Məqsəd
dünyada yaxşı nə varsa Azərbaycana gətirməkdir
Prezident
İlham Əliyevin dünyada yaxşı nə varsa Azərbaycana
gətirmək, doğma yurdu sözün həqiqi mənasında
cənnətə döndərmək məqsədi
daşıyan təsəbbüsü ilə şəhər və
rayonların icra hakimiyyəti başçılarının
dünyanın inkişaf etmiş ölkələrinə səfərlərinin
təşkili artıq ənənə xarakteri
almışdır. Bu yaxınlarda bir qrup icra hakimiyyəti
başçısı Koreya Respublikasına səfərdən
qayıtmışdır. Əməkdaşımız səfər
iştirakçısı, Ağcabədi Rayon İcra Hakimiyyətinin
başçısı Şahin Məmmədovla
görüşüb onun səfər təəssüratlarını
öyrənmişdir.
-
Dövlət başçısı belə bir faydalı təşəbbüs
irəli sürərkən həm də qarşıya ciddi tələb
qoyur ki, dünyada yaxşı nə varsa
çalışıb onu Azərbaycana gətirməliyik. Elə
etməliyik ki, gördüyümüz abadlıq, quruculuq
işləri tarixi ənənələri yaşatmaqla
yanaşı, mənəvi dəyərlərimizi, milli
memarlığımızı özündə əks etdirsin,
göz oxşasın. Bunun üçün dünyanın
inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübəsi
vardır. Gedib görmək, yaxşı, gözəl
nümunələri götürüb şəhərlərimizi, kəndlərimizi
yenidən qurarkən onları yaradıcılıqla tətbiq
etmək lazımdır.
Prezidentin
təşəbbüsü ilə şəhər və
rayonların icra hakimiyyəti başçıları
dünyanın inkişaf etmiş ölkələrinə səfərlər
edirlər. Belə səfərlər çərçivəsində
bundan əvvəl İtaliyada və Fransada olmuşam. Hər
iki dövlət Avropanın aparıcı ölkələrindəndir.
Bu ölkələrdə maraqlı bir müşahidə
apardım. Belə ki, diqqət çəkən möhtəşəm
abadlıq-quruculuq işlərinin tarixi əsasən XX əsrə
təsadüf edir. Son 20 ildə bu ölkələrdə
aparılan tikinti, quruculuq işlərinin həcmini Azərbaycanda
görülən işlərlə müqayisə etsək,
xeyrimizə böyuk fərq yaranar.
Builki səfər isə Koreya Respublikasına idi. Culfa, Tərtər, Bərdə,
Binəqədi, Nəsimi, Xəzər və Yasamal rayonları
icra hakimiyyəti başçılarının qatıldığı
bu səfər zamanı maraqlı görüşlərin
iştirakçısı olduq. Qrupa rəhbərlik edən
Prezident Administrasiyasi Regional idarəetmə və yerli
özünu idarəetmə orqanları ilə iş
şöbəsinin baş məsləhətçisi
Tağı Tağıyevin yüksək təşkilatçılıq
bacarığı səfərin uğurlu keçməsində
az rol oynamadı. Bizim
üçün diqqət çəkən, qürur
doğuran əsas cəhət o idi ki, Azərbaycandan gəldiyimiz
üçün bizi hər yerdə xüsusi hörmət və
ehtiramla qarşılayırdılar. Belə
bir isti münasibətin mayasında Azərbaycan və Koreya
dostluğu dayanır. 2006-cı ilin
mayında Koreya Respublikasının Prezidenti Roh Mu-Hyun Azərbaycana
səfər etmişdir. Bir il sonra isə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Koreya Respublikasına rəsmi səfər etmiş, hər iki
ölkə arasında qarşılıqlı dostluq və
anlaşmanın etibarlı təməli qoyulmuşdur.
Koreyaya səfərimizin məqsədi məlum idi. Biz Asiya qitəsinin
inkişaf etmiş bu ölkəsində diqqət çəkən
yaxşı nümunələri öyrənməli, öz
rayonumuzda onun tətbiqi imkanlarını müəyyənləşdirməliydik.
Burada gördüklərimizə, müşahidələrimizə
keçməzdən əvvəl qeyd edək ki, yüksək
həyat səviyyəsi ilə tanınan bu ölkə Asiyada
dördüncü ən güclü iqtisadiyyata malikdir və
"Böyük 20-lər" qrupunun üzvüdür.
Koreya Respublikası hazırda 188-dən çox
ölkə ilə diplomatik əlaqə saxlayır. Bu ölkə yüksək inkişaf etmiş sənaye
və iqtisadiyyata malikdir. Dünyada gəmiqayırma,
polad emalı, avtomobil və elektrotexnika istehsalına görə
əsas yerlərdən birini tutur. Paytaxt
Seulda 10 milyon nəfərə yaxın əhalı
yaşayır. Pusan, Tequ, İncxon, Tecon, Kvancu və Ulsan
da ölkənin iri şəhərləri
sırasındadır. Koreya Çin ilə
Yaponiya arasında bir körpü olsa da, özünə xas
milli mədəniyyətini inamla inkişaf etdirir. Əhalinin 85 faizi şəhərlərdə
yaşayır. Ümumi əhalinin 62 faizi
xidmət sahələrində çalışır.
