Dərslik siyasəti
milli kurikuluma uyğunlaşdırılır
Azərbaycan dövlətinin milli təhsil sisteminin təkmilləşdirilməsi, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin çözümü istiqamətində həyata keçirdiyi konseptual tədbirlərin məntiqi nəticəsi olaraq son illərdə dərslik siyasətinə yeni yaradıcı baxış formalaşmışdır. Şübhəsiz, bu da ilk növbədə müasir dövrdə dərsliklərin milli təhsil və tədris sistemindəki həlledici rolu ilə şərtlənir. Dərsliklərin yüksək səviyyədə hazırlanması, məzmunca, formaca yeniləşdirilməsi, müasir təhsil standartlarına, milli kurikuluma cavab verməsi şagirdlərin bilik və bacarıqlarının, dünyagörüşünün, yaradıcı təfəkkürünün inkişafı, habelə onların kamil insan, layiqli vətəndaş kimi formalaşması baxımından son dərəcə mühüm amillərdir. Məhz dərslik siyasəti vasitəsilə cəmiyyətin iqtisadi, mədəni və sosial inkişafının həlledici qüvvəsi olan şəxsiyyətin formalaşdırılmasının əsası qoyulur. Bütün bunlar isə özlüyündə dərslik siyasətini müstəqil Azərbaycan üçün mühüm ideoloji-siyasi və sosial-mədəni mahiyyət kəsb edən məsələyə çevirmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyevin milli təhsil sisteminin müasir tələblərə cavab vermək istiqamətində ilk konseptual addımlarından biri məhz dərslik siyasəti, tədris ədəbiyyatının çapı ilə bağlı olmuşdur. Ulu öndər göstərirdi ki, yeni dövrdə, xüsusən də humanitar sahə üzrə nəşr edilən dərsliklərin dövlətin, xalqın mənafeyinə, milli və ümumbəşəri dəyərlərə adekvatlığı, məzmun, forma və tərtibat baxımından yeniləşdirilməsi qlobal əhəmiyyətli məsələdir. "İndi dərs alan uşaqlar gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar" deyən böyük strateq bu sahədə aparılan işləri daim nəzarətdə saxlamış, xüsusən də Azərbaycan dili, ədəbiyyatı, tarixi, coğrafiyası dərsliklərinin milli maraq və mənafelərə uyğun tərtibatını təhsil sisteminin müstəsna əhəmiyyətli vəzifəsi kimi önə çəkmişdir. Eyni zamanda, Azərbaycan təhsilinin və elminin perspektiv uğurlarının xeyli dərəcədə dərsliklərin yazılma səviyyəsindən asılı olduğunu vurğulamışdır.
Bu siyasəti ötən 8 ildə yeni dövrün tələblərinə uyğun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də dərsliklərin nəşri işinə milli təhsil sisteminin modernləşməsi tədbirlərinin tərkib hissəsi kimi yanaşır. Bu siyasətin əsas mahiyyəti respublikanın ümumtəhsil məktəblərinin bütün şagirdlərinin dərsliklərlə pulsuz təmini, habelə onların hazırlanmasında, qiymətləndirilməsində, təsdiqində və nəşrində Azərbaycanın milli mənafeyinin gözlənilməsi, alimlərin, mütəxəssislərin, müəlliflərin, müəllimlərin, valideynlərin rəyinin nəzərə alınması, bu prosesdə sağlam rəqabətin təmin olunmasından ibarətdir. Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş bu siyasət eyni zamanda məktəblilərə müasir standartlara uyğun bilik, bacarıq və vərdişləri əxz etmək, vətəninə, xalqına, onun adət-ənənələrinə sadiq olan, milli və bəşəri dəyərlər zəminində formalaşan, fiziki-mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır, demokratik düşüncəli vətəndaş yetişdirməkdir. Dərslik siyasəti həyata keçirilərkən Azərbaycan Respublikasının Konstitusiyası, "Təhsil haqqında" qanun və digər normativ-hüquqi sənədlər, qanunvericilik aktları əsas götürülür.
