Dağlar qoynunda bir şəhər var... İnkişafın üfüqləri

 

Bir ucu Şamaxıdan başlamış Böyük Qafqazın sinəsi ilə Balakənədək uzanan rahat avtomobil yolunun gah sağ, gah da sol qolunda növbələşərək yaşıl tunel yaradan meşə bu yolu gedənlərə özü kimi yaşıl və rahat bir ovqat bəxş edir. Bu yolu qət edib Qax rayonunun inzibati ərazisinə daxil olan istənilən yolçu, yaxud qonaq bir fərqi dərhal hiss edir; burada yolun qırağından baş götürüb az qala asfaltın "göbəyinə"dək uzanan kol-kosa, ot-ələfə rast gələ bilməzsən. Yolun köynəyi ilə meşə zolağının arasındakı məsafə tərtəmiz təmizlənib, göz oxşayır. Əks tərəfdəki fındıq bağlarını və əkin sahələrini isə çubuqlardan hörülmüş dekorativ çəpərlər ayırır. Dərhal hiss olunur ki, bu yerlərə qayğıkeş, işbilən təsərrüfatçı əli dəyib.

... Və bu isti, qədirkeş münasibətdən doğan səliqə-sahman yolçunu magistral yoldan ayrılıb ta ki rəmzi qala qapılarından Qax şəhərinə girənədək, ordan da şəhərin küçələrinə, bağ-bağatına, park və xiyabanlarınadək müşayiət edir. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə söhbətimizin əsas mövzusu kifayət qədər konkret idi - xarici ölkələrə xidməti ezamiyyətlərin səmərəsi, görüb götürdükləri:

- Hələ səfəröncəsi Almaniyaya yollanacaq qrupun üzvlərini - tərkibində mənim də olduğum Yevlax və Mingəçevir şəhər, Zaqatala, İmişli, Şahbuz və Cəlilabad rayon icra hakimiyyəti başçılarını Prezident Administrasiyanın şöbə müdiri Zeynal Nağdəliyev qəbul etdi, - deyir müsahibim. Həmin qəbulda işgüzar söhbət getdi; bizi hansı görüşlər gözləyir, toxunulacaq məsələlərin təxmini mövzusu nədən ibarət ola bilər, bu və ya digər məsələlərin müzakirəsi zamanı ortaya hansı mövqe qoyulmalıdır. Xüsusi vurğulandı ki, getdiyimiz ölkədə biz eyni zamanda Azərbaycanı təmsil etdiyimizə, görüşlər işgüzar olmaqla yanaşı, həm də rəsmi xarakter daşıdığına görə son dərəcə hazırlıqlı olmalıyıq.

Beləliklə, mayın 29-da Prezident Administrasiyasının məsul işçisi Məhərrəm Quliyevin qrup rəhbərliyi ilə Almaniyaya yola düşdük.

Cənab Prezidentin təşəbbüsü ilə Administrasiyanın regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin təşkil etdiyi bu səfərlərin səmərəsi və faydası barədə bir neçə yöndən söhbət açmaq mümkündür. Əvvəla, bu səfərlərin bir bürokratik məsuliyyəti var. Yəni turist səfərinə deyil, xidməti ezamiyyətə yollandığımızın fərqindəyik. Müəyyən müddətdən sonra bizi ezam edən qurum və ən azı özümüz qarşısında hesabat veririk ki, hə, getdik, baxdıq, bəyəndik, hələ bir qayıdanda tanış-bilişə bir xatirə hədiyyəsi də gətirdik. Bəs başçısı olduğumuz rayon bu səfərdən nə qazandı? İkincisi, el arasında deyildiyi kimi, "başmaq seyri"ndən fərqli olaraq, bu səfərlərdə ciddi bir status fərqi var. Bizi həmin ölkədəki səfirliyimizin nümayəndələri qarşılayıb müşayiət edirlər. Olduğumuz şəhərlərdə qarşılayan tərəfin  rəsmi təmsilçiliyi üst səviyyədə olur. Belə deyək, öz əcnəbi həmkarlarımızla müxtəlif görüşlərdə iştirak edib müzakirələr aparırıq, nəyisə öyrənirik, hər hansı bir məsələ ilə bağlı bizim fikirlərimiz də onlar üçün maraqlı olur. Yəni əgər əvvəllər Azərbaycan nümayəndə heyəti auditoriyadakı tələbə təsiri bağışlayırdısa, indi görüşlər daha çox təcrübə mübadiləsi xarakteri daşıyır. Bu məqam, hesab edirəm ki, çox önəmlidir. Digər tərəfdən isə, il boyu iş-güc əlindən başını qaşımağa belə vaxt tapmayan bir məmur üçün bu səfərlər həm də bir nəfəslik təsiri bağışlayır. Asudə saatlarımızda hər bir başçı təmsil etdiyi rayonda gördüyü işlərdən danışır, fikir mübadiləsi edirik, təəssüratlarımızı bölüşüb ortaq məxrəcə gəlirik.

