Pakistanın milli
bayramı şərəfinə
Sentyabrın 7-də Pakistanın Azərbaycandakı
səfirliyi ölkəsinin milli bayramı
- Müdafiə Günü münasibətilə
rəsmi qəbul təşkil etmişdir.
AzərTAc xəbər verir ki, hər iki
ölkənin dövlət himnləri səsləndirildikdən
sonra qonaqları salamlayan səfir İnayat Ullah Kakar ölkəsinin
milli bayramı - Müdafiə Gününün tarixi barədə
iştirakçılara məlumat vermişdir. O, qeyd
etmişdir ki, bu gün milli birlik ruhunun və Pakistanın hər
cür təcavüz və həmlələrdən qorunma əzminin,
iradəsinin vəhdəti günüdür. Diplomat
Pakistanın son on il ərzində terrorla mübarizəyə
verdiyi töhfələrdən danışmışdır.
Pakistanın ölkəmizdəki səfirliyinin
hərbi attaşesi, polkovnik Rizvan Malik Müdafiə
Gününün tarixindən danışmış, ölkəsinin
Azərbaycan ilə dostluq münasibətlərinə verdiyi
önəmi vurğulamışdır. Bildirmişdir ki, iki
qardaş ölkə arasında inkişaf edən hərtərəfli
əməkdaşlıq və anlaşma bizim bir-birimizə
olan münasibətlərimizin təzahürüdür.
Qəbulda Azərbaycanda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq
təşkilatların təmsilçiləri, mətbuat və
ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Azərbaycan.-2011.-8
sentyabr.-S.2.