Düşünülmüş,
sürətli və davamlı inkişaf
Müstəqil
dövlət olaraq Azərbaycanın davamlı
inkişafını şərtləndirən əsas amillərdən
biri də ölkədə ərzaq təhlükəsizliyinə
nail olunması istiqamətində mühüm nailiyyətlər
əldə olunmasıdır. Hazırda dünya
iqtisadiyyatında cərəyan edən proseslərin ümumi təhlili
göstərir ki, ərzaq təhlükəsizliyi getdikcə
daha ciddi xarakter daşıyan bir məsələyə
çevrilib. Birləşmiş Millətlər Təşkilatının
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə
ərzaq istehsalının illik artımı 30 milyon ton,
1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə,
2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində
olacaq. Qarşıdakı 20 il ərzində əhali
artımı ilə müqayisədə ərzaq istehsalının ötən
dövrlərə nisbətən azalması bir daha qida təhlükəsizliyinin
təmin olunmasının növbəti illərdə nə dərəcədə
zəruri xarakter daşıyacağını əyani təsəvvür
etməyə imkan verir.
Etibarlı
ərzaq təminatı həm də hər bir ölkənin
iqtisadi sabitliyinin və sosial
dayanıqlılığının başlıca şərti,
dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən
iqtisadi təhlükəsizliyinin mühüm atributlarından
və komponentlərindən biridir. Bu səbəbdən cəmiyyətin
hər bir üzvünün əsas ərzaq məhsullarına
olan tələbatının tam ödənilməsi
üçün davamlı olaraq müvafiq tədbirlərin həyata
keçirilməsi vacib şərtlərdən biridir. Ərzaq
təhlükəsizliyi anlayışı altında müvafiq
ehtiyatlar, potensial və zəmanətlərlə təmin
olunmuş dövlətin qəbul edilmiş norma və
standartlara uyğun olan həcmdə, keyfiyyətdə və
çeşiddə əhalinin ərzaq məhsullarına olan
ehtiyacını ödəyə bilmək qabiliyyəti nəzərdə
tutulur. Sosial-iqtisadi aspektdə ərzaq təhlükəsizliyi
tələbatı təmin etmək qabiliyyətini,
siyasi-iqtisadi prizmadan yanaşıldıqda isə bu tələbatları
təmin etmək üçün ölkənin daxili ehtiyatları
və aqrar sənaye potensialını səfərbərliyə
almaq qabiliyyətini özündə ehtiva edir. Bununla yanaşı, ərzaq təhlükəsizliyini
həm daxili, həm də xarici təhlükələrlə
bağlamaq lazımdır. Bu zaman daxili amillərin təsir
miqyası xarici amillərdən daha çoxdur. Belə ki,
keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin
əvvəlində bütövlükdə Azərbaycan
iqtisadiyyatının, xüsusilə aqrar-sənaye kompleksinin tənəzzülünə
gətirib çıxarmış səriştəsiz idarə
olunmanı deyilənlərə əyani misal göstərmək
olar. Lakin keçən əsrin 90-cı illərinin
ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Müstəqil Dövlətlər Birliyi məkanında
analoqu olmayan torpaq islahatlarının ölkəmizdə həyata
keçirilməsi, kənd təsərrüfatı
istehsalçılarına yardım mexanizmlərinin
formalaşdırılması, beynəlxalq təşkilatlarla
birlikdə bu sahədə əhəmiyyətli layihələrin
icrasına başlanması və bu qəbildən olan digər
tədbirlər ərzaq təhlükəsizliyi sferasında
daxili amillərin təsir miqyasının yalnız müsbət
müstəvidə cərəyan etməsini şərtləndirdi.
1996-cı
ildən beynəlxalq təşkilatlarla birgə həyata
keçirilməsinə başlanan ərzaq proqramı kənd
təsərrüfatının davamlı inkişafı və
yoxsulluğun azaldılması ilə birgə ərzaq təhlükəsizliyinin
uzunmüddətli təkmilləşdirilməsinə yönəldi.
