Türkmənistan «Trans-Avrasiya Super İnformasiya Magistralı» layihəsinə maraq göstərir

 

 Sentyabrın 6-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekovla görüşmüşdür.

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru üzrə həyata keçirilən işlər, rabitə infrastrukturlarının mövcud vəziyyəti, qarşılıqlı əlaqələrin prioritetləri müzakirə edilmişdir.

Azərbaycanda informasiya texnologiyalarının inkişafını yüksək qiymətləndirən səfir  bu inkişafın region ölkələri üçün nümunə olduğunu bildirmişdir. T.Komekov ölkələrarası əməkdaşlığın İKT sahəsində əlaqələrinin daha da genişləndirilməsinə zəmin yaradacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etmişdir. O, Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə BMT-nin Baş Assambleyasında xüsusi qətnamə ilə qəbul edilmiş "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsinə  Türkmənistanın ciddi maraq göstərdiyini diqqətə çatdırmışdır. Səfir gələcəkdə TAE-nin (Trans-Asia-Europe) Xəzər seqmentinin reallaşması istiqamətində birgə səylərin artırılacağına əminliyini bildirmişdir.

Görüşdə qeyd edilmişdir ki, artıq  Azərbaycan və Türkmənistan arasında müvafiq nazirliklər səviyyəsində genişlənən münasibətlər fonunda sahə üzrə hökumətlərarası sazişin imzalanması istiqamətində işlər aparılmalıdır.

 

 

Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 4.