Seçki
praktikasının təkmilləşdirilməsi daim diqqət mərkəzindədir
Əli Həsənov: "MSK-da təşkil
olunan kursların bütövlükdə seçki prosesinə
böyük təsiri olur"
Hər bir
ölkənin demokratik inkişafının əsas göstəricilərindən
biri azad, ədalətli və şəffaf seçkilərin
keçirilməsidir. Çünki azad seçkilər
xalqın siyasi iradəsinin bariz təcəssümüdür.
Xalqın, cəmiyyətin iradəsi olmayan yerdə isə
demokratik dəyərlərdən söhbət gedə bilməz.
Respublikamızda seçkilərin
demokratik keçirilməsi ilə bağlı kifayət qədər
təcrübə və zəngin ənənə mövcuddur.
Bu ənənənin əsasının tarixi 18 il əvvələ
gedib çıxır. Ulu öndər Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə
qayıdışından sonra demokratik seçki mühitinin
formalaşdırılması Azərbaycanda hüquqi dövlət
quruculuğunun əsas istiqamətlərindən birinə
çevrildi. Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı müstəqilliyimizin, dövlətçiliyin
möhkəmləndirilməsi ilə yanaşı,
demokratiyanın inkişafının, o cümlədən
seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin
əsasını qoydu. 1993-cü ildən sonra keçirilən
bütün seçkilərə, referendumlara, həmçinin
ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə
təyin olunmuş əlavə və təkrar seçkilərə
dair beynəlxalq təşkilatların verdikləri müqayisəli
rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə
seçki praktikası və mədəniyyəti daha da təkmilləşmiş,
yüksəlmişdir. Bütün bunların kökündə
Azərbaycan hakimiyyətinin ölkədə demokratiyanın
inkişafı ilə bağlı qətiyyətli və
ardıcıl siyasəti dayanır.
Hər bir seçkinin
uğurunu təmin edən şərtlər
sırasında siyasi iradə və ictimai-siyasi sabitliklə yanaşı, təkmil
seçki qanunvericiliyinin
də olması olduqca vacibdir.
Ulu
öndər Heydər Əliyevin rəhbərliyi altında
hazırlanaraq ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli,
obyektiv seçkilərin keçirilməsi
üçün əsas prioritetləri
müəyyənləşdirmişdir. Konstitusiyanın
4-cü maddəsinə əsasən, xalqın seçdiyi
səlahiyyətli nümayəndələrdən başqa heç kəsin
xalqı təmsil etmək, xalqın adından danışmaq
və müraciət etmək hüququ yoxdur. Əsas Qanunun
56-cı maddəsinə əsasən, hər bir
Azərbaycan vətəndaşının dövlət
orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək
hüququ var.
Respublikamızda demokratik institutlar inkişaf
etdikcə seçki sisteminin təkmilləşdirilməsi
prosesi də uğurla həyata keçirilmişdir. Hələ
2003-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən
parlamentə təqdim olunmuş Seçki Məcəlləsi
Azərbaycanın seçki sisteminə verilmiş ən
mühüm töhfələrdən biri oldu. Seçki Məcəlləsinin
qəbulu ölkəmizdə səmərəli fəaliyyət
göstərə bilən seçki sisteminin
yaradılmasına gətirib çıxardı. O zaman
Seçki Məcəlləsi beynəlxalq qurumlar tərəfindən
müasir standartlara cavab verən qanun kimi dəyərləndirilmiş,
bu sənədin azad və ədalətli seçkilərin
keçirilməsindən ötrü mükəmməl
hüquqi baza olduğu bildirilmişdi.
Bununla kifayətlənməyən Azərbaycan
dövləti seçki qanunvericiliyini daim təkmilləşdirir.