Bu cür səfərlərin birincisində Hollandiyada, ikinci dəfə isə bir az öncə yuxarıda da qeyd etdiyim kimi, Almaniyada olmuşam. Avropada insanı ən çox məftun edən bilirsiniz nədir? Yaşayış məskənlərinin təmizliyi və bir də ələlxüsus şəhər adamlarının tamarzısı olduğu səssizliyi. Piyada hərəkət edərkən nəqliyyat vasitələrinin səs siqnalından istifadə etməsi ən azı başa düşülən deyil. Gedənlər bilir; Almaniyada nəqliyyat və piyadaların hərəkətinin tənzimlənməsi ideal vəziyyətdədir. Bunu görəndən sonra necə ola bilər ki, öz ölkəndə də analoji intizamı tətbiq etmək istəməyəsən? Yaşıllıq idealdır. Əvvəllər hər hansı bir ölkədə olarkən gördüklərimə maraq "qurdu"nu öldürməkdən savayı həm də sırf peşəkarlıq baxımından qiymət verirdim. Meşə mühəndisi olduğuma görə yaşıllıq, ekologiya, landşaft tərtibatı məsələləri məni çox maraqlandırırdı. Amma bu səfərlərdə artıq baxış bucağı dəyişir, şaxələnir; şəhər təsərrüfatına, infrastrukturuna baxırsan, idarəetmə sistemi ilə maraqlanırsan, fermer təsərrüfatı varsa, aqrar məsələlərin necə həll olunduğuna göz yetirirsən.

Olduğumuz şəhərlərdə gözümə maraqlı dəyən hər şeyin - fənər dirəklərinin, oturacaqların, məhəccərlərin, xırda körpülərin şəkillərini çəkmişəm. Bunlar şəhər təsərrüfatının elə bir elementləridir ki, onların milli koloritə uyğunlaşdırılması barədə söhbət gedə bilməz. Amma çalışırıq ki, onları yerli istehsalın profilinə uyğunlaşdırmaqla, milli şəbəkə elementlərini tətbiq etməklə düzəldək. Və bu gün cəsarətlə deyə bilərəm ki, apardığımız abadlıq işlərində həmin elementlərin bəzilərindən uğurla istifadə etmişik.

Laynfeld-Vorbis şəhərinin meri Gerd Reinhardtla görüşümüz şəhərdə aparılan yenidənqurma və sovet dövrünün nişanəsi olan binalardakı rekonstruksiya işləri ilə tanışlıq baxımından faydalı oldu. Leypsiq, Baden-Baden kimi tarixi şəhərlərə ekskursiyalar almanların şəhərsalma ənənələri, tarixi abidələr və onların qorunmasına münasibətlə bağlı konkret təcrübələri ilə tanış olmağa imkan yaratdı. Bu gün Avropanın yaşayış məskənlərinin əksəriyyətində şəhərin tarixi məhəllələrini olduğu kimi restavrasiya edib saxlayırlar. Sirr deyil ki, bunu həm turistləri cəlb etmək, həm də şəhərsalma ənənələrini yaşatmaq məqsədilə edirlər. Rayonda bu səpkidə uğurlu işlərimiz az deyil.

Daha bir məqam diqqətimi xüsusi cəlb etdi. Meqapolislərlə müqayisədə kiçik və orta yaşayış məntəqələrində səliqə-sahman və təmizliyə daha ciddi riayət olunur. Qax şəhərində də bu gün abadlıq-quruculuq işləri çox sürətlə gedir və çalışırıq ki, şəhəri maksimum təmiz saxlayaq. Manhaym şəhərinə gedərkən avtomobil yollarının kənarında aparılan təmizlik və yaşıllaşdırma işləri ilə tanış olduq. Bu, hardasa insanların yol mədəniyyətindən xəbər verən çox incə bir məsələdir və tam məsuliyyəti ilə deyə bilərəm ki, qaxlılar bu sahədə almanları bir xeyli qabaqlayıblar.

