Azərbaycan
Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Filipp Lefortun başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Filipp
Lefortu Avropa İttifaqının Cənubi Qafqaz üzrə
xüsusi nümayəndəsi vəzifəsinə təyin
olunması münasibətilə təbrik etdi. Avropa İttifaqı
ilə region ölkələri arasında əlaqələrin
yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın
bundan sonra daha da genişləndiriləcəyinə əminliyini
ifadə etdi.
Avropa İttifaqının Cənubi Qafqaz
üzrə xüsusi nümayəndəsi Filipp Lefort Avropa
İttifaqının xarici işlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun
salamlarını dövlətimizin başçısına
çatdırdı. O, Ketrin Eştonun region ölkələri
ilə əməkdaşlığın genişləndirilməsinə
böyük maraq göstərdiyini dedi.
Dövlətimizin başçısı Avropa
İttifaqının xarici işlər və təhlükəsizlik
siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Ketrin Eştona
çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 2.