«Rossiyskaya qazeta»:
Azərbaycanın sürətli inkişafı sensasiya
sırasından çıxıb texnokrat islahatların
müvəffəqiyyət timsalına çevrilmişdir
"Rossiyskaya qazeta"nın "Azərbaycan" - "Rossiyskaya qazeta" adlı yeni layihəsinin birinci buraxılışında Azərbaycanın iqtisadi nailiyyətlərinin icmalı verilmiş və ölkənin sosial-iqtisadi məkanında islahatların indiki mərhələsinin xarakterindən bəhs olunmuşdur.
Nəşrdə "Modernləşmənin yeni mərhələsi: Azərbaycan modeli" adlı məqalənin müəllifi qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi təşəbbüsləri yüksək həyat keyfiyyətini təmin edir.
Məqalədə deyilir: "2011-ci il Azərbaycanın sosial-iqtisadi həyatında strateji əhəmiyyətli üç dövlət proqramının - "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə", "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair", "2011-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf" proqramlarının həyata keçirilməsinin başlanğıc ili olmuşdur. Özünəməxsus xüsusiyyətləri olan bu proqramların mahiyyətcə başlıca məqsədi həyatın keyfiyyətinin yüksəldilməsi və insan kapitalına investisiyaların artırılmasıdır. Söhbət Azərbaycanın sosial-iqtisadi həyatının daha da modernləşdirilməsinə dair 2000-ci illərin əvvəllərində və ortalarında reallaşdırılmış proqramlara bərabər kompleks strateji plandan gedir".
Müəllif xatırladır ki, 2003-cü ilin oktyabrında o zaman hələ prezidentliyə namizəd olan İlham Əliyev seçkilərə ölkənin regionlarının sosial-iqtisadi cəhətdən modernləşdirilməsi proqramı ilə gedirdi. Həmin proqramın həyata keçirilməsi nəinki geridə qalmış aqrar ucqarları yüksəltməyə, orada müasir həyatı canlandırmağa, həm də bir neçə il ərzində ölkənin ümumi daxili məhsulunun artımını rekord səviyyədə - ildə 25-30 faizdən çox yüksək səviyyədə saxlamağa imkan verdi. Məqalədə deyilir: "Bu, dünyanın iqtisadi praktikası üçün nadir nailiyyətdir (MDB Dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildən 2007-ci ilədək Azərbaycan ÜDM-in həcmini 3,17 dəfə artıra bilmişdir, bu dövrdə Rusiyada həmin göstərici - 1,5, Qazaxıstanda isə 2 faiz olmuşdur".
Məqalədə göstərilir ki, o vaxtdan Azərbaycan sosial-iqtisadi inkişafın keyfiyyətini və səviyyəsini qiymətləndirən dünya reytinqlərinin liderləri sırasındadır (Ümumdünya İqtisadi Forumunun "Qlobal rəqabət hesabatı" adlı reytinq hesabatına görə, 2006-2007-ci illərdə Azərbaycan dünyada 64-cü və MDB-də 3-cü yeri tutmuşdur).
Müəllif yazır ki, beləliklə, "Azərbaycanın sürətli inkişafı sensasiya sırasından çıxıb ölkənin gələcəyi üçün hakim elitanın öz tarixi məsuliyyətini uğurla realizə etdiyi ölkələrdə həyata keçirilmiş texnokrat islahatların müvəffəqiyyəti timsalına çevrilmişdir". Məqalədə deyilir: "Modernləşdirmənin yeni mərhələsinin mahiyyəti nədən ibarətdir, o, nə kimi fayda verir və risk daşıyır? Göstərilən üç dövlət proqramı iqtisadiyyatın qeyri-xammal və özəl sektorunun inkişafının təmin edilməsi üzrə mexanizmləri kompleks şəkildə nizama salır; məşğulluğun artmasını, tibb və təhsil sahəsində insan kapitalının inkişafını stimullaşdırır; icra hakimiyyəti qərarlarının qəbul edilməsinə və onların icrasına nəzarət edilməsinə ictimai təşkilatların cəlb olunması yolu ilə vətəndaş fəallığının artırılması mexanizmlərini təkmilləşdirir".
Məqalədə deyilir: "Azərbaycanda XXI əsrin birinci onilliyi bütün kompleks sosial-siyasi həyatda islahatlar əlaməti altında keçmişdir. Bütövlükdə bu illər iqtisadi modernləşdirmə yolunda genişmiqyaslı sıçrayış illəri olmuşdur. Özü də qüvvələrin tətbiqi vektoru tədricən dəyişmişdir. 1993-2000-ci illərdə hökumətin strategiyası neft-qaz ehtiyatları hasilatı və ixracı infrastrukturunun inkişaf etdirilməsinə; regional ixracat boru kəmərləri şəbəkəsinin yaradılmasına; karbohidrogen hasilatının qaydaya salınmasına və onun satışı bazarlarının axtarışına; yük axınlarının tranziti üçün nəqliyyat dəhlizlərinin salınmasına yönəldilmişdi. 2003-cü ildən başlayaraq neftdən ilk mühüm gəlirlər əldə edildikdən və müvafiq olaraq ehtiyat neft fondunun artımından sonra dövlətin qüvvə və vəsaiti ölkənin infrastrukturunun inkişafına yönəldildi. Geniş miqyasda məktəblər tikilməyə başlandı, yollar modernləşdirildi, şəhər və qəsəbələrdə enerji qurğularının sayı artırıldı, informasiya texnologiyalarının və telekommunikasiya vasitələrinin inkişafında kəskin sıçrayış baş verdi və s. Son illərdə isə biz həyatın keyfiyyətinə və insan kapitalının inkişafına investisiyalar qoyulmasına doğru dönüşün şahidiyik. Təbii ki, həyatın keyfiyyətinə ictimai tələbə qarşı belə cavab ölkənin möhkəm iqtisadi təməlinin qurulması sayəsində mümkün olmuşdur. 2011-ci ilin birinci yarısında qeyri-xammal sektorunda Azərbaycan üçün ənənəvi artım gözlənilən səviyyədə - 7,2 faiz (kənd təsərrüfatında - 6,2 faiz) olmuşdur".
