Azərbaycanın
müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz
üzrə xüsusi nümayəndəsi ilə
görüşmüşdür
Sentyabrın 5-də Azərbaycanın müdafiə
naziri, general-polkovnik Səfər Əbiyev Avropa
İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Filipp Lefort ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, S.Əbiyev Azərbaycanın
müstəqilliyini bərpa etdikdən sonra
qazandığı uğurlardan, Avropa ilə sıx əlaqələrindən
danışmış, hərbi
əməkdaşlıq məsələləri barədə
qonağa ətraflı məlumat vermişdir.
Bölgədə gərgin hərbi-siyasi vəziyyət,
Azərbaycan torpaqlarının işğalına şərait
yaradan səbəblər, bir milyon soydaşımızın
öz doğma yurdundan didərgin düşməsi və digər
problemlərdən söhbət açılmışdır.
Nazir S.Əbiyev Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli ilə
bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyinin hələlik
heç bir nəticə vermədiyini, Azərbaycana
qarşı ikili standartların bu gün də davam etdiyini təəssüf
hissi ilə qeyd etmişdir.
Müdafiə naziri BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi 4 qətnamənin indiyədək
yerinə yetirilmədiyini qonağın diqqətinə
çatdırmış, Avropa İttifaqının
münaqişənin həllində səylərini
artıracağına ümid etdiyini bildirmişdir.
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 2.