Azərbaycanla Qazaxıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

Sentyabrın 6-da Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov ölkəmizdə səfərdə olan Qazaxıstanın müdafiə naziri Adilbek Caksıbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Yavər Camalov qonaqlara nazirliyin fəaliyyəti barədə geniş məlumat vermişdir.

Nazir ötən illər ərzində əldə olunan  nailiyyətləri ölkə  iqtisadiyyatının inkişafı ilə əlaqələndirmişdir. Qeyd etmişdir ki, son dövrlər Azərbaycanın iqtisadi qüdrətinin artması respublikamızın bütün sahələrinə olduğu kimi, müdafiə sənayesi sahəsinə də öz müsbət təsirini göstərmişdir.

Görüşdə iki qardaş ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın yaradılması və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyətinin başçısı Adilbek Caksıbekov səmimi qəbula görə minnətdarlığını ifadə etmişdir.

Nümayəndə heyəti nazirliyin müəssisələrində istehsal olunan məmulatlarla yaxından tanış olmuşlar.

Görüşdə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov iştirak etmişdir.

 

 

Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 4.