Enerji
layihələri xalqın maddi rifahının yüksəldilməsinə
xidmət edir
Azərbaycan iqtisadi inkişaf
tempinə görə
regionun lider dövlətidir. İqtisadi qüdrətin
ildən-ilə artması,
neft-qaz resurslarından
səmərəli istifadə
olunması dövlətimizin
beynəlxalq və regional
miqyaslı enerji layihələrinin əsas
təşəbbüskarına çevrilməsinə imkan
yaradır. Karbohidrogen ehtiyatlarımızın
xarici şirkətlərlə
birgə istismarı ölkəmizin valyuta ehtiyatlarını daha da artırır. Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının
istismarının genişlənməsi
ölkəmizin enerji təhlükəsizliyini tam təmin
etmişdir. Hazırda Azərbaycanın
zəngin enerji resursları 7 neft-qaz kəməri ilə dünya bazarına nəql edilir.
Ümummilli lider enerji layihələrinin uğurla
həyata keçirilməsinə
xüsusi diqqət və qayğı ilə yanaşırdı. Ulu öndərin təşəbbüsü ilə
"Əsrin müqaviləsi"nin imzalanması nəticəsində neft strategiyası yeni mərhələdə uğurla
həyata keçirilmişdir.
Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan
iqtisadiyyatına marağı
artmışdır. Beynəlxalq
neft şirkətləri
ilə sazişlərin
imzalanması sayəsində
ölkəmizin neft ehtiyatlarının istismarına xarici investisiyalar cəlb edilmişdir.
Prezident İlham Əliyevin
həyata keçirdiyi
düzgün və düşünülmüş siyasət nəticəsində
Avropanın enerji təminatında ölkəmizin
xüsusi çəkisi
və strateji əhəmiyyəti daim yüksəlir. Artıq Azərbaycanın
iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması mümkünsüzdür.
Ölkəmizin regionda
əsas enerji resurslarına malik olduğunu önə çəkən dövlətimizin
başçısı demişdir:
"Azərbaycan çox
mühüm coğrafi
mövqedə yerləşir.
İndi Azərbaycanın iştirakı
olmadan regionda hər hansı enerji, nəqliyyat layihəsinin və ya hansısa digər mühüm
regional layihənin həyata
keçirilməsi mümkün
deyildir. Ölkəmiz Asiya ilə Avropa arasında təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal
əməkdaşlığa daha böyük maraq olduğu bir dövrdə nəqliyyat, təhlükəsiz
enerji dəhlizləri
daha çox əhəmiyyət daşımağa
başlayır. Biz yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə
deyil, eyni zamanda, bunları hasil edən ölkəyik. Eyni zamanda,
nəhəng qaz potensialımız da mövcuddur. Buna görə də Azərbaycanın regionun ən mühüm dövlətinə çevrilməsi
təbiidir. Azərbaycanın iştirakı olmadan regionda heç bir mühüm beynəlxalq layihə reallaşa bilməz."
Neftin və qazın irihəcmli nəqlini və xarici bazarlara ixracını təmin etmək məqsədilə çoxşaxəli
boru nəqliyyat infrastrukturunun yaradılması
mühüm əhəmiyyət
daşıyır. Belə ki, yeni
neft strategiyasının
həyata keçirilməsinin
ilk illərində Bakı-Novorossiysk
və Bakı-Supsa boru kəmərlərinin yenidən qurulması, daha sonra neftin
və qazın etibarlı və irimiqyaslı ixracını
təmin etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft ixrac və
Bakı-Tbilisi-Ərzurum
(BTƏ) qaz ixrac boru kəmərlərinin tikilərək istifadəyə
verilməsi Azərbaycanın
zəngin karbohidrogen ehtiyatlarının dünya
bazarına çatdırılmasında
önəmli rol oynamışdır. Xüsusən də Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizi
ölkənin tranzit potensialının daha da güclənməsinə
əlverişli şərait
yaradır.
Bakı-Tbilisi-Ceyhan neft
və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara
verilməsi ölkəmizin
enerji təhlükəsizliyi
məsələsində həlledici
rol oynadı. Azərbaycan neftinin dünya bazarına təhlükəsiz
və fasiləsiz ixracında əvəzedilməz
rol oynayan BTC Mərkəzi Asiya dövlətləri üçün
də müstəsna əhəmiyyət kəsb
edir. Eyni zamanda, illik ötürücülük qabiliyyəti
60 milyon ton olan BTC sutkada 1,2 milyon barel neftin Səngəçal
terminalından Aralıq
dənizi sahillərinə
ixrac edilməsinə imkan yaradır.
