Dövlət
müstəqilliyinin bərpası xalqımızın tarixi nailiyyətidir
Müasir Azərbaycan - 20
Bu il
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
iyirmi ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" sərəncamına
əsasən, respublikamızın dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümü dövlət səviyyəsində
təntənəli surətdə qeyd olunacaq.
Prezident
İlham Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasının
iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna
əhəmiyyət daşıyan ictimai-siyasi hadisə
olduğunu nəzərə alaraq və bu illərdə
respublikamızın keçdiyi zəngin inkişaf yolunda
qazandığı parlaq nailiyyətlərin təbliğini təmin
etmək məqsədilə imzaladığı sərəncam
bu sözlərlə başlayır: "2011-ci il oktyabrın
18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu
illər ərzində demokratik, hüquqi və dünyəvi
dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir".
Bəli,
demokratik, hüquqi və dünyəvi dövlətin
qurulması xalqımızın tarixi nailiyyətidir. Lakin
xalqımızın müstəqil dövlət quruculuğu
yolu heç də hamar olmamışdır. 1991-ci ildə
sovet imperiyasının süquta uğraması nəticəsində
digər müttəfiq respublikalar kimi, Azərbaycan da
özünün dövlət müstəqilliyinə nail oldu.
Amma digər ölkələrdən fərqli olaraq,
respublikamızı bu müstəqilliyə, azadlığa
aparan yollarda qanlar töküldü, şəhidlər verildi.
Digər ölkələrdən fərqimiz həm də onda
idi ki, Azərbaycan xalqı müstəqilliyin nə demək
olduğunu daha yaxşı bilirdi. Çünki
xalqımız XX əsrin əvvəllərində müstəqilliyin
sevincini bir dəfə yaşamışdı və nail
olduğu növbəti - əbədi müstəqillik əsrin
sonlarına doğru onun siyasi tarixinin möhtəşəm hadisəsi
idi.
Tarixdən
hər birimizə bəlli olduğu kimi, 1991-ci ildə sovetlər
ittifaqına daxil olan bəzi respublikalarda mərkəzdənqaçma,
müstəqilliyə qovuşmaq istəyi
qarşısıalınmaz həddə
çatmışdı. Belə şəraitdə 1991-ci il
avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi
ilə çağırılmış növbədənkənar
sessiyasında Azərbaycan Respublikasının dövlət
müstəqilliyini bərpa etmək haqqında bəyannamə
qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə
Ali Sovet "Azərbaycan Respublikasının Müstəqilliyi
haqqında Konstitusiya Aktı"nı qəbul etdi.
Lakin
hələ buna qədər - 1990-cı il iyulun 22-də
xalqımızın dahi oğlu, görkəmli dövlət
xadimi Heydər Əliyevin Naxçıvana və böyük
siyasətə qayıdışı muxtar respublikadan
başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan
siyasi mühitində aparıcı qüvvəyə
çevrilməsinə, milli dövlətçiliyin bərpası
istiqamətində qəti addımların atılması ilə
müşayiət olunmağa başlamışdı.
1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi
ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin
sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin
dirçəlişi prosesinin həyata keçirilməsi ilə
bağlı bir çox məsələlərin müzakirə
olunması, Azərbaycanı müstəqilliyə aparan yolda
tarixi qərarların qəbul edilməsi ilə əlamətdar
oldu. Məhz Heydər Əliyevin
təşəbbüsü ilə 1990-cı ilin noyabrında
Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas
atributlarından olan üçrəngli
bayrağımızın Naxçıvan MR-in dövlət
bayrağı olması barədə qərar qəbul etdi. Qərarda
həmçinin Azərbaycan Respublikasının ali qanunverici
orqanına Azərbaycanın dövlət rəmzləri
haqqında məsələyə baxması,
respublikamızın milli tarixi ənənələrə
uyğun olaraq yeni dövlət rəmzlərinin -
bayrağın, gerbin, himnin qəbul olunması təklif
edilmişdi.
Azərbaycan
Ali Soveti Heydər Əliyevin cəsarətlə
başladığı müstəqillik mübarizəsinə
təxminən 11 ay sonra hüquqi müstəvidə
münasibət bildirərək dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktını qəbul etdi. 1991-ci il
dekabrın 29-da keçirilən ümumxalq referendumunda
xalqımız müstəqillik haqqında Konstitusiya
Aktını yekdilliklə dəstəklədi. Referendum
bülleteninə bir sual yazılmışdı: "Siz
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul
etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
Azərbaycan əhalisinin 95 faizi bu referendumda iştirak edərək
ölkəmizin müstəqilliyinə, suverenliyinə və
istiqlaliyyətinə səs verdi. Bununla da Azərbaycan
Respublikasının müstəqillik haqqında Konstitusiya
Aktı qüvvəyə mindi və XX əsrin sonlarında,
SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə
ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq
Cümhuriyyətinin varisi olaraq bərpa etdi.
