Elmi konfrans keçirilmişdir
Naxçıvan Dövlət
Universitetində görkəmli dövlət xadimi
Heydər Əliyevin Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri vəzifəsinə
seçilməsinin 20 illiyinə həsr olunmuş
"Dövlət müstəqilliyinin bünövrəsi"
mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransı
giriş sözü ilə universitetin rektoru akademik İsa Həbibbəyli
açaraq bu tarixi hadisənin Azərbaycan xalqının
taleyindəki böyük siyasi əhəmiyyətindən bəhs
etmişdir. Milli Məclisin deputatı İ.Həbibbəyli bildirmişdir ki, o zaman Azərbaycanın dərin
böhran, vətəndaş
qarşıdurması və parçalanma
qarşısında qaldığı, ərazilərinin işğal olunduğu bir vaxtda Heydər Əliyev
kimi zəngin siyasi təcrübəyə
və uzaqgörənliyə malik görkəmli
dövlət xadiminin yenidən
hakimiyyətə, böyük siyasətə
qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin,
gələcək inkişafının təməlini qoymuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə
1991-1993-cü illərdə Naxçıvan Muxtar
Respublikası Azərbaycanda müstəqil dövlətçilik
məktəbinə çevrilmişdir. Müasir
dövrdə isə bu qədim diyar Heydər Əliyev ideyalarına dönməz
sədaqət nümayiş etdirən muxtar respublika rəhbərliyinin
məqsədyönlü fəaliyyəti nəticəsində
milli tarixi ənənələri,
klassik Şərq üslubunu
və Qərbyönlü inkişafın əsas meyillərini
özündə cəmləşdirən, Azərbaycanın
ən inkişaf etmiş
regionuna çevrilmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri
Əli Həsənov çıxışında Heydər Əliyevin
Azərbaycan Respublikası Ali Sovetinin deputatı, muxtar
respublika Ali Məclisinin üzvü kimi ölkədə, o
cümlədən regionda gedən ictimai-siyasi proseslərdə,
cəmiyyət həyatının demokratikləşdirilməsində
əsl vətəndaş, böyük siyasətçi kimi
yaxından iştirak etdiyini, Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin Sədri kimi fəaliyyət
göstərdiyi dövrdə Azərbaycanda müstəqil
dövlətçiliyin bərqərar olmasına xidmət edən
tarixi qərarlara imza atdığını,
Naxçıvanın ərazi toxunulmazlığının,
diplomatik əlaqələrinin bünövrəsini
qoyduğunu qeyd etmişdir. Natiq ölkə
başçısı İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın qazandığı möhtəşəm
uğurları Heydər Əliyev siyasətinin təntənəsi
kimi dəyərləndirmişdir.
Sonra
AMEA Naxçıvan Bölməsinin sədri akademik
İsmayıl Hacıyev "Heydər Əliyevin siyasi fəaliyyətinin
Naxçıvan dövründə milli dövlətçilik
konsepsiyası təcrübəsi" adlı məruzəsində
görkəmli siyasətçinin yüksək vətənpərvərliyi,
müdrikliyi nəticəsində 1991-ci ildə qeyri-demokratik
prezident seçkilərinin Naxçıvan MR ərazisində
keçirilməməsi, sovet ordusu hissələrinin dinc yolla
muxtar respublikanın ərazisindən
çıxarılması, Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün dövlət səviyyəsində
qeyd edilməsi, Yeni Azərbaycan Partiyasının
yaradılması kimi ölkəmizin gələcək müqəddəratında
mühüm rol oynayan tarixi qərarların qəbul edildiyini
xatırlatmışdır.
Universitet
YAP ərazi ilk təşkilatının sədri, pedaqogika
üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov
"Böyük qayıdışdan milli qurtuluşa gedən
yol", AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və
Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor
Fəxrəddin Səfərli "Heydər Əliyev və
Naxçıvanın işğaldan xilas edilməsi tədbirləri",
universitetin Tələbə Gənclər Təşkilatının
sədri, beynəlxalq münasibətlər ixtisası üzrə
IV kurs tələbəsi Nargilə Əsədova "Heydər
Əliyev fəaliyyətinin Naxçıvan dövründə
gənclər siyasəti və müasirlik" mövzusunda məruzələr
etmişlər. Məruzələrdə
vurğulanmışdır ki, Heydər Əliyevin iyirmi il
bundan qabaq, 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri vəzifəsinə
seçilməsi ilə milli müstəqillik uğrunda
mübarizənin təməli qoyulmuş, möhtərəm
Prezident İlham Əliyevin böyük siyasi uğurları isə
Heydər Əliyev siyasətinin yeni tarixi şəraitdə
uğurlu davamının parlaq sübutudur.
Konfransda
ümummilli liderin həyat və fəaliyyətindən bəhs
edən kitab sərgisi və slaydlar da nümayiş
etdirilmişdir.
Mehriban SULTAN
Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 4.