Bakı-Tbilisi-Ərzurum qaz
boru kəmərinin fəaliyyətə başlaması
ilə respublikamız
Qərbin mühüm
qaz ixracatçısına
və qlobal enerji təhlükəsizliyinin
təminatçılarından birinə çevrilmişdir. Şahdəniz yatağında qazın
istismarının genişlənməsi
isə ölkənin daxili tələbatını
tam ödəməklə yanaşı,
beynəlxalq bazarlara da daşınmasını
təmin etdi. Bu, iqtisadi qüdrətimizin
artmasının bariz nümunəsidir. Heydər
Əliyev adına
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql olunan neftin satışından
əldə edilmiş
gəlirlərin bir hissəsi isə iri infrastruktur layihələrinin həyata
keçirilməsinə yönəldilir.
Ölkənin sürətlə artan maliyyə imkanları hesabına strateji əhəmiyyətli infrastruktur
layihələrinin uğurla
həyata keçirilməsi
bütövlükdə regionun
nəqliyyat infrastrukturunun
modernləşdirilməsinə də şərait yaradır. Bakı-Tbilisi-Qars yeni dəmir
yolunun inşası ölkəmizin
Qərbə doğru inteqrasiyasına, siyasi və iqtisadi münasibətlərin inkişafına
şərait yaradacaqdır.
Yeni dəmir yolu regional əhəmiyyətə malik
olmaqla bərabər, Asiya ilə Avropanı birləşdirən
bir nəqliyyat dəhlizinə çevriləcəkdir.
Bu layihə regional inkişafa, eləcə də regionda təhlükəsizliyin daha
da möhkəmlənməsinə
xidmət edəcəkdir.
Avropa İttifaqına (Aİ) daxil olan dövlətlər
enerji siyasətində
ölkəmizlə əməkdaşlığı
yüksək qiymətləndirirlər. Bu ölkələr,
xüsusilə "Nabukko"
kimi enerji layihələrinin reallaşması
istiqamətində aparılan
işləri yüksək
qiymətləndirirlər. Bu yaxınlarda Türkiyənin
Kayseri şəhərində "Nabukko" ilə əlaqədar davam etdirilən müzakirələr
təsdiqlədi ki,
"Şahdəniz-2"-nin
istismara verilməsi ilə Azərbaycanın şaxələndirilmiş layihələr
təşəbbüsü reallaşacaq.
Enerji siyasətinin həyata
keçirilməsində təbii
qaz amili mühüm əhəmiyyət
daşıyır. Bu baxımdan AGRİ layihəsi Avropa ölkələrinə qaz
tədarükü sahəsində
yeni imkanlar açır. Layihə
Azərbaycanın təbii
qazının boru xətləri vasitəsilə
Gürcüstanın Qara
dəniz sahillərinə
nəql olunması, burada xüsusi terminalda mayeləşdirilərək
(LNG) tankerlərlə Rumıniyanın
Konstansa limanındakı
terminala çatdırılmasını,
daha sonra isə yenidən təbii qaz şəklində Rumıniyanın
və digər Avropa ölkələrinin
qaz şəbəkəsinə
ötürülməsini nəzərdə
tutur. Gürcüstan,
Türkiyə, Rusiya, İran və reeksport yolu ilə Yunanıstana da Azərbaycan qazı ixrac olunur. Avropa Birliyi ölkələrinin
enerji təhlükəsizliyinin
təminatı baxımından
prioritet sayılan
NABUCCO, Türkiyə-Yunanıstan-İtaliya
(İTGİ), Transadriatik Qaz
Kəməri (TAP), "Bəyaz
axın" kimi iritutumlu qaz kəmərləri layihələrinin
əsas mənbələrindən
hesab olunur.
Ümumiyyətlə, Azərbaycanın birbaşa
iştirakı ilə
həyata keçirilən
neft-qaz layihələri
ölkəmizin dünya
dövlətləri arasında
mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, enerji layihələrindən əldə
olunan gəlirlərin
qeyri-neft sektorunun inkişafına yönəldilməsi
iqtisadiyyatımızın daha
da güclənməsinə
və əhalinin maddi rifah halının
yaxşılaşdırılmasına yönəldilir.
Tural ƏHMƏDOV
Azərbaycan.-2011.-8
sentyabr.-S.3.