Bunun ardınca qanunvericilik sahəsində atılan yeni
addımlar ərzaq təhlükəsizliyinin təminatı
istiqamətində növbəti tədbirlərdən oldu. Bu
xüsusda 1999-cu ildə qəbul edilmiş "Yeyinti məhsulları
haqqında" Azərbaycan Respublikasının Qanunu
ayrıca qeyd edilməlidir. Həmin qanuna uyğun olaraq əhalinin
ərzaq təhlükəsizliyinin təmin edilməsində
dövlətin yerinə yetirəcəyi vəzifələrdən
biri ərzaq və xammal kimi istifadə edilən yeyinti məhsullarının
istehsalı və istifadəsi üzrə balansların
hazırlanması və əhalinin yeyinti məhsulları ilə
təminatını proqnozlaşdırmaqdan ibarət idi. Bu,
ölkənin ərzaq təhlükəsizliyinin təminatı
sahəsində görüləcək işlərin həcminin,
sərf ediləcək əmək və vəsaitin əvvəlcədən
müəyyən olunması baxımından zəruri əhəmiyyət
kəsb edirdi. Ərzaq balanslarının işlənməsini
təmin etmək məqsədilə Milli Məclis tərəfindən
"Yeyinti məhsulları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə 2008-ci il 30 dekabr tarixdə qanun qəbul edilib və
onun tətbiq edilməsinə dair Prezident İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb.
2001-ci
ildə isə ulu öndər Heydər Əliyevin sərəncamı
ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi
Proqramı"nın təsdiq edilməsi göstərilən
sahə üzrə yeni nailiyyətlərin əldə
olunmasına mühüm töhfə verdi. Məhz həmin
proqram çərçivəsində görülmüş
işlər nəticəsində kənd təsərrüfatı
və ərzaq məhsullarının istehsalı əhəmiyyətli
dərəcədə artmağa başladı. Bununla
yanaşı, "2003-2005-ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi
inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığın
inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci
illər)", "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)" və digər qəbul
olunmuş sənədlərdən irəli gələn vəzifələrin
yerinə yetirilməsi, o cümlədən fermerlərə
maliyyə və texniki dəstəyin göstərilməsi,
sahibkarlığın inkişafı, regionlarda infrastruktur
layihələrinin həyata keçirilməsi əhalinin
istehlakında yerli məhsulların xüsusi çəkisinin
artmasının təmin edilməsində vacib rol oynadı.
Prezident
İlham Əliyevin 1 may 2008-ci il tarixdə "Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramının
hazırlanması haqqında" sərəncamı ərzaq
təhlükəsizliyinin təminatı məsələsində
yeni bir mərhələnin başlanmasına start verdi. Eyni
zamanda dövlət başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı
ilə təsdiqlənmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı" isə
ərzaq təhlükəsizliyi sahəsində ən əsas
və aparıcı addımlardan biri oldu. Dövlət
proqramının əsas məqsədi ölkənin hər
bir vətəndaşının sağlam və məhsuldar həyat
tərzi üçün qəbul edilmiş normalara uyğun ərzaq
məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır.
Bu məqsədə çatmaq üçün dövlət
proqramı çərçivəsində
aşağıdakı vəzifələrin yerinə yetirilməsi
nəzərdə tutulur: ölkədə ərzaq məhsulları
istehsalını artırmaq; əhalini təhlükəsiz və
keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək;
ərzaq təminatı sahəsində risklərin idarə
olunmasını təmin etmək; ərzaq təminatı
sisteminin institusional inkişafını həyata keçirmək
və sahibkarlıq mühitini yaxşılaşdırmaq. Qeyd
olunan vəzifələrin yerinə yetirilməsi
üçün bu sahədə həyata keçirilən və
keçiriləcək tədbirlər ölkədə sabit və
adekvat ərzaq təklifinin formalaşdırılmasına, səmərəli
istehsal və satış infrastrukturunun yaradılmasına, ərzaq
məhsullarının keyfiyyətinə nəzarət
sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın
ərzaq məhsullarına çıxışının təmin
olunmasına yönəldilməkdədir. Dövlət proqramının
icrası ərzində ölkədə əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Tədbirlər Planı
da təsdiqlənib.
Araşdırmalar
göstərir ik, 2001-ci ildən başlayaraq son 10 ildə
dövlətin dəstəyi sayəsində qəbul olunan
dövlət proqramlarının icrası nəticəsində
əhalinin ərzaq məhsulları ilə yerli istehsal
hesabına təminatı 2008-ci ildən
yaxşılaşmağa başlayıb. Belə ki, 2001-ci ilə nisbətən 2010-cu
ildə kartof istehsalı 57 faiz, tərəvəz və bostan
istehsalı 33 faiz, meyvə istehsalı 47 faiz, şəkər
çuğunduru istehsalı 6,2 dəfə, ət istehsalı
(diri çəkidə) 2,1 dəfə, süd 1,4 dəfə,
yumurta istehsalı isə 2,1 dəfə artıb. Hava şəraitinin
əlverişsiz keçməsinə baxmayaraq taxıl 2010-cu
ildə 2001-ci il səviyyəsi qədər istehsal olunub. Azərbaycan
Respublikası Prezidentinin "Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında" 23 yanvar 2007-ci il tarixli 1907 nömrəli sərəncamının
icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və 16 noyabr
2007-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq
olunmuş "Qaydalar"a uyğun olaraq istehsalçılara
hər hektar əkin sahəsinin
və çoxillik əkmələrin becərilməsində
istifadə etdikləri yanacaq və motor yağlarına görə
40 manat, habelə hər hektar buğda və çəltik səpininə
görə dövlət büdcəsinin vəsaiti hesabına
əlavə olaraq 40 manat məbləğində
yardımın verilməsi
2007-ci ildən başlayaraq davam etdirilməkdədir.
