Özbəkistanın
milli bayramı şərəfinə
Sentyabrın 5-də Özbəkistanın Azərbaycandakı
səfirliyi ölkəsinin milli bayramı - Dövlət
müstəqilliyinin 20-ci ildönümü münasibətilə
rəsmi qəbul təşkil etmişdir.
Hər iki ölkənin dövlət himnləri
səsləndirildikdən sonra qonaqları salamlayan səfir
İsmatilla Erqaşev ölkəsinin 20 il ərzində
keçdiyi inkişaf yolundan danışmış, iqtisadi və
mədəni sahələrdə böyük tərəqqiyə
nail olunduğunu vurğulamışdır. O bildirmişdir ki,
Özbəkistan 180 ölkə ilə ticari-iqtisadi əlaqələr
qurmuşdur.
Diplomat dost ölkələr olan Azərbaycan ilə
Özbəkistan arasında getdikcə genişlənən əlaqələrdən
məmnunluğunu bildirərək demişdir ki,
qarşılıqlı səfərlər, yüksək səviyyəli
görüşlər və danışıqlar ikitərəfli
münasibətlərin inkişafına əlverişli zəmin
yaradır. Özbəkistanın Azərbaycanı
özünün strateji tərəfdaşı hesab etdiyini deyən
səfir ikitərəfli strateji əlaqələrin daha da
inkişafı üçün böyük potensialın
olduğunu diqqətə çatdırmışdır.
Azərbaycanın dinamik inkişafını
xüsusi qeyd edən diplomat ölkələrimiz arasında
siyasi, iqtisadi münasibətlərin, habelə mədəniyyət,
elm, təhsil sahəsində əməkdaşlığın
bundan sonra da dönmədən inkişaf edəcəyinə
ümidvar olduğunu demişdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı İ.Erqaşev demişdir ki, Özbəkistan Azərbaycanın
ərazi bütövlüyünü tanıyır və bu
siyasət dəyişməz olaraq qalacaqdır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev əlamətdar
gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin
təbrikini, özbək xalqına əmin-amanlıq və
firavanlıq arzularını çatdırmışdır. O
demişdir ki, Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin
dərin tarixi kökləri vardır.
Azərbaycan və Özbəkistan arasında
bütün sahələrdə əlaqələrin
inkişafından danışan Şahin Mustafayev dövlətlərimiz
arasında uğurlu əməkdaşlığın təməlinin
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulduğunu xatırlatmış, bu əlaqələrin
respublikalarımızın ölkə prezidentləri tərəfindən
uğurla davam etdirildiyini bildirmişdir.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin
ötən ilin sentyabrında Özbəkistana rəsmi səfərini
xatırladaraq bildirmişdir ki, yüksək səviyyəli
qarşılıqlı səfərlər və
imzalanmış çoxsaylı sənədlər ölkələrimiz
arasında münasibətlərin inkişafına təkan
verir. Vurğulamışdır ki, ölkələrimiz
arasında indiyədək 100-dək sənəd
imzalanmışdır. Özbəkistan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində
ölkəmizin ədalətli mövqeyini hər zaman dəstəkləmişdir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
AzərTAc
Xalq qəzeti.- 2011.-6 sentyabr.- S. 2.