Ukraynanın milli bayramı şərəfinə

 

Sentyabrın 6-da Ukraynanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir Aleksandr Mişşenko ölkəsinin 20 il ərzində keçdiyi inkişaf yolundan danışmışdır. Bildirmişdir ki, Ukrayna müstəqilliyini əldə etdikdən sonra bütün ölkələrlə, eləcə də Azərbaycan ilə münasibətlər qurulması üçün konkret addımlar atmışdır. Bu gün dost Azərbaycan ilə münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycan Ukrayna arasında strateji tərəfdaşlıq əlaqələri gündən-günə güclənir.

Sənaye və energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik etmiş, Ukrayna xalqına sülh və əmin-amanlıq arzulamışdır. Nazir ölkələrimiz arasında dostluq əlaqələrinin tarixindən söhbət açmışdır. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ikitərəfli münasibətləri yüksək qiymətləndirərək demişdir ki, hazırda ölkələrimiz bir sıra sahələrdə, o cümlədən iqtisadi və mədəni sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəliləyir. Hazırda Azərbaycan-Ukrayna əlaqələri prezidentlər İlham Əliyev və Viktor Yanukoviç tərəfindən uğurla inkişaf etdirilir. Ölkələrimiz arasında həyata keçirilən qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dövlətlərimiz arasında münasibətlərin inkişafına təkan verir.

Nazir vurğulamışdır ki, ölkələrimiz arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq xüsusilə mühüm əhəmiyyət kəsb edir. 

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 sentyabr.- S. 6.