Ümumilikdə,
2007-2010-cu illər ərzində kənd təsərrüfatı
məhsullarının istehsalçılarına əkin sahəsinin
və çoxillik əkmələrin becərilməsində
sərf olunan yanacağa, habelə buğda və çəltik
səpininə görə dövlət büdcəsinin vəsaiti
hesabına 284,1 milyon manat, o cümlədən 2010-cu ildə
55,5 milyon manat məbləğində subsidiya verilib. Bu istiqamətdə
2011-ci ilin məhsulu üçün 57 rayon üzrə buğda və çəltik istehsalçılarına dövlət büdcəsinin vəsaiti
hesabına 23,5 milyon manat subsidiya verilməsi nəzərdə
tutulub. İstehsalçılara
yardımın ödənilməsi üçün sənədlər
və Respublika Komissiyasında müvafiq qərarlar qəbul
edilib. Bununla yanaşı istehsalçılara mineral gübrələrin
50 və 70 faiz güzəştlə satılması
hesabına 2007-2010-cu illərdə 40,1 milyon manat subsidiya
verilib. I və II reproduksiyalı toxumlara və tinglərə görə 2007-2010-cu illərdə
15,1 milyon manat subsidiya ödənilib.
Kənd
təsərrüfatının belə sürətlə
inkişafında 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı
ilə yaradılan "Aqrolizinq" ASC-nin də xüsusi rolu
olub. Ümumiyyətlə, aparılan aqrar islahatlar nəticəsində
son illər kənd təsərrüfatı sürətlə
inkişaf etmiş və müvafiq olaraq adambaşına
düşən ərzaq məhsullarının istehsalı
xeyli artıb və artmaqdadır. Həyata keçirilən tədbirlər
bir çox sahələrdə olduğu kimi, bitkiçilik məhsullarının
istehsalının strukturunda da müəyyən dəyişikliklərə
səbəb olub və bu, ilk növbədə, ölkənin əkin
strukturuna təsir edərək onun daxili və xarici bazarın
tələblərinə uyğun formalaşmasına imkan
verib. Artıq Azərbaycan bir sıra kənd təsərrüfatı
məhsullarının ixracatçısı kimi
çıxış edir. İstehsal olunmuş məhsulların
emalı, saxlanılması və satışının təşkili
mühüm məsələlərdən biridir və bu
istiqamətdə dövlət tərəfindən
mühüm addımlar atılır.
2010-cu
il ərzində isə əlverişsiz iqlim şəraiti və
təbii fəlakətlərlə bağlı dənli bitkilərin
istehsalının azalmasına baxmayaraq, intensiv metodların tətbiqinin
stimullaşdırılması və kompleks dövlət dəstəyi
tədbirləri nəticəsində kənd təsərrüfatının
digər sahələrində artım davam edib. Ölkəmiz
bir sıra əsas ərzaq məhsulları ilə
özünü təmin edərək, buğdanın qiymət
artımının mənfi təsirinin azaldılması məqsədilə
Dövlət Taxıl Fonduna tədarük olunan taxılın
həcmi 500 min tonadək artırılıb. Ümumiyyətlə,
2010-cu il ərzində kənd təsərrüfatında
heyvandarlıq məhsulları 6,1 faiz, pambıq istehsalı 17
faiz, tütün istehsalı 23,1 faiz, şəkər
çuğunduru istehsalı 33,6 faiz, yaşıl çay
yarpağı 22 faiz, meyvə və giləmeyvə 1,5 faiz,
bostan məhsulları 5,5 faiz artıb. Həmçinin ölkə
regionlarında 13 taxıl, 1 yem, 15 meyvə-tərəvəz,
3 quşçuluq, heyvandarlıq, soyuducu anbar kompleksləri, 4
emal müəssisəsi, 2 istixana, intensiv
bağçılıq, tingçilik, Azərtoxum kimi müəssisələr
istifadəyə verilmişdir. 4 taxıl, 10 meyvə-tərəvəz
soyuducu anbar kompleksinin, 4 heyvandarlıq kompleksinin (ümumi 4200
baş, Salyan, Ağdaş, Ağcabədi), quşçuluq
müəssisələri (9 ədəd, 60 milyon damazlıq
yumurta, 15 min ton ət, Abşeron, Xızı, Salyan, Cəlilabad,
İsmayıllı), kənd təsərrüfatı məhsullarının
emalı (13 layihə - Tovuz, Biləsuvar, Kürdəmir,
Abşeron, İsmayıllı, Xaçmaz, Quba, Daşkəsən,
İmişli, Göyçay, Lənkəran, Şabran),
istixanalar (7 ədəd - Abşeron, Xaçmaz, Şəmkir,
Sumqayıt), qablaşdırma müəssisələri (5 ədəd
- Xaçmaz, Salyan, Abşeron), intensiv
bağçılıq, tingçilik (3 ədəd -
Abşeron, Qusar, Şamaxı), 2 emal müəssisəsinin (Lənkəran,
Qazax) tikintisi 2010-cu ildə davam etdirilib.