1991-ci
il 18 oktyabr tarixdə dövlət müstəqilliyinin elan
olunması Azərbaycanın yeni intibahının
bünövrəsi demək idi. Sənəddə deyilirdi:
"Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan
Milli Şurasının 1918-ci il mayın 28-də qəbul
etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan
Respublikasının demokratik prinsiplərinin və ənənələrinin
varisliyinə əsaslanaraq və "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il
30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu
Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan
Respublikasının dövlət quruluşunun, siyasi və
iqtisadi quruluşunun əsaslarını təsis edir".
Fəqət,
müstəqilliyin ilk illərində hakimiyyətdə olan
qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl
edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi
dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin
də məhv olmasına gətirib çıxaracaqdı.
Bir-birini əvəz edən A.Mütəllibov və
AXC-Müsavat iqtidarları, əslində, dövlətçilik
deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından
çıxış edir və beləliklə, hələ
kövrək olan dövlət müstəqilliyini təhlükə
altına salırdılar. 1991-1993-cü illərdə hakimiyyətdə
olanlar yeni yaranan müstəqil dövlətçiliyin
möhkəmlənməsi üçün nəinki bir iş
görmədilər, əksinə, ölkəni dünyada gedən
bütün proseslərdən uzaq salaraq təklənməsinə,
təcrid olunmasına xidmət göstərdilər.
Bütün bunlar isə nəticə etibarilə dövlət
müstəqilliyinin məhvinə aparırdı. Hakimiyyət
çəkişmələrinin məntiqi nəticəsi kimi
cəbhədəki uğursuzluqlar və daxildə
separatçı meyillərin güclənməsi dövlətçiliyimizin
və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.
Belə
bir vəziyyətdə Azərbaycan vətəndaşlarının
mütləq əksəriyyətinin tələb və istəyi
ilə hakimiyyətə gələn xalqımızın
böyük oğlu Heydər Əliyev müstəqil dövlətçiliyimizi,
suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən
xilas etdi. 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik
sükanının arxasına keçən Heydər Əliyev
xilaskarlıq missiyasını müdrikliklə, yenilməz
iradə, qətiyyət və böyük uzaqgörənliklə
yerinə yetirməyə başladı. Əgər həmin məqamda
Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim
bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr
gözləyir?!
Heydər
Əliyev ölkəni gözləyən bütün təhlükələri
dəf etməklə Azərbaycanın müstəqilliyinin
möhkəm təməlini qoydu, xalqımızın
azadlıq intibahının banisi oldu. Yalnız bundan sonra ulu
öndərin "1991-ci il oktyabrın 18-də qəbul
olunmuş dövlət müstəqilliyi haqqında Konstitusiya
Aktı çox dəyərli sənəddir. Bu sənəddə
Azərbaycanın müstəqilliyi və müstəqil
dövlət kimi dövlət quruculuğu haqqında çox
dəyərli müddəalar öz əksini
tapıbdır" - deyərək dəyərləndirdiyi
Konstitusiya Aktının prinsipləri real həyata vəsiqə
qazanmağa başladı. Ümummilli lider Heydər Əliyevin
ölkə rəhbərliyinə qayıdışından
sonra səmərəli dövlətçilik konsepsiyasına,
iqtisadiyyatın dirçəlişi strategiyasına və azərbaycançılıq
fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik
keçid yoluna qədəm qoyuldu. Məhz Heydər Əliyev
öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində
cəmiyyəti səfərbər edərək müstəqil
siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə
nail oldu. İlk növbədə, hakimiyyət vakkumu aradan
qaldırıldı, separatçı qüvvələr zərərsizləşdirildi,
vətəndaş müharibəsi təhlükəsinin qarşısı
alındı. Azərbaycanın dövlətçiliyinə,
müstəqilliyinə və ərazi bütövlüyünə
qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən
təcrid edildi. Ölkənin nizami silahlı qüvvələrinin
yaradılması ilə bağlı tədbirlər həyata
keçirildi.
Heydər
Əliyevin uzaqgörənliyi ilə mütərəqqi
dövlət quruculuğuna start verildi, dövlətçiliyin
başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla
dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə
əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət
cəmiyyətin bütövlüyünün tam təminatçısına
çevrildi. Ulu öndərin rəhbərliyi ilə
başlanan islahatlar nətisəsində dövlət idarəçiliyinin
bütün sahələri dünya standartlarına
uyğunlaşdırıldı.
