Azərbaycanın
antiterror fəaliyyəti dünya
miqyasında geniş təqdir olunur
Bəşər
sivilizasiyasının inkişafı yeni yüzillikdə daha
sürətli və dinamik xarakter alsa da, dünya
qarşısında hələ çözülməyən
qlobal xarakterli problemlər qalmaqda davam edir. Həmin problemlərdən
biri qismində indi ən böyük təhlükə olaraq
qiymətləndirilən terrorizm çıxış edir. Dəfələrlə
erməni terroruna məruz qalan xalq kimi Azərbaycan xalqı bu
problemin hansı böyük təhlükə və faciələrə
yol açdığını yaxşı bilir. Elə bu səbəbdən
hazırda sözügedən problemə qarşı ən fəal
formada mübarizə aparan dövlətlər sırasında
Azərbaycanın adı xüsusi qeyd edilir.
Beynəlxalq
antiterror koalisiyasının aparıcı üzvlərindən
biri olan ölkəmiz terror probleminin birdəfəlik həlli
üçün dünya dövlətləri ilə əməkdaşlığının
daha da dərinləşməsinə xüsusi önəm
verir. Çünki terrorizmin məhvinin və ona qarşı
mübarizənin səmərəlilik dərəcəsinin
yüksək olmasının əsas şərtlərindən
biri qarşılıqlı əməkdaşlıqdır.
Prezident İlham Əliyev bununla bağlı bildirmişdir:
"Biz terrorizmin bütün formalarını qətiyyətlə
pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə
qarşı mübarizə ancaq o təqdirdə səmərə
verə bilər ki, bütün dövlətlər öz səylərini
birləşdirsinlər".
Hazırda
terrorizm probleminin həlli istiqamətində böyük səy
və əzmlə mübarizə
aparan dünya dövlətlərindən birinə çevrilən Azərbaycanın antiterror fəaliyyəti
beynəlxalq miqyasda da təqdir olunur.
Bunu ABŞ Dövlət Departamentinin 2010-cu ilin
yekunları üzrə terrorizmə qarşı mübarizədə
ayrı-ayrı ölkələrin rolu barədə
yaydığı yeni hesabatdan da aydın görmək
mümkündür. Hesabatda bildirilir ki, Azərbaycan
terrorçu təşkilatların adamları, pulları və
silahları Qafqazdan keçirmək səylərinə
qarşı fəal çıxış edir.
Sənəddə
vurğulanır ki, Azərbaycan terrorçuların vasitəçilərinin
bölgədə fəaliyyətini zəiflətmək və
onlara mane olmaq üçün səylərini fəallaşdırmış
və müəyyən uğurlar qazanmışdır:
"Azərbaycanın hüquq-mühafizə orqanları
ölkə ərazisində fəaliyyət göstərən
terrorçu qrupların və onların vasitəçilərinin
təqib olunması işini davam etdirirlər. 2009-cu ilin oktyabr
ayında Bakı məhkəməsi Əli Məhəmməd
Kəraki və Əli Hüseyn Nəcməddin ad-soyadlı
iki Livan vətəndaşının hərəsini 15 il
müddətinə, habelə onların Azərbaycandan olan
dörd nəfər əlaltısını 2 ildən 14 ilə
qədər həbs cəzasına məhkum edib. Məhkəmə
müəyyən edib ki, bu qrup İsrail səfirliyinə
hücum etməyi planlaşdırırmış".
Hesabatda
vurğulanır ki, Azərbaycan hökuməti pulların
yuyulmasına qarşı mübarizəni (Anti-money laundering -
AML) davam etdirir, terrorçuluğa qarşı yönəlmiş
fəaliyyəti maliyyələşdirir. Bundan əlavə, Azərbaycan
hökuməti Maliyyə Monitorinqi Xidməti (Financial
Investigative Unit - FIU) təsis edib: "2010-cu ilin oktyabr
ayında Azərbaycan Mərkəzi Bankı pulların
yuyulmasına qarşı mübarizəni və Maliyyə
Monitorinqi Xidmətinin fəaliyyətini BMT-nin, Maliyyə Tədbirləri
üzrə Hədəf Qrupunun (FATF), digər beynəlxalq təşkilatların
və konvensiyaların standartlarına uyğunlaşdırmaq
üçün fəaliyyət planı hazırlayıb.
Bundan əlavə, Azərbaycan hökuməti həmin
planı Avropa Şurası yanında Pulların yuyulmasına
və maliyyə terrorizminə qarşı mübarizə tədbirlərini
qiymətləndirən Ekspertlər Komitəsinə (MONEYVAL) təqdim
edib. Keçən il dekabr ayında MONEYVAL Azərbaycanın təkliflərini
nəzərdən keçirib və özünün Azərbaycanın
müvafiq standartlara uyğun olmaması barədə tövsiyələrini
ləğv etməyə razılaşaraq Azərbaycanın
adını FATF Qrupunun Nəzarət Siyahısından
çıxarıb. Azərbaycan terrorçuluqda şübhə
doğuran qrupların və ayrı-ayrı şəxslərin
siyahılarını yerli banklarda yaymaq yolu ilə terrorizmlə
bağlı maliyyə vəsaitlərini üzə
çıxarmaqda davam edir".
Xatırladaq
ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin
2009-cu il 23 fevral tarixli fərmanı ilə yaradılıb.
