Jurnalist heç vaxt mülahizə ilə çıxış etməməlidir

 

"Jurnalist heç vaxt mülahizə ilə çıxış etməməlidir. Çünki hər media qurumu öz informasiyasının dəqiqliyinə, operativliyinə görə məsuliyyət daşıyır".

Bu sözləri sentyabrın 6-da Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.

Bəzi qəzetlərin informasiya ötürmək funksiyasını siyasi və maddi ambisiyalarına qurban vermələrindən təəssüfləndiyini bildirən şöbə müdiri qeyd etmişdir ki, insanlar daha çox televiziya və radio vasitəsilə təqdim olunan informasiyalara inanırlar. Eyni xəbəri qəzetdə oxuyan şəxs, həmin informasiyanı televiziya və ya radioda eşitməmiş ona inanmır.

Ə.Həsənov demişdir ki, əgər bir oxucu qəzetdən obyektiv məlumat ala bilmirsə, deməli, həmin mətbu orqan öz ictimai-siyasi vəzifəsini yerinə yetirmir. Bəzi qəzetlər hökumətin gördüyü işi bütövlüklə pisləyir, bəziləri tamamilə tərifləyir. Vətəndaşlar özləri ortaq mövqe axtarmalı olurlar. Əslində isə qəzetlər bütün məsələləri tam şəffaf, obyektiv təqdim etməlidirlər.

 İnternet saytlarında yayılan informasiyalara da toxunan şöbə müdiri bildirmişdir ki, internet insanlar arasında kommunikasiyanı asanlaşdırdığı kimi, tərbiyəsizliyi yaymaqla da məşğuldur. Lakin hər kəs qanun qarşısında məsuliyyət hiss etməlidir. "Demokratiya dərk olunmuş nizam-intizamdır, anarxiya deyildir", - deyə Ə.Həsənov vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 2.