Azərbaycan Prezidenti İlham Əliyev Qala qəsəbəsindəki 92 nömrəli orta məktəbin binasında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 7-də Xəzər rayonunun Qala qəsəbəsindəki 92 nömrəli orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ümumi vəziyyəti ilə tanış olmuşlar.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəb binalarının əsaslı təmir və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Dövlət proqramına əsasən məktəb binalarında təmir işləri ilə yanaşı, ehtiyacı olan təhsil ocaqları üçün əlavə sinif otaqlarının, idman və akt zallarının, yeni korpusların inşası və  lazımi avadanlıqla təchizatı da nəzərdə tutulub.

Prezident İlham Əliyevə 92 nömrəli orta məktəb binasında həyata keçirilən təmir və yenidənqurma işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, ikimərtəbəli məktəb binası 1969-cu ildə istifadəyə verilib. 480 şagird yerlik orta məktəbdə birinci növbədə 436 şagird oxuyur. İkinci növbədə isə Laçın rayonunun Malıbəy kəndindən olan 80 şagird təhsil alır. Dövlət proqramına uyğun olaraq həyata keçirilən təmir işləri zamanı məktəb binası tamamilə müasir səviyyədə yenidən qurulub, ikinci mərtəbədə əlavə 6 sinif otağı tikilib, siniflər yeni partalarla təmin edilib, qapı və pəncərələr dəyişdirilib, döşəmə əsaslı şəkildə yenidən qurulub, tavan tam bərpa edilib. Məktəbdə müasir istilik sistemi quraşdırılıb.

Dövlət başçısı yeni qazanxananın qış mövsümünə qədər tikilib işə salınması, o cümlədən məktəbin elektrik enerjisi və qazla təchiz edilməsi ilə bağlı tapşırıqlar verdi.

92 nömrəli məktəbin həyəti abadlaşdırılıb, asfalt örtüyü dəyişdirilib. Məktəbin yerləşdiyi küçəyə yeni asfalt örtüyü döşənib, ətrafında yaşıllıq zolaqları salınıb.

Qeyd edək ki, dövlət başçısı şagirdlərin rahat gediş-gəlişini təmin etmək üçün məktəbə avtobus hədiyyə edib.           

Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev məktəbin yaxınlığındakı ərazidə şagirdlərin və qəsəbə sakinlərinin istifadəsi üçün yeni idman kompleksinin inşa olunması ilə bağlı tapşırıqlar verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2011.-8 sentyabr.-S.2.