Bu maraqlı ölkədə ən çox diqqət
çəkən isə yaşıllıq sahələrinin
kifayət qədər çox olmasıdır. Koreyada
adambaşına 96-98 kvadratmetr yaşıllıq
düşür. Bunun çoxu süni
yolla salınmış meşələrdir. Ümumiyyətlə, orada boş torpaq sahəsi
görmək qeyri-mümkündür. Ən
kiçik sahədə belə nəsə əkib-becərirlər.
Əhalinin ən çox istifadə etdiyi ərzaq
isə tərəvəzdir. Ölkənin
başdan-başa yaşıllaşdırılmasına bir hərəkat
kimi ötən əsrin 60-cı illərindən
başlanmışdır. Bu istiqamətdə
həyata keçirilən genişmiqyaslı tədbirlərin
ürəkaçan, gözoxşayan nəticəsi ölkə
vətəndaşlarında qürur, qonaqlarda isə xoş
duyğular oyadır. Burada
yaşıllığa, gülə, çiçəyə o
dərəcədə böyük maraq var ki, hətta elektrik
dirəklərindən də dibçəklər
asılıb. Yeri gəlmişkən qeyd
edim ki, son illər Ağcabədidə yaşıllığa
artan maraq yaxşıya doğru ciddi dəyişikliklərə
səbəb olub. Park və xiyabanların,
küçə və meydanların həmişəyaşıl
ağacları, solmayan gülü-çiçəyi
payızda, qışda da baharı xatırladır. İndi Ağcabədidə də elektrik dirəklərindən
al-əlvan gül-çiçək dibçəkləri
asılıb. Bu, küçə və meydanların,
park və xiyabanların yaşıl fonunda çox gözəl
görünür.
Səfər müddətində Asan, Boryeonq, Suvon,
Seonqnam, Kvaçeon şəhərlərində və paytaxt
Seulda olduq.
Keçirilən çoxsaylı işgüzar
görüşlər bizə çox şey verdi.
Belə görüşlərdə biz
qarşı tərəfə respublikamızın bütün
bölgələrini əhatə edən sürətli,
davamlı və genişmiqyaslı sosial-iqtisadi
inkişafı, eyni zamanda Qarabağ problemi barədə məlumatlar
verir, milli mədəniyyətimizi özündə əks
etdirən suvenirlər hədiyyə edirdik. Dünyanın 70-dən artıq ölkəsinin
tanınmış heykəltəraşlarının əsərləri
toplanmış Qaehua parkı ilə tanışlıq
zamanı burada Azərbaycanın istedadlı heykəltərası
Ömər Eldarovun yaratdığı abidəni qürur hissi
ilə seyr etdik.
Ölkəmizin Koreya Respublikasındakı səfirliyinin
yüksək təşkilatçılıq
bacarığının nəticəsi idi ki, müxtəlif
şəhərlərdə keçirilən görüşlər
bir-birini təkrarlamayan ayrı-ayrı maraqlı və aktual
mövzulara həsr olunmuşdu. Seonqnam şəhərində
keçirilən görüşdə "Səhərin
yaşıllaşdırılması prinsipləri",
Boryeonq şəhərindəki görüşdə
"Şəhər xidmətlərinin məzmunu və təşkili,
şəhərin inkişaf strategiyası", "Tarixi abidələrin
qorunub saxlanması və onlardan istifadə qaydaları",
Kvaçeon şəhərindəki görüşdə
"Şəhərin su təminatı", "Gənclər
mərkəzinin fəaliyyəti" mövzusunda müzakirələr
öz aktuallığı ilə daha çox maraq doğurur və
yadda qalırdı.
Koreya Respublikası dünyada sürətli iqtisadi
inkişafı ilə seçilən ölkələrdəndir. Məşhur
"Hyundai Motors" və "Samsung Elektronics" şirkətləri
dövlət büdcəsinə çox böyük həcmdə
vəsaitlər ödəyir. Ölkə
turizmdən də yaxşı qazanc götürür.
Koreya Respublikası öz dövlət müstəqilliyini
1948-ci ildə elan etmişdir. Ötən əsrin 60-cı illərinin
əvvəllərindən etibarən Koreya Respublikası
yüksək texnologiyalı müasir dünya iqtisadiyyatına
inteqrasiyada mükəmməl nəticələrə nail
olmuşdur. Əgər 40 il bundan əvvəl
Koreya adambaşına düşən ümumdaxili məhsulun
həcminə görə Afrika və Asiyanın kasıb
ölkələri ilə müqayisə edilirdisə, indi
ölkədə adambaşına düşən ümumdaxili
məhsul 26.600 ABŞ dolları təşkil edir.