Ölkədə
azad bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi
nəticəsində qısa zaman kəsiyində dövlətin
və xalqın maraqlarına cavab verən iqtisadi sistem
yaradıldı. Eləcə də vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi dövlət
siyasətinin prioritet istiqamətlərindən biri elan edildi.
İnsan
hüquq və azadlıqlarının qorunması ilə də
davamlı demokratik islahatlar kursunun həyata keçirilməsinə
başlanıldı. Bütün insan və vətəndaş
hüquqları, o cümlədən söz, mətbuat
azadlığı, şəxsiyyətin
toxunulmazlığı təmin edildi. Ölkəmizdə tarixən
mövcud olmuş tolerantlıq mühiti daha da möhkəmləndirildi,
vətəndaş cəmiyyətinin formalaşdırılması
yolunda köklü irəliləyiş əldə olundu. Azərbaycan
Respublikasının 1995-ci il noyabrın 12-də qəbul
olunmuş Konstitusiyasında isə bütün bunlar təsbit
edildi. Xatırladaq ki, müstəqillik Aktında
Konstitusiyanın hazırlanması ilə bağlı müddəanın
da öz əksini tapmasına baxmayaraq, Mütəllibov və
AXCP qaragüruhları bu barədə düşünmək
belə istəməmişdilər.
Xalqın
istək və arzusu ilə Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra həyata keçirilən siyasət
Azərbaycanın müstəqil dövlət kimi dünya
birliyi sıralarına öz adını yazmasını təmin
etdi. Əsl müstəqil, demokratik, hüquqi və dünyəvi
dövlət quruldu. Bütün bunlar isə böyük
tarixi nailiyyətlərdir. "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" sərəncamda
Prezident İlham Əliyevin müstəqilliyimizlə
bağlı fikirləri hər birimizdə dərin qürur və
fərəh hissi doğurur. "İyirmi illik inkişaf
yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu
gün Azərbaycan, sözün əsl mənasında,
artıq tam müstəqil ölkədir. Ölkəmizdə
gerçəkləşdirilən siyasət daim Azərbaycan
xalqının maraqlarına xidmət göstərir. 2010-cu ildə
Azərbaycanda Dövlət Bayrağı meydanının
açılışı olmuş və dünyanın ən
yüksək bayrağı ucaldılmışdır. Bu meydan
Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yolunun
rəmzinə çevrilmişdir", - deyə cənab
Prezident bildirib.
Sərəncamda
dövlət müstəqilliyinə nail olduqdan sonra ötən
20 il ərzində ölkəmizdə gedən proseslərə
hərtərəfli nəzər salınıb. Ən əsası,
bu sərəncam Prezident İlham Əliyevin müstəqilliyimizə
olan həssas münasibətini ortaya qoydu. Doğma Vətəninin
müstəqilliyinin daha da sarsılmaz olması
üçün dövlət başçısı kimi
böyük əzmlə fədakar siyasət həyata
keçirdiyini bir daha təsdiq etdi.
Heydər
Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident
İlham Əliyev xalqımızın tarixi keçmişinin,
müstəqillik tarixinin öyrənilməsi və gələcək
nəsillərə çatdırılması kimi məsələləri
daim diqqət mərkəzində saxlayır. "Azərbaycan
Xalq Cümhuriyyəti Ensiklopediyası"nın dövlət
qayğısı ilə yüksək səviyyədə nəşri
bunun parlaq təzahürüdür. Hər il 28 May - Respublika
Günü münasibətilə Azərbaycan Prezidenti
İlham Əliyevin adından rəsmi qəbul təşkil
olunur, bu əlamətdar günlə bağlı dövlətimizin
başçısı xalqı təbrik edir. Bakıda Azərbaycan
Xalq Cümhuriyyətinin şərəfinə ucaldılan abidənin
açılması Azərbaycan hakimiyyətinin dövlətçilik
tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir.
İstiqlaliyyət küçəsində qoyulan bu abidə
adları Azərbaycan dövlətçiliyi ilə birgə
tarixə düşən istiqlal mücadiləsi
iştirakçılarının xatirəsinə ən
böyük ehtiramdır.
Bu gün Azərbaycan dövlətinin qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində məhz müstəqilliyimizin qorunub saxlanmasının nəticəsidir. Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı, həm də dövlət idarəçiliyində və siyasət meydanında yeni məktəbin banisi olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dərinməzmunlu və çoxşaxəli siyasi kurs isə Azərbaycanın dövlət müstəqilliyini getdikcə möhkəmləndirir. Prezident İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin yeni neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının müdrik siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə söyləməyə əsas verir ki, dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaq.