Mütəxəssislərin fikrincə, dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Eyni zamanda, dünyəvilik prinsipinə riayət edilməli, elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan, səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar göstərilməlidir. İllüstrasiyalar yığcam və mövzulara uyğun olmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir. Dərsliklərdə milli, dini, irqi, cinsi və siyasi ayrı-seçkiliyi təbliğ edən ideyalar, mübahisə doğuran məlumatlar olmamalıdır, onların kurikuluma uyğunluğu, şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılaması, məntiqi təfəkkürü inkişaf etdirməsi, tətbiqi xarakter daşıyaraq inteqrativ xüsusiyyətə malik olması başlıca tələblərdəndir. Bütün bu məqamlarla diqqəti cəlb edən dərslik həm də poliqrafik baxımdan gözəl, estetik tərtibat cəhətdən xoşagələn, gözoxşayan olmalıdır. Fikrin, məsələnin yığcam ifadəsi də əsas şərtlərdəndir. Dərslik çapında gigiyenik tələblər də gözlənilməli, kağızın növü, şriftlərin ölçüləri, rənglərin istifadəsi və s. incə məqamlar nəzərə alınmalıdır.
Bu gün Azərbaycanda dərslik siyasətinin müasirləşdirilməsi prosesi milli kurikulumla sıx şəkildə bağlıdır. Ümumilikdə 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-tədris prosesinin sistemli planlaşdırılmasını əks etdirən milli kurikulum islahatları adı altında aparılır. Hökumətin 2006-cı il 30 oktyabr tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədində ümumi təhsil üzrə təlim nəticələri, məzmun standartları, ümumi təhsilin bir pilləsində tədris olunan fənlər, həftəlik dərslərin, dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsiplər kompleks şəkildə əksini tapmışdır.
Müstəqillik illərində dərslik çapı sahəsində ixtisaslaşmış "Təhsil" nəşriyyatının direktoru, tanınmış naşir Bəhruz Axundov qəzetimizə açıqlamasında bildirdi ki, milli kurikulum ictimai-siyasi, mədəni, sosial həyatın qloballaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə şagirdlərin müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafında əsas rol oynayan hərtərəfli şəxsiyyət kimi formalaşdırılmasına yönəlmişdir. Burada, həmçinin ümumi təhsil pillələrində tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmini, fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi, texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması, nəticəyönümlü fənn kurikulumlarının hazırlanaraq tətbiqi, təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsi, şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi, stimullaşdırılması və s. konkret funksiyalar öz əksini tapır.
B.Axundov onu da qeyd etdi ki, milli kurikulumda ümumi təhsil insanın, ailənin, cəmiyyətin və dövlətin marağına, milli və ümumbəşəri dəyərlərə əsaslanan nəzəri-təcrübi fəaliyyət vasitəsilə şəxsiyyətin formalaşmasına, onun intellektual, sosial, fiziki inkişafına, təhsilini davam etdirməsinə, əmək fəaliyyətinə başlamasına istiqamətlənmiş məqsədyönlü proses kimi səciyyələndirilir. Burada şagirdlərin yaşı, fizioloji, psixoloji, fərdi xüsusiyyətləri, potensial imkanları nəzərə alınır, onların sürətlə dəyişən dünyada gedən prosesləri, problemləri və inkişaf tendensiyalarını başa düşməsi, qiymətləndirməsi, bazar münasibətləri şəraitində cəmiyyətin məhsuldar üzvünə çevrilə bilməsi, bir sözlə, şəxsiyyətin azad inkişafı milli təhsil sisteminin başlıca vəzifələri kimi müəyyənləşdirilmişdir.
Milli kurikulumda hər bir təhsil mərhələsinin məqsədi aydın göstərilir və bunlar zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Məsələn, ibtidai təhsilin məqsədi uşaqlarda oxu, yazı, hesablama vərdişləri yaratmaqdan, cəmiyyət və təbiət arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etməkdən, məntiqi, yaradıcı təfəkkür elementlərini formalaşdırmaqdan, habelə onlarda həssaslıq, estetik-bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fiziki mədəniyyət, özünəxidmət bacarıqları aşılamaqdan ibarətdir.
