Azərbaycan -
Gürcüstan: qarşılıqlı əməkdaşlığa
söykənən dostluq münasibətləri
Avqustun 28-də Batumi şəhərində "Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ilində" mövzusunda konfrans keçirilb. Azərbaycanın və Gürcüstanın dövlət və hökumət rəsmilərinin, parlamentlərin deputatlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri konfrans min illərdir Cənubi Qafqazda yaşayan iki dost xalqın həyatında, ikitərəfli əlaqələrin inkişafında əlamətdar hadisəyə cevrildi. Bu əlaqələr isə illərin, əsrlərin sınağından keçib desək, yanılmarıq.
1918-ci ilin mayında Zaqafqaziya Seymi dağıldıqdan sonra öz müstəqilliklərini elan edən gürcü liderləri ilə birlikdə Azərbaycan Milli Şurası da Tiflisdə müstəqillik haqqında Bəyannaməni qəbul etdi və bir neçə gündən sonra Gəncəyə köçdü. 1918-1920-ci illərdə müstəqil dövlət kimi min cür məhrumiyyətə dözən, bolşevik basqısına məruz qalan hər iki ölkə 1991-ci ildə təkrar müstəqilliklərinə qovuşduqdan sonra yenə bir yerdə, birlikdə çətin, ancaq şərəfli bir yolda addımlamağa başladı. Bu yolda çoxlu qurbanlar verdilər - Bakıda 20 Yanvar və Tbilisdə 9 Aprel şəhidləri buna bir sübutdur.
Etnik qarşıdurmadan indinin özündə də hər iki dövlət əziyyət çəkməkdədir. Ancaq heç nə, hec bir hadisə onların müstəqil dövlət kimi yaşamalarına mane ola bilmədi. Ona görə dövlət müstəqilliyimizin bərpasının 20 illiyi ilə əlaqədar tədbirlərin Gürcüstanda, eləcə də Acarıstanda keçirilməsi təsadüfi deyil.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Acarıstanın mərkəzi Batumidə keçirilən tədbirin əhəmiyyətindən danışarkən bu konfransın Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq təşkil olunduğunu xüsusi vurğuladı. O, Azərbaycan və Gürcüstan xalqlarının dostluğunun dərin tarixi köklərə əsaslandığını qeyd edərək belə bir tədbirin Gürcüstanda keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırdı. Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycan və gürcü xalqlarının eyni tarixi, eyni taleyi yaşadıqlarını, Azərbaycanda 20 Yanvar, Gürcüstanda 9 Aprel faciələrinin xalqlarımızın şərəfli tarixinin qəhrəmanlıq salnaməsi kimi hər zaman böyük ehtiramla xatırlanacağını qeyd etdi: "Bizi birləşdirən yalnız tarixi dostluq ənənələri deyildir. Biz həm də regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələrdə etibarlı tərəfdaş kimi çıxış edirik. Azərbaycanın və Gürcüstanın iştirakı olmadan transregional layihələrin reallaşdırılması mümkün deyildir. Ölkələrimizi yalnız irimiqyaslı iqtisadi layihələr deyil, həm də xalqlarımızın milli maraqları birləşdirir. Azərbaycan və Gürcüstan demokratik dəyərlərin uğurla tətbiqi, müasir milli dövlət quruculuğu yolunda inamla addımlamaqdadır. Ölkələrimizin birliyi seçdiyimiz strateji inkişaf xəttini müvəffəqiyyətlə həyata keçirməyə imkan verən əsas amillərdəndir".
Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri M.Davitaya isə haqlı olaraq Azərbaycan ilə Gürcüstanın tarixləri hər zaman bir-birinə bağlı olduqlarını və bu əlaqələrin indi də davam etdiyini qeyd etdi. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkələrimizin dostluq münasibətlərinin perspektivlərini görürdü və bu istiqamətdə addımlar atırdı. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili bu siyasəti uğurla davam etdirirlər, - deyə gürcüstanlı nazir bildirib.
