Bu yol uzanıb gedir... Yaşayan tarix-İpək yolu

 

 Bəşər sivilizasiyasının inkişafında bu yolun əhəmiyyəti olduqca böyükdür. Böyük İpək yolu (bu termin ilk dəfə 1877-ci ildə alman coğrafiyaşünası Ferdinand fon Rixthofen tərəfindən işlədilib) - qədim dövrlərdə və orta əsrlərdə Çindən OrtaÖn Asiya ölkələrinə aparan bu karvan yolu xalqların və mədəniyyətlərin bir-birinə yaxınlaşması, qovuşması baxımından da əvəzsiz rol oynadı.

Eramızdan əvvəl III əsrdən fəaliyyətə başlayan bu yol  tarixi ticarət mərkəzləri olan Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən, eləcə də Lançjoudan keçməklə Siandan Dunxuanacan çatarmış. Burada İpək yolu iki yerə ayrılır: şimal yolu Turfandan Pamirə, oradan isə Fərqanəyə və Qazaxıstan çöllərinə, cənub yolu Lobnor gölünün yanıyla, Təklə-Məkan səhrasının cənub hissəsi ilə Yarkənd və Pamirdən keçməklə Baktiriyaya, oradan isə Parfiyaya, Hindistana və Yaxın Şərqə qədər uzanarmış.

Eramızın I minilliyindən başlayaraq II minilliyin ortalarına qədər Avropa və Asiyanı bir-birinə qovuşduran İpək yolu öz başlanğıcını Çinin paytaxtı Çanqandan (Xian) götürüb. Ticarət və kommunikasiya üçün zəruri element olan dəniz yollarına da həmişə ipək yolunun bir hissəsi kimi baxılıb. Belə ki, uzun əsrlər Çin imperiyasını idarə edən Xan sülaləsinin hakimiyyəti dövründə onun gəmiləri Cənubi Asiya krallıqları ilə ticarət aparırdı.

VII və VIII əsrlərdə Çin, Koreya gəmiləri Şərqi Çin və Yapon dənizlərini keçərək yükləri qitədən Yaponiyaya daşıyırdılar. Çin gəmiləri həm də Hindistan və İrana, XV əsrdə isə Afrikaya da üzürdülər. Ancaq XVI əsrdən başlayaraq portuqaliyalılar və digər Avropa xalqları Şərqi Asiyaya üzməyə başladılar.

Məlumdur ki, bir çox elmi və texnoloji kəşflərin ilk vətəni Şərq ölkələri idi və onların Şərqdən Qərbə çatdırılması da İpək yolu vasitəsilə  mümkün olmuşdur. Barıt, maqnit kompası, çap dəzgahı, musiqi alətləri, ipək, keramik və boyalı məmulatlar kimi yeniliklərin ötürülməsi, yayılması belə baş vermişdi.

 

 Su gələn arxa bir də gəlir, yaxud bu yol həm də bizim yoldur

 

 Bu yolun bir qolu da Kopetdağın şimal ətəyi ilə Xəzərin cənub hissəsindən keçib

 

Azərbaycana daxil olub. İkinci qol isə Təklə-Məkan səhrasının şimalından ötüb Dərbənd, Şamaxı-Gəncə və Batumi-İstanbula uzanaraq Balkan yarımadası vasitəsilə Avropanın mərkəzinə istiqamətlənib. Yüz illər boyu dəvə karvanaları Çin, Monqolustan, Mərkəzi Asiya və Azərbaycandan keçərək Aralıq və Qara dəniz sahili ilə Avropaya üz tutub. "İpək Yolu" anlayışı bu istiqamətlərdə daşınan Çin ipəyinin adından götürülsə də, X-XI əsrlərdə onun rəqibi olaraq Azərbaycan ipəyi də bu yolla daşınmağa başlamışdı. Artıq Dərbənddə, Şirvanda, Şəkidə, Beyləqanda, Gəncədə, Qəbələdə, Təbrizdə və Naxçıvanda ipəkçilk güclü inkişaf dövrünə qədəm qoymuşdu. Şəhərlər genişlənir, rahat karvansaralar tikilirdi.

1492-ci ildə Amerika qitəsinin kəşfindən sonra bu yolun əhəmiyyəti bir qədər azaldı. Bu da Çin və ona yaxın ərazilərdən gətirilən malların Amerikada olması ilə əlaqədardır. Hindistana dənız çıxışı tapıldıqdan sonra isə Böyük İpək yoluna, demək olar ki, ehtiyac qalmadı. XV əsrin sonunda Amerikaya və Hindistana dəniz yolunun kəşfi ilə öz əhəmiyyətini itirməyə başlayan Böyük İpək yolu XVI əsrdə tamamilə süquta uğradı. Mövcud olduğu dövrdə Böyük İpək yolu keçdiyi ölkələrin həyatında mühüm rol oynayaraq onların əlaqələrinin inkişafına böyük təkan verdi. 2000 il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək yolu son illər öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə əvvəllər olduğu kimi, indi də müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanına malikdir.