Dərslik siyasətində, onların hazırlanması və çapı prosesində müvafiq tələb və vəzifələrin nəzərə alınması, eyni zamanda bu sahədə özünü qabarıq göstərən problemlərin, qüsurların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Dərslik siyasəti reallaşdırılarkən bu da nəzərə alınır ki, milli kurikulumla müəyyənləşdirilən əsas məqsəd "yaddaş məktəbi"ndən "təfəkkür, düşüncə məktəbi"nə keçmək, bu əsasda təhsilin müasir modelini yaratmaqdır.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ səlahiyyətlərinin icrasına başladığı ilk aylarda Azərbaycan və dünya klassiklərinin əsərlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə nəşrini nəzərdə tutan sərəncam imzalamış, milli irsə böyük qayğı ilə yanaşmışdır. Bu sərəncam əsasında əlavə oxu materialı kimi Azərbaycan və dünya ədəbiyyatının klassik və müasir ədəbi nümunələri seriyasından latın qrafikası ilə çap olunan kitablar təhsil müəssisələrinin kitabxanalarını zənginləşdirir, yeni nəslin dünyagörüşünün genişlənməsinə, onların böyük ədəbi incilərlə tanışlığına əlverişli şərait yaradır. Bəhruz Axundov söhbət əsnasında bu məsələ ilə bağlı xüsusi vurğuladı ki, "Azərbaycan müstəqillik qazandıqdan sonra dərslik nəşri sahəsində ciddi problemlərlə üzləşmişdi. Bu istiqamətdə qlobal problemlərdən biri dərsliklərin və digər tədris vəsaitlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə çapı olub. Latın qrafikasının tətbiqi ərəfəsində Azərbaycanda müasir poliqrafiya ənənələri inkişaf etdi, qəzet və nəşriyyat işinin kompyuterləşdirilməsinə geniş imkanlar açıldı. Eyni zamanda, kütləvi şəkildə dərsliklərin latın qrafikalı Azərbaycan əlifbası ilə çapına başlanıldı. Sovet dövründə müəyyən ideoloji-siyasi səbəblərlə bağlı Azərbaycan tarixi, coğrafiyası və s. sahələr ayrıca öyrənilmirdi. Müstəqillik illərində isə bu və digər sahələrdə yeni dərsliklərin yazılıb ortaya qoyulması zərurəti meydana çıxdı. Sovet dövründə az qala xalq düşməni kimi qələmə verilən Hüseyn Cavid, Mikayıl Müşfiq və digər böyük ədiblərimizin, şairlərimizin, yazıçılarımızın əsərləri orta məktəb dərsliklərinə salındı. Ümumən dərsliklərin məzmunu və mahiyyəti dəyişdi. Bu isə bizim nailiyyətimiz idi".
Bundan başqa, ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı dövlətin sosialyönümlü siyasətinin ən parlaq göstəricilərindən biri oldu. Hazırda Azərbaycan bu prosesi MDB məkanında uğurla gerçəkləşdirən respublika olmaqla yanaşı, dərsliklərin davamlı nəşrini və təkmilləşdirilməsini həyata keçirir. Hər il dövlət büdcəsindən dərsliklərin nəşri üçün Təhsil Nazirliyinə maliyyə vəsaiti ayrılır. Azərbaycandan kənarda yaşayan soydaşlarımızın da dərsliklərlə təminatı məsələsi diqqət mərkəzindədir. Bu məqsədlə son illər ərzində Gürcüstanın və Dağıstanın təlimi Azərbaycan dilində olan məktəblərinə hər il böyük həcmdə dərslik humanitar yardım kimi ararılır. Eyni zamanda, Rusiyanın Moskva, Surqut, Ukraynanın Donetsk, habelə Orta Asiyanın bir sıra şəhərlərində, Nyu-Yorkda, Londonda fəaliyyət göstərən "Bazar günü" məktəblərinə onların müraciətləri əsasında dərsliklər göndərilir. Xüsusi vurğulamaq lazımdır ki, bu prosesdə Heydər Əliyev Fondu da yaxından iştirak edir. Bir sözlə, bu gün respublikada dərslik nəşri ilə bağlı heç bir problem yoxdur.
2011-2012-ci dərs ili ərəfəsində ümumtəhsil məktəbləri üçün 102 adda 3 milyon 463 min 170 nüsxə dərslik, müəllimlər üçün metodik vəsait çap edilmişdir. Onların 45 adda 1 milyon 179 min 750 nüsxəsi yeni fənn proqramları (kurikulumları) ilə işləyən ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. Bu sıraya IV siniflər üçün 40 adda dərslik komplekti (19 adda dərslik, 20 adda müəllim üçün metodik vəsait), VII-XI siniflər üçün 38, II və VII-XI siniflər üçün 24 adda dərslik daxildir. Dərslik və müəllim üçün metodik vəsaitlərin nəşri və çapı dövlət hesabına, iş dəftərləri isə nəşriyyatların öz vəsaiti hesabına aparılmışdır. Yeni kurikulum əsasında işlənmiş bütün dərsliklərin hazırlanması tender yolu ilə yerinə yetirilmişdir. Onların çapı xüsusi nəşretmə hüququna malik olan "Çaşıoğlu", "Təhsil", "Aspoliqraf", "Xəzər-etiket", "Bakı", "Kövsər", "XXI" YNE, "Altun-kitab" nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən birbaşa müqavilə əsasında həyata keçirilir. Xüsusi məktəblər üçün dərsliklər isə ayrıca seçilmiş şriftlərlə və brayl əlifbası ilə çap olunur.
