Azərbaycan bir
neçə ildən sonra inkişaf etmiş ölkələrin
sırasına daxil olacaq
Bu fikri ölkə
başçısı Bakının Binəqədi qəsəbəsində
daxili yollarda aparılan yenidənqurma işləri ilə
tanış olarkən bildirmişdir
Azərbaycanın
müxtəlif guşələrində müşahidə olunan
abadlıq, tərəqqi və yüksəliş
Bakının simasında da qabarıq görünür. Bakı
özünün tarixi ənənələri, milli mədəniyyət
nümunələri, mühüm coğrafi özəllikləri
ilə seçilməklə yanaşı, mühüm iqtisadi və sənaye
mərkəzi kimi də dünyada tanınır. Ulu öndərin
hakimiyyəti dövründə güclü istehsal
potensialı, infrastrukturu zənginləşən
paytaxtımız Prezident İlham Əliyevin diqqət və
qayğısı ilə son 8 ildə böyük uğurlar əldə
etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir.
Bütün bunlar şəhərimizin həyatında
başlanmış yeni intibah mərhələsinin uğurlu
başlanğıcıdır. Hazırda hər bir Bakı
sakini dövlət başçısı İlham Əliyevin
rəhbərliyi altında qazanılan uğurları həyatında
daha qabarıq hiss edir, tərəqqi kursunu ürəkdən dəstəkləyir.
2005-ci il noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirən Prezident İlham Əliyev ayrı-ayrı dövlət məmurlarını, qəsəbə ağsaqqallarını dinlədikdən sonra paytaxt və ətraf qəsəbələrin problemlərinin kompleks həllinə xidmət edən xüsusi dövlət proqramının hazırlanması təşəbbüsünü irəli sürmüşdür. Bu nəcib təşəbbüs əsasında hazırlanaraq 27 fevral 2006-cı il tarixdə imzalanmış "Bakı şəhərinin qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" mühüm əhəmiyyətə malik sənəd olmaqla regionların inkişafı naminə həyata keçirilən kompleks tədbirlərin paytaxt və ətraf qəsəbələrə də sirayət etməsinə səbəb olmuşdur. Proqramın icrası zamanı paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi istiqamətində vacib addımlar atılmışdır.
Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması abadlıq işləri sayəsində xeyli dəyişmiş, dinamik və davamlı inkişafın əsası qoyulmuşdur. Bakı şəhərinin, ətraf kənd və qəsəbələrinin inkişafı ilə bağlı sərəncamın imzalandığı gündən bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir. Qəsəbələrin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqlarla təchiz edilməsi ilə bağlı xeyli işlər görülmüşdür. Prezident İlham Əliyev Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə bildirmişdi: "Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün, sözün əsl mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu mənim qəti fikrimdir".
Dövlət başçısı İlham Əliyev ötən müddətdə paytaxtda müxtəlif obyektlərin, yolların, körpülərin təməlqoyma və açılış mərasimlərində iştirak etmiş və qarşıya çıxan problemlərin ən qısa zamanda həlli üçün müvafiq göstərişlər vermişdir. Son bir neçə il ərzində şəhərimizdə 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmiş, yolların genişləndirilməsi layihələri icra edilmişdir. Bakıda 32 piyada keçidi tikilmişdir. Əvvəlki illərdə tikilmiş bütün keçidlər də bərpa olunmuşdur. Ölkə başçısının bu diqqət və qayğısı paytaxt və paytaxtətrafı qəsəbələrin dinamik inkişafına, uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərinin həllinə əsaslı təkan vermişdir. Görülən bütün bu tədbirlər paytaxt sakinlərinin həyatında müsbət irəliləyişlərə səbəb olmuş, onların yaddaşında xoş izlər buraxmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" Bakı şəhərində əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına, ümdə məsələlərin həlli istiqamətində irimiqyaslı işlərin görülməsinə şərait yaratmışdır. Qeyd olunan proqramların icrası sayəsində Bakı şəhəri sürətlə inkişaf etmiş, yol təsərrüfatının və şəhər nəqliyyatının işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidməti, sosial infrastruktur sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üzrə layihələr həyata keçirilmiş, nəticədə şəhər abadlaşmış, tikinti işləri geniş vüsət almış, yeni müəssisələr və iş yerləri açılmışdır.