Qeyd etdiyim kimi, müstəqilliyimizin əldə olunmasından sonra qazandığımız ən böyük uğurlardan biri hüquqi, dünyəvi və demokratik dövlət quruculuğudur. Lakin xalqımız onu da unutmur ki, müstəqilliyin ilk illərində hakimiyyətdə olanlar bu işi həyata keçirməkdə maraqlı olmadılar. Siyasi səriştəsizliklə yanaşı, dövlət idarəçilik aparatının yeni quruluşun tələblərinə cavab verməməsi nəticə etibarilə ölkəni siyasi iflicə, iqtisadi burulğana gətirib çıxardı. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uzaqgörənliklə mütərəqqi dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı.
Bu mənada, müstəqillik illərində digər hüquq-mühafizə orqanları kimi, Azərbaycan prokurorluğunun da sivil və demokratik məzmunda yenidən formalaşması, müstəqil dövlətçiliyin maraqlarına xidmət edən dövlət təsisatı kimi təkmilləşməsi Heydər Əliyevin dövlətçilik siyasəti, qayğısı nəticəsində mümkün olmuşdur. Xalq Cümhuriyyəti dövründə müstəqil dövlət orqanı kimi hərtərəfli formalaşmağa imkanı olmayan, sovetlər dövründə siyasiləşərək bolşevik ideologiyasına xidmət edən qurum kimi fəaliyyət göstərən, keçən əsrin 90-cı illərinin əvvəllərindəki anarxiya və xaos dövründə işini qanun çərçivəsində qura bilməyən Azərbaycan Prokurorluğu yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyətdə öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyimizin sütunlarından hesab edilən mühüm təsisata çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri ilə keçirdiyi müşavirədə proqram xarakterli nitqindən irəli gələn tövsiyə və göstərişlərin yerinə yetirilməsi ilə əlaqədar aparılmış geniş və dərinməzmunlu islahatlar nəticəsində Azərbaycan Prokurorluğunun işi daha sivil, çevik və işlək forma almışdır. Bu islahatlar nəticəsində mövcud olmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, müasir tələblər səviyyəsində işləmək iqtidarında olan yüksək peşə hazırlıqlı, qabiliyyətli və bacarıqlı kadr tərkibinin formalaşdırılmasına, xalqın və dövlətçiliyin maraqlarına üstünlük verilməklə qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyinə, obyektivliyə, qərəzsizliyə və faktlara əsaslanmaqla prokurorluğun fəaliyyətinin digər mühüm prinsiplərinə ciddi əməl edilməsinə nail olunmuşdur.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamına müvafiq olaraq hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Belə bir bayramın təsis edilməsi milli dövlətçilik dəyərlərinə və tarixi keçmişə hörmətin, prokurorluğun cəmiyyətimizdə tutduğu yerə münasibətin təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün hüquq-mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişafının məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoymuş, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır. Bu gün dövlətimizin başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, Azərbaycan Prokurorluğu yeni tələblərə uyğun təkmilləşdirilmiş mütərəqqi normativ-hüquqi bazası olan, yeni mütərəqqi iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmişdir. Ədalətli prosedurlar əsasında kadr tərkibi mütəmadi olaraq yeniləşdirilən prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmaqla ciddi tələbkarlıq şəraiti formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılmışdır.
Prokurorluq orqanlarının məzmunca yeniləşməsində və işinin müasir tələblərə uyğun tam yeni müstəvidə qurulmasında dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" müstəsna əhəmiyyət daşıyır. Milli prokurorluğun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramı ölkəmizin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının artırılması, yeni nəsil prokurorluq işçilərinin yetişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün konkret tədbirləri özündə əks etdirmişdir.
Azərbaycan Prokurorluğu çox çətin və mürəkkəb, həm də şərəfli bir yol keçərək bugünkü müasir inkişaf səviyyəsinə çatmışdır. Bu gün prokurorluq orqanları insan hüquq və azadlıqlarının təmin edilməsinə, qanunçuluğun möhkəmləndirilməsinə və cinayətkarlıqla mübarizəyə, hüquq sisteminin təkmilləşdirilməsinə öz layiqli töhfələrini verməklə, həm də müstəqilliyimizin möhkəmləndirilməsinə, respublikamızın demokratik inkişafına, xalqımıza və dövlətimizə ləyaqətlə, sədaqətlə xidmət edirlər.
Tariyel QURBANOV,
Hacıqabul rayon prokuroru,
baş ədliyyə müşaviri
Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 4.