Azərbaycanın xarici işlər naziri Belqradda bir sıra görüşlər keçirmişdir

 

 Sentyabrın 5-də Serbiyanın paytaxtı Belqradda xarici işlər nazirləri səviyyəsində Qoşulmama Hərəkatının 50 illik yubileyinə həsr olunmuş növbəti tədbir öz işinə başlamışdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə 106 ölkədən nümayəndə heyəti iştirak edir. Azərbaycanı isə bu tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Tədbir çərçivəsində E.Məmmədyarov mavrikili həmkarı Arvin Boolel və Əlcəzairin xarici işlər naziri Murad Medelsi ilə görüşmüşdür. Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Bundan əlavə, E.Məmmədyarov Monteneqronun xarici işlər naziri Milan Roçen ilə görüşmüşdür. Görüşdə əsasən Monteneqro Prezidentinin Azərbaycana nəzərdə tutulan rəsmi səfərinə hazırlıq məsələləri və səfər zamanı imzalanması təklif edilən ikitərəfli sənədlər müzakirə olunmuşdur. Görüşdə həmçinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 3.