Sənayenin yüksəlişi və
infrastrukturun yenilənməsi prioritet məqamlar
sırasındadır
Ölkəmizdə
sənayeləşmənin və zəruri infrastrukturun
yaradılması, bu və digər sahələrə
investiyaların cəlbi siyasəti də uğurla davam
etdirilir. Birmənalı şəkildə qəbul edilmiş həqiqətdir
ki, müstəqillik dövründə sənayenin
inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Xüsusən də
1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"
neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə
böyük təkan verdi.
Özü də Azərbaycanda təkcə hasilat yox, emal sənayesinin
də ümumi iqtisadiyyatda payı əhəmiyyətli dərəcədə
artmağa başladı. Bunun nəticəsi olaraq neft və
qaz sektoru ilə yanaşı kimya, maşınqayrıma, qara
və əlvan metallurgiya, sement və başqa tikinti
materialları, ağac və kağız məhsulları sənayesi
sahələrində məcmu istehsal çoxaldı.
Yüngül və yeyinti sənaye məhsullarının
ölkə daxilində istehsalında mühüm nailiyyətlər
əldə olundu. Digər tərəfdən, sənaye ilə
bağlı sahələrin inkişafı da bu dövrdə
özünü qabarıq şəkildə büruzə verməyə
başladı. Sənayenin belə inkişafı Azərbaycanda
ümumi daxili məhsulun artımında əhəmiyyətli
rol oynamaqla yanaşı, işsizlik probleminin aradan
qaldırılmasına, əhalinin məşğulluq səviyyəsinin
yüksəlməsinə də öz töhfəsini verdi.
Ulu
öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin
həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində
ölkəmizdə sənaye özünün yüksəliş
mərhələsini yaşamaqda davam edir. Bu gün ölkəmizdə
energetika ilə yanaşı, kimya, maşınqayırma,
metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələri
də Azərbaycanda böyük sürətlə inkişaf
etməkdədir. Konkret strategiya və proqramlarla müəyyən
olunan bu inkişaf ümumi iqtisadiyyatda sənayenin çəkisinin
artmasına əhəmiyyətli təsir göstərir. Bunun
nəticəsidir ki, son illərdə ölkəmizdə kassa
aparatlarının, mikrokalkulyatorların, telefon
aparatlarının, məişət elektrik cihazlarının,
plastik qapı və pəncərə bloklarının, neftin
nəqli üçün xüsusi boruların və digər
məhsulların istehsalı mənimsənilib, əvvəllər
xarici ölkələrdən idxal olunan bir çox malların
müəyyən qismi artıq Azərbaycanda istehsal
olunmağa başlanıb. Həyata keçirilən
"açıq qapı" siyasətinin nəticəsində
isə sənayedə xarici və müştərək müəssisələrin
sayı əhəmiyyətli dərəcədə artıb, bu sahədə on minlərlə
yeni iş yerləri açılıb.