Sözügedən qurum cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin
qarşısının alınması sahəsində
qanunvericiliklə və "Azərbaycan Respublikasının Mərkəzi
Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə"
ilə müəyyən edilmiş səlahiyyətləri həyata
keçirən dövlət orqanıdır. Maliyyə
Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasının və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının
alınması sahəsində dövlət siyasətini həyata
keçirir, bu sahədə nəzarət sistemini təkmilləşdirir
və aidiyyəti dövlət orqanlarının fəaliyyətini
əlaqələndirir. O da xüsusi olaraq
vurğulanmalıdır ki, Maliyyə Monitorinqi Xidməti cinayət
yolu ilə əldə edilmiş pul vəsaitlərinin və
ya digər əmlakın leqallaşdırılmasının və
terrorçuluğun maliyyələşdirilməsinin
qarşısının alınması sahəsində fəaliyyəti
barədə Azərbaycan Respublikasının Prezidentinə
hesabat verir.
Maliyyə
Monitorinqi Xidməti fəaliyyətində imza
atdığı yeni uğurlar sayəsində Eqmont Qrupunun
tamhüquqlu üzvü seçilib. Xatırlatmaq yerinə
düşərdi ki, ötən ay maliyyə monitorinqi
orqanlarının Eqmont Qrupunun 19-cu Plenar iclası
keçirilib. Yeni üzvlərin qəbul edilməsi məsələsinin
də müzakirə olunduğu bu plenar iclasda Azərbaycan
Respublikasının Mərkəzi Bankı yanında Maliyyə
Monitorinqi Xidməti Eqmont Qrupunun tamhüquqlu üzvü
seçilib.
Eqmont
Qrupuna üzvlüklə bağlı Maliyyə Monitorinqi Xidməti
tərəfindən 2009-cu ildə müraciət edilib və
bu müraciət əsasında müvafiq prosedurlara
başlanılıb. Bu
prosedurlar çərçivəsində Eqmont Qrupunun işçi
alt-qruplarının ötən dövr ərzində
keçirilmiş iclaslarında Maliyyə Monitorinqi Xidməti
tərəfindən təqdimatlar keçirilib. Bu təqdimatlarda
ölkəmizin cinayət yolu ilə əldə edilmiş pul
vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
(PLTMM) sahəsində nailiyyətləri və Mərkəzi
Bank yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti
haqqında ətraflı məlumat verilib və bununla əlaqədar
müzakirələr keçirilib. Eyni zamanda, Azərbaycan
Respublikasında PLTMM sisteminin inkişafı sahəsində
mövcud vəziyyətlə bağlı Eqmont Qrupu tərəfindən
Maliyyə Monitorinqi Xidmətinə ünvanlanan qiymətləndirmə
sorğuları aidiyyəti üzrə
cavablandırılıb. 2011-ci ilin mart ayında
keçirilmiş işçi alt-qruplarının
iclasında Azərbaycan Respublikasının PLTMM sisteminin, o
cümlədən milli qanunvericiliyin və Maliyyə Monitorinqi
Xidmətinin fəaliyyətinin beynəlxalq standartlara
uyğunluğu nəzərə alınaraq, Maliyyə
Monitorinqi Xidmətinin Eqmont Qrupunun üzvlüyünə qəbul
edilməsi ilə əlaqədar təşkilatın Hüquq
və İnteqrasiya işçi alt-qrupları tərəfindən
müsbət rəy bildirilib.
Bütün
bunlar ölkəmizin həm cinayət yolu ilə əldə
olunmuş vəsaitlərin leqallaşdırılmasına, həm
də terrorçuluğa qarşı yüksək səmərəli
mübarizəsindən xəbər verir. ABŞ Dövlət
Departamentinin hesabatında o da göstərilir ki, keçən
ilin sentyabr ayında Azərbaycan Rusiya ilə dövlət sərhədi
haqqında saziş imzalayıb. 2010-cu il noyabrın 18-də isə
Xəzəryanı ölkələr
qaçaqmalçılığa, narkotrafikə, mütəşəkkil
cinayətkarlığa və terrorizmə qarşı
mübarizə sahəsində əməkdaşlıq
haqqında sazişə imza atılıb.
Onu
da qeyd edək ki, Birləşmiş Ştatların və Beynəlxalq
Təhlükəsizliyə Yardım Qüvvələrinin
(ISAF) Əfqanıstanda əməliyyatlar aparması
üçün Azərbaycan öz hava məkanından məhdudiyyətsiz
istifadəyə imkan yaradıb, Bakı hava limanında təyyarələrin
eniş etməsinə və yanacaq doldurmasına icazə
verir, müvafiq informasiyaların mübadiləsini həyata
keçirir.
Bütün
bunlar bir daha təsdiq edir ki, terrordan əziyyət çəkən
bir dövlət kimi Azərbaycan bu problemə qarşı
mübarizədə ən etibarlı tərəfdaşlardan
biri kimi çıxış edir. Çünki Azərbaycan dəfələrlə
erməni terroruna məruz qalan dövlət olaraq bu problemin nə
dərəcədə təhlükəli xarakter
daşımasından və hansı fəsadlara yol
açmasından yaxşı xəbərdardır. Ancaq
çox təəssüf ki, bəzən Azərbaycan
birbaşa üzləşdiyi terrora görə beynəlxalq
ictimaiyyətdən lazım olan dəstəyi görmür.
Belə ki, terroru dövlət siyasətinə çevirən
Ermənistanın istər Azərbaycan ərazilərinin
işğalı zamanı, istərsə də ondan sonrakı
dövrdə bəşəriyyətin birmənalı şəkildə
pislədiyi bu dəhşətli üsuldan ölkəmizə
qarşı istifadə etməsinə görə dünya
birliyi bu işğalçı ölkəyə qarşı hələ də təsirli
tədbirlər görmür.
Azərbaycan
isə istənilən halda terrora qarşı mübarizədə
hər zaman ön sıralarda yer alan dövlət olub və
olacaq.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 4.