Seçki Məcəlləsi qəbul ediləndən sonra Məcəlləyə
müəyyən əlavələrin və dəyişikliklərin
edilməsi çağdaş dövrün tələbi olmaqla
yanaşı, həm də Azərbaycanda demokratik mühitin
formalaşdırılmasına işarədir. Təbii ki, bu
zaman keçirilən seçkilərin təcrübəsi nəzərə
alınır. Bir sözlə, Azərbaycanda ümumi prinsiplər
baxımından dünyada qəbul edilmiş modelə
uyğun seçkilərin keçirilməsi daim diqqət mərkəzindədir.
Heydər Əliyevin siyasi kursunu
uğurla davam etdirməklə respublikamızı dinamik
inkişaf yoluna çıxaran Prezident İlham Əliyev tərəfindən
isə cəmiyyətimizdə demokratik ənənələr
daha da möhkəmlənib, seçkilərin azad və şəffaf
keçirilməsi üçün seçki sisteminin
ardıcıl təkmilləşdirilməsi istiqamətində
mühüm işlər həyata keçirilib. Səsvermə
günü seçki məntəqələrində
veb-kameraların quraşdırılması, bütün dairə
seçki komissiyalarının yeni inzibati binalarla və
müasir zəruri texniki vəsaitlərlə təmin
olunması, Mərkəzi Seçki Komissiyası
üçün müasir standartlara cavab verən yeni inzibati binanın istifadəyə
verilməsi və digər işlər buna bariz nümunədir.
MSK-nın yeni inzibati binasının açılış mərasimində
Prezident İlham Əliyev bu barədə deyib: "Azərbaycanda
seçkilərin keçirilməsində artıq
böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni
öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün
işlər beynəlxalq standartlara uyğun şəkildə
qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi
prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq
tam şəkildə təmin edilir və insanlar azad, sərbəst
şəkildə öz iradələrini ifadə edirlər".
Seçki praktikasının daim təkmilləşdirilməsi
üçün dairə və məntəqə seçki
komissiyalarının üzvərinin maarifləndirilməsi və
peşə hazırlığının gücləndirilməsi
işi də daim diqqət mərkəzindədir. Bu məqsədlə
aşağı seçki komissiyalarının sədrləri
və üzvləri üçün mütəmadi olaraq
treninqlər, seminarlar təşkil olunur. Sentyabrın 5-dən
etibarən Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən
dairə seçki komissiyalarının sədrləri
üçün seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursların təşkil
olunması da bu qəbildəndir. Kurslar Prezident İlham Əliyevin
"Azərbaycan Respublikasında insan hüquqlarının
müdafiəsi üzrə Milli Fəaliyyət Planının
təsdiq edilməsi haqqında" sərəncamının
icrası ilə əlaqədar keçirilir. Məqsəd
dövlət başçısının sərəncamına
uyğun olaraq MSK-nın qarşısına qoyulmuş vəzifələrin
icrası ilə bağlı seçki sahəsində maarifləndirmə
işinin gücləndirilməsi, dairə seçki
komissiyalarının sədrlərinin peşəkar
hazırlığının artırılmasıdır.
Kursların ikinci günü Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənov
"Seçki prosesində aşkarlıq institutları,
onların həyata keçirilməsində KİV-lərin
rolu" mövzusunda məruzə ilə
çıxış edib. Seçkinin dinamik bir proses
olduğunu vurğulayan Əli Həsənov qeyd edib ki, ölkəmizdə
qanunvericilik aktları getdikcə yeniləşir, təkmilləşir.
Bu səbəbdən MSK-da təşkil olunan kursların
bütövlükdə seçki prosesinə böyük təsiri
olur. "DSK-ların vəzifəsi təkcə dairələr
ərazisində seçki keçirməkdən, hakimiyyət
institutlarını formalaşdırmaqdan ibarət deyildir.
Onlar, eyni zamanda, ictimai institutlar kimi ölkənin ictimai-siyasi
həyatında, beynəlxalq aləmdə Azərbaycan ilə
bağlı hadisələrlə mütəmadi tanış
olmalıdırlar", - deyən
Ə.Həsənov bildirib ki, seçki institutlarının
formalaşması uzun bir dövrün məhsuludur. Qədim
dünya hüququnun, dövlət idarəçilik sistemlərinin
formalaşması - bunlar hamısı ayrı-ayrı dövrlərdə
müxtəlif seçki institutlarının yaradılması
və onların vasitəsilə hakimiyyətin
formalaşdırılması prosesi çərçivəsində
baş vermişdir.