Məqalənin müəllifi yazır ki, dövlət sisteminin möhkəmliyinin daha iki mühüm göstəricisi büdcə və ehtiyatlardır. 2011-ci ilin birinci yarısının yekunlarına görə, Azərbaycan büdcəsi 20 milyard dollara çatmışdır. Strateji valyuta ehtiyatları 38 milyard dollardır (bu göstəricilər üzrə Azərbaycan uzun illərdir ki, Cənubi Qafqaz dövlətləri arasında lider sayılır). Nəhayət, diqqəti cəlb edən ən başlıca cəhət 2011-ci ildə əhalinin pul gəlirlərinin 17 faiz artmasıdır.
Azərbaycanda ət və süd, meyvə-tərəvəz məhsulları, yağ, çay və tütün istehsal edən 180 iri və orta müəssisə fəaliyyət göstərir. Onların təqribən yarısı MDB ölkələrinə məhsul ixracını qaydaya salmışdır, dörddə biri isə uzaq xarici ölkələrin bazarlarına çıxır. Lakin Azərbaycanın qeyri-neft sektorunun ixracat potensialı heç də kənd təsərrüfatı məhsulları ilə məhdudlaşmır. Son vaxtlar müxtəlif məhsullar ixrac edən bir çox sənaye müəssisələri işə salınmış və ya modernləşdirilmişdir.
Məqalədə qeyd edilir: "2010-cu ildə sosial siyasətin ən mühüm nailiyyəti 70 mindən çox yeni, o cümlədən 53 min daimi iş yerinin yaradılması olmuşdur. 2004-cü ilin fevralından, yəni regional inkişaf proqramının həyata keçirilməyə başlandığı vaxtdan indiyədək Azərbaycanda 900 mindən çox yeni iş yeri yaradılmışdır. Bu, işsizliyin ləğv edilməsinin və yoxsulluğun səviyyəsinin hissolunacaq dərəcədə aşağı salınmasının əsas amilinə çevrilmişdir. Son yeddi ildə yoxsulluğun səviyyəsi qırx faizdən də yüksək səviyyədən doqquz faizə enmişdir.
Bu, artıq sirr deyil ki, Azərbaycan həqiqətən zəngin bir ölkəyə çevrilir. Son illər dünya mətbuatı səhifələrində bu barədə yazırlar. Lakin indi ölkə öz qarşısına daha möhtəşəm vəzifələr qoya bilər. Xammal ehtiyatlarının olması, dövlətin maliyyə və infrastruktur gücü - bütün bunlar vətəndaşların potensialının reallaşdırılması üçün şərait yaradır. "Həyatın keyfiyyəti" məfhumunun mahiyyəti də məhz bundadır. Vətəndaş özünə daha çox inanmalı, müdafiə olunmalı, öz tələblərini, həyati ambisiyalarını reallaşdırmaq imkanına malik olmalıdır. Bunun üçün sadəcə iqtisadiyyatın yüksəlişi deyil, həm də sosial sahədə, dövlət idarəçiliyinin keyfiyyəti baxımından müvafiq şərait olmalıdır".
Müəllif qeyd edir ki, 2011-ci ildə iki trend
üst-üstə düşmüşdür: dövlətin
gəlirlərinin nisbətən yüksək səviyyəyə
çatması vətəndaşların fəallığını
da artırmışdır. Dövlətin resurslarının
artması və vətəndaşların şəxsi
rifahının yüksəlməsi yeni həyat keyfiyyətinə
tələbatın artmasına səbəb olmuşdur. Bu,
ictimai özünüdərketmənin mühüm göstəricisidir
və hakimiyyət-cəmiyyət sistemində əlaqələrin
tarazlığından bilavasitə asılıdır.
2011-ci
ildə biz Prezident İlham Əliyevin məhz bu istiqamətə
yönəlmiş müxtəlif təşəbbüslərini
müşahidə edirik: Dövlət xidmətləri (təhsil,
tibb, polis) sahəsində korrupsiyaya qarşı mübarizə;
gənclərin inkişafına müstəsna diqqət
yetirilməsi ("Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı); keyfiyyətcə yeni səviyyənin
təmin olunması və regional inkişaf proqramının
ayrı-ayrı rayonlar üzrə dəqiqləşdirilməsi;
Bakı-Abşeron şəhər konqlomeratının
inkişafına müstəsna diqqət yetirilməsi
(2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı); 2012-ci ildə Azərbaycanın
paytaxtında keçiriləcək "Eurovizion"
müsabiqəsi ərəfəsində Bakının şəhər
infrastrukturunun, nəqliyyatının və turizm kompleksinin
inkişafına xüsusi diqqət yetirilməsi.
AzərTAc
Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 5.