Rayonumuz Azərbaycanın ən füsunkar təbiətə, ecazkar gözəlliyə malik turizm bölgəsində yerləşir. İlahinin bəxş etdiyi bu təbii gözəlliyi qorumaq, artırmaq və onu insanların istifadə edə biləcəyi imkanlar cərgəsinə daxil etmək üçün rayon rəhbərliyi, yerli iş adamları, hər bir qaxlı bacarığı dairəsində səy göstərir. Prezident İlham Əliyev 2011-ci ili "Turizm ili" elan edib. Bu tapşırıq bizim üzərimizə çox böyük məsuliyyət yükü qoymaqla yanaşı, başladığımız işləri də tez bir zamanda və keyfiyyətlə sona çatdırmağa səfərbər edir. Ən adi misal; sizcə, baxımsız, zibilin, zövqsüzlüyün "at oynatdığı" şəhərə bir dəfə gələn bir də ayağını basarmı? Xeyr! O, gələn dəfə başqa bir məkan seçəcək. Ona görə də Allahın qismət etdiyi gözəl təbiətlə, dadlı mətbəxlə, yüksək xidmət mədəniyyəti və inkişaf etmiş infrastrukturla bərabər, istirahət üçün rayonumuzu seçən turistə, qonağa şəhər mədəniyyətimizi, səliqə-sahmanımızı nümayiş etdirməliyik. Çünki sirr deyil ki, müxtəlif istirahət marşrutlarının içindən ən optimalının, yarayanının seçilməsində çox vaxt məhz ilk təəssürat həlledici söz sahibi olur. Rayonun turistlər üçün cəlbedici olmasında ilkin şərtlərdən biri yoldur ki, bu sahədə görülən işləri hələlik qənaətbəxş hesab etmək olar. Məsələn, ötən il 16 saylı Yol İstismarı İdarəsi tərəfindən respublika əhəmiyyətli yolların saxlanmasına 245 min manat, yerli əhəmiyyətli yolların tikintisi və təmirinə isə 460 min manatdan artıq vəsait xərclənmişdir. Qax-İlisu-Sarıbaş və Oncallı avtomobil yolunun 3 km hissəsində asfalt-beton örtüyü əsaslı təmir edilmiş, turizm əhəmiyyəti olan bir sıra kənd yollarına çınqıl örtük vurulmuşdur. Şəhərin özündə də ilin sonunadək nəzərdə tutduğumuz səkkiz küçədən altısında əsaslı təmir işlərinə başlamışıq. Küçələrdə səki daşlarının dəyişdirilməsindən tutmuş az vizual təəssürat yaratmayan hərəkət tənzimləyici xətlərin çəkilməsinə, binaların fasadlarının bərpa olunmasınadək xeyli işlər görülür. M.V.Vidadi, 28 May, M.F.Axundov, M.Füzuli, S.Vurğun, İ.Mustafayev və digər küçələrdə böyük abadlıq işləri aparılır, Nəsimi parkı yenidən bərpa edilərək sakinlərin istifadəsinə verilib. Bütün bunlar görülən işlərin cüzi bir hissəsidir və onları sadalamaqda məqsədim Qaxın alnıaçıq-üzüağ qonaq qarşılamağa hazır olduğunu bəyan etməkdir. Eləcə də respublika əhəmiyyətli avtovağzal kompleksi, Qaxbaş kəndi ərazisində beşulduzlu "El Resort" hoteli istifadəyə hazırdır və çox güman ki, gələn mövsümdən başlayaraq rayonun turizm potensialına öz töhfəsini verəcəkdir. İlisu kəndində son dərəcə nəfis memarlıq üslubunda inşa edilmiş "Səngər Bulaq" istirahət mərkəzində dördmərtəbəli hotel binası inşa olunur və işlərin sürəti onun da gələn il qonaq qəbul edə biləcəyini söyləməyə əsas verir.