 

 Azərbaycan Böyük İpək yolunda...

 

Azərbaycan hələ o vaxtlar da bu nəhəng yolun əsas ticarət və nəqliyyat qovşaqlarından biri idi. Ölkəmiz bu günə qədər öz nadir coğrafi mövqeyini itirməyib və ona görə bu gün də Böyük İpək yolunun bərpasının təşəbbüsçülərindən biridir.

Böyük İpək yolunun əsasını Avropa Birliyinin Yeni Müstəqil Dövlətlər üçün 1991-ci ildə tərtib etdiyi TASIS proqramı çərçivəsində TRASEKA lahiyəsi təşkil edir. Bu layihəni 1993-cü ilin mayında Brüssel konfrasında Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqil dövlətlərinin razılığı ilə Avropa Şürası qəbul edib. Lahiyənin həyata keçirilməsi sahəsində isə 1996-cı il mayın 13-də Sərəxsdə İran və Mərkəzi Asiyanın dəmiryolu magistrallarının birləşdirilməsi mühüm addım oldu. Lahiyə dövlətlər arasında iqtisadi, ticari əlaqələri inkişaf etdirməyi və Avropa-Qafqaz-Asiya TRASEKA, Transavropa istiqamətinə birləşdirməyi nəzərdə tuturdu. Proqramın reallaşması Avropa Şurasmın texniki-maliyyə yardımı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kreditlər hesabına mümkünləşir.

 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Gürcüstan Prezidenti E.Şevardnadzenin təşəbbüsü ilə  Böyük İpək yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının birinci zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, İran, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Moldova, Monqolustan, Niderland, Norveç, Polşa, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Rumıniya, Ukrayna, Özbəkistan, Finlandiya, Fransa, İsveç, Yaponiyanın və 13 Beynəlxalq Təşkilatın - Birləşmiş Millətlər Təşkilatının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Qara Dəniz Əməkdaşlıq Təşkiltatının, Beynəlxalq Dəniz Təşkilatının, Dünya Bankının, Avropa Birliyi Komissiyasının, Beynəlxalq Avtomobil Nəqliyatları İttifaqlarının, Avropa Nəqliyyat Nazirləri Konfransının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatlarının və Dəmiryollarının nümayəndə heyətləri iştirak edirdi. Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində beynəlxalq konfransın mühüm yekunlarından biri də ondan ibarət oldu ki, Avropa və Asiyanı bir-birinə daha çox bağlayacaq "Böyük İpək Yolu" proqramını həyata keçirən təşkilatın katibliyi Bakıda yerləşdirildi. Bu özü də Azərbaycanın həmin layihənin gerçəkləşməsində daha çox bəhrələnməsi üçün əlavə imkanlar açdı. Bu, eyni zamanda, Azərbaycanın mövcud əlaqə vasitələrinin yenidən qurulması, respublikadakı istehsal sahələrinin müasir tələblərə uyğunlaşdırılması, eləcə də yeni müəssisələrin yaradılması zərurətini ortaya qoydu.

Faktlara nəzər salmaq kifayətdir: hesablamalara görə, nəqliyyat sistemlərinin yenidən qurulması üçün respublikaya 900 milyon ABŞ dolları həcmində vəsait, o cümlədən dəmiryolu nəqliyyatı üçün 243, dəniz nəqliyyatı üçün 78, avtomobil nəqliyyatı üçün 109 milyon ABŞ dolları tələb olunur. Eyni zamanda, TRASEKA programı Aralıq və Qara dəniz limanları ilə yanaşı, Xəzər dənizi limanlarının da dünya standartlarına uyğun şəkildə inkişafını tələb edir. Çünki dəniz nəqliyyatı tarixən yüklərin daşınmasında əsas və iqtisadi cəhətdən sərfəli vasitə kimi çıxış edib. Ona görə hər bir dövlət milli donanmasını qurmağa və inkişaf etdirməyə çalışır. Bu baxımdan Bakı Beynəlxalq Ticarət Limanının fəaliyyəti əvəzedilməzdir.

Böyük İpək yolunun keçdiyi ərazilərə bütün dünya  diqqət yetirir, çünki həmin marşrutların keçdiyi ölkələr, xüsusilə Azərbaycan təbii coğrafi-siyasi əhəmiyyətə malikdir.

Yeni nəqliyyat dəhlizi - İpək yolu təkcə iqtisadi yox, həm də mədəni əlaqələrin intensivləşməsində, dünyada, eləcə də Qafqazda münaqişə ocaqlarının söndürülməsində əvəzsiz rola malikdir. Bu yol, eyni zamanda, min  il əvvəl olduğu kimi, indi də Azərbaycanın dünya miqyasında nüfuzunun, gücünün artması deməkdir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2011.-8 sentyabr.-S.4.