəl bir bağça
yaradılardı. Arzum budur ki, Allah-Taala Sizi möhtərəm
Prezident, möhtəşəm, qüdrətli Azərbaycan
xalqımız üçün qorusun!
Prezident
İlham ƏLİYEV: Sağ olun, çox sağ olun. Minnətdaram
və dərhal göstərişlər verirəm ki, bu məsələlərlə
bağlı ciddi məşğul olsunlar. Doğrudan da,
uşaq bağçalarının tikintisinə böyük
ehtiyac vardır. Mənə verilən məlumata görə,
bizdə bu bağçalar ehtiyaclarımızı, demək
olar ki, haradasa 20 faizdən aşağı səviyyədə
təmin edir. Ona görə növbəti illərdə
bağçalar həm təmir edilməli, həm də tikilməlidir.
Siz indi neçə bağçanı təmir etdirirsiniz?
Hacıbala
ABUTALIBOV: 57 bağça əsaslı təmirdədir.
Prezident
İlham ƏLİYEV: 57. Amma hələ nə qədər
tikilməlidir, bəlkə də ondan iki dəfə çox.
Yəni bu, bizim proqramlarımızda vardır və o cümlədən
Binəqədi qəsəbəsində, burada bağça
da, məktəb də tikilməlidir. Çünki
üstünlüyümüz ondadır ki, bizdə əhali
ildən-ilə artır. Yəni buna daha da böyük ehtiyac
olacaqdır. Mən maraqlandım, bu məktəb 30-cu illərdə
tikilmişdir.
Hacıbala
ABUTALIBOV: 1936-cı ildə.
Prezident
İlham ƏLİYEV: Deyirlər ki, o vaxt orada 300 şagird
oxuyub. İndi 2 min 300, 10 ildən sonra o məktəbdə bəlkə
də 3 min şagird oxuyacaqdır. İndi Allaha
şükür olsun ki, əhalimiz artır, uşaqların
sayı çoxalır. Ona görə, bu məsələlərlə
məşğul olacağıq və bunu nəzərə
alın.
SAKİN:
Möhtərəm Prezident, Sizi Binəqədi gəncləri
adından salamlayıram. Sizin gənclərə göstərdiyiniz
qayğıdan bütün respublika gəncləri kimi, bizim qəsəbənin
gəncləri də faydalanmaqdadır. Ulu öndər Heydər
Əliyev, - Allah ona rəhmət etsin, - deyirdi ki, gələcək
cəmiyyətimizin tərəqqisi bu gün gənclərə
göstərilən qayğıdan, indi onlara nəyi və necə
öyrətməyimizdən asılıdır. Bu günlərdə
gənclərlə bağlı Dövlət Proqramının
qəbulu, gənclərin işlə təmin olunması,
2013-cü ildə qəsəbəmizdə Gənclər Evinin
tikilməsinin Dövlət Proqramına salınması Sizin
bizə olan qayğınızın ifadəsidir.
Qayğıya görə, biz Sizə minnətdarıq, cənab
Prezident!
İcazə
versəydiniz, Sizə bir sevindirici hadisə haqqında məlumat
verərdim. İşlədiyim 182 nömrəli məktəbdə
11-ci "A" sinfinə rəhbərlik edirdim. Orada təhsil
alan 26 şagirddən 23-ü bu il çox yüksək nəticələrlə
tələbə adını qazanmışdır. Bu gözəl
nəticəyə görə, biz Sizə minnətdarıq.
Çünki Siz bizə qayğı göstərirsiniz, biz də
ondan ilhamlanır, səylə çalışırıq.
Buna görə Sizə bir daha minnətdarıq. Böyük
biliklilər ordusu kimi biz həmişə Sizin
yanınızdayıq.
Prezident
İlham ƏLİYEV: Çox sağ ol. Mən də siz
müəllimlərə minnətdaram ki, belə gözəl,
cəmiyyətimiz üçün dəyərli insanlar
yetişdirirsiniz. Gələcək biliklə, savadla
bağlıdır. Bizim üstünlüyümüz əlbəttə,
ondadır ki, islahatlar, iqtisadi islahatlar aparırıq, enerji sahəsində
imkanlarımız vardır. Azərbaycan bir neçə ildən
sonra inkişaf etmiş ölkələrin sırasına daxil
olacaqdır. Ancaq bu inkişafı dayanıqlı, uzunmüddətli
etmək üçün mütləq peşəkar kadrlar
lazımdır. Vətənpərvər, Vətənə,
millətinə bağlı olan gənc nəsil yetişir.
Ancaq bununla bərabər onlar bilikli, savadlı
olmalıdırlar. İnkişaf etmiş ölkələrin təcrübəsi
göstərir ki, harada biliyə, savada, elmə, təhsilə
diqqət göstərilirsə, orada inkişaf vardır.
Dünyada ən inkişaf etmiş ölkələr
onlardır ki, orada təhsilin səviyyəsi yüksək xətdədir.
Neftlə, qazla zəngin olan ölkələr bəzi hallarda
çətin vəziyyətdədirlər, bəzi hallarda
orada təbəqələşmə gedir, yoxsulluq çoxdur.
O ölkələr ki, təhsildə uğur qazanıblar,
inkişaf oradadır və bu, gələcəkdə
özünü daha da çox büruzə verəcəkdir.
Elmi tərəqqi, sadəcə, bir söz deyildir. Bu,
doğrudan da inkişaf deməkdir. Bu gün İKT sahəsində
görülən işlər ölkələrin gələcəyini
müəyyən edəcəkdir. Kim ki, o sahədə bilikli
və bacarıqlı olacaqsa, o ölkənin dünyada
mövqeyi daha da güclü olacaqdır. Təbii sərvətlər
gec-tez tükənir. Bizim üstünlüyümüz
ondadır ki, bu, vardır və biz o imkanlardan səmərəli
istifadə edirik. Ancaq, eyni zamanda, bu
kapitalı "insan kapitalına" investisiya
kimi qoyuruq. Burada, əlbəttə
ki, müəllimlərin
üzərinə bəlkə
də ən böyük vəzifə düşür. Mən
yeni dərs ili ərəfəsində
bu fürsətdən
istifadə edərək,
bütün Azərbaycan
müəllimlərini salamlamaq,
onlara cansağlığı,
uğurlar arzulamaq istəyirəm.
AzərTAc
Azərbaycan.- 2011.- 6 sentyabr. S. 1.