Davamlı və sürətli sosial-iqtisadi
inkişafına görə Koreya Respublikası ilə Azərbaycan
arasında bir paralel də aparmaq mümkündür. Onların
dövlət müstəqilliyinin 63 yaşı var. Biz isə
müstəqilliyimizin 20 ilini qeyd edəcəyik. Qürur doğuran bir
faktdır ki, Azərbaycan sürətli iqtisadi inkişafı
ilə dünyanı heyran qoyur. İnkişaf
edən, yenidən qurulub gözəlləşən isə təkcə
Bakı deyil. Bu gün Bakı ilə bərabər
bölgələr də sürətlə inkişaf edir, dəyişir,
gözəlləşir. Respublika Prezidenti
İlham Əliyevin təşəbbüsü ilə
hazırlanıb qəbul edilən və müvəffəqiyyətlə
həyata keçirilən regionların sosial-iqtisadi
inkişafı dövlət proqramları həyatı gündən-günə
gözəlləşən bölgə sakinlərinin hədsiz
razılıq və minnətdarlığına səbəb
olur.
Seçilən yol aydın, müəyyən edilən
istiqamət doğrudur. Hər kəs birmənalı şəkildə
inanır ki, etimad göstərib seçdiyi, dövlətin də,
millətin də taleyini etibar etdiyi Prezident bizi daha
işıqlı sabahlara qovuşduracaqdır. Bu yolla, bu sürətlə həyata davam etsək,
dünyanın inkişaf etmiş ölkələri
sırasına çıxmağımız tarixən ən
qısa zamanda reallaşacaqdır. Bunu
dövlət qayğısından güc alıb yeniləşən,
gözəlləşən regionların müasir görkəmi
və çox böyük sürətlə davam edən
abadlıq, quruculuq işlərinin geniş miqyası da təsdiq
edir. Dövlət başçısının
qayğısından bəhrələnənlər
sırasında Ağcabədi də var. Burada müasir tələblər
səviyyəsində inşa olunan xəstəxanalar, məktəblər,
mədəniyyət evləri, sosialyönümlü müxtəlif
obyektlər, böyük istehsal gücünə malik zavodlar,
uğurla həyata keçirilən infrastruktur layihələri
xalqa ləyaqətlə xidmətin konkret nümunələridir.
Cənab Prezident dəfələrlə bəyan
edib ki, bizim siyasət sosialyönümlüdür. Ağcabədililər bu siyasətdən yetərincə
bəhrələnirlər. Dövlət
başçısının imzaladığı xüsusi sərəncamlarla
Avropa standartlarına cavab verən xəstəxana tikilir, kənd
yolları yenidən qurulur, əhalinin içməli su təminatı
yaxşılaşır, yaşayış məntəqələrinə
təbii qaz çəkilişi sürətlə davam
etdirilir. Elektrik enerjisinin verilməsindəki
fasilələr artıq çoxdan aradan qaldırılıb.
İndi ilin bütün fəsillərində
Ağcabədi yaşıl libasdadır. Ulu
öndər Heydər Əliyevin adını daşıyan
park ağcabədililərin ən sevimli istirahət guşəsinə
çevrilmişdir. Hər həftənin
şənbə və bazar günləri rayon mədəniyyət
evinin musiqi kollektivləri burada maraqlı proqramlarla
çıxış edirlər. Təvazökarlıqdan
uzaq olsa da, deməliyəm ki, ulu öndərə ağcabədililərin
sonsuz hörmət və ehtiramının ifadəsi kimi yenidən
qurulmuş bu park öz gözəlliyi ilə Avropa şəhərlərindəki
parklardan heç də geri qalmır. Açılışında
Prezident İlham Əliyevin də iştirak etdiyi şahmat məktəbində
sabahın çempionları yetişməkdədir. Məktəbin qarşısında həmişəyaşıl
ağaclardan düzəldilmiş şahmat fiqurları öz
orijinallığı ilə göz oxşayır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə araya-ərsəyə gələn Muğam Mərkəzi
bütün bölgənin muğamsevərlərinə əvəzsiz
töhfədir. Fərəhlə söhbət
açılası, minnətdarlıqla dilə gətiriləsi
uğurların siyahısı çox böyükdür.
Bu siyahıda "Atena" Süd Zavodunun
xüsusi yeri vardır. İndi bu zavodda 25
adda məhsul istehsal olunur. Ağcabədi
markası ilə buraxılan bu məhsullara paytaxt sakinləri
də böyük maraq göstərirlər.
Biz hər
il dünyanın inkişaf etmiş
ayrı-ayrı ölkələrinə ezam olunuruq. Əlbəttə, bu, turist səfərləri deyil.
Hansı şəhərin, hansı bölgənin
qonağı oluruqsa, gözümüz axtarır. Diqqət çəkən yaxşı nümunələri
öyrənir, onların haqqında ətraflı məlumat
toplayırıq. Məqsəd dövlət
başçısının tapşırıqlarına
uyğun olaraq dünyada yaxşı nə varsa Azərbaycana gətirməkdir.
Hamımızın vətəni olan Azərbaycanı
gözəlliklər diyarına çevirmək istəyi isə
hər kəsə örnək olası əsl vətəndaş
mövqeyidir.
Söhbəti yazdı: Lazım
QULİYEV,
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 5.