Qaxı turizm sənayesi üçün cəlbedici edən məqamlardan biri də onun qədim yaşayış məskənlərindən biri olmasıdır. Rayonun ərazisində 68 tarix və mədəniyyət abidəsi qeydiyyatdadır. Daha 48 belə abidə aşkarlanaraq qeydiyyat üçün müvafiq qurumlara təqdim edilmişdir. Tədqiq olunmamış Sarıca-Minbərək kurqanlar kompleksi, Torpaqqala kompleksi mütəxəssislərin yolunu gözləyir. Bu yaxınlarda arxeoloqlar təxminən 2500 il yaşı olan qoç heykəli tapıblar.

- Almaniyada səfər proqramınız zəngin və müxtəlif olub. Diqqətinizi çəkən hansı məqam ürəyinizcə oldu və rayonda uğurla tətbiq edirsiniz?

- Berlinə çatdığımız günün səhəri Şteqlits-Selendorf inzibati dairəsində hələ 1892-ci ildə yaradılmış məşhur Qofrid-Benn kitabxanasının həyətində "Xocalı" abidəsinin açılışında iştirak etdik. Mərasimdə ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov və abidənin müəllifi İbrahim Əhrari yaddaqalan çıxış etdilər. Sonrakı günlər Potsdam Universiteti nəzdindəki Kommunal Elmi İnstitutunda, Nəqliyyat, Tikinti və Şəhər İnkişafı Federal Nazirliyində, Laynfeld-Vorbis və Lüdviqshafen şəhər meriyalarında görüşlərimiz zamanı yolların təmiri, park və yaşıllıq işləri, infrastruktur layihələri barədə maraqlı və işgüzar söhbətlərimiz oldu.

Qaxda kəndlilər bineyi-qədimdən bitkiçilik, maldarlıq, taxılçılıqla məşğul olduqlarına görə Thüringen federal torpağında fəaliyyət göstərən kənd təsərrüfatı kooperasiyalarının işi ilə tanışlıq xüsusilə faydalı idi. Rayonumuzun ümumi daxili məhsulunda turizm seqmentinin payı hələlik çox cüzi olduğuna görə təsərrüfatın aqrar ukladının inkişafına məxsusi diqqət veririk. Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı "Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində dövlət tərəfindən və yerli imkanlar hesabına görülən işlər yaxın gələcəkdə kənd təsərrüfatı sahəsində istər sənayeləşmənin vüsəti, qabaqcıl texnologiyaların tətbiqi, istərsə də işə tam fərqli münasibət tərbiyə etmək sayəsində məhsuldarlıq və keyfiyyət kimi vacib parametrlərin əldə olunmasında etibarlı zəmin yaranacağından xəbər verir. Kənd təsərrüfatı sahələrinin inkişafına dəstək layihəsi və proqramları üzrə kənd zəhmətkeşlərinə müxtəlif kredit təşkilatları tərəfindən kreditlərin verilməsi intensivləşmişdir. Aqrolizinq ASC-nin "Aqrotexservis" xidməti  rayonumuzda müxtəlif təyinatlı texnikasının sayını 37 ədədə çatdırmışdır. Bu faktları nəyə görə sadalayıram? Qax hər şeydən əvvəl aqrar ukladlı bir kənd rayonu olduğu üçün getdiyimiz ölkələrdə fermer təsərrüfatlarının təşkili və fəaliyyəti ilə bağlı  məsələlər məni ən xırda təfərrüatlarına qədər maraqlandırırdı. Təbii ki, bizim də böyük fermer təsərrüfatlarının yaradılması ilə bağlı kifayət qədər optimist proqramlarımız var. Hazırda onların icra mexanizmləri üzərində işləyirik.

Yenə də sualınıza qayıdaraq deyim ki, olduğumuz şəhərlərdə diqqətimi çəkən məsələlərdən biri də yaşıllıq idi. Məsələn, fikir verdim, Almaniyanın şəhərlərində mövcud yaşıllıqların suvarılması ilə heç bir qurum məşğul olmur. Ancaq bir məsələ də var ki, onlarda yağıntının miqdarı da normadan artıqdır. Qax şəhərində son bir ildə yaşıllıq iki-üç dəfə artıb. Buna müvafiq olaraq onların suvarılması qayğısı da artıb. Sağ olsun Prezidentimizi, ötən il Qaxa beş ədəd müasir kommunal texnika ayrılması barədə göstəriş verdi. İndi şəhərdəki dörd hektara yaxın yaşıl qazonu sulamaq üçün üç ədəd su maşını axşam saat 5-dən gecəyarısınadək işləyir.