2010-cu
ildə ölkədə sənayeləşmə siyasəti
davam etdirilib, yeni və müasir texnologiyalara əsaslanan
elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd
təsərrüfatı məhsullarının emalı,
tikinti materiallarının istehsalı da daxil olmaqla, il ərzində
60 sənaye müəssisəsinin istifadəyə verilməsi
və 80-dən çox sənaye müəssisəsinin
tikintisinin davam etdirilməsi, eləcə də kosmik sənayenin
yaradılması və 2012-ci ildə Azərbaycanın ilk
peykinin orbitə çıxarılması istiqamətində
görülən işlər ölkənin sənaye
potensialını genişləndirib və qeyri-neft sektorunun
davamlı inkişafına zəmin yaradıb. 2010-cu ildə bu
sahədə xeyli sayda müəssisə istifadəyə
verilib ki, buna misal olaraq Sumqayıtda Elektron cihazlar, Yüksək
gərginlikli elektrik avadanlıqları, Naxçıvan
avtomobil, Hökməli qəsəbəsində Ağac
emalı, Lənkəran konserv, Masazır Duz, "Azərsun"
Holdinqin Konserv, Gədəbəydə Qızıl
zavodlarını, Salyanda Plastik Kütlə Emalı ASC, Lənkəranda
"Gilan Tea" çay fabriki, quşçuluq təsərrüfatları,
süd emalı zavodlarını, qida müəssisələrini
göstərmək olar. Bununla yanaşı, keçən il
bir çox müəssisənin tikintisi davam etdirilmişdir.
Qazax Sement Zavodu, Qazobeton blokların istehsalı (Abşeron
rayonu), Bentonit gili istehsalı (Qazax), kafel, metlax və bordyur
istehsalı (Hacıqabul), kərpic zavodu (Neftçala), yağ
və marqarin istehsalı zavodu (Sumqayıt), ət məhsulları
istehsal kompleksi (Abşeron), konserv zavodları ("Lənkəran","Qafqaz",
"SAF" və s.), metaləritmə zavodu (Sumqayıt), Gəncədə
illik istehsal gücü 100 min ton olan Alüminium zavodu, Bərk
məişət tullantılarının yandırılması
zavodu, Gəmiqayırma zavodu və digərləri bu qəbildəndir
Bununla
belə qeyri-neft sektorunun, o cümlədən neftdən
asılı olmayan sənayenin daha da inkişafı
üçün ölkədə aşağıdakı tədbirlər
həyata keçirilir: restrukturizasiya və özəlləşdirmə
prosesinin sürətləndirilməsi; satış bazarı
olan və yenidən qurulması iqtisadi cəhətdən məqsədəuyğun
sayılan sənaye müəssisələrinin fəaliyyətinin
bərpası ilə bağlı tədbirlərin həyata
keçirilməsinin davam etdirilməsi; müasir texnologiyalara əsaslanan
sənaye müəssisələrində beynəlxalq
standartların tətbiqinə keçidin sürətləndiriməsi;
azad rəqabət mühitinin inkişaf etdirilməsi;
investisiyaların təşviqi ilə bağlı tədbirlərin
həyata keçirilməsinin sürətləndirilməsi; ənənəvi
milli sənətkarlıq sahələrinin inkişafı; elm
tutumlu istehsalın inkişaf etdirilməsi məqsədilə
tətbiqi elmlərin, müasir şəraitdə bazar
konyunkturunun tələblərinə uyğun elmi-tətqiqat
institutlarının maddi-texniki bazasının gücləndirilməsi.
Həmçinin
ölkəmizdə sənaye sektorunun inkişaf etdirilməsində
əsas məqsəd respublikada elmtutumlu və yüksək
texnologiyalı, rəqabətədavamlı və
ixracyönümlü, dünya standartlarına cavab verən sənaye
məhsullarının istehsal edilməsinə dövlət dəstəyi
tədbirlərinin genişləndirilməsi, sənaye
kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi,
investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi
və artırılması, təbii sərvətlərin və
əmək resurslarının səfərbər edilməsinə
nail olmaqdan ibarətdir.
Sənaye
sektorunda qarşıya qoyulan əsas məqsədlərə
nail olmaq üçün aşağıdakı tədbirlər
həyata keçirilir: sənayenin qeyri-neft sektorunun inkişaf
istiqamətlərinin müəyyənləşdirilməsi; sənaye
strukturunun seçilmiş inkişaf istiqamətlərinə
uyğun olaraq yenidən qurulması və onun investisiya tələblərinə
uyğunlaşdırılması; dövlət mülkiyyətində
olan və ya səhmlərin nəzarət zərfi dövlətə
məxsus olan sənaye müəssisələrinin
sağlamlaşdırılması;
istehsalın texnoloji cəhətdən yenidən
qurulması; investisiya mənbələrinin və
resurslarının müəyyənləşdirilməsi və
artırılması; güzəştli büdcə vəsaiti
hesabına sənayenin inkişafının dəstəklənməsi;
vergi və gömrük siyasətinin təkmilləşdirilməsi,
ixracın dəstəklənməsi və daxili bazarın
qorunması; ixtisaslı işçi qüvvəsinin
hazırlanması; sənaye şəhərciyinin
yaradılması ilə rəqabətədavamlı sənaye
məhsullarının istehsalının dəstəklənməsi
və ixracyönümlü istehsalların
yaradılmasının təşviqi və bu sahədə
regional və dünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi
və dünyada mövcud olan elmi texniki innovasiya proseslərinə
qatılması.
