Azərbaycanın
AFR-dəki səfirliyi Ştutqart şəhərində
keçirilməsi planlaşdırılan «Ermənistanın mədəniyyət
günləri Ştutqart-2011» çərçivəsində
həyata keçirilən təxribatların
qarşısını almaqda davam edir
Ermənilər Ştutqart şəhərində keçirilməsi planlaşdırılan "Ermənistan mədəniyyət günləri Ştutqart-2011" çərçivəsində təxribatçı fəaliyyətlərini davam etdirirlər. Belə ki, tədbirin təşkilatçıları olan Baden-Vittenberq Erməni İcması və Ştutqart Erməni Mədəniyyət Dərnəyi internet səhifələrində arasında "Dağlıq Qarabağ Respublikasının - Artsaxın 20 illiyi" adlı tədbirin də yer aldığı mədəniyyət günlərinin sponsorları qismində Ştutqart Mədəniyyət İdarəsi və Baden-Vittenberq əyalətinin Elm, Tədqiqat və Sənət Nazirliyi kimi rəsmi dövlət qurumlarının adlarını göstərmiş və bu qurumların tədbirlərin keçirilməsinə maliyyə dəstəyi göstərdiklərini qeyd etmişlər. Bu məsələdə də əsas məqsəd guya rəsmi alman dövlət qurumlarının Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması təəssüratını yaratmaqdır.
Bununla bağlı AFR-dəki səfirliyimiz və Ştutqartdakı fəxri konsulluğumuz adıçəkilən nazirliyə müvafiq müraciət etmiş, eləcə də etiraz məktubu göndərməklə internetdə yayılan məlumatın araşdırılmasını xahiş etmişlər. Baden-Vittenberq əyalətinin Elm, Tədqiqat və Sənət Nazirliyindən alınan cavab məktubunda nazirliyin "Ermənistan mədəniyyət günləri Ştutqart-2011" adlı tədbirin sponsoru olması faktı təkzib edilmişdir. Nazirlik rəsmisi erməni təşkilatçıların tədbirin keçirilməsinə maliyyə yardımının göstərilməsi ilə bağlı çoxsaylı müraciətlərindən sonra mədəniyyət günləri çərçivəsində keçirilən yalnız iki konsert üçün nazirlik tərəfindən cüzi miqdarda maliyyə yardımı göstərilməsinə razılıq verildiyini bildirmişdir. Bu tədbirlər sentyabrın 17-si və 18-də, müvafiq olaraq, Yeni Qəsr və Ştutqartdakı Foyerze ərazisində yerləşən Yohannes kilsəsində keçiriləcək konsertlərdir. Nazirlik öz adının yalnız bu iki konsertin sponsoru qismində xatırlanmasını dəfələrlə tədbir təşkilatçılarından xahiş etsə də, bədnam qonşularımız bu xoş niyyətdən siyasi məqsədləri üçün istifadə etməkdən çəkinməmişlər. Məktubdan açıq şəkildə anlaşılır ki, sentyabrın 17-18-də baş tutacağı gözlənilən konsertlərin sentyabrın 19-da keçirilməsi planlaşdırılan "Dağlıq Qarabağ Respublikasının - Artsaxın 20 illiyi" adlı tədbirlə heç bir əlaqəsi yoxdur.
Ermənistanın bu və gözlənilən digər təxribatlarının qarşısının alınması istiqamətində səfirlik tərəfindən müvafiq addımların atılması davam etdirilir.
Vüqar SEYİDOV,
AzərTAc-ın
xüsusi müxbiri
Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 4.