Onu da qeyd edək ki, 2011-ci ildə IV siniflər üçün bütün dərslik komplektləri, VII siniflər üçün "Zoologiya", "İnformatika", "Fizika", "Rus dili", VIII siniflər üçün "Azərbaycan Respublikasının fiziki coğrafiyası", "Azərbaycan Respublikasının iqtisadi-sosial coğrafiyası", "Zoologiya", "Rus dili", "Fransız dili", IX siniflər üçün "Yeni tarix", "Rəsmxət", "İnsan (Biologiya)", "Rus dili", "Fransız dili", X siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı", XI siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı", "Rus dili" dərslikləri yenidən nəşr olunub. "Ümumi təhsil sistemində dərslik siyasəti" və "Dərsliklərin nəşri, çapı və paylanması qaydaları" sənədlərinə uyğun olaraq 2011-2012-ci tədris ilinə nəşri mövcud şagird kontingentinin 105 faizi həcmində nəzərdə tutulan VII-XI sinif dərsliklərinin (Azərbaycan və rus dillərində) hazırlanması və çapının satınalınması açıq tender yolu ilə həyata keçirilmişdir.
Milli azlıqlar üçün dərslik hazırlığı işi bu il də davam etdirilmişdir. Ötən il II siniflər üçün "Udi dili" dərsliyi hazırlanmış və "Şərq-Qərb" nəşriyyatında çap olunmuşdur. 2010-cu ildə çap olunan və məktəblərimizə çatdırılan I siniflər üçün "Azərbaycan dili", II siniflər üçün "Fransız dili", "Alman dili", "Ərəb dili" dərslik komplektlərinin, VIII siniflər üçün "Rəsmxət", IX siniflər üçün "Coğrafiya" və "Azərbaycan Respublikasının Konstitusiyası", XI siniflər üçün "İnformatika" dərslikləri ilk nəşrlər olmuşdur.
Bu il də MDB və digər xarici ölkələrdəki "Bazar günü" məktəblərinə, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi vasitəsilə respublikamızın xarici ölkələrdəki səfirliklərinə "Əlifba", "Oxu", "Azərbaycan dili", "Ədəbiyyat", "Azərbaycan tarixi", "Azərbaycan coğrafiyası" və s. dərsliklər, coğrafi xəritələr, digər tədris vəsaitləri göndərilmişdir. Almaniyanın Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının açılması ilə bağlı oraya 150-dən artıq kitab, o cümlədən dərsliklər, lüğət, ensiklopediya, coğrafi və tarixi xəritələr, digər tədris ədəbiyyatı hədiyyə edilmişdir. Bundan başqa, "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı ötən il xeyli tədris vəsaiti hazırlanmış və çap olunmuşdur.
Bu il "Təhsil" nəşriyyatı IV və VII-XI siniflər üçün 10 dərslik hazırlamış və qısa müddətdə nəşr etmişdir. X-XI siniflər üçün "İnsan və cəmiyyət", "Gənclərin çağırışaqədərki hazırlığı", ibtidai siniflər üçün "Həyat bilgisi", "Musiqi", "İnformatika", "Texnologiya", "Təsviri incəsənət" və s. dərsliklər yüksək poliqrafik tərtibatda çap edilmişdir.