Kvemlo-Kartli - Borçalı bölgəsinin qubernatoru David Kirkitadze, Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Vaya Bolkvadze, Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov da görülən işlərdən danışıb Batumi ilə Lənkəran arasında əməkdaşlıq üçün yaxşı zəmin yarandığını diqqətə çatdırıblar.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun konfransda "Azərbaycan Respublikasının Cənubi Qafqazın iqtisadi və siyasi inkişafında rolu" mövzusunda məruzəsi maraqla dinlənilib.
Azərbaycanın regiondakı mühüm rolundan danışarkən Ə.Həsənov demişdir ki, biz təkcə Gürcüstanda yaşayan azərbaycanlıların deyil, ümumilikdə gürcü xalqının firavan həyatının təmin olunmasını istəyirik, hər bir xalq, hər bir dövlət, ilk növbədə, özünün müstəqilliyi, inkişafı haqqında düşünərkən öz dövlətinin, millətinin maraqlarını düşünür, fəaliyyətini bu istiqamətdə qurur və onu həyata keçirir. Eyni zamanda, hər bir dövlət özünün geosiyasi əhatəsini, malik olduğu resurslardan istifadə taktikasını müəyyən etmədən, yaşadığı coğrafiyanın reallıqlarını nəzərə almadan təcrid olunmuş vəziyyətdə inkişaf edə bilməz. Bu mənada, Cənubi Qafqazın coğrafi və geosiyasi reallıqları elədir ki, burada yaşayan xalqlar, dövlətlər bir yerdə, sülh şəraitində yaşamağa, bir-birinə dəstək verməyə məhkumdurlar. Cənubi Qafqazın tarixində hər zaman belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. 1918-1920-ci illərdə Cənubi Qafqazda milli dövlətlərin yaranması da bir-biri ilə əlaqəli proseslər idi.
Prezident Administrasiyasının şöbə müdiri Azərbaycanın Cənubi Qafqazın iqtisadi, siyasi, sosial və ümumi geosiyasi həyatında həmişə önəmli yerlərdən birini tutduğunu vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bölgədəki təbii-coğrafi qaynaqlarına və geosiyasi üstünlüklərinə görə Cənubi Qafqazın ən böyük dövlətidir. Cənubi Qafqazda orta hesabla 60 milyard dollara yaxın həcmdə ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır. Əhalisinin gəlirinə görə də Azərbaycan Cənubi Qafqazın ən öndə gedən ölkəsidir. Regionun ümumi iqtisadi resurslarının təxminən 70 faizi Azərbaycana məxsusdur. Cənubi Qafqazın bütün enerji qaynaqları üzrə ən zəngin ölkəsi də Azərbaycandır. Ölkəmizin 30-50 ilə çatacaq neft, 120 ilə kifayət edəcək təbii qaz ehtiyatları vardır. Azərbaycanın yalnız neft və qazdan əldə etdiyi gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə alsaq, bu, 100 il ərzində təkcə Azərbaycan xalqının deyil, bütün Cənubi Qafqaz əhalisinin olduqca yüksək səviyyədə yaşamasına bəs edəcək sərvətdir. Azərbaycan təbii resurslarından istifadə taktikasını müəyyən edərkən təkcə öz xalqının maraqlarını düşünməmiş, bu sərvətlərdən sivil istifadənin bütün qapılarını açmışdır.
Konfrans öz işini avqustun 29-da "Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" mövzusunda "dəyirmi masa" ilə davam etdirmişdir. Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı, Gürcüstanda yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası mövzusunda müzakirələr aparılmışdır. Onu da qeyd etməyə dəyər ki, Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası məsələsi həm Azərbaycan, həm də Gürcüstan dövlətinin daim diqqət mərkəzindədir. Çünki hər bir dövlətin siyasi kursunda yerli şərtlərin nəzərə alınması, xalqların, milli və dini azlıqların maraqlarının təmin olunması mühüm yer tutur.
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 2.