Bununla
yanaşı, ölkəmizdə dinamik iqtisadi inkişafı
təmin edən zəruri infrastruktur yaradılıb. Azərbaycanın
iqtisadi qüdrətinin yüksəlməsi fonunda infrastrukturun
yenilənməsi və yenilərinin yaradılması prosesinə
də ölkəmizdə daim xüsusi diqqət yetirilir. Daha
bir təqdirəlayiq məqam ondan ibarətdir ki, ümumi
inkişafa, sosial rifaha, əhalinin həyat şəraitinin
yaxşılaşmasına xidmət edən layihələrin
icrası məqsədilə Azərbaycanın yetərli
resursları mövcuddur. Bunun üçün ölkəmiz nə
xarici maliyyə, nə də texniki yardımlara ehtiyac duyur.
2010-cu ilin dekabr ayının 28-də Azərbaycanda ən
böyük infrastruktur layihələrdən biri olan Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsi də bunun real təsdiqi
oldu. Bakı-Tbilisi-Ceyhan kimi nəhəng bir layihə ilə
müqayisə olunan Oğuz-Qəbələ-Bakı su kəmərinin
ərsəyə gəlməsi yalnız Azərbaycanın
öz imkanları hesabına reallaşdı. Digər belə
iri infrastruktur layihələrinə Bakı-Tbilisi-Ərzurum,
Bakı-Supsa, Şimal, Cənub, Qərb nəqliyyat dəhlizləri,
yol qovşaqları, Bakı-Axalkalaki-Qars dəmir yolu, Bakı
Dəniz Ticarət Limanı, Kür boyu əhalinin içməli
su təminatı, Samur-Abşeron su kanalı, Bərk məişət
tullantılarının yandırılması zavodu, turizm
infrastrukturu (Qusar), Şəmkir çay dəryaçası,
Tovuzçay su anbarı, Cənub Elektrik Stansiyası
(Şirvan), Biləv (Ordubad) SES-i misal göstərmək olar.
Azərbaycan fəal investisiya siyasəti
həyata keçirir
Bu gün sürətli sosial-iqtisadi inkişaf göstəricilərinə
malik Azərbaycan qazandığı nailiyyətlərin
miqyasını mütəmadi olaraq genişləndirməkdə,
yeni uğurların müəllifi kimi çıxış
etməkdədir. Artıq dinamik sosial-iqtisadi tərəqqi
sahəsində öz modelini yaradan Azərbaycan
üçün əsas fərqləndirici xüsusiyyətlərdən
biri bu inkişafın davamlı xarakter daşıması,
möhkəm özüllər üzərində
qurulmasıdır. Həyata keçirilən və
sosialyönümlü problemlərin kompleks həllinə
geniş imkanlar açan məqsədyönlü siyasət, səmərəli
islahatlar ölkəmizdə müşahidə olunan iqtisadi
inkişafın sürətləndirilməsinə xidmət
etməklə yanaşı, dünya miqyasında Azərbaycanın
mövqelərinin daha da möhkəmlənməsində, beynəlxalq
hüququn daha güclü
müstəqil subyekti kimi çıxış etməsində
mühüm rol oynayır.
Bütün bunlar onu göstərir ki, iqtisadi sahədə
keçid dövrünü uğurla başa vurduqdan sonra Azərbaycan
həm də yeni şəraitə uyğun olaraq
iqtisadiyyatının daha güclü hala gəlməsini təmin
edir, qarşıya qoyulan əsas hədəf kimi inkişaf
etmiş ölkələr sırasına daxil olmaq istiqamətində
sürətlə irəliləyir. Ölkə
iqtisadiyyatının artım səviyyəsinin daha
böyük sürətlə, yüksələn xətt
üzrə inkişafında önəmli rol oynayan məqamlardan
biri də ölkəmizin bir çox əsas xarici ticarət tərəfdaşlarının
qlobal maliyyə böhranının fəsadlarını tədricən
aradan qaldırması fonunda onlarla aparılan və
iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən
əməliyyatların həcminin çoxalmasıdır.
Belə vəziyyət Azərbaycanın beynəlxalq
miqyasda mövqelərinin daha da güclənməsinə xidmət
etməklə yanaşı, onun iqtisadi artım tempinə
görə yenə dünyada lider mövqelərdən birinin
sahibi kimi çıxış edəcəyini deməyə əsas
verir.
