Ermənistan
regionda davamlı sülhün və sabitliyin bərqərar
edilməsinə mane olur
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov sentyabrın 6-da Serbiyanın paytaxtı Belqradda keçirilən Qoşulmama Hərəkatının 50 illik yubiley tədbirində çıxış etmişdir.
Nazir bildirmişdir ki, 50 il bundan əvvəl olduğu kimi, Qoşulmama Hərəkatı bu gün də əhəmiyyətlidir. Nazir demişdir: "Soyuq müharibənin bitməsi qoşulmama xətti tutan ölkələrin siyasi əlaqələndirilməsi üçün mexanizm olan Qoşulmama Hərəkatının rolunu zəiflətməmişdir. Bu yaxınlarda Qoşulmama Hərəkatına tamhüquqlu üzv olan Azərbaycan Respublikası onun prinsiplərinə və məqsədlərinə bağlılığını bəyan etmişdir".
"Qoşulmama Hərəkatının daha yaxşı və dinc dünyanın yaradılması uğrunda 1955-ci ildə qəbul etdiyi "On Bandunq Prinsipi" bütün ölkələri suverenliyə və sərhədlərin toxunulmazlığına hörmət etməyə, eyni zamanda, hər hansı bir ölkənin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zorakılıqdan və təhlükə törətməkdən çəkinməyə səsləyir. Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan hələ də qonşu Ermənistanın təcavüzündən əziyyət çəkir və ərazilərimizin 20 faizi hələ də işğal altındadır. Təqribən bir milyon qaçqın və məcburi köçkün öz doğma torpaqlarından etnik təmizlənməyə məruz qalmışdır. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsinin olmasına baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaqdan imtina edir və bununla da, regionda davamlı sülh və sabitliyin bərqərar olmasına mane olur", - deyə E.Məmmədyarov vurğulamışdır.
Ölkəmiz Qoşulmama Hərəkatının bir çox üzvlərinin respublikamızın suverenliyi və ərazi bütövlüyü ilə bağlı tutduqları prinsipial mövqeyi yüksək qiymətləndirdiyini bildirən azərbaycanlı nazir demişdir ki, Azərbaycan torpaqların işğalına son qoyulması istiqamətində göstərdiyi səylər və tutduğu mövqe ilə bağlı sizin ortaya qoyduğunuz həmrəyliyin davamlı olacağına ümid edir.
E.Məmmədyarov bildirmişdir ki, Azərbaycan Qoşulmama Hərəkatının Fələstin ilə bağlı tutduğu mövqeyə bağlılığını bir daha vurğulayır, Fələstin xalqı və rəhbərliyi ilə davamlı həmrəy olduğunu bir daha təkrar edir: "Biz inanırıq ki, uzun müddət davam edən bu məsələdə nailiyyətin əldə olunması vaxtı yetişmişdir".
Nazir Azərbaycanın BMT sistemi daxilində razılaşdırılmış inkişaf məqsədlərinin və vəzifələrinin həyata keçirilməsinə töhfəsini vermək niyyətində olduğunu qeyd etmişdir: "Azərbaycan davamlı inkişaf və qlobal çiçəklənməyə, yoxsulluğun aradan qaldırılmasına və davamlı iqtisadi inkişafa tam dəstək göstərir və cəhdlər edir, xüsusən də, inkişaf etməkdə olan və az inkişaf etmiş, həmçinin təbii fəlakətlərdən sonra dirçələn ölkələrin ehtiyac və zəifliklərinin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Son illər ərzində Azərbaycan ehtiyacı olan bir neçə ölkəyə hərtərəfli texniki və humanitar yardımlar göstərmiş və onların milli inkişaf siyasətlərinin və strategiyalarının həyata keçirilməsinə kömək etmişdir. Beynəlxalq sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın qorunub saxlanmasına daha da kömək göstərmək arzusunda olan Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün öz namizədliyini irəli sürmüşdür. Seçkilər 2011-ci il oktyabrın 13-də BMT Baş Məclisinin 66-cı sessiyası zamanı keçiriləcəkdir".
E.Məmmədyarov
vurğulamışdır ki, 2012-ci ildə Azərbaycanın
BMT-yə üzvlüyünün 20-ci ildönümü qeyd
ediləcək, buna baxmayaraq, digər Şərqi Avropa ölkələrinin
namizədlərindən fərqli olaraq, Azərbaycan heç
vaxt BMT-nin Təhlükəsizlik Şurasının
üzvü olmaq imkanını əldə etməmişdir.
Bizim regional qrupdan olan namizədlər arasında Azərbaycan
Qoşulmama Hərəkatına tam üzv olan yeganə ölkədir.
Azərbaycanın BMT-nin Təhlükəsizlik
Şurasına seçilməsi kiçik inkişaf etməkdə
olan ölkələrin aşağı səviyyəli təmsilçiliyinə
yeni görünüş verəcək və quruma daha
çox balanslaşdırılmış üzvlük
anlayışını gətirəcəkdir. Sizi əmin
edirəm ki, Qoşulmama Hərəkatı Azərbaycanın
BMT-nin nüfuzlu alt-qurumu olan Təhlükəsizlik
Şurasına üzvlüyü sayəsində daha
güclü təmsilçilikdən faydalanacaqdır.
Azərbaycan.-
2011.- 7 sentyabr.- S. 3.