Dövlət proqramı Bakı şəhərinin və onun qəsəbələrində əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 583 investisiya layihəsinin maliyyələşdirilməsinə 42,1 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 33 böyük və irihəcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 35,3 milyon manat və 550 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 6,8 milyon manat vəsait verilmişdir. Bunlardan Bakı şəhəri və ətraf qəsəbələr uzrə 81 investisiya layihəsinin maliyyələşdirilməsinə 7,8 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 8 böyük və irihəcmli investisiya layihəsinin (3 çörək istehsalı müəssisəsinin, 2 istixana kompleksinin, quşçuluq təsərrüfatının, ət emalı, mebel istehsalı müəssisələrinin yaradılması üzrə layihələrin) maliyyələşdirilməsinə 6,9 milyon manat və 73 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 900 min manat güzəştli kredit verilmişdir.
Prezident İlham Əliyevin Bakı şəhəri və şəhərətrafı qəsəbələrdə görülən işlərlə yerindəcə tanış olması, qarşıya çıxan problemlərin ən qısa zamanda həlli üçün müvafiq tapşırıqlar verməsi əhali tərəfindən çox yüksək qiymətləndirilir. Ölkə başçısı bu günlərdə Bakının Binəqədi qəsəbəsində daxili yollarda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur. Qəsəbədə işıq, su və qazlaşdırma ilə bağlı bütün məsələlər öz həllini tapmışdır. Görülən işlər və həyata keçirilən abadlıq və quruculuq tədbirləri qəsəbənin simasını tamamilə dəyişib. Prezident İlham Əliyev qəsəbə sakinləri ilə görüşündə Azərbaycanın bir neçə ildən sonra inkişaf etmiş ölkələr sırasına daxil olacağını əminliklə bildirmişdi. Bakı və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi mühüm nəticələrə gətirib çıxarmışdır. Dövlət proqramının qəbul edilməsindən ötən müddət ərzində Bakının bütün qəsəbələrində sosial və infrastruktur məsələləri uğurla həllini tapmaqdadır. Prezident İlham Əliyev bununla bağlı bildirmişdi: "Bütün bu hadisələr onu göstərir ki, nəzərdə tutduğumuz bütün məsələlər, bütün proqramlar həyatda öz həllini tapır. Bu proqramların başlıca məqsədi odur ki, Azərbaycan əhalisi daha da yaxşı yaşasın, bütün sosial məsələlər, infrastruktur, insanları narahat edən problemlər öz həllini tapsın. Nəinki şəhərimizin mərkəzində, kənarında da, ətraf qəsəbələrdə də şəhər mərkəzindəki kimi şərait olmalıdır. Su, kanalizasiya, yol məsələlərinin, bütün infrastruktur layihələrinin həll olunması bizim vəzifəmizdir. Həm bölgələrdə, həm Bakıda və həm də Bakı qəsəbələrində".
Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədi ilə qəbul edilmiş dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi mühüm nəticələrə gətirib çıxaracaqdır. Qarşıdakı müddətdə paytaxt və ətraf qəsəbələrdə yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğun yenidən qurulması və inkişafı nəzərdə tutulub.
Prezident İlham Əliyev Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramında qarşıya qoyulan əsas iqtisadi və sosial məsələlərin 2013-cü ilədək həllini tapacağına ümidvar olduğunu bildirmişdir. Bütün bunlar isə ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsasında insan və şəxsiyyət amilinin dayandığını bir daha təsdiqləyir.
E.HACIALIYEV
Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 1.