Bu gün Azərbaycan iqtisadi cəhətdən
özünü təmin edən ölkələrdən
biridir və ərazi bütövlüyünün
pozulmasına, təcavüzə məruz qalmasına, 1
milyondan artıq qaçqın və məcburi
köçkününün olmasına baxmayaraq hər
hansı xarici yardıma ehtiyac duymur. Əksinə, ölkəmiz
tədricən donor dövlətə, beynəlxalq miqyasda
aparıcı investorlardan birinə çevrilməkdədir.
Eləcə də ölkədə yaradılan əlverişli
investisiya mühiti xarici sərmayədarların Azərbaycana
böyük maraq göstərməsini şərtləndirən
əsas amillərdən biri olaraq qalmaqda davam edir. Hətta Azərbaycan investisya cəlbi
baxımından dünya miqyasında nümunəvi bir
dövlət rolunu da oynamaqdadır.
Aparılan
hesablamalar göstərir ki, 2010-cu il ərzində ölkə
iqtisadiyyatına 15,5 milyard dollar vəsait
qoyulub və investisiyaların strukturu rəngarəng olub. Son illərdə olduğu kimi, yenə daxili investisiyalar
xarici sərmayələri üstələyib. Bu isə onu
göstərir ki, həm dövlət tərəfindən, həm
özəl sektor tərəfindən ölkə
iqtisadiyyatına böyük məbləğdə
investisiyalar qoyulur. Daha bir mühüm hal ondan
ibarətdir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektoru ilə
müqayisədə daha artıqdır. Belə ki, 2010-cu
ildə iqtisadiyyata yatırılan 15,5
milyard dollar vəsaitin 9,3 milyard dolları qeyri-neft sektoruna
qoyulan sərmayədir. 1995-2010-cu illər ərzində
isə Azərbaycan iqtisadiyyatına təxminən 100 milyard
dollar həcmində investisya qoyulub və bunun da demək olar
ki, yarısını xarici sərmayələr təşkil
edir.
Bu gün beynəlxalq miqyasda da açıq etiraf olunur
ki, Azərbaycanda kifayət qədər əlverişli
investisiya mühiti mövcuddur. Hələ 1995-ci ildə
respublikamızda investisiya mühitinin daha da
yaxşılaşdırılması məqsədilə
"İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanunu imzalanaraq qüvvəyə mindi.
Məhz bu qanunla Azərbaycan ərazisində
investisiya fəaliyyətinin ümumi sosial, iqtisadi və
hüquqi şərtləri müəyyənləşdirildi,
mülkiyyət formasından asılı olmayaraq bütün
investorların hüquqlarının bərabər müdafiəsinə
təminat verildi. İqtisadiyyata investisiyaların cəlb
olunması məqsədilə hökumət tərəfindən
həyata keçirilən "açıq qapı" siyasəti
isə xarici sərmayələrin, müasir texnologiyaların,
dünya idarəetmə təcrübəsinin ölkə
iqtisadiyyatına cəlb edilməsində indi də
mühüm rol oynayır. Xarici investorların Azərbaycana gəlişini
stimullaşdırmaq məqsədilə onlara qanunvericilikdə
nəzərdə tutulanlarla yanaşı, əlavə
hüquqi təminatlar da verilir: investisiyalar həyata
keçirilən zaman mövcud olan qanun 10 il
ərzində qüvvədə olacaq; investisiyaların milliləşməsinə
(millətin və dövlətin maraqlarına zidd olan hallar
istisna olmaqla) və rekvizisiyasına (təbii fəlakətlər,
epidemiyalar və fövqəladə hallar istisna olmaqla)
qarşı. Milliləşmə ya rekvizisiya həyata
keçirilsə, zərərçəkmiş xarici
investorlar təcili və adekvat kompensasiya ilə təmin
olunurlar: dövlət
orqanları tərəfindən keçirilmiş qeyri-qanuni tədbirlər
nəticəsində zərərçəkmiş xarici
investorlara kompensasiya ödənilir; vergilərin ödənilməsindən
sonra əldə olunan gəlirin azad repatriasiyası.
Azərbaycan
Prezidentinin "İnvestisiya fəaliyyətinin genişləndirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında" 2006-cı il 30 mart tarixli sərəncamına əsasən
yaradılan "Azərbaycan İnvestisiya Şirkəti"
ASC həm dövlətin, həm də özəl müəssisələrin
payçısı kimi çıxış edərək
ölkənin investisiya fəaliyyətinin genişlənməsində
mühüm rol oynayır. Şirkətin fəaliyyətinin
prioritet istiqamətlərindən biri Azərbaycan müəssisələrinin
ixracyönümlü və idxalın əvəzləşdirilməsinə
yönəlmiş layihələrində iştirak və həmin
layihələrə yerli və ya xarici investorların cəlb
edilməsidir.