Əli Həsənov bildirib ki, demokratik
dövlətləri fərqləndirən ən mühüm
prinsiplərdən biri isə şəffaflıqdır. "Keçmişdə
də qanunların diktaturasına söykənən dövlətlər
olmuşdur. Amma oradakı proseslər şəffaf
olmamışdır. İndiki demokratik hüquqi dövlət
quruculuğu prosesinin özündə şəffaflıq
anlayışı vardır və şəffaflıq tələb
olunur. XX əsrin demokratik idarəçilik sistemləri ilə
əvvəlki hüquqi idarəçilik sistemləri
arasındakı fərqlərdən biri şəffaflığın
bütün fəaliyyət sahələrini əhatə etməsidir",
- deyə Prezident Administrasiyasının şöbə
müdiri vurğulayıb. Seçkilərin keçirilməsində
şəffaflıq tədbirlərindən danışan Əli
Həsənov qeyd edib ki, bu, sadəcə, proses deyildir, həm
də seçkilərin gedişinin və nəticələrinin
obyektiv işıqlandırılması deməkdir.
DSK sədrlərinə seçkilərin
keçirilməsində KİV-lərin fəaliyyəti barədə
məlumat verən Əli Həsənov demişdir ki, jurnalistlər
həyatımızın hər bir sahəsində olduğu
kimi, seçkiləri də obyektiv
işıqlandırmalıdırlar. KİV təmsilçiləri
şəffaf və dəqiq informasiya verməlidirlər. Şəffaf
informasiyanın bir neçə yolu vardır. Onlardan biri
və əsası odur ki,
jurnalist birbaşa informasiya verəcəyi obyektlə ünsiyyətdə
olmalı, məlumat toplamalı, dəqiq, yalana
söykənməyən informasiya verməlidir.
Şöbə müdiri bəzi qəzetlərin
informasiya ötürmək
funksiyasını siyasi və maddi ambisiyalara qurban vermələrindən təəssüfləndiyini
də bildirdi.
Sentyabrın 11-dək davam edəcək
kurslarda dövlət xadimləri, elm adamları və təcrübəli
mütəxəssislər mühazirələr oxuyacaqlar. Kurslar
başa çatdıqdan sonra sentyabrın 13-dən 15-dək
dairə seçki komissiyalarının üzvləri və məntəqə
seçki komissiyalarının sədrləri
üçün kurslar təşkil olunacaqdır. Xatırladaq
ki, sərəncama uyğun olaraq, MSK 2007-ci, 2009-cu və 2010-cu
illərdə də seçki komissiyaları üçün
bu cür kurslar təşkil etmişdi.
Göründüyü kimi, ölkəmizdə
seçki praktikasının təkmilləşdirilməsi
istiqamətində görülən işlər daim diqqət
mərkəzində olduğundan yalnız seçkilər
dövrünü əhatə etmir. Aşağı seçki
komissiyalarının sədrləri və üzvləri
üçün bu cür kursların təşkil edilməsi
seçkilər dövründə hazırlıqların
mükəmməl şəkildə həyata keçirilməsində,
seçici siyahılarının yüksək səviyyədə
tərtib olunmasında müstəsna
əhəmiyyətə malikdir. Təbii ki, bütün
bu tədbirlər ölkəmizdə formalaşdırılan
demokratik seçki mühitinin inkişafına xidmət edir.
Bu həm də onun təsdiqidir ki, Azərbaycanda seçkilərin
demokratik, azad, ədalətli və şəffaf keçirilməsi
üçün ölkə rəhbərliyinin möhkəm
siyasi iradəsi var.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2011.-8
sentyabr.-S.4.