Ağrılı yerimiz bilirsiniz nədir? Məişət tullantılarının utilləşməsi. Lüdviqshafen şəhərində tullantıların yenidən emalı poliqonunda olduq. Bizdə bu barədə söhbət düşəndə adamın təsəvvürünə ilk növbədə zibillə dolu, hər axşam da od vurulub yandırılan iri bir xəndək gəlir. Amma nə görsək yaxşıdır? İdeal təmizlik, hər bir tullantı növünə aid çeşidləyici konteynerlər. Bizdə bütün bunlar açıq şəraitdədir. Arzumuz var ki, analoqları ilə müqayisədə primitiv də olsa, belə bir poliqon yaradaq. Oradan alınan bioqazdan enerji mənbəyi kimi də istifadə etmək mümkündür.

- Şəhərinizdə  binalar bərpa olunarkən yaxşı mənada arxaiklik qorunub. Deyəsən, tikinti və bərpa-üzlük işlərində yerli inşaat materiallarına daha çox yer verirsiniz?

- Bu məsələdə həm səfərlər zamanı "idxal" olunmuş təəssürat müəyyən rol oynayır, həm də yerli ənənə faktoru var. Əgər millilikdən danışırıqsa, həmin koloriti, ovqatı, estetik effekti ən dolğun şəkildə yalnız yerli inşaat materialları yarada bilərlər. İstinad divarlarının, dekorativ məhəccərlərin, hasarların tikintisində yerli materiallardan bol-bol istifadə edirik. Nə danaq, həm sərfəlidir, həm də gözəl. Rəng ilə, boya ilə "dostluğu" pozmuşuq. Rəng məsələsini, yadınızdadırsa, cənab Prezident də bir dəfə evtikənlərə irad tutmuşdu. Yerli materiallar həm təbii, həm coğrafi, həm də milli-mənəvi koloriti çox uğurlu şəkildə ifadə edir.

Gəlin baxaq, Avropanın ən "mənəm!" deyən ölkəsindəki yaşayış məntəqələrində çalışırlar ki, yerli materiallardan istifadə etsinlər. Onlar bizdən az bilmirlər ha!.. Həm iqtisadi cəhətdən sərfəlidir, həm ekoloji, həm uzunömürlüdür, həm də vizual effekti var. Avropa şəhərlərindəki qədim məhəllələri görəndən sonra biz də İçəribazar küçəsində milli-memarlıq üslubunda yenidənqurma işləri apardıq. Burada tətbiqi sənət ustaları üçün 12 ədəd emalatxana və 300 yerlik açıq konsert meydançası tikib istifadəyə vermişik. Qərara almışıq ki, yaxın iki-üç ildə şəhərin mərkəzindəki bütün evlərin fasadını bərpa edək, eyvanları yenidən ağac materialı ilə üzləyək. Çay daşı, kərpic, kirəmid və ağac. Hesab eləyin ki, Almaniyanın, İsveçrənin, Avstriyanın hər daşında tarixin izlərini yaşadan qədim məhəllələrinin Qax prototipini yaradacağıq... amma milli kompozisiya elementləri, memalıq üslubu ilə.

Rayon camaatı ilə kəndlərdəki görüşlərimdə, şura iclaslarında Avropanın kiçik yaşayış məntəqələrində gördüyüm səliqə-sahmanı, təmizliyi, işə münasibəti həmişə təbliğ edirəm. Ancaq orası da var ki, tək təbliğatla iş keçmir. Qərbdə bu cür münasibət yüzillərlədir qanla süzülüb gəlir, ailə tərbiyəsi ilə nəsildən-nəslə keçir və artıq ənənəyə, sıradan davranışa çevrilib.

Bəli, Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsini dünyanın inkişaf etmiş ölkələri sırasında görmək istəyir. Bu nöqtədə onun arzuları ilə siyasi iradəsi, qətiyyəti, entuziazmı və bir də imkanları çulğaşır. Həmin o seçilmişlərin cərgəsinə isə, bildiyiniz kimi, hər ölkəni qəbul etmirlər. Ona görə də həmin tənasübü inkişafın bütün istiqamətlərində təmin etmək məqsədilə Prezident öz nümayəndələrini - yerlərdəki icra başçılarını xarici ölkələrə göndərir. Göndərir ki, getsinlər, görsünlər, götürsünlər və yaxşı nə varsa, gətirib Azərbaycanda tətbiq etsinlər.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.-2011.-8 sentyabr.-S.5.