Hazırda Azərbaycanın malik olduğu iqtisadi potensial
bu sahədə imkanların təkcə ölkə daxilində
yox, həm də xaricdə uğurla
reallaşdırılması istiqamətində müvafiq
işlər görülməsinə zəmin yaradır. Bunun nəticəsidir
ki, ölkəmizin sərhədlərindən kənarda Azərbaycana
məxsus investisiyaların həcmi artmaqda, müxtəlif
xarici dövlətlərdə yenə də əsas etibarı
ilə Azərbaycan kapitalı əsasında fəaliyyət
göstərən iqtisadi obyektlərin sayı
çoxalmaqdadır. Qarşıdakı
dövr ərzində ölkəmizin investisiya qüdrətinin
artacağı isə ən nüfuzlu beynəlxalq təşkilatlar
tərəfindən də etiraf edilir. Məsələn,
Dünya Bankının proqnozlarına görə, ortamüddətli
perspektivdə Azərbaycan xalis xarici investora çevriləcək.
Buna şərait yaradan əsas amillərdən
biri ölkəmizin həm böyük valyuta ehtiyatlarına
malik olması, həm də xarici investisiyaların
yatırımına daha böyük diqqət yetirməsidir.
Azərbaycanın
strateji valyuta ehtiyatları 2010-cu ilin əvvəli ilə
müqayisədə 50 faiz artaraq 2010-cu ilin sonunda 29,1 milyard dollara çatıb və bu da ölkənin
dayanıqlı inkişafına möhkəm zəmanətdir.
Valyuta ehtiyatlarının miqdarı ÜDM-ə
nisbətdə 60 faizdən çoxdur və dünyanın ən
çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu
göstərici Azərbaycandan aşağıdır. Strateji valyuta ehtiyatlarının səmərəli
istifadəsinin təmin olunması fonunda ölkəmizdə
konservativ xarici borclanma strategiyası həyata keçirilir.
Azərbaycanın iqtisadiyyatı daha dinamik inkişaf edən,
maliyyə mövqeyi kifayət qədər güclü bir
dövlət qismində çıxış etməsi
nüfuzlu beynəlxalq reytinq agentlikləri, maliyyə
institutları tərəfindən də etiraf olunur. Məsələn,
tanınmış "Standard & Poor''s" Beynəlxalq
Reytinq Agentliyi 2010-cu ilin sonlarında Azərbaycanın
"BB+B" uzunmüddətli və qısamüddətli
suveren kredit reytinqlərini təsdiq edib. Agentliyin
məlumatında bununla bağlı verilən proqnozun
"pozitiv" olduğu vurğulanır. Valyuta
köçürməsi və konvertasiyası riski
"BBB-" səviyyəsində qalır. Bütün bunlar Azərbaycanın iqtisadi sahədə
hər keçən gün daha da qüdrətli bir ölkəyə
çevrildiyini göstərməklə yanaşı, onun beynəlxalq
miqyasda mövqelərini də durmadan gücləndirir. Belə vəziyyət dünyanın siyasi səhnəsində
də Azərbaycanın nüfuz çəkisinin daim
artmasında mühüm rol oynamaqla ölkəmizin beynəlxalq
miqyasda aparıcı söz sahiblərindən biri kimi
çıxış etməsinə gətirib
çıxarır.
Beləliklə,
1993-cü ildən etibarən Azərbaycanın keçdiyi
inkişaf yolu ölkəmizin tarix üçün kifayət
qədər qısa zaman kəsiyində böyük bir tərəqqi
məsafəsini qət etdiyini, qazandığı
sosial-iqtisadi nailiyyətlərlə və bu sahədə
nümayiş etdirdiyi artım tempilə nəinki mövcud
olduğu regionda, həm də dünya coğrafiyasında
lider mövqelərdən birinə yüksəldiyini göstərir.
Artıq sosial-iqtisadi inkişaf sahəsində özünəməxsus
uğurlu modelin əsasını qoymuş Azərbaycan
üçün əsas fərqləndirici xüsusiyyətlərdən
biri sözügedən sferada yaşanan tərəqqinin dinamik və
davamlı xarakter daşıması, kifayət qədər
möhkəm özüllər üzərində
qurulmasıdır. Bu, qarşıdakı
dövr ərzində Azərbaycanın qət edəcəyi
iqtisadi tərəqqi yolunun yenə möhtəşəm
uğurlarla müşayiət olunacağını, ölkəmizin
daha böyük nailiyyətlərə imza atacağını
şərtləndirir.
(ardı var)
Azərbaycan.-
2011.- 6 sentyabr.- S. 3.