Bəhruz Axundovun fikrincə, dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir. Xüsusi tələb üzrə hazırlanan, tərtib olunan tədris ədəbiyyatı özünün sabit informasiya tutumu ilə auditoriyaya elmi-nəzəri məlumatların yazılı şəkildə çatdırıldığı qaynaqdır. Naşir bu sahədə olan mövcud problemlərdən də söz açdı. Bildirdi ki, bir sıra özəl nəşriyyatlar zəruri texniki imkanlara, kadr potensialına malik olmadıqları halda dərslik çapı ilə məşğul olmağa, keçirilən müsabiqələrdə iştirak etməyə çalışırlar. Dərsliklərin hazırlanması işinin spesifik sahə olduğunu deyən naşir bu sahədə hansısa tenderin keçirilməsini də məqbul saymır: "Çox təəssüf ki, indi kommersiya ilə məşğul olmaq istəyən bir çox dəllallar səriştəsiz şəkildə mətbəələr açır, dərslik çapına can atırlar. Zəruri texniki imkanları, kadr potensialı olmayan ayrı-ayrı mətbəələrin dərslik çap etmək niyyəti yolverilməzdir. Çünki dərslik çapı xüsusi peşəkarlıq, diqqət, qayğı tələb edir. Dərsliklərin redaktorlarından tutmuş korrektorlarına qədər - hamının müvafiq fənni bilməsi, yüksəkixtisaslı kadr olması zəruridir. Hər sinif üzrə üslubların fərqli olması, şagirdlərin yaşlarının, mənimsəmə qabiliyyətlərinin nəzərə alınması vacib şərtlərdən biridir. Bu baxımdan bəzən ən savadlı alimlərin də dərslik yazmaqda çətinlik çəkdiyinin şahidi oluruq. Ümumiyyətlə, dərslik kommersiya maraqlarının qurbanı olmamalıdır. Çünki dərslik çapı ölkənin milli inkişafı - iqtisadiyyatı, elmi ilə bağlı strateji məsələdir. Fikrimcə, dərsliklərin nəşri üçün seçim yalnız müsabiqə əsasında ola bilər".
Son 4 ildə Azərbaycanda dərsliklərin milli kurikulum əsasında hazırlandığını deyən "Təhsil" nəşriyyatının direktoru bunun əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olduğu qənaətindədir. Onun sözlərinə görə, ötən 4 ildə I-IV sinif şagirdləri üçün nəzərdə tutulan dərsliklər tam olaraq kurikuluma uyğunlaşdırılıb: "Bunda əsas məqsəd hərtərəfli vətəndaş hazırlamaqdır. Yəni orta məktəbi bitirən şagird ali təhsil almaya, yaxud elm adamı olmaya bilər. Lakin özünün idrak səviyyəsi ilə ölkənin hərtərəfli, yetkin vətəndaşı olmalıdır. Məlumdur ki, sovet dövründə dərsliklər xüsusi proqram əsasında yazılır, eyni zamanda dərslər proqram əsasında keçilirdi. Məktəb də, müəllimlər də, bir növ, icraedici idilər. Lakin kurikulumda bu cür tələblər yoxdur. Sadəcə, məqsəd qoyulur ki, dərs ilinin sonunda şagird hansı biliklərə yiyələnməli, nələri bilməlidir. Yəni artıq müəllim icraçıdan öz metodikasına uyğun tədris forması seçə bilən yaradıcı və istiqamətləndirici şəxsiyyətə çevrilir. Burada həm şagirdin, həm də müəllimin yaradıcılığına daha çox yer verilir".
Maraqlı məsələlərdən biri də budur ki, son illərdə dərsliklərin yazılması üçün müəlliflərin seçimi nəşriyyatların öz öhdəsinə buraxılır. Yəni nəşriyyat özü dərslik yazan mütəxəssisləri seçir, onlarla ciddi iş aparır. Hazırlanan dərslik təsdiq və rəy alınması üçün Təhsil Nazirliyinin qiymətləndirmə komissiyasına təqdim olunur. Bu barədə məlumat verən Bəhruz Axundov bildirdi ki, dərsliklərin hazırlanması prosesinə yüksək səviyyəli alimlərlə yanaşı, orta məktəb müəllimləri də cəlb olunur. Bu, hazırlanan dərsliklərin həm də praktik cəhətdən tələblərə cavab verməsinə kömək edir.
Bütün bunlar deməyə əsas verir ki, dövlət səviyyəsində atılan addımlar, bu sahəyə göstərilən siyasətin uğurlu nəticələri dərsliklərin çapı sahəsində əsaslı dönüşə səbəb olub. Güman etmək olar ki, görülən tədbirlər nəticəsində bu sahədə özünü göstərən çatışmazlıqlar və problemlər də yaxın illərdə aradan qaldırılacaqdır.
İ